18 Sentyabr 2022 01:05
798
İDMAN
A- A+

"Qarabağ" qürur ünvanımızdır

 

Bu gün "Qarabağ" Azərbaycanın ən sevilən futbol klubudur. "Qarabağ"ın uğurları yalnız futbol bayramına çevrilmir, xalqımızın qürur, iftixar mənbəyi kimi qəbul edilir.

Azərbaycan klubu Avropa Liqasının qrup mərhələsində evdə birinci böyük hesablı qələbəsini qazanaraq avrokuboklar tarixində ilkə imza atıb. Bu ilki komandalarımız arasında "Qarabağ" gerçəkləşdirib.

"Qarabağ"ın Fransanın "Nant" klubu ilə oyununda start fitindən sonra tribunalardakı azarkeşlər telefonlarının işıqlarını yandıraraq birdəqiqəlik sükut edib, sentyabrın 12-13-də Ermənistanın təxribatı nəticəsində şəhid olan hərbçilərimizin xatirəsi yad edilib.

Azərbaycana xoş olmayan münasibət göstərən Fransanın qarşısında "Qarabağ"ın performansı, əslində tutarlı bir mesaj idi.

Əlbəttə ki, hər bir klubun gücü komanda oyunundadır. Son illərdə qazanılan uğurlar məhz bununla bağlıdır.

Ən böyük rol isə baş məşqçidədir. Bu komandada oynayan hər bir futbolçu meydanda ancaq onun verdiyi tapşırıqları yerinə yetirir. Qurban Qurbanovun "Nant"ın üzərindəki qələbəni ordumuza və şəhidlərin ruhuna həsr etməyi də hər kəsi duyğulandırdı. Birinci dəfə deyil ki, "Qarabağ" beynəlxalq yarışlarda böyük uğurlar qazanır, xalqımızı, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edir. Bu uğurlar təsadüfi deyil. Futbol klubunun nailiyyətlərinin siyasi tərəfi də var.

"Qarabağ" Avropadakı çıxışı zamanı bütün təxribatlara baxmayaraq, "Qarabağ Azərbaycandır!" həqiqətini sübut edib. Klub həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsində əldə edilmiş tarixi zəfərdən sonra Qarabağ adını uca tutur, bu adı bütün Avropa futbol məkanında təbliğ edir. Klub möhtəşəm oyunlar nümayiş etdirməklə, Azərbaycanın dünyada ən güclü informasiya raketinin daşıyıcısına çevrilir.

Prezident İlham Əliyev "Qarabağ"-"Nant" matçı ilə bağlı tviterdə paylaşım edib. Paylaşımda deyilir: "Qarabağ (Azərbaycan) - Nant (Fransa) - 3:0. Darmadağın! Qarabağ Azərbaycandır!" Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da "Qarabağ"ın inamlı qələbəsi ilə bağlı paylaşım edib. O, rəsmi instaqram səhifəsində "Qarabağ Azərbaycandır!" həştəqi ilə Prezident İlham Əliyevin tvitini paylaşıb.

Dövlət başçısı daim idmana və idmançılara dəstək olub. İdmançılar da bu dəstəkdən ruhlanır, həvəslənir və yarışlara daha yaxşı hazırlaşırlar. Ötən il Prezident İlham Əliyev UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn "Qarabağ" futbol klubunun üzvlərini qəbul edərkən deyib: "Sizi əldə edilmiş yeni nailiyyət münasibətilə ürəkdən təbrik edirəm. "Qarabağ" futbol klubu Azərbaycan azarkeşlərini, deyə bilərəm ki, bütün Azərbaycan xalqını bir daha sevindirib". Dövlət başçısı bildirdi ki, bu qələbə bir daha onu göstərir ki, "Qarabağ" futbol klubu Azərbaycan futbolunun flaqman komandasıdır. Prezidentin futbolçularla görüşü və onları qəbul edərək dəstək verməsi komandanı daha da ruhlandırdı.

Ən önəmli məqamlardan biri isə budur ki, məhz Qurban Qurbanovun sayəsində "Qarabağ" təkcə futbol oynamadı, eyni zamanda getdiyi hər ölkədə Qarabağ həqiqətlərini dünyaya çatdırdı. Yüz milyonların qarşısında nümayiş etdirdiyi oyunlarla döyüşkən və cəsarətli komanda olduğunu, döyüşkənliyin hər bir azərbaycanlının ruhunda yer aldığını nümayiş etdirdi. O, yeganə azərbaycanlı məşqçidir ki, komandası dalbadal yeddi dəfə Azərbaycan çempionu olub. Q.Qurbanov yüksək məşqçilik bacarığı ilə yanaşı, meydandan və ondan kənarda yüksək insani keyfiyyəti, futbolda hər məşqçiyə xas olmayan ləyaqətli davranışı, ədalətli qərarları ilə tanınır və sevilir ki, bu fakt da həm Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, həm də ictimaiyyət tərəfindən dəfələrlə vurğulanıb.

 

Elşən YƏHYAYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video