18 May 2023 16:02
2106
Qəbullar
A- A+

Prezident İlham Əliyev Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibini qəbul edib  YENİLƏNİB

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi xanım Njupuo Yap Mariatunu qəbul edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Njupuo Yap Mariatunun Azərbaycana səfərinin ölkəmizin Beynəlxalq Mülki Müdafiə Təşkilatı ilə əməkdaşlığının genişlənməsi işinə töhfə verdiyini və əlaqələrimizin perspektivləri ilə bağlı fikir mübadiləsi aparmaq üçün yaxşı imkan yaratdığını qeyd etdi.

Njupuo Yap Mariatu ilk növbədə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Fövqəladə Hallar Nazirliyinin təşkil etdiyi əməliyyat-taktiki təlimdə fəxri qonaq qismində iştirak etməkdən məmnunluğunu bildirdi.

Heydər Əliyevin görkəmli dövlət xadimi və siyasətçi olduğunu vurğulayan Mülki Müdafiə Təşkilatının Baş katibi Prezident İlham Əliyevin ölkədə sabitliyin və dinamik inkişafın təmin edilməsi ilə onun siyasətini uğurla davam etdirdiyini bildirdi. Dövlətimizin başçısının regionda davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndirdiklərini deyən qonaq qeyd etdi ki, bu, Prezident İlham Əliyevin ölkəmiz və region üçün verdiyi dəyərli töhfədir. Njupuo Yap Mariatu Azərbaycanın Türkiyədə baş verən zəlzələ zamanı göstərdiyi köməyin təşkilat tərəfindən yüksək dəyərləndirildiyini diqqətə çatdırdı.

Dövlətimizin başçısı Türkiyənin Kahramanmaraş şəhərində Azərbaycan tərəfindən 1000 evin tikintisi ilə bağlı məlumat verdi.

Qonaq qeyd etdi ki, Azərbaycan 1993-cü ildən Beynəlxalq Mülki Müdafiə Təşkilatının üzvü olaraq mülki müdafiə ilə bağlı məsələlərin təşviqi məqsədi daşıyan təşəbbüslərdə fəal iştirak edən ölkələrdən biridir və təşkilatın potensialının gücləndirilməsi proqramları çərçivəsində əməkdaşlığa töhfə verir. Njupuo Yap Mariatu Baş Assambleyanın 2022-ci ildə keçirilmiş sonuncu sessiyasında Azərbaycanın yenidən 4 il müddətinə İcraiyyə Şurasının üzvü seçilməsini məmnunluqla vurğuladı.

O, səfərinin əməkdaşlığımızın daha da inkişaf etməsinə və güclənməsinə təkan verəcəyinə əminliyini bildirdi.

Dövlətimizin başçısı Vətən müharibəsi dövründə ermənilər tərəfindən mülki şəxslərimizə qarşı ballistik raketlərin atıldığını, dinc sakinlərimizin qətlə yetirildiyini, eyni zamanda, energetika obyektlərimizə də hücumların olduğunu qeyd etdi. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı yenidənqurma işləri barədə məlumat verdi.

Dövlətimizin başçısı COVID-19 pandemiyasi zamanı ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatına göstərdiyi dəstəyi xatırladı, bunu Azərbaycanın beynəlxalq təşəbbüslərdə fəal iştirak etməsinin daha bir nümunəsi olduğunu dedi. Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Afrika ölkələri ilə sıx əməkdaşlıq əlaqələri qurduğunu qeyd etdi.

Söhbət zamanı iqlim dəyişikləri barədə fikir mübadiləsi aparıldı.

Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video