01 May 2023 13:22
1108
Qəbullar
A- A+

Prezident İlham Əliyev Özbəkistanın “Uzavtosanoat” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədrini qəbul edib  YENİLƏNİB

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Özbəkistanın “Uzavtosanoat” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Uluqbek Rozukulovu qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı, ilk növbədə, Özbəkistanda referendumun uğurla keçirilməsi münasibətilə Prezident Şavkat Mirziyoyevə təbriklərini çatdırmağı xahiş etdi. Referendumu qardaş Özbəkistanın hərtərəfli inkişafı və demokratiyanın möhkəmlənməsi istiqamətində mühüm addım kimi dəyərləndirən Azərbaycan Prezidenti qeyd etdi ki, bu referendum, eyni zamanda, Özbəkistan Prezidentinin həyata keçirdiyi kursa xalqın göstərdiyi etimaddır.

Prezident İlham Əliyev Özbəkistana səfərləri zamanı bu ölkədə gedən böyük inkişaf proseslərinin şahidi olduğunu məmnunluqla qeyd etdi. Dövlətimizin başçısı Özbəkistan Prezidenti ilə keçirilən görüşlər zamanı əldə olunmuş razılaşmaların, o cümlədən avtomobil istehsalı sahəsində həyata keçirilən işlərin də əməkdaşlığın genişlənməsi baxımından önəmini vurğuladı.

Xoş sözlərə görə minnətdarlığını bildirən Uluqbek Rozukulov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Şavkat Mirziyoyevə çatdırmağı xahiş etdi.

Şavkat Mirziyoyevin Azərbaycanla əməkdaşlığa çox böyük önəm verdiyini vurğulayan qonaq dövlət başçılarının tapşırıqları əsasında azərbaycanlı həmkarları ilə daim əzmlə çalışdıqlarını diqqətə çatdırdı.

Uluqbek Rozukulov ölkəmizə səfəri çərçivəsində Hacıqabul Sənaye parkında iki istehsal müəssisəsinin – qaynaq və boyama fabriklərinin təməlqoyma mərasimində iştirak edəcəyi barədə dövlətimizin başçısına məlumat verdi. Qeyd etdi ki, hər iki müəssisə Azərbaycanda avtomobil istehsalının lokallaşdırılması istiqamətində növbəti addım olmaqla sənayenin bu sahəsinin inkişafına töhfə verəcək.

Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video