26 Yanvar 2025 09:15
448
SİYASƏT
A- A+
Professorun müəmmalı ölümü

Professorun müəmmalı ölümü


Ölkəmizdə ötən əsrin 30-cu illərinə kimi yazıçı və şairlər əvvəlki dövrlərin ənənəsinə uyğun olaraq ayrı-ayrı ədəbi birliklərdə, dərnəklərdə, cəmiyyətlərdə fəaliyyət göstərirdilər. Lakin 1934-cü il 13-14 iyul tarixlərdə Azərbaycan yazıçılarının Bakıda keçirilən I qurultayında bolşevizm ideologiyası onların bir qurum ətrafında birləşmələrinə nail oldu. Həmin qurultayda 29 yaşlı Məmmədkazım Ələkbərli yeni yaradılan Azərbaycan Sovet Yazıçıları İttifaqına sədr seçildi.

Məmmədkazım Ələkbərli 1905-ci il yanvarın 24-də Dərbənd şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Orada orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra 1923-cü ildə Bakıya gəlib Azərbaycan Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsinə qəbul olunub. O, tələbəlik illərində əla qiymətlərlə oxumaqla bərabər, institutun ictimai işlərində də fəallıq göstərib. Türkiyədən dəvətli olan doktor Xəlil Fikrət, professor İsmayıl Hikmət və Mühiddin Birgenin sevimli tələbələrindən biri kimi tanınıb.

Ali təhsilini bitirdikdən sonra Məmmədkazım Ələkbərli Gəncə Vilayət Xalq Maarif Şöbəsinə müdir və "Qızıl Gəncə" jurnalına baş redaktor təyin edilib. Görkəmli ədəbiyyatşünas Əziz Mirəhmədovun təbirincə desək, onun əsas mövzuları milli bədii ədəbiyyat və jurnalistika olub. Daha çox Mirzə Cəlil və M.Ə.Sabir yaradıcılığına müraciət edib. Tədqiqatçı şairin yaradıcılığını və şəxsiyyətini yüksək qiymətləndirərək onu "Ən mühüm şəxsiyyət" adlandırıb.

Milli ruhlu Məmmədkazım Ələkbərli əmək fəaliyyətinə başladığı ilk gündən millətinin təhsil almasına, azad və xoşbəxt həyat sürməsinə çalışıb. Gəncə bölgəsində savadsızlığın ləğvi və yeni məktəblərin açılmasında əlindən gələni əsirgəməyib. Xalqın maariflənməsində mətbuatın təşkilini vacib amillərdən hesab edib, pedaqoji-təşkilati işlərlə yanaşı, bədii yaradıcılığa da meyil göstərib.

İdeoloji işlərin təşkilində təcrübəsi, jurnalistik qabiliyyəti nəzərə alınaraq onu iki ildən sonra "Dağıstan firqəsi" qəzetinin nəşrini təşkil etmək üçün Dağıstana göndərirlər. Bu işi yoluna qoyub, sonra orada iki il "Maarif yolu" jurnalının baş redaktoru işləyir. Həmin illərdə milli ədəbiyyat yaratmaq məqsədilə gözəl şeirlər yazan Almas İldırım da o vaxt Dağıstanda sürgündə idi.

Məmmədkazım Ələkbərli ona hamilik edir, məqalə və şeirlərinin "Dağıstan firqəsi"ndə çapına yaşıl işıq yandırır. Az sonra redaksiyada işə də götürür. O zaman sovet quruluşuna qarşı çıxan və buna görə sürgünə göndərilən "xalq düşməni"nə qayğı göstərmək Xalq Daxili İşlər Komissarlığı və Dövlət Siyasi İdarəsinin əməkdaşları tərəfindən heç bir halda bağışlanmazdı.

22 yaşında Məmmədkazım Ələkbərli "İdealizm və materializm və yaxud yeni fəlsəfə", 24 yaşında "Yeni əlifba və orfoqrafiya", 30 yaşında "Azərbaycan ədəbiyyatı" adlı sanballı kitabların müəllifi və dövri mətbuatda müntəzəm çıxış edən yazarlar kimi məşhurlaşır. Ədəbiyyatdan, mətbuatdan siyasi təbliğat vasitəsi kimi istifadə edən hökumət onu siyasi xadim kimi də yetişdirmək fikrinə düşür. Dağıstan KP Vilayət Komitəsinin rəhbərliyi Məmmədkazım Ələkbərliyə böyük etimad göstərərək onu Moskvaya Qırmızı Professorlar İnstitutuna oxumağa göndərir. M.Ələkbərli burada da (1930-1934) nümunəvi olur. Qırmızı Professorlar İnstitutunu bitirdikdən sonra ÜİK(b)P MK-nın tövsiyəsi ilə Azərbaycana partiya işinə göndərilir. Fəaliyyəti dörd il öncə dayandırılan Azərbaycan Dövlət Universitetinə rektor təyin edilir, 1934-cü il 13-14 iyul tarixlərdə Məmmədkazım Ələkbərli yazıçı və şairlərin Bakıda keçirilən I Qurultayında Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri, Səməd Vurğun isə məsul katibi seçilir.

M.Ələkbərli mətbuat səhifələrində dərc etdirdiyi publisist yazıları ilə milli ədəbiyyatşünaslığın və fəlsəfi fikrin inkişafı uğrunda mübariz kimi də tanınırdı. Mərhum ədəbiyyatşünas-alim Nazif Qəhrəmanlı Məmmədkazım Ələkbərli haqqında məqalələrindən birində yazır: "Məmmədkazım Ələkbərli Azərbaycan ədəbiyyatı tarixinin təbliğinin, onun faktlarının üzə çıxarılmasının, əhatəli və mükəmməl şəkildə toplanıb nəşr edilməsinin tərəfdarı di. O, həmişə istər nəzəri, istərsə də praktik fəaliyyətdə klassik irsə qayğı və diqqətin təmsilçisi kimi çıxış edirdi".

Tələbəlik illərindən milli təəssübkeşliyi ilə diqqəti çəkən Məmmədkazım Ələkbərli Gəncə Vilayət Xalq Maarif Şöbəsinin müdiri olanda şəhərdəki Pedaqoji Texnikumu bitirən gənclərlə görüşəndə millətin onlardan nələr gözlədiyini anladar, türk uşaqlarının ana dilindəki məktəblərə güclü ehtiyacı olduqlarını söyləyirdi. Lakin 1930-cu illərdən başlayaraq o, ehtiyatla hərəkət etməyi üstün tutur. Məruzə və çıxışlarını sovet ideologiyasının tələblərinə uyğun qurur. Tələbəlik illərindən milli ruhlu azərbaycanlı gənc kimi tanınan Məmmədkazım Ələkbərli tədricən sovet ideoloquna çevrilir. Yaradıcılığını marksizm-leninizm metodologiyasına istiqamətləndirir. Ona görə də hakim ideologiyanın təşkilatçısına və təbliğatçısına çevrilir. Azərbaycan KP MK-nın "Kommunist" nəşriyyatına direktor təyin olunur, "Ədəbiyyat qəzeti", "Bakinski raboçi", "Vışka" qəzetlərində, "Zərbəçi", "Sürət". "İnqilab və mədəniyyət", "Firqə işçisi" jurnallarında baş redaktor işləyir.

Məmmədkazım Ələkbərlinin ədəbi irsi zəngindir. Ötən əsrin 20-30-cu illərində dövri mətbuatda publisist yazıları və ədəbi-tənqidi məqalələri ilə çıxış edir. "Oktyabr inqilabı və Azərbaycan ədəbiyyatı", "Şura ədəbiyyatı yüksəliş yollarında", "Aprel ədəbiyyatı", "Aydın"dan "Yaşar"a, "Dönüş" və s. məqalələrində Azərbaycan sovet ədəbiyyatının aktual problemlərinə toxunur. Milli dildə fəlsəfə dərsliyinin yaradılmasına böyük əmək sərf edir. Onun elmi axtarışları bir tərəfdən tarixə, axtarışlara, təfəkkürə söykənirdisə, digər tərəfdən fikirləri sosializm ideologiyasına uyğunlaşdırılırdı. 1935-ci ildə çap edilmiş "Azərbaycan ədəbiyyatı" adlı əsərində ədəbiyyatımızın tarixi, ayrı-ayrı dövrləri, insanların yaradıcılığı ilə bağlı fikirlər toplanıb.

Müasirlərindən bəziləri: "M.Ələkbərli müasiri olduğu şair və yazıçılar, tənqidçilər, eləcə də klassik ədəbiyyatımız haqqında söz deyərkən müəyyən mənada ehtiyatlı olmağa çalışmış", "Bu görkəmli ədəbiyyatşünas-alim çabaları ilə bahəm, bəzən zəmanə ilə addımbaaddım ayaqlaşırdı" kimi fikirlər işlətsələr də, öz kristal dönməzliklərinin güdazına getmiş Mikayıl Rəfili, Əhməd Cavad, Almas İldırım və başqalarının onun haqqında yazdıqları rəğbət hissi ilə dolu məqalələrdən görünür ki, bu adam dövrün "mübahisəliləri"ndən çox mübarizlərindən olub". 

Məmmədkazım Ələkbərli Azərbaycan KP MK-nın katibi Mircəfər Bağırovla dost olub. Bacısı qızı Sara xanım mətbuata açıqlamalarında bildirib ki, dayısı Moskvada təhsilini başa vurub Bakıya gələndən sonra onları da Bakıya köçürüb: "Mircəfər bizə tez-tez gələrdi. O vaxt, ümumiyyətlə, dayımgilə ən çox gedib-gələn Səməd Vurğun, Cəfər Cabbarlı, Əhməd Cavad, bir də qeyd etdiyim kimi Mircəfər Bağırov idi. Dayım müəmmalı şəkildə həbs olunanda Mircəfər ona kömək edə bilərdi, amma etmədi".

Zəmanə elə idi ki, sovet quruluşu milli düşüncəli, milli ruhlu Azərbaycan ziyalılarını əvvəl sovet ideologiyasının yalançı təbliğatçısına çevirir, sonra da "xalq düşməni" adı ilə məhv edirdi. O sıradan professor Məmmədkazım Ələkbərli də 1937-ci il avqustun 5-də Xalq Daxili İşlər Komissarlığının təhlükəsizlik mayoru Gerasimovun imzaladığı 978 saylı orderə əsasən həbs edilir, evində axtarış aparılır, özü birbaşa həbsxanaya göndərilir.

Bu dövrün acınacaqlı ədəbi mənzərəsini göz önünə gətirən ədəbiyyatşünas-alim Kamal Talıbzadə yazırdı: "Tarixboyu Azərbaycan yazıçıları, bədii söz ustaları olmazın işgəncələrə, təzyiqlərə məruz qalmışlar. Təkcə sovet hakimiyyəti illərində yüzlərlə Azərbaycan yazıçısının uzaq Sibir çöllərinə göndərilib məhv edilməsini, onillərlə qaranlıq zindanlarda saxlanılıb qətlə yetirilməsini, İkinci Dünya müharibəsinin qızğın atəş nöqtələrinə sürgün edilməsini xatırlamaq kifayətdir". 

33 yaşlı professor bir il iki ay rütubətli zirzəmilərdə əzablı günlər keçirir, təhqirlər, işgəncələrlə üzləşir. Onu 1935-ci ildə Mikayıl İsmayılzadəni (Mikayıl Müşfiq) "Müsavat" gənclər təşkilatına cəlb etməkdə, habelə əksinqilabi burjua millətçi təşkilatının üzvü, sovet hökumətinə qarşı silahlı üsyan haqqında xəbəri olan və sovet hökuməti rəhbərlərinə qarşı terror mövqeyində dayanan şəxs kimi CM-nin 72, 73-cü maddələri ilə təqsirli bilirlər. 1938-ci il oktyabrın 12-də SSRİ Ali Hərbi Kollegiyasının səyyar sessiyasının qapalı iclasında o, müdafiəsiz və şahidsiz əmlakı müsadirə olunmaqla ən ağır cəzaya - güllələnməyə məhkum edilir.


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan güləşçiləri reytinq turnirində daha 2 medal qazanıblar

23:38
08 Fevral

Qəbələ festivalında Bakı Xoreoqrafiya Akademiyasının konsert proqramı maraqla qarşılanıb  

22:58
08 Fevral

Fransada təxribat: Atatürkün bu ölkədəki tək büstü oğurlanıb  

22:56
08 Fevral

Heydər Əliyev Fondu nüfuzlu beynəlxalq mükafata layiq görülüb

22:50
08 Fevral

FIFA azərbaycanlı futbolçunun şikayətini təmin edib, Türkiyə klubu təzminat ödəyəcək

22:47
08 Fevral

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib 

22:45
08 Fevral

BƏƏ Dünya Hökumətlər Sammitinə ev sahibliyinə hazırlaşır  

22:24
08 Fevral

Dmitri Sitkovetski: Azərbaycanda özümü evimdəki kimi hiss edirəm  

22:23
08 Fevral

Bu gündən Mingəçevir-Şuşa və əks istiqamətdə avtobus reysi fəaliyyətə başlayıb

22:21
08 Fevral

Şuşa-Ağdərə-Kəlbəcər rayonlarının ərazisini əhatə edən yeni milli park yaradılacaq  

21:30
08 Fevral

Çexiyalı siyasətçi: Aİ tənqidi mövqeləri boğur, fərqli baxışları nifrətlə mübarizə adı altında məhdudlaşdırır  

19:53
08 Fevral

Fərhad Bədəlbəyli: Bu soyuq qış günlərində musiqisevərlərə isti, xoş ovqat bəxş edəcəyik  

19:31
08 Fevral

ABŞ İsrailə 7,41 milyard dollar dəyərində hərbi məhsulların satışına icazə verib  

19:08
08 Fevral

Fransanın dörd qeyri-şəffaf həbsxanasında 9 mindən çox miqrant qanunsuz saxlanılıb  

19:02
08 Fevral

“Vergi və hesabatlılıq” işçi qrupunun növbəti iclası keçirilib

18:39
08 Fevral

Qazaxıstanda “Divanü lüğat-it-türk” Beynəlxalq sərgisi açılıb

18:03
08 Fevral

Astanada türk xalqlarının musiqi konserti - “TAMYR” keçirilib

17:57
08 Fevral

Türkiyə ordusu Suriyanın şimalında 13 terrorçunu məhv edib

15:26
08 Fevral

Şolts: ABŞ tariflər tətbiq edərsə, Avropa Komissiyası cavab verəcək

15:25
08 Fevral

Üç girov azad edilərək İsrail hərbçilərinə verilib

15:23
08 Fevral

Şalva Papuaşvili: Aİ-nin ATƏT/DTİHB-nin qanunlarla bağlı gələcək hesabatlarını nəzərə almağa çağırması ikiüzlülükdür  

15:22
08 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!