29 Sentyabr 2022 13:37
356
SİYASƏT
A- A+

Prezident İlham Əliyevin “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözlərinin real nəticələrini görürük  

 

Müdrik və qalib xalqımız Anım Günündə möhtəşəm həmrəylik nümayiş etdirdi. Hər bir vətəndaşımız, eləcə də ölkəmizdən uzaqlarda yaşayan, qəlbi hər zaman Vətən eşqi ilə döyünən soydaşlarımız bizi qalib xalqa çevirən, bu yolda canından keçən qəhrəman əsgər və zabitlərimizi qürurla andı. 27 sentyabr tarixində insanlarımız şəhidlər xiyabanlarına, şəhid məzarı olan qəbirstanlıqlara üz tutaraq onların əziz xatirəsini ehtiramla yad etdi, ruhlarına dualar oxudu, qəbrləri üzərinə gül dəstələri düzdü. Həmçinin şəhid ailələri ilə görüşlər təşkil edildi, onlara mənəvi dəstək göstərildi. Bu, bir daha onu təsdiqəyir ki, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi naminə şəhid olan oğul və qızlarımızı xalqımız heç vaxt unutmayacaq, qəlbində və tarixində müqəddəs dəyər kimi qoruyub saxlayacaq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, 27 sentyabr tarixi həm də Zəfərə gedən yolun başlanğıcı, milli iradənin, ləyaqətin təntənəsidir.

“Məhz Azərbaycan əsgərinin Zəfər salnaməsi, qəhrəmanlıq dolu dastanı həmin gündən yazılmağa başladı. Qeyd edim ki, şəhidlərimiz, qazilərimiz, veteranlarımız hər zaman dövlətimizin başçısının xüsusi diqqətindədir. Elə bir görüş, elə bir tədbir yoxdur ki, orada Prezident İlham Əliyev əsgər və zabitlərimizin qəhrəmanlıqlarından bəhs etməsin, şəhidlərimizi xatırlamasın. Vətən müharibəsinin başladığı günün Anım Günü kimi qeyd olunması ilə bağlı Azərbaycan Prezidentinin Sərəncamı şəhid ruhlarına, onların doğmalarına göstərilən ali ehtiramın təzahürüdür. Prezident İlham Əliyev Anım Günü Vətən müharibəsində ilk şəhidlər verdiyimiz Füzuli rayonunun Qaraxanbəyli kəndinə getdi. Orada şəhidlərimizin xatirə lövhəsini ziyarət etdi, onların rəşadətindən, şücaətindən qürurla danışaraq müqəddəs ruhlarına ehtiram nümayiş etdirdi. Əminik ki, yenilməz Azərbaycan Ordusunun 44 gündə göstərdiyi misli görünməmiş qəhrəmanlıqlar hər zaman xalqımızın qəlbində yaşayacaq. Bu gün biz müstəqil ölkəyə sahibik, suveren dövlətimiz var. Xalqımız bu nailiyyətlərə məhz qəhrəman oğul və qızlarının danılmaz xidmətləri sayəsində imza atıb”, - deyə AHİK sədri vurğulayıb.

“Şəhidlərimizin canı, qanı bahasına işğaldan azad edilmiş torpaqlarımızda yenidənqurma, bərpa işləri sürətli və sistemli şəkildə davam etməkdədir. Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mütəmadi olaraq Şərqi Zəngəzura və Qarabağa səfərlər edərək görülən işlərlə yerində tanış olurlar. Dövlətimiz sakinlərin öz ata-baba yurduna tezliklə qayıtması üçün səylə çalışır. Bu ərazilərdə su elektrik stansiyaları, elektrik enerjisi stansiyaları, hava limanları, dəmir yolu xətləri, avtomobil yolları, körpülər, tunellər, magistral su xətləri, müasir yaşayış kompleksləri tikilir, sosial-iqtisadi infrastrukturlar, sənaye parkları və aqroparklar yaradılır. Demək olar ki, bəzi işlər yekunlaşıb. Buna Şuşaya gedən Zəfər yolunun salınmasını, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsini, Zəngilanda Ağalı kəndinin bərpasını, azad olunmuş bütün ərazilərdə ən müasir texnologiyalara və idarəetməyə əsaslanan yarımstansiyaların inşasını, dağ çayları üzərində elektrik stansiyalarının tikilməsini misal çəkə bilərik. Sentyabrın 27-28-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya növbəti dəfə səfər etdilər, şəhərdə inşa olunan yeni yaşayış kompleksində, Şuşa hotel və konfrans mərkəzində aparılan tikinti işləri ilə, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin binasında yaradılan şəraitlə, Mehmandarovların malikanə kompleksində, yenidən qurulan hoteldə aparılan təmir-bərpa işlərinin və Şuşa şəhəri 1 saylı tam orta məktəbin binasında tikinti işlərinin gedişi ilə tanış oldular. Həmçinin dövlətimizin başçısına və birinci xanıma Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil kommunal və təmir xidmətinin inzibati binasında görüləcək əsaslı təmir işləri barədə də məlumat verildi. Bu, onu göstərir ki, görülən işlərə Azərbaycan Prezidenti şəxsən nəzarət edir. Bir sözlə, biz müzəffər Ali Baş Komandanın “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözlərinin real nəticələrini görürük”, - deyə Milli Məclisin deputatı əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video