25 Noyabr 2021 00:56
1514
İDMAN
A- A+

“QARABAĞ” yeni qələbəyə doğru

 

Bu gün milyonların qəlbi Ağdam komandası ilə döyünəcək

 

UEFA Konfrans Liqası

 

H qrupu, 5-ci tur

 

21:45 “Qarabağ”

(Azərbaycan) -

“Omoniya” (Kipr)

Baş hakim: Morten Krox (Danimarka)

Tofiq Bəhramov adına Respublika Stadionu.

 

Bu gün diqqətlər yenə Tofiq Bəhramov adına Respublika Stadionuna yönələcək. UEFA Konfrans Liqasında “H” qrupunun hazırkı lideri Ağdamın “Qarabağ” klubu evdə Kipr təmsilçisi “Omoniya”nı qəbul edəcək. Tribunalarda anşlaq olacaq, ekran qarşısında milyonların qəlbi “Qarabağ”la döyünəcək.

Bugünkü tarix həm də onunla əlamətdardır ki, 2020-ci ilin 25 noyabrında Azərbaycan Ordusu bir güllə belə atmadan, itki vermədən Ermənistanı kapitulyasiyaya məcbur etməklə Kəlbəcəri işğaldan azad edib. Bu da  Qurban Qurbanovun komandasının Zəfərə daha bir zəfər əlavə etməsi üçün motivasiya yarada bilər.

Pley-off mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin edən komandamız “Omoniya” ilə matçda  avrokubokların əsas mərhələsində 10-cu qələbəsini qazanmaq şansına malikdir. Belə ki, təmsilçimiz indiyədək qrup mərhələlərində 9 dəfə qalib gəlib. Ağdamlılar qitəmiqyaslı turnirlərdə təsnifat mərhələləri nəzərə alınmadan qələbə qazanan yeganə Azərbaycan klubudur.

“Qarabağ” UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında ümumilikdə 8-ci dəfə qrupda mübarizə aparır. Əvvəlki 46 görüşdə təmsilçimiz 9 dəfə üç xala sevinib. Bu görüşdəki məhsuldarlıq da uğurlar vəd edir. “Qarabağ” 2 qol vursa, qrup mərhələlərində 40-cı dəfə fərqlənəcək. Böyükhesablı qələbəyə nail olacağı halda isə ümumi qol sayında 150-yə çatacaq. Hazırda ağdamlıların hesabında 38-i qrupda olmaqla 146 avrokubok qolu var.

Çox güman ki, 4-3-3 oyun formatı ilə meydançaya çıxacağı gözlənilən Ağdam klubu müdafiənin arxasına atılan toplarda və standart vəziyyətlərdə daha çox diqqətli olmalıdır. Qrupda “Omoniya” ilə səfərdə keçirilən matçda birinci hissənin yarıdan çoxunu təzyiq altında olan meydan sahibləri arabir əks-hücumlara atılsa da, futbolçularımız onlara təhlükəli epizod yaratmağa imkan vermirdi və üstünlük “Qarabağ”da qalırdı. Bu oyun planını doğma meydan amilini də nəzərə alaraq ilk yarım saat ərzində tətbiq edərək daha erkən qol vurmaq lazımdır ki, qarşılaşmaya nəzarəti tam ələ almaq imkanı yaransın. Bunun öhdəsindən gəlmək üçün isə mütləq həm toplu, həm də topsuz oyunda hazırlıqlı, ötürmələrdə daha sürətli olmaq lazımdır.

Əvvəlki qarşılaşmalardan gördüklərimizi təhlil edərək belə qənaətə gəlmək olar ki, qonaqlar topu Ağdam təmsilçisinə verərək daha çox qaçmağa çalışacaqlar. “Qarabağ” isə müdafiə xəttini daha çox meydançanın mərkəzinə çəkərək rəqibə boş zona yaratmamağa çalışmalıdır. Bu oyun planı işə düşərsə, komandamız rəqibə qarşı üstünlük əldə edə biləcək. Abdulla Zubirin isə tez-tez cinahları dəyişməsi “Omoniya”nın müdafiə xəttində balansın pozulmasına səbəb ola bilər.

Müdafiənin mərkəzində daha sayıq görünən Kipr təmsilçisi cinahlarda heç də uğurlu deyil. Çünki matçın müəyyən hissələrində bəzən sağ və ya sol cinah müdafiəçiləri hücuma qoşularkən itirilən toplardan sonra geriyə qayıtmaqda ciddi problem yaşayırlar. Belə ki, hücumda çoxalarkən, müdafiə olunmaqda say baxımından geri qalan “Omoniya”nı komandamız səbirli, həyəcana yol vermədən məğlub edib qrup liderliyini davam etdirərək daha bir zəfərə imza ata bilər.

Qrupun digər matçı isə Qazaxıstanda keçiriləcək. “Kayrat” İsveçrə “Bazel”ini qəbul edəcək.

Vurduğun qol olsun, “Qarabağ”!

 

Elçin CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video