03 Fevral 2023 01:21
364
İQTİSADİYYAT
A- A+

OPEK Azərbaycanda gündəlik neft hasilatı proqnozunu artırıb

 

Qaz hasilatının artırılmasını isə tələbat gündəmə gətirir

 

Ötən il Azərbaycanda neft və qaz hasilatı ahəngdar şəkildə davam edib.  Karbohidrogenlər  eləcə də fasiləsiz ixrac olunub.
İl ərzində 32,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft hasilatının 20,4 milyon tonu "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının payına düşüb. "Şahdəniz"dən 4,4 milyon ton kondensat çıxarılıb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 7,8 milyon ton təşkil edib.
Energetika Nazirliyi bildirir ki, bu dövrdə 26,3 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub. Bunun 24,9 milyon tona yaxını konsorsiumun, 1,4 milyon tonu isə 
SOCAR-ın payına düşür.
AÇG və "Şahdəniz" yataqları istismara başlanandan bu il yanvarın 1-dək 607 milyon tondan çox neft (kondensatla birlikdə) veriblər. AÇG-dən 567 milyon ton neft, "Şahdəniz"dən isə 40 milyon ton kondensat alınıb. Sözügedən dövrdə karbohidrogenlərin  605 milyon tondan çoxu ixrac olunub.
Yeri gəlmişkən, qeyd edək ki, ötən il ölkədə neftin emalı 6,2 milyon ton təşkil edib.
Ölkəmizdə mavi yanacaq da "Azəri-Çıraq-Günəşli"dən, "Şahdəniz"dən və SOCAR üzrə əldə olunur. Ötən il ümumi hasilat 46,7 milyard kubmetr təşkil edib. Qazın 13,4 milyard kubmetri AÇG-dən, 25,2 milyard kubmetri "Şahdəniz"dən,  8,1 milyard kubmetri isə SOCAR üzrə hasil olunub. 2021-ci ilə nisbətən 6,5 faiz, yəni 2,9 milyard kubmetr artım qeydə alınıb.
İl ərzində xaricə qaz satışı 22,3 milyard kubmetr təşkil edib. Bu da 2021-ci illə müqayisədə 18 faiz çoxdur. Göstərilən həcmin 11,4 milyard kubmetri Avropaya, 8,4 milyard kubmetri Türkiyəyə, 2,5 milyard kubmetri isə Gürcüstana göndərilib. Xatırladaq ki, qaz Gürcüstana əsasən CQBK (Cənubi Qafqaz Boru Kəməri) ilə 2006-cı ildən, Türkiyəyə BTƏ (Bakı-Tbilisi-Ərzurum) xətti ilə 2007-ci ildən və TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) ilə 2018-ci ildən çatdırılır. Keçən il Türkiyəyə TANAP-la  5,6 milyard kubmetrə yaxın qaz nəql olunub. Azərbaycan qazı iki ildən çoxdur Avropaya da ixrac edilir. Bu, "Cənub qaz dəhlizi"nin sonuncu seqmenti - TAP-ın (Trans-Adriatik Qaz Boru Kəməri)  fəaliyyətə başlaması ilə mümkün olub.
"Azəri-Çıraq-Günəşli" və "Şahdəniz"  istismara veriləndən cari il yanvarın 1-dək  bu yataqlardan müvafiq olaraq  203,4 milyard kubmetr və 182,8 milyard kubmetrə yaxın qaz hasil edilib. Bu dövrdə "Şahdəniz" yatağından alınan  qazın 128 milyard kubmetrə yaxını ixrac olunub.
Bu il isə neftin və qazın hasilatının ötən ilə nisbətən çox olacağı gözlənilir. Ölkədə  ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 800 min barel səviyyəsində olacağı proqnozlaşdırılır. Yəni hasilat üzrə proqnoz artırılıb. Bu barədə  OPEC-in (Neft İxrac Edən Ölkələr Təşkilatı) aylıq hesabatında  xəbər verilib. 2022-ci  ildə bu göstərici orta hesabla 700 min barel səviyyəsində olub.
Mavi yanacağa gəldikdə isə deyə bilərik ki, Avropanın Azərbaycan qazına tələbatının artması onun həm hasilatının, həm də ixracının artırılmasını tələb edir.  Prezident İlham Əliyev ixracın getdikcə artması və diversifikasiyası barədə demişdir: "Azərbaycan özünün qaz təchizatının coğrafiyasını Avropa bazarına qədər genişləndirir. Bu, hamı üçün uduşlu vəziyyətdir, çünki Avropaya öz enerji təhlükəsizliyinin qorunması üçün qaz lazımdır, Azərbaycanın isə özünün nəhəng enerji resursları üçün etibarlı bazara ehtiyacı var".        

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video