19 Iyun 2022 00:24
621
Səhiyyə
A- A+

Pandemiya ilə mübarizədə nümunəvi ölkə

 

ÜST-ün baş direktoru Tedros Gebreyesus Azərbaycanın beynəlxalq səviyyədə həyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndirib

 

Azərbaycanda COVID-19-a yoluxma sayının azalması, əksər günlərdə ölüm halının qeydə alınmaması xəstəliyin xeyli səngidiyini göstərir. Pandemiyanın geridə qaldığını düşünsək də, səhiyyə təşkilatları hər kəsi daim müəyyən qaydalara əməl etməyə və belə vəziyyətlərə hazır olmağa çağırır.

Hər kəsi təşvişə salan COVID-19 pandemiyası gözlənilmədən bütün dünyanı bürüdü və ən güclü səhiyyə sistemi olan ölkələri belə çarəsiz qoydu. Eyni zamanda dünya iqtisadiyyatına böyük zərbə vurdu. 2 ildən çox davam edən pandemiya insan psixologiyasına da təsirsiz ötüşmədi. Təbii ki, belə fövqəladə vəziyyətlərdə dövlətlərin gördüyü qabaqlayıcı tədbirlər, səhiyyə sahəsindəki uğurlu siyasət ən vacib faktorlardan biri olur. Hansı ölkələr ki, xəstəliyi ciddiyə alaraq vaxtında tədbirlər görür, onlar vəziyyətdən üzüağ çıxa bilirlər.

 

Azərbaycan qlobal böhrana qarşı səfərbər olan ilk ölkələrdəndir

 

Azərbaycan da COVID-19 pandemiyası ilə mübarizədə nümunəvi dövlətlərdən oldu. Dünyanın gözləmədiyi anda belə bir xəstəliklə üz-üzə qalması bütün ölkələrin səhiyyə sisteminin yüklənməsinə gətirib çıxartdı.

Lakin pandemiya elan olunduğu ilk vaxtlardan xəstəliklə mübarizədə dövlətimiz tərəfindən qabaqlayıcı tədbirlərin görülməsi, ölkə rəhbərinin tapşırığı ilə respublikamızda yeni modul tipli xəstəxanaların istifadəyə verilməsi, klinikaların açılması, lazımi tibbi təchizat və avadanlıqların vaxtında ölkəyə gətirilməsi problemi qarşıladı, ağır fəsadların yaranmasına imkan vermədi. Bununla yanaşı, Azərbaycan qlobal səyləri səfərbər edən, COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdən biri oldu. Eyni zamanda infeksiyaya qarşı hazırlanan peyvəndin alınması üçün ilk günlərdən  danışıqlara başlanıldı. Bunların nəticəsidir ki, Cənubi Qafqazda COVID-19 əleyhinə vaksinasiyaya başlayan ilk ölkə Azərbaycan oldu. Bu dövrdə sıx təmaslar nəzərə alınaraq əhalinin vaksinasiyadan keçməsi üçün "randevu" sistemi yaradıldı, həmçinin poliklinikalarda peyvənd məntəqələri fəaliyyətə başladı. Bundan başqa, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə infeksiyaya qarşı aparılan peyvəndləmə prosesinin daha da sürətləndirilməsi, vətəndaşların vaksinə əlçatanlığını təmin etmək məqsədilə səyyar vaksinasiya briqadaları mobil avtobuslar vasitəsilə xidmət göstərdi. Birbaşa əlaqələr və ikitərəfli danışıqlar nəticəsində virus əleyhinə istehsal olunan 4 növ peyvəndin ölkəyə gətirilməsi təmin edildi, bununla da vətəndaşlara seçim şansı verildi.

 

Pandemiya dövründə də Azərbaycan humanitar yardımlarını davam etdirdi

 

 Dövlət siyasətində əhalinin sağlamlığını prioritet tutan Prezident İlham Əliyev pandemiya dönəmində daim vəziyyətə birbaşa nəzarət etdi, lazımi tapşırıqlarını verdi, eyni zamanda beynəlxalq tədbirlərdə peyvəndlərin bərabər və ədalətli şəkildə paylanılması məsələsinə daim toxunaraq BMT-nin İnsan Hüquqları Şurasında "Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi" adlı qətnamə layihəsi irəli sürdü. Həmin qətnamə ötən il martın 23-də konsensus əsasında qəbul edildi. Azərbaycan pandemiya ilə mübarizədə 30-dan çox ölkəyə birbaşa humanitar yardım etdi, bəzi ölkələrə vaksin göndərdi, eyni zamanda ÜST-ə 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı etdi. Əbəs yerə deyil ki, ötən il ÜST Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırdı.

 

COVID-19-a qarşı uğurlu mübarizə

 

IX Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesus iyunun 16-da Prezident İlham Əliyevlə keçirdiyi görüşdə səsləndirdiyi fikirlər də deyilənləri bir daha təsdiqlədi.

Öncə dövlət başçısı görüşdə COVID-19-a qarşı mübarizədə Ümumdünya Səhiyyə Təşkilatının ölkəmizlə əməkdaşlığını yüksək qiymətləndirdi. Azərbaycanda COVID-19 ilə bağlı vəziyyətin çox yaxşı olduğunu, yoluxma sayının ən aşağı səviyyəyə düşdüyünü vurğulayan Prezident vəziyyətin tam nəzarətdə saxlanıldığını, əksər məhdudiyyətlərin aradan qaldırıldığını və normal həyata qayıdıldığını bildirdi. Eyni zamanda COVID-19-a qarşı mübarizə aparılmasına dair dövlət siyasətinin vətəndaşlar tərəfindən böyük etimadla qarşılandığını və əhalinin pandemiya ilə mübarizə qaydalarına riayət etməsinə məmnunluğunu ifadə etdi. 

ÜST-ün baş direktoru da COVID-19-a qarşı uğurlu mübarizənin aparılmasına, ölkəmizin bu sahədə milli, regional və beynəlxalq səviyyədə həyata keçirdiyi fəaliyyətə görə təbriklərini çatdırıb və pandemiya dövründə Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına verdiyi könüllü maliyyə töhfələrinə və dəstəyinə görə təşəkkürünü bildirdi. Tedros Gebreyesus ölkəmizin bu sahədə milli, regional və beynəlxalq səviyyədə həyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndirib.

 

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video