01 Iyul 2022 02:00
1113
SİYASƏT
A- A+

Qarabağ və Şərqi Zəngəzurda xidməti fəaliyyət Azərbaycan Polisinin şərəf salnaməsidir

 

Cənubi Qafqazın yeni təhlükəsizlik sisteminin yaradıcısı olan Azərbaycan Respublikası Avrasiya məkanında da etibarlı sülh və möhkəm asayiş arxitekturasının formalaşmasına mühüm töhfə verir. Prezident İlham Əliyevin böyük fədakarlığı ilə indi həm qlobal miqyasda, həm də bölgədə sabitliyin və inkişafın unikal modeli qətiyyətlə bərqərar edilir.

Ölkəmizin bu nailiyyətinin təməli Böyük Zəfər və ötən 29 il ərzində sabitliyin dayanıqlı əsaslarının yaradılması sahəsində əldə olunan mükəmməl təcrübədir. Sabah yaranmasının 104-cü ildönümünü qeyd edən daxili işlər orqanlarının ictimai asayişin qorunması, kriminogen duruma nəzarət, cinayətkarlığa qarşı mübarizə sahəsində müstəsna xidmətləri isə diqqəti xüsusilə cəlb edir.

 

Böyük Zəfərin fədakarları

 

Vətənə, xalqa, Ulu Öndərin irsinə, Prezidentin kursuna sədaqət andına daim sadiq olan Azərbaycan Polisi şanlı missiyasını, məsuliyyətli fəaliyyətini indi daha yeni, təkmil istiqamətlərlə davam etdirir, strukturda aparılan islahatların real nəticələrini görür. Bu əlamətdar tarixi - peşə bayramını isə fəaliyyətindəki uğurların yaratdığı yüksək əhvali-ruhiyyə ilə, həm də Böyük Zəfərin sevinc təəssüratları altında keçirir.

104-cü ildönüm daxili işlər orqanları üçün yalnız tarixi gün deyil, həm də görülən işlərin kompleks dəyərləndirilməsi və daha səmərəli fəaliyyətin müəyyənləşdirilməsi baxımından mühüm məqamdır. Bu mənada Azərbaycan Polisi növbəti peşə bayramında yüksək vətənpərvərlik və məsuliyyətli xidmətlə əldə etdiyi nailiyyətlərin hesabatını verir və bundan nəticələr çıxarır. Həmçinin Vətən müharibəsindən sonra yaranan reallıqların doğurduğu tələblər əsasında yeni fəaliyyət istiqamətlərini formalaşdırır.

Ən əsası isə xalqımızın böyük iftixarına çevrilən tarixi Zəfərimiz şəxsi heyət üçün müqəddəs dəyər kimi qəbul edilir. Qarabağın və Şərqi Zəngəzurun hər bir bölgəsində, məntəqəsində artıq öz şərəfli fəaliyyətini ləyaqətlə həyata keçirən daxili işlər orqanlarının əməkdaşları peşə bayramını böyük coşqu və inamla qarşılayırlar.

Zəfərdən bizi 20 aya yaxın vaxt ayırır. Bu müddət xalqımızın qələbəni tam mahiyyəti ilə təhlil etməyə və onun nəticələrinə düzgün qiymət verməyə kifayət edir. "Dəmir yumruğ"u ilə 32 illik amansız müharibəyə qətiyyətlə son qoyan Müzəffər Ali Baş Komandan İlham Əliyevin qazandığı Zəfər Azərbaycan tarixinin dönüş mərhələsidir. İkiəsrlik ədalətsiz münaqişəyə son qoyan, Ulu Öndərin müqəddəs vəsiyyətini yerinə yetirən, Qafqaz regionunun bundan sonrakı iqtisadi, geosiyasi, hərbi müqəddəratını, asayişini dəyişdirən tarixi Zəfər Silahlı Qüvvələrimizin, habelə daxili işlər orqanlarının və Daxili Qoşunların mükəmməl gücə çevrildiyini təsdiqlədi.

Hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının böyük əzmkarlığı sayəsində Azərbaycan uzun illərdir təhlükəsizlik adasına çevrilib, ölkəmizdə ictimai asayiş birmənalı təmin olunub. Vətən savaşında əldə edilən Zəfərlə bu sabitlik dövlət başçımızın səyi ilə artıq bütün Qafqaz bölgəsinə də yayılır. Azərbaycanın ərazi bütövlüyünün təmini, separatizm və təcavüz elementlərinin məhv edilməsi bütünlüklə regionun ictimai ab-havasına müsbət təsir göstərir, sabitliyə maneə yaradan faktorları aradan qaldırır.

Daxili işlər orqanları Vətən savaşının ilk dəqiqələrindən etibarən Ali Baş Komandanın müsəlləh əsgərləri kimi vəzifə borclarını şərəflə, məsuliyyətlə icra etməyə başladılar. Qeyd edək ki, hələ Birinci Qarabağ savaşı dönəmində ərazi bütövlüyü uğrunda döyüşlərdə daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti rəşadətlə döyüşmüş, böyük qəhrəmanlıq örnəyi yaratmışdılar. Öncəki savaşda 932 əməkdaş şəhid olmuş, 681 nəfər yaralanmışdı. Vətən savaşında isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 66 hərbçisi şəhid olmuş, 346 nəfər isə yaralanmışdır. Cənab Prezident tərəfindən 1377 hərbi qulluqçu yüksək dövlət təltiflərinə, 4 nəfər "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülmüşdür.

 

Ön cəbhənin qəhrəmanları, arxa cəbhənin mübarizləri

 

Birinci Qarabağ müharibəsində və Vətən savaşında şəhid olan əməkdaşlar daim böyük ehtiram və minnətdarlıqla anılır. Onların şanlı irsi yaşadılmaqla yanaşı, ailələri, doğmaları da daim nazirliyin himayəsindədir. Həmçinin döyüşlərdə yaralanmış və iştirak etmiş əməkdaşlar və hərbi qulluqçular qayğı, diqqətlə əhatə olunublar.

Vətən savaşında iştirak etmiş və daxili işlər orqanlarında fəaliyyət göstərmək arzusunda olan gənclərə də xüsusi şərait yaradılır. Fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü müvafiq tələblərə cavab verdiyi təqdirdə onlar xidmətə qəbul edilirlər. İndiyədək bu kateqoriyadan olan 580,  eləcə də şəhid ailələrindən 124 gənc daxili işlər orqanlarında xidmətə qəbul ediliblər.

Xatırladaq ki, Azərbaycanda hərbi vəziyyətin elan olunması ilə əlaqədar 22 şəhər və rayonda komendant saatı tətbiq edilmişdi. 2020-ci ilin sentyabr ayının 28-dən dekabrın 12-dək qüvvədə olan komendant saatı dövründə daxili işlər orqanları yalnız hərbi vəziyyət rejiminin tətbiq edildiyi inzibati ərazi vahidlərində deyil, ümumiyyətlə, respublika üzrə səfərbər oldular.

Hələ Ermənistan təslimçilik aktını imzalamamış və savaş bitməmiş möhtərəm Prezident böyük müdriklik və uzaqgörənliklə "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" fərman imzaladı. 29 oktyabr 2020-ci il tarixli fərmana əsasən, işğaldan azad olunmuş ərazilərdə hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların yaradılması qərara alındı. Fərman imzalandıqdan dərhal sonra bütün ərazilər üzrə komendaturalar yaradıldı, müvəqqəti komendantlar təyin olundu. Daxili İşlər Nazirliyinin və digər dövlət strukturlarının təmsilçilərinin iştirakı ilə ərazi komendaturaları işğaldan azad olunmuş ərazilərdə giriş-çıxışın xüsusi rejiminin tətbiqindən başlayaraq bütün digər istiqamətlər üzrə mühüm vəzifələri icra etdilər.

İndi isə işğaldan azad edilmiş ərazilərdə polis orqanlarının idarə və şöbələri təşkil olunub, əməkdaşlar, eləcə də Daxili Qoşunların hərbi qulluqçuları xidməti vəzifələrini layiqincə yerinə yetirirlər. Qarabağda və Şərqi Zəngəzurda müvafiq postlar qurulub, təhlükəsizliyə tam nəzarət olunur.

Daxili İşlər Nazirliyinin şəxsi heyətinin ön cəbhəylə yanaşı, arxa cəbhədə də şərəfli xidməti ilə Vətən savaşında qazanılan qələbəyə töhfələr verməsi dövlət, millət, Ulu Öndərin əbədiyaşar ruhu və Prezident qarşısında məsuliyyət borcu idi. Bu borc ləyaqətlə ödəndi. Bu baxımdan tam əminliklə demək olar ki, Böyük Zəfər daxili işlər orqanlarının 104 illik tarixinin ən möhtəşəm səhifələrindəndir.

 

Müasir və uğurlu təcrübə

 

Dövlət müstəqilliyi bərpa edildikdən sonra respublikada daxili sabitliyin təmin edilməsində, əməliyyat şəraitinin və kriminogen durumun sabitləşdirilməsində, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində polisin göstərdiyi xidmətləri, fədakarlıqları ictimaiyyət yaxşı bilir və qiymətləndirir. Ulu Öndərin müəyyənləşdirdiyi düzgün və müdrik yolla qətiyyətlə irəliləyən şəxsi heyət Prezidentin qarşıya qoyduğu məsuliyyətli vəzifələrin sədaqətlə icrası üçün gecəli-gündüzlü səfərbər oldu.

Vətəndaşların əmin-amanlığının, təhlükəsizliyinin yüksək səviyyədə təmin edildiyi dövlət imicini Azərbaycan daim möhkəmləndirir. Ölkəmiz yenə də əhalinin say nisbəti üzrə cinayətlərin azlığına görə dünyada öncül mövqeyini qoruyur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən fəal hüquq-mühafizə siyasətinin məntiqi nəticəsi olaraq, ölkəmizdə möhkəm təməllərə söykənən ictimai asayiş və sabitlik etibarlı qorunur. Daxili işlər orqanları tərəfindən əvvəlki illərdə əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli işlər görülür. Eyni zamanda daxili işlər orqanları və Daxili Qoşunlar cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi, xüsusi karantin rejimi dövründə nəzarət-profilaktik vəzifələrin öhdəsindən layiqincə gəlib, beynəlxalq və respublika əhəmiyyətli kütləvi tədbirlərdə, işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyi etibarlı təmin edib və hazırda da öz işini sədaqətlə davam etdirir.

İnformasiya texnologiyalarının qlobal miqyasda dinamik inkişafı təəssüf ki, bu təsirin cinayətkarlığa transformasiyasına da güclü təkan verib. Müxtəlif  kiber təhlükələrin, o cümlədən insanların müasir texnologiyalarla bağlı yetərincə məlumatsızlığından bəhrələnərək törədilən talamaların və bu kimi digər halların sayı durmadan artır. Yaranmış vəziyyət daxili işlər orqanlarının da qarşısına yeni vəzifələr qoyur, həmçinin bu sahədə mübarizə tədbirlərinin daha müasir texnoloji vasitələrlə aparılmasını tələb edir. Ona görə də nazirlik əməkdaşları beynəlxalq miqyasda mövcud olan ən modern təcrübəni mənimsəmək üçün davamlı surətdə təlimlərə cəlb olunur, yenilikləri mənimsəyir və fəaliyyətlərində uğurla tətbiq edirlər.

Ümumilikdə isə ötən il ərzində ölkədə 31131 cinayət qeydə alınıb. Cinayətlərin 84 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə cinayətlərin 88,9 faizinin açılması təmin edilib. O cümlədən ağır və xüsusilə ağır cinayətlərin 82,9, qeyri-aşkar şəraitdə baş verənlərin 83,4, şəxsiyyət əleyhinə olanların 97,9, mülkiyyət əleyhinə olanların 79,9 faizi açılıb. Vətəndaşların iştirakı ilə açılan cinayətlərin sayı isə 39 faiz artaraq 7837 fakt təşkil edib.

Ötən il şəxsiyyət əleyhinə olan cinayətlər, o cümlədən qəsdən adam öldürmələr, adam öldürməyə cəhdlər, qəsdən sağlamlığa az ağır zərər vurmalar, odlu silahın tətbiqi ilə baş verən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlər, oğurluqlar, soyğunçuluqlar azalıb. Həyata keçirilmiş operativ tədbirlərlə 873 kriminal qrup zərərsizləşdirilib, odlu silah saxlayan və daşıyan 188 şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Cari ilin birinci rübü üzrə əməliyyat-xidməti fəaliyyətin nəticələri də müsbətdir. Bu müddətdə qeydə alınmış cinayətlərin 84 faizinin açılması təmin olunub, qeyri-aşkar şəraitdə baş verən cinayətlərin, mülkiyyət əleyhinə olanların, o cümlədən oğurluqların, soyğunçuluqların, quldurluqların, hədə-qorxu ilə tələb etmələrin, avtonəqliyyat vasitəsini qaçırmaların açılması ötən ilin müvafiq dövrü ilə müqayisədə yaxşılaşıb. Ağır və xüsusilə ağır cinayətlərə görə axtarılan şəxslərin tutulmasının nəticələri yüksəlib, 556 nəfərdən ibarət 220 cinayətkar qrup zərərsizləşdirilib.

Amma bütün bunlar heç də arxayınlıq yaratmır, şəxsi heyət xidməti fəaliyyəti daha məsuliyyətlə davam etdirir. Onlar kriminogen duruma nəzarət, cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun və hüquq qaydasının qorunması sahəsində əldə olunan müsbət təcrübəni daim təkmilləşdirir, onu müasir dövrün çağırışlarına uyğunlaşdırır. Əməliyyat-xidməti fəaliyyətdəki müsbət nəticələrlə bərabər, ümumi işə mənfi təsir göstərən halların mövcudluğu da nəzərə alınaraq hərtərəfli təhlil əsasında onların aradan qaldırılması, xidməti fəaliyyətin səmərəliliyinin artırılması ilə bağlı qərarlar qəbul edilir.

 

Qlobal bəlaya qarşı səmərəli mübarizə

 

Narkomaniya dünyanın əsas bəlalarından biridir və qlobal təhlükəsizliyin mühüm təhdidləri sırasında qəbul olunur. Artıq birmənalı etiraf edilir ki, narkomaniyaya qarşı mübarizə yalnız birgə beynəlxalq səylərlə, qlobal əməkdaşlıqla səmərəli nəticə verə bilər. Yəni hansısa lokal, regional miqyasda əldə olunan nailiyyət təəssüf ki, uzunmüddətli olmur, çünki narkomaniya sərhəd tanımır və gec-tez kənar təsirlər özünü acı nəticələrlə göstərir. 

Bununla belə faktların müqayisəli təhlilinə əsaslanaraq Azərbaycanda narkomaniyaya qarşı uğurlu mübarizə aparıldığını deyə bilərik. Bu mübarizənin əsasını da məhz Ulu Öndər Heydər Əliyev qoyub. 1993-cü ildən cinayətkarlığa qarşı mübarizə və kriminogen durumun nəzarətə götürülməsi ilə bağlı Ümummilli Lider tərəfindən aparılan fəaliyyətin əsas istiqamətlərindən biri bu sahə idi. Prezident İlham Əliyev də narkomaniya ilə mübarizəni daxili işlər orqanları ilə yanaşı, digər hüquq-mühafizə strukturları qarşısında əsas hədəflərdən biri kimi elan edib. Dövlət başçısının əsas tələbi odur ki, bu bəlaya qarşı mübarizədə uğurlu beynəlxalq təcrübə mənimsənilməli, müasir üsullardan istifadə edilməlidir.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinin və narkomanlığı qeydə alınan şəxslərin hazırkı sayının son illərlə müqayisəli statistik təhlilini aparanda müəyyən artımı görsək də, onlara qarşı mübarizədə daha çox irəliləyişi faktlar əsasında aydın müşahidə edə bilərik. Ötən il əvvəlki dövrlə müqayisədə 1,1 ton çox - 3 ton 45 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 174 tondan artıq narkotik xassəli bitki aşkarlanıb məhv edilib. Cari ilin birinci rübündə isə qanunsuz dövriyyədən 1 ton 64 kiloqram narkotik vasitə çıxarılıb və həmin əməllərə görə 1689 nəfər məsuliyyətə cəlb olunub.

Bu bəlaya qarşı mübarizədə hər kəsin ümumi işə real köməyi vacibdir. Xüsusi vurğulanmalıdır ki, müvafiq sahədə vətəndaşların məlumatları əsasında müsbət nəticələri olan çoxsaylı əməliyyatlar keçirilib, həmin cinayətlərin açılmasında fəal vətəndaşlıq mövqeyi sərgiləyən yüzlərlə şəxs var. Qanunvericilikdəki son dəyişikliklər də bu sahədəki vəziyyətin müsbətə doğru dəyişməsinə imkan yaradacaq.

Bununla yanaşı, uzun bir dövrü əhatə edən araşdırmalardan sonra artıq belə bir düzgün beynəlxalq rəy formalaşıb ki, narkomanlığa qarşı mübarizədə ən sərt cəza tədbirlərindən daha çox məhz təbliğat prosesi effekt verir. Daxili İşlər Nazirliyi də bu məqamı fəaliyyətində xüsusilə nəzərə alır. Yeniyetmələr və gənclər arasında antinarkotik təbliğat daha məqsədyönlü şəkildə davam etdirilir və daha kreativ, hədəfə çatan vasitələrlə iş qurulur.

 

İslahatlar müsbət nəticə verir

 

Prezidentin rəhbərliyi altında ölkədə aparılan islahatlar kursu nəticəsində Azərbaycan öz tarixinin ən qüdrətli dövrünü yaşayır və beynəlxalq təşkilatlar tərəfindən "ən islahatçı ölkələr" sırasında qəbul olunur. Ölkəmizin dinamik sosial-iqtisadi yüksəlişi, yüksələn vətəndaş rifahı və möhkəm sabitliklə yanaşı, elə tarixi Zəfər də bu islahatların real nəticələridir.

Şübhəsiz ki, islahat prosesi daxili işlər orqanlarından da yan keçə bilməzdi. Nazirlikdə islahatlar kampaniya xarakteri daşımır, məhz cənab Prezidentin tələb etdiyi kimi, real nəticələrin qazanılmasına yönələn sistemli tədbirlər əsasında tətbiq olunur. Strukturda elə bir sahə, istiqamət, xidmət yoxdur ki, son illər orada islahat aparılmasın və müsbət dəyişiklik əldə edilməsin. Bir sözlə, Daxili İşlər Nazirliyində Prezidentin tapşırıq və tövsiyələri əsasında yeniləşmə prosesi davam edir və əldə olunan nailiyyətlər müvafiq beynəlxalq qurumlar tərəfindən də etiraf edilir.

Xidmətin müxtəlif sahələri üzrə şəxsi heyətin hazırlığının artırılması, xüsusən keçirilən praktiki təlimlər ümumilikdə fəaliyyətin mükəmməl və səmərəli olmasının əsas elementidir.

Qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaş məmnunluğunun təmin edilməsi sahəsində funksiyalar ardıcıllıqla həyata keçirilir. Nəzərə alaq ki, vətəndaşla sıx, birbaşa təmasda olan strukturlar sırasında daxili işlər orqanları ön sırada dayanır. Bu baxımdan əməkdaşlardan peşəkarlıq, məsuliyyətlə yanaşı, sağlam, səmimi ünsiyyət vərdişləri tələb olunur, etik davranış məsələləri xüsusi nəzarətdə saxlanılır.

Bu tədbirlər ilboyu davam edir. Nazirlik sistemində keçirilən peşə hazırlığı məşğələlərində etik davranış qaydalarına dair mövzular tədris olunur, rəhbər vəzifəli şəxslər üçün məşğələlər keçirilir, əməkdaşlar ölkədə və xarici dövlətlərdə təşkil olunan tədbirlərdə iştirak edirlər. Etik davranış qaydalarına riayət olunması sahəsində qarşıda duran vəzifələr bayır xidmətinin şəxsi heyəti ilə keçirilən təlimlərdə də ətraflı diqqətə çatdırılır, həmçinin təhsil-tədris proqramları əsasında Polis Akademiyasının kursantlarına korrupsiyaya qarşı mübarizə və etik davranış mövzusu xüsusi fənn kimi tədris olunur.

 

Vətəndaş məmnunluğu davamlı olaraq artır

 

Vətəndaş məmnunluğunun təmin edilməsi, vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinə daha böyük həssaslıqla yanaşılması Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdəndir. Bu istiqamətlərdə, o cümlədən ərizə və şikayətlərin obyektiv, həssaslıqla araşdırılması yönümündə genişmiqyaslı fəaliyyət aparılır. Vətəndaşların qəbulu və minlərlə müraciətin araşdırılması zamanı qaldırılan məsələlərin əksəriyyətinin qanunauyğun həllini tapdığını, "102" xidmətinə, qaynar xətlərə daxil olmuş, sosial şəbəkələrdə yayımlanmış hər bir müraciətə çevik reaksiya verildiyini, cinayətlər nəticəsində vurulmuş maddi ziyanın təxminən 90 faizinin ödənildiyini, əhaliyə göstərilən elektron xidmətlərin müasir tələblərə uyğun təkmilləşdirildiyini xüsusi qeyd etməliyik.

Dövlət başçısının tapşırığı əsasında daxili işlər naziri tərəfindən bölgələrdə mütəmadi vətəndaş qəbulları keçirilir. Belə qəbullar zamanı vətəndaşların polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətləri dinlənilir, problemlərinin operativ həlli nəzarətə götürülür. Müraciətlərin böyük əksəriyyəti yerindəcə öz həllini tapır. Vətəndaş müraciətlərinə baxılması işinin daha da təkmilləşdirilməsi məqsədilə DİN-in rəsmi internet saytında (mia.gov.az) "Müraciətin statusunu yoxla" xidməti də əlavə olunub. Yeni yaradılan xidmət bu sahədə aparılan işlərin daha çevik, şəffaf və keyfiyyətli təşkili ilə yanaşı, müraciətin vətəndaş tərəfindən addım-addım izlənilməsi və cavab alınması proseslərini asanlaşdıran üstünlüklərə malikdir. Ümumiyyətlə, xidməti fəaliyyətdə müasir texnologiyaların tətbiqi və idarəetmədə elektronlaşdırmanın genişləndirilməsi prioritetdir.

Əminik ki, daxili işlər orqanlarının şəxsi heyəti ötən 104 ildə olduğu kimi, bundan sonra da fəaliyyətini layiqincə, peşəkarlıqla həyata keçirəcək, hər bir şəxsin hüquq və azadlığının, qanuni mənafeyinin etibarlı müdafiəsini təşkil edəcək, ölkədə əmin-amanlığın davamlılığının təmin olunması üçün qüvvə və bacarığını əsirgəməyəcək. Prezident İlham Əliyevin dövlətçilik və müstəqillik kursunun sadiq icraçısı olan Azərbaycan Polisinin şəxsi heyəti sabitliyin, asayişin, daxili təhlükəsizliyin keşiyində daim əzm və qətiyyətlə dayanacaq.

Bunun bariz nümunəsi olaraq, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında möhtəşəm qələbəmizlə nəticələnmiş Vətən müharibəsi günlərində ölkədə hərbi vəziyyət rejimini etibarlı təmin edən şəxsi heyət bu gün işğaldan azad olunmuş ərazilərdə öz şanlı xidmətini böyük əzm və peşəkarlıqla davam etdirir. Qarabağ və Şərqi Zəngəzurda xidməti fəaliyyət Azərbaycan Polisinin şərəf salnaməsidir.

Prezident İlham Əliyevin daxili işlər orqanlarına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə, şəxsi heyətinin sosial müdafiəsinin gücləndirilməsinə, infrastrukturunun yenilənməsinə göstərdiyi ali diqqət və qayğı, fəaliyyətinə verdiyi dəyər və etimad şəxsi heyətdə böyük minnətdarlıqla qarşılanır.

İnanırıq ki, Azərbaycan Polisi Vətənə, xalqa, Ulu Öndərin irsinə, möhtərəm Prezidentin kursuna sədaqət andına daim sadiq qalacaq, bu şərəfli yoldan zərrə qədər də sapmayacaqdır. Müzəffər Sərkərdəmizin qazandığı Zəfərin müstəqillyimiz kimi daim əbədi olması naminə daxili işlər orqanlarının hər bir əməkdaşı xüsusi səylə, qətiyyətlə, fədakarlıqla xidmət göstərəcək.

 

İxtiyar HÜSEYNLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video