10 Sentyabr 2022 14:59
2186
Tədbirlər
A- A+

Prezident İlham Əliyev paytaxtın Binəqədi rayonunda yeni inşa olunan 335 nömrəli məktəbin açılışında iştirak edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunda yeni inşa olunan 335 nömrəli tam orta məktəbin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev məktəbdə yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verdi.

Qeyd edək ki, Binəqədi rayonu ərazisində yerləşən məktəblərdə şagird sıxlığı ilə əlaqədar yeni ümumi təhsil müəssisəsinin tikintisinə zərurət yarandığından Prezident İlham Əliyevin 2019-cu il 30 dekabr tarixli Sərəncamı ilə əhali sıxlığı və məktəb tutumu nəzərə alınaraq bu məktəbin layihəsi hazırlanıb. Tikintisinə 2020-ci ilin noyabrında başlanılan 1600 şagird yerlik məktəbdə 63 sinif, 4 informatika otağı, 2 məktəbə qədər hazırlıq otağı, 5 STEAM otağı, 2 idman zalı, hərbi hazırlıq, xarici dil, musiqi, rəsm, tibb otaqları, fizika kabineti, kimya və biologiya laboratoriyaları, kitabxana, 200 yerlik yeməkxana və 520 nəfərlik akt zalı yaradılıb. Dördmərtəbəli binanın ümumi sahəsi 17 min 254 kvadratmetrdir.

Prezident İlham Əliyev bu təhsil ocağının məktəbəhazırlıq qrupu, fizika kabineti, informatika otağı, kitabxana, idman zalı, kimya laboratoriyası, yeməkxana, çağırışa qədər hərbi hazırlıq otağında, STEAM otaqlarında yaradılan şəraitlə tanış oldu.

STEAM layihəsi birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə 2019-2020-ci tədris ilinin əvvəlindən məktəblərimizdə tətbiq edilir. STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərməklə yanaşı, onlara mühəndislik səriştələri öyrədir.

Qeyd edək ki, təhsil müəssisələrinin işinin, tədris proqramlarının müasir çağırışlara uyğunlaşdırılması, yeni əmək bazarına uyğun kadr potensialının formalaşdırılması dövlətimizin prioritetləri sırasındadır. Müasir məktəblərin tikilərək istifadəyə verilməsi, təhsil müəssisələrində bərpa və yenidənqurma işlərinin ardıcıl xarakter alması da bu prosesin tərkib hissəsidir. Bu strategiyaya Heydər Əliyev Fondu da 2005-ci ildən icra olunan “Yeniləşən Azərbaycana - yeni məktəb” proqramı ilə davamlı şəkildə dəstək verir.

Hər bir dövlətin tərəqqisi və gələcəyi onun təhsil səviyyəsi ilə birbaşa bağlıdır. Bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sərmayə deməkdir. Dövlətimiz bu baxımdan hazırda dünyada lider ölkələrdən biridir. Heç bir ölkədə qısa müddət ərzində bu sayda məktəb tikilməyib və yenidən qurulmayıb. Çox mühüm amillərdən biri də odur ki, yeni yaradılan və əsaslı təmir olunan təhsil müəssisələri ən müasir tədris avadanlığı ilə təchiz edilir. Yeri gəlmişkən, 2022-2023-cü tədris ilində 70-ə yaxın məktəb binası tikiləcək və ya əsaslı təmir edilərək istifadəyə veriləcək. Bu məktəblərdən 30-u modul tiplidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video