28 Yanvar 2023 00:55
693
Mədəniyyət
A- A+

Onun işıq payı

 

Azərbaycanın elm tarixində aydın fikirləri ilə seçilən, qadın hərəkatında fəal mövqeyi ilə fərqlənən insanlardan biri də görkəmli oftalmoloq-cərrah, pedaqoq, gözəl ziyalı Zəhra xanım Quliyevadır. 
Z.Quliyeva şəxsiyyəti, xidmətləri və imzası ilə elmi və ictimai-siyasi mühitə yaxşı məlum olan alimlərimizdəndir. O, gərgin tarixi dövrlərdə yaşamışdır. Ayıq bir müdriklik, cəsarət, dövrün ağrılı həqiqətlərini səlahiyyətli kürsülərdən etiraf etmək bacarığı, eyni zamanda haqsızlığa qarşı barışmaz mövqedə durmaq onun xarakterini səciyyələndirən xüsusiyyətlər idi. Haqqın, halallığın, insaniyyətin tərəfdarı, neqativ fikir və düşüncələrin əleyhinə idi. 
Zəhra Quliyeva ziyalı ailəsində anadan olmuşdu. El ruhunu duyan və milli dəyərlərə pərəstiş edən bir şəxsin ailəsində böyümüşdü. Atası Tahir bəy Hacıqafar oğlu ali təhsilini Rusiyada Dəmir yolu Nəqliyyatı İnstitutunda almış, mühəndis ixtisasına yiyələnmişdi. O, praktiki işlə yanaşı, elmi, pedaqoji fəaliyyətlə də məşğul olmuşdu. Əsl xalq müəllimi, el ağsaqqalı kimi sayılıb seçilmişdi. Tahir bəy professor adına layiq görülən ilk azərbaycanlılardan idi. Savadlı, müasir həyatı başa düşən adamların az olduğu həmin illərdə ziyalılar nümunə və nüfuz sahibi olmaqdan savayı, onların evləri həm də məsləhət və sayğı ünvanı idi. Tahir bəyin də evinin qapıları insanların üzünə həmişə açıq olmuş, dövrün qabaqcıl fikirli alimlərinin toplaşdıqları ocağa çevrilmişdi. Zəhra Quliyeva məhz belə bir mühitdə böyüyüb formalaşmışdı. Atasından elmə, təhsilə sevgi, milli kökə bağlılıq, torpağa məhəbbət dərsləri almışdı. 
Z.Quliyeva həkimliyi özünə peşə seçmişdi, 1940-cı ildə Azərbaycan Tibb Universitetinə daxil olmuşdu. Təhsil aldığı illər qanlı-qadalı, müharibənin ən ağır, məşəqqətli dövrünə düşdüyü üçün ailəyə komək etmək lazım idi. Ona görə də gənc Zəhra oxuya-oxuya işləmək məcburiyyətində qalmışdı. Xatirələrində bu barədə yazırdı: "Qrup yoldaşım Aliyə İbrahimbəyova ilə Qanköçürmə İnstitutunda işə düzəldik. Donor-cərrah kimi donorlardan qan götürürdük… Tələbələrimizin əksəriyyəti hospitallarda çalışır, yaralılara kömək edirdilər. İnstitutumuzda professor Yeqorov var idi. Görürdü ki, tələbələrin çoxu işləyir, ona görə də mühazirələri sərbəst elan etmişdi. Nəbzimiz cəbhə ilə birgə vururdu. Hamı cəbhə üçün işləyirdi".

 

Elmi uğurları

 

1944-cü ildə ali təhsilini başa vuran Z.Quliyeva Göz xəstəlikləri kafedrasında ordinator vəzifəsində saxlanmışdı. İkinci Dünya müharibəsindən sonra insanlarda quruculuq işlərinə böyük həvəs var idi. Onlar müharibənin arxada qaldığına sevinir, çətinliyin və məhrumiyyətlərin olmayacağı həyatı qurmağa tələsirdilər. Zəhra Quliyeva bu dövrdə elmi-pedaqoji fəaliyyətə başlamışdı. O, 1946-cı ildə assistent, 1949-cu ildə dosent seçilmiş, 1958-ci ildə namizədlik, 1967-ci ildə doktorluq dissertasiyaları müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsi almışdır. 1968-ci ildə ATU-nun Oftalmologiya kafedrasının professoru, 1975-ci ildə isə həmin kafedranın müdiri seçilmişdi. Görkəmli alim dörd monoqrafiyanın, 160-dan artıq elmi məqalənin, dörd dərs vəsaitinin, Azərbaycan dilində çıxan "Göz xəstəlikləri" kitabının, bir ixtiranın və dörd səmərələşdirici təklifin müəllifi olmuşdur. Zəhra xanım uzun müddət Oftalmologiya kafedrasına rəhbərlik etmiş, sevimli müəllimi Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Ümnisə xanım Musabəyovanın ənənələrinə sadiq qalaraq həkim və elmi-pedaqoji kadrların yüksək səviyyədə hazırlanmasına xüsusi səy göstərmişdir. 1975-ci ildən Azərbaycan Oftalmologiya Cəmiyyətinin sədri, Ümumittifaq Oftalmoloqlar Cəmiyyətinin üzvü olmuşdur. ABŞ, Almaniya, Polşa, İsveçrə, Danimarka, Norveç, Finlandiya, Baltik Dənizi ölkələrində keçirilən konqreslərdə, qurultaylarda, sülh günlərində iştirak etmişdir.  
Ziyalı üçün vacib sayılan ən mühüm keyfiyyətlərdən biri də onun aydın mövqeyə sahib olması, taleyüklü məqamlarda xalqının mənafeyi baxımından dürüst olanı seçməsi, lazımi anda qətiyyət, cəsarət nümayiş etdirməsidir. 

 

Vətənpərvər ziyalı qadın

 

Zəhra Quliyeva yaxşı alim olmaqla yanaşı, həm də milli ideallara bağlı vətənpərvər ziyalı kimi daim Azərbaycanın gələcəyini düşünmüş, dövrünün ictimai-siyasi hadisələrinə laqeyd qalmamışdır. Ümummilli Lider Heydər Əliyevin siyasi kursuna sadiqlik xəttini seçmiş, onun rəhbərliyi altında həyata keçirilən dövlət quruculuğu prosesində fəal iştirak etmişdir. Zəhra xanım xatirələrində yazırdı: "Özümü xoşbəxt sayıram ona görə ki, mənəviyyatca yüksək, qüdrətli insanlarla bir dövrdə yaşamışam, çalışmışam, onları özümə arxa-dayaq saymışam. Tale məni həyatda qüdrətli şəxsiyyət Heydər Əliyevlə qarşılaşdırdı. Bu dahi şəxsiyyət həyatıma mayak kimi yaşıl işıq yandırdı, yüksəlişimdə, cəmiyyətdə mövqe tutmağımda həmişə mənə qayğı göstərdi. Həyatda qazandığım bütün uğurlara görə, mən yalnız ona borcluyam. Rektor təyin edilməyim, komitə sədri olmağım Heydər Əlirza oğlunun mənə göstərdiyi etimadın, qayğının, xoş münasibətin təzahürüdür. Bu dahi insanın həyat yoldaşı akademik Zərifə xanımla bir yerdə işləmişəm, dostluq, yoldaşlıq etmişəm". Zəhra xanım bütün bunları minnətdarlıq hissi ilə xatırlayır, ona böyük etimad göstərildiyini həmişə qeyd edirdi. 
Professor 1972-ci ildə Azərbaycan Tibb İnstitutunun rektoru təyin olundu. Bununla da onun həkimlik, müəllimlik və müalicə sahəsindəki işinə çox mühüm bir vəzifə də əlavə edildi. Zəhra xanım institutda ilk növbədə intizamın möhkəmləndirilməsinə, təlim-tərbiyə prosesinin təkmilləşdirilməsinə, professor-müəllim heyətinin, tələbələrin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına nail oldu. Qısa bir vaxtda təhsil ocağında əsaslı islahatlar aparıldı. Ümummilli Lider Heydər Əliyev ATU-nun 70 illik yubileyindəki nitqində Zəhra xanımın ozamankı xidmətlərini yüksək dəyərləndirmişdi: "Mən Azərbaycana rəhbərlik etdiyim zaman Tibb İnstitutuna uzun illər - 11 il Zəhra xanım Quliyeva rəhbərlik edibdir. Ona görə də bu gün onun adını çəkmək çox lazımdır… Böyük fəaliyyətinə görə biz onu Azərbaycanın Qadın Problemləri üzrə Dövlət Komitəsinə sədr təyin etmişik və bununla da qadın hərəkatını genişləndirmək istəyirik".
1998-ci ildə Ümummilli Liderin fərmanı ilə Z.Quliyeva Qadın Problemləri üzrə Dövlət Komitəsinə sədr təyin olundu. Zəhra xanım hələ sovet dövründə Azərbaycan qadınlarının maariflənməsi, ideya tərbiyəsi işində fəal iştirak etmiş, qızlarımızın təhsilə, elmə cəlb olunmasında böyük rol oynamışdır. Sovetlər İttifaqında Qadın Problemləri üzrə Komitənin sədri, məşhur kosmonavt Valentina Tereşkovanın müavini işləmişdir. Zəhra xanım komitəyə sədr seçildikdən sonra qadın siyasətinin müasir tələblər səviyyəsində qurulması, gender siyasətinin həyata keçirilməsinə diqqətin artırılması, beynəlxalq aləmdə Azərbaycan qadınının imicinin yaradılması sahəsində ciddi işlər görüldü, Azərbaycanın haqq sözünün, doğma yurdlarından didərgin düşmüş minlərlə qadın və uşaqların insani hüquqlarının pozulması haqqında ən nüfuzlu beynəlxalq təşkilatların kürsülərindən bəyanatlar verildi. Zəhra Quliyeva 2000-ci ildə Nyu-Yorkda "Qadınlar 2000-ci ildə: gender bərabərliyi - sülh və inkişaf XX1 əsrdə" mövzusunda BMT-nin Baş Assambleyasının xüsusi sessiyasında çıxış edən ilk azərbaycanlı qadın olmuşdur. 

 

Z.Quliyeva o dövrdə qadın hərəkatının lideri imicini qazanmışdı

 

Ona insanların sonsuz ehtiramı nəcibliyi və ləyaqəti ilə bağlı idi. Z.Quliyevanın xarakterinə xas yüksək mədəniyyət, intellekt, səmimiyyət, xeyirxahlıq onu ətrafdakılara doğmalaşdıran və sevdirən ən mühüm keyfiyyətlər idi. O, bir şəxsiyyət kimi çox keşməkeşli həyat yaşadığından yetirmələrinə müstəsna dərəcədə dərin inam bəsləyirdi. Bu da onların həm şəxsi həyatlarının, həm iş, həm də elmi problemlərinin həllində qarşıya çıxan çətinliklərin müvəffəqiyyətlə aradan qaldırılmasına böyük psixoloji yardım göstərirdi. Onun bu insani keyfiyyətləri bütün dövrlərdə gənclərin elmi-tədqiqat işlərinə cəlb edilməsi və onların tədqiqatçı-alim, vətənpərvər yetişməsi üçün əsas amil olmuşdur. 
Zəhra xanım respublikamız və onun xaricində geniş ictimaiyyət tərəfindən dərin hörmət bəslənilən ziyalılardan olduğundan, onun həyatı maraqlı görüş və hadisələrlə zəngin idi. Çıxışları yığıncaqlarda xüsusi əhvali-ruhiyyə yaradırdı. Sağlam ziyalı mövqeyi hər yerdə özünü göstərirdi. Cəsarətli təşəbbüsləri onu hamının gözündə ucaldırdı. Hər məsələ sülh ilə həll olunurdu. 
Z.Quliyeva hər zaman üçün nümunə olan bir həyat yaşamışdır, tükənməz məhəbbət, unudulmaz xatirələr, saysız-hesabsız təşəkkürlər qazanmışdır. Bu gün haradasa bir xeyirxahlıq görəndə Zəhra xanım yada düşür. Onu hər yerdə, hər evdə böyük kimi sevər, ehtiram göstərərdilər. Nəcibliyin, kübarlığın timsalı olan Z.Quliyeva 2005-ci ildə dünyasını dəyişmişdir. Bu ilin yanvarında isə onun 100 yaşı tamam olur.
Görkəmli alim, ictimai xadim Zəhra Quliyeva böyük qəlbə malik insan idi. O, daim yaddaşlarda yaşayacaqdır.

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video