13 Iyun 2022 17:13
671
PARLAMENT
A- A+

Paraqvaylı parlamentarilər postmüharibə dövründə Azərbaycanın sülh təşəbbüslərini yüksək dəyərləndiriblər

İyunun 13-də Milli Məclisin deputatları Hikmət Məmmədov və Nəsib Məhəməliyev Paraqvay parlamentinin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüblər.

Bu barədə AZƏRTAC-a Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Məmmədov qonaqları parlamentin sədri Sahibə Qafarovanın adından salamlayıb, Paraqvayın Azərbaycanın haqlı mövqeyini, ərazi bütövlüyünü həmişə dəstəkləməsinə görə təşəkkürünü ifadə edib. Azərbaycanın Paraqvayla münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu bildirən Hikmət Məmmədov ölkəmiz haqqında, tarixi keçmişi və dövlətçilik ənənələri barədə qonaqlara məlumat verib. O, Azərbaycan və Paraqvayın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığını yüksək qiymətləndirib, bu əməkdaşlığın inkişaf etdirilməsinin hər iki xalqın mənafeyinə uyğun olduğunu bildirib, müharibədən sonra regionda yaranan reallıqlar, kommunikasiya layihələri barədə danışıb.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev Azərbaycanın həmişə beynəlxalq hüquqa və universal dəyərlərə sadiq qaldığını bildirib. O, 44 günlük Vətən müharibəsində Azərbaycanın beynəlxalq, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq öz ərazilərini işğalçı Ermənistanın qoşunlarından azad etdiyini vurğulayıb. Nəsib Məhəməliyev müasir dövrün qlobal çağırışlarından söz açaraq bu çağırışlara qarşı birgə hərəkət etmənin və bir-birini dəstəkləmənin vacibliyinə toxunub, Azərbaycanın iqtisadi potensialından, nəqliyyat dəhlizlərinin qovşağında yerləşməsindən, iki ölkə arasında əlaqələrin inkişafından bəhs edib.

Paraqvay parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr komissiyasının sədri, palatanın Paraqvay-Azərbaycan dostluq qrupunun sədri Valter Enrike Harms Sespedes və Paraqvay Respublikası Senatındakı Paraqvay-Azərbaycan dostluq qrupunun sədri Lukas Orlando Akino Xara görüş üçün təşəkkürlərini bildiriblər. Onlar Paraqvay haqqında məlumat veriblər, dövlət olaraq necə müstəqillik qazanmalarından, parlamentin təsisindən bəhs ediblər, ölkənin iqtisadiyyatının xüsusiyyətləri, kənd təsərrüfatının inkişaf etmiş sahələri, ixrac və idxal etdiyi məhsullar və sair haqqında danışıblar.

Valter Harms və Lukas Akino Paraqvayın da öz tarixində ərazi itkiləri və təcavüzlərə məruz qalmasından söz açıblar, bu kontekstdə beynəlxalq hüquqa və ölkələrin suverenliyinə həmişə həssas yanaşdıqlarını, o cümlədən Ermənistanın təcavüzünə məruz qalanda da Azərbaycanın ərazi bütövlüyünü müdafiə etdiklərini, həmçinin Paraqvay parlamentində Xocalı soyqırımını tanıdıqlarını qeyd ediblər.

Paraqvaylı parlamentarilər Füzuli rayonuna və Şuşa şəhərinə səfərlərindən danışıblar, Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında dağıntılar, eləcə də aparılan bərpa-quruculuq işləri ilə tanış olmalarından bəhs ediblər. Qonaqlar postmüharibə dövründə Azərbaycanın sülh təşəbbüsləri ilə çıxış etməsini yüksək dəyərləndiriblər və sülh danışıqlarının aparılmasını, regionda inteqrasiya proseslərini dəstəklədiklərini bildiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video