04 Aprel 2022 11:30
1579
Qəbullar
A- A+

Prezident İlham Əliyev Avropa Şurasının Baş katibinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNİB

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Avropa Şurasının Baş katibi xanım Mariya Peyçinoviç Buriçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Avropa Şurasının Baş katibi statusunda Mariya Peyçinoviç Buriçi Azərbaycanda görməkdən məmnun olduğunu bildirdi və 2019-cu ilin aprelində Xorvatiyanın Baş nazirinin müavini, xarici və Avropa işləri üzrə nazir qismində ölkəmizə səfərini və səfər çərçivəsində görüşlərini qeyd etdi.

Dövlətimizin başçısı özünün Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi vaxtilə AŞPA-dakı fəaliyyətini xatırlatdı. Prezident İlham Əliyev Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığının konstruktiv dialoq əsasında inkişaf etməsinin vacibliyi bildirərək, Avropa Şurasına üzvlük çərçivəsində ölkəmizin qanunvericilik bazasının müasirləşdirilməsi istiqamətində ardıcıl addımların atıldığını diqqətə çatdırdı.

Ölkəmizə səfər etməkdən məmnunluğunu bildirən Mariya Peyçinoviç Buriç Azərbaycanın Avropa Şurasında üzvlüyünün yüksək dəyərləndirildiyini dedi və üzvlük prosesi çərçivəsində ölkəmizin Avropa Şurasının çox sayda konvensiya və müvafiq sənədlərinə qoşulduğunu və bu əsnada işin aparıldığını bildirdi.

Söhbət zamanı Azərbaycanla Avropa Şurası arasında 2022-2025-ci illəri əhatə edən Fəaliyyət Proqramının qəbul olunacağı məmnunluqla qeyd edildi və bu Proqramda bir sıra sahələrdə əməkdaşlığın nəzərdə tutulduğu vurğulandı.

Prezident İlham Əliyev regionda yaranmış yeni vəziyyət, Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırılması üçün irəli sürdüyü təkliflər, həmçinin işğaldan azad olunmuş ərazilərdə mövcud vəziyyət barədə Avropa Şurasının Baş katibinə məlumat verdi.

Dövlətimizin başçısı birinci Ermənistan-Azərbaycan müharibəsindən etibarən 3890 nəfər azərbaycanlının itkin düşdüyünü qeyd etdi və onların taleyinin müəyyənləşdirilməsi üçün Ermənistan tərəfindən kütləvi məzarlıqların yerləri haqqında məlumatın verilməsinin vacibliyini vurğuladı. İşğaldan azad olunmuş ərazilərdə Azərbaycanın mina problemindən ciddi şəkildə əziyyət çəkdiyini, 2020-ci il 10 noyabr Bəyanatından bəri 200-dən çox insanın minaların partlaması nəticəsində həlak olduğunu və ya yaralandığını diqqətə çatdırdı. Prezident İlham Əliyev bildirdi ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan beynəlxalq humanitar hüququn təməl prinsiplərinə ciddi şəkildə riayət edib. Ancaq buna baxmayaraq, müharibə dövründə Ermənistan tərəfindən çox sayda hərbi cinayətlərin törədildiyini bildirən dövlətimizin başçısı hərbi əməliyyatlar zamanı Ermənistanın şəhərlərimizi raketlərlə atəşə tutması, nəticədə aralarında uşaq və qadınlar da olmaqla 100-dən çox mülki şəxsin həlak olması faktını vurğuladı.

Prezident İlham Əliyev Avropa Şurasının da iki ölkə arasında etimad quruculuğu prosesinə və inteqrasiya olunmuş Cənubi Qafqaz regionunun qurulması işinə töhfə verə biləcək bir platforma rolunu oynaya biləcəyini qeyd etdi.

Avropa Şurasının Baş katibi Azərbaycanın bu sahədə nümayiş etdirdiyi yüksək siyasi iradənin təqdir olunduğunu bildirdi.

Mariya Peyçinoviç Buriç Avropa Şurasının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və iki ölkənin cəmiyyətləri arasında etimadın qurulması prosesində platforma rolunu oynamağa hazır olduğunu qeyd etdi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video