30 Noyabr 2022 01:42
501
Mədəniyyət
A- A+

Qarabağ gündən-günə gözəlləşib düşmənə gözdağı olur

 

Qarabağ bizim üçün təkcə ərazi vahidi, torpaq, yurd yeri deyil. Bu torpaqların hər qarışı minilliklərin yaddaşından soraq verən maddi-mədəniyyət abidələrimiz, tariximizin qiymətli nümunələri, mədəniyyət xəzinəmizin nadir inciləri ilə zəngindir. Əcdadlarımız hələ min illər öncə bu torpaqlarda yurd salıb, bu yerləri özlərinə vətən seçiblər. Ulularımız babalarından onlara miras qalan əmanəti özlərindən sonra gələn nəsillərə çatdırmağı vəsiyyət ediblər. Bu torpaqların sahibi kimi hər qarışında silinməz iz qoymuşuq.
Azıx mağarası, Füzuli bölgəsində Şeyx Yaqubun (XII əsr) türbəsi, Kəlbəcər rayonunun Bağlıpəyə kəndi ərazisində yerləşən Xudavəng monastırı (XIII əsr), Aşağı Veysəlli kəndindəki Mir Əli (XIV əsr) və Əhmədallar kəndindəki türbələr (XIV əsr), Şeyx İbrahim türbəsi (XVII əsr), Əhməd Sultan türbəsi, Cəlal türbəsi (1307), Horadiz kəndindəki Cümə məscidi, Dağlıq Qarabağ ərazisində Əsgəran qalası, Cəbrayıl rayonunda "Qız qalası", Cəbrayılın Şıxlar kəndində türbə (1308) və digər türbələr, Ağdam bölgəsində Xaçın-Dərbənd kəndi yaxınlığında 12 künclü türbə, Bərdə şəhərindəki Tərtər çayı üzərində 12 tağlı körpü (XIV əsr), "Bərdə", "Axsadan baba" türbələri (XIV əsr), Kərbalayi Səfxan Qarabaği tərəfindən Bərdə şəhərində tikilmiş qoşa minarəli "İmamzadə" məscid kompleksi (1868) kimi abidələr qədim tariximizin yadigarlarıdır. "Bəhmən Mirzə" türbəsi, Şuşa şəhərində səkkizbucaqlı türbə, Pənah xan qalası, Natəvanın evi, Mamayı məscidi, Məşədi Şükür Mirsiyab oğlunun məscidli karvansarayı, Culfalar məscidi, Hacı Yusifli məscidi, Saatlı məscidi, Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər ağa məscidi (XIX əsr), Xan evi, gimnaziya binası, Laçın ərazisində Qarasaqqal türbəsi, Soltan baba türbəsi, Şeyx Əhməd türbəsi, Sarı aşığın türbəsi (XV əsr), Cicimli kəndindəki türbələr, Quşçu kəndində "Uşaq qalası", "Böyük bulaq" abidəsi (XV əsr), Həmzə Sultan sarayı (1761) və tariximizin minilliklərindən xəbər verən digər maddi-mədəniyyət nümunələri, əcdadlarımızın qoyub getdikləri "nişanlar" bu torpağın əsl sahibi olduğumuzu təsdiq edən danılmaz sübutlardır.
 Müdriklər "torpağı qorumasan, əkib-becərməyə dəyməz, əkib-becərməyəcəksənsə, qorumağa dəyməz", nadanlar isə "torpaq mənimdir, əkmirəm" deyiblər. İllər idi ki, nadanlar işğal etdikləri ərazilərdə yalnız vandallıqla, dağıtmaqla məşğul olublar. 
44 günlük zəfər müharibəsində igidlərimiz düşmənin üzərinə ay-ulduzlu bayrağımızla getdilər. Düşmənin başını əzərək o torpaqlarda yenidən Zəfər bayrağımızı ucaltdılar. Qanları, canları ilə torpağa nəfəs verdilər. Müzəffər Ali Baş Komandan Şuşaya elə ilk səfəri zamanı bütün dünyaya "Biz bu torpaqları yenidən dirildib, həyat verəcəyik. Bu yerləri cənnətə çevirəcəyik" mesajını verdi. 
Qısa zamanda topların, ölüm saçan silahların açıldığı Qarabağdan indi həyat nəğməsi eşidilir. İlk növbədə əsgərlərimizin keçdikləri o ucalıqdan, zirvələrdən mədəniyyət paytaxtı Şuşamıza 95 kilometrlik Zəfər yolu çəkildi... Daha sonra Füzuli Beynəlxalq Hava Limanı tikilib istifadəyə verildi. Mədəniyyətimizin paytaxtı əsl tikinti meydanına çevrilib. Düşmənin dağıdıb viran qoyduğu tarixi abidələrimizin yenidən qurulub bərpa olunması işinə start verilib. 44 günlük Vətən müharibəsində şanlı qələbənin əldə edilməsi nəticəsində Azərbaycanın işğaldan azad olunmuş bütün ərazilərində geniş quruculuq işləri aparılır, o cümlədən erməni vandalizminə məruz qalmış tarixi-dini abidələrin bərpası, yaxud yenidən qurulması sahəsində mühüm addımlar atılır. Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2021-ci ildə Daşaltı və Hadrutda məscidin təməlinin qoyulması, Zəngilanda İmam Hüseyn, Ağdamda Cümə və Qiyaslı məscidlərinin yenidən qurulması işlərinə start verilməsi, Şuşada Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı məscidlərinin və Qazançı kilsəsinin bərpa edilməsi Azərbaycan dövlətinin milli-mənəvi, tolerant dəyərləri yüksək qiymətləndirdiyinin göstəricisidir. Biz bütün bunları kiməsə göstərmək üçün etmirik. Bunları həyat prinsiplərimiz olduğu üçün edirik.
2021-ci il oktyabrın 3-də Prezident İlham Əliyevin Tərtər rayonunun Talış kəndinə səfəri zamanı orada ermənilərin dağıtdığı alban-udi və rus-pravoslav kilsələrində olması, hər iki ibadətgahda təmir və bərpa işlərinin aparılacağını bildirməsi bütün dinlərə tolerant yanaşmanın parlaq ifadəsidir.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması iqtisadi inkişafa töhfə verəcək. Hazırda həmin rayonlara sürətlə yol çəkilir. Laçında beynəlxalq hava limanı, su-elektrik stansiyalarının təməlqoyma mərasimi keçirilib, rayonda sürətlə tikinti-quraşdırma işləri gedir. Laçında ermənilərin dağıtdığı 14 kiçikhəcmli elektrik stansiyası bərpa olunmaqla yanaşı, 120 meqavat elektrik hasil edən 28 elektrik stansiyasının tikilməsi planlaşdırılır. Laçın şəhər 2 saylı məktəbin yenidənqurma və bərpası üçün dövlət başçısı vəsait ayırıb. Eləcə də Zabux kəndində məktəb tikintisinə start verilib. Zəngilan rayonuna qayıdış başlayıb. Ölkəmizdə "ağıllı kənd", Ağalı möcüzəsi dillərdə dastan olub. Zəngilan Beynəlxalq Hava Limanı artıq özünün ilk xarici qonaqlarını da qəbul edib. Zəngilanda "Dost Aqro" fəaliyyətə başlayaraq məhsul istehsalını artırır. Zəngilanın nəhəng logistik mərkəzə çevriləcəyi şübhəsizdir.
Kəlbəcər rayonu faydalı qazıntıları ilə məşhurdur. Necə deyərlər, bu rayonun  altı da, üstü də qızıldır. Bu bölgədə turizmin inkişafı üçün hər cür şərait var. Hazırda Prezident İlham Əliyevin nəzarəti altında bu ərazilərdə sürətlə quruculuq və tikinti işləri gedir. Bu iki yeni iqtisadi rayonun yaranmasında strateji məqsəd Zəngəzur dəhlizi vasitəsilə qərblə şərq, şimalla cənub arasındakı yükdaşımaların intensivliyinin artırılması, beynəlxalq ticarət əməliyyatlarının genişləndirilməsi, nəqliyyat və logistika sektorunun əhəmiyyətli səviyyədə inkişaf etdirilməsi durur. Sözsüz ki, reallaşmaqda olan proqram ölkəmizin rəqabət qabiliyyətini yüksəltməklə yanaşı, iqtisadi qüdrətini də dəfələrlə artıracaqdır. Bu gün Qarabağın bütün əraziləri kimi, Kəlbəcər rayonu da geniş tikinti meydançasına çevrilib. Bu rayonda da infrastrukturun sürətlə yeniləşməsi prosesi gedir. Məşhur "İstisu" sanatoriyası bərpa edilir. Məktəb tikilir, yollar salınır... İşğaldan azad edilmiş ərazilərdə quruculuq və abadlıq işləri çərçivəsində Kəlbəcər rayonunda yeni 4,4 MVt gücündə "Kəlbəcər-1" Kiçik Su-Elektrik Stansiyası tikilib istifadəyə verilib. Xatırlatmaq yerinə düşər ki, bu günlərdə işğaldan azad edilən ərazilərin "yaşıl enerji" zonasına çevrilməsi ilə bağlı dövlət başçısının tapşırığına uyğun olaraq ümumi gücü 20 meqavat olan "Güləbird", "Suqovuşan-1", "Suqovuşan-2" kiçik su-elektrik stansiyaları da tikilib istifadəyə verilib. İndiyədək bu stansiyalarda 30 milyon kilovatsaat elektrik enerjisi istehsal olunub.
Qələbəmizin, qüdrətimizin rəmzi olan Şuşa şəhərində başqa bir büsat var. Şuşanın ermənilər tərəfindən dağıdılmış hər bir küçəsində, hər bir yerində abadlıq, quruculuq, təmir-bərpa işləri aparılır. Tarixi abidələrimizə yenidən həyat verilir. Şuşada infrastruktur bərpa olunur. Şəhərin elektrik enerjisi, su ilə fasiləsiz təminatı tam təchiz olunub. 
Ağdamda yüksəkmərtəbəli binaların tikintisinə start verilib…
Qarabağın ağ günləri başlayıb… 
Biz ermənilərin dağıdıb viran qoyduqları torpaqlara yenidən həyat veririk. Torpaq sahibini səsindən, nəfəsinin hərarətindən tanıyır. Bizim torpaq sevgimiz bütün sevgilərin fövqündə durur. Elə bu səbəbdən də torpağımızın hər qarışını düşmən işğalından azad etmək üçün minlərlə insan canını vətənə fəda edib torpaqlarımızı qanları ilə murdarlardan təmizlədilər. Şəhid qanı ilə yuyulmuş Qarabağımız hər gün bir boy da böyüyüb, düşmənə dərd olur.

Elşən QƏNİYEV,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video