05 Oktyabr 2022 02:23
571
Mədəniyyət
A- A+

Ömrünün yetmişdən çox ilini pedaqoji fəaliyyətə həsr edən alim

 

Tanrı özünə yaxın bildiyi, sevdiyi  insanlara məhz belə mənalı ömür bəxş edir. Onların həyatı, fəaliyyəti başqaları üçün də örnək olur. Zaman keçir, dövr dəyişir. Nəsillər bir-birini əvəz edir. Dəyişməyən isə qismətinə düşən ömrü böyük işlərə həsr edənlərin, xeyirxah əməl sahiblərinin əbədiyyətə qovuşduqdan sonra da unudulmazlıqları olur. Onların işıqlı xatirələri qalır. Yaddaşlardan silinməyən, dildən-dilə, eldən-elə gəzib dolaşan sözləri, nəsihətləri yenə çoxlarına doğru yol göstərir. Görkəmli alim, Azərbaycan Tibb Universitetinin (ATU) Əmək gigiyenası və uşaq yeniyetmələr gigiyenası kafedrasının professoru Rəhim Alməmməd oğlu Orucovun da yazdığı elmi əsərlər, verdiyi dəyərli məsləhətlər bu gün çoxlarının köməyinə çatır.

 

Arzulara doğru...

 

O, oxuyub-öyrənməyə kiçik yaşlarından böyük maraq göstərib. Uşaqlığı, yeniyetməlik illəri çox çətin vaxtlara təsadüf edib. Böyük Vətən müharibəsinin ağır illəri, gətirdiyi qüssə, ehtiyac Rəhim Orucovun da həyatına kədərli xatirələr yazıb. Müharibə qələbə ilə başa çatıb. Ancaq onun vurduğu yaralar uzun illər yaddan çıxmayıb. Müharibənin gətirdiyi yoxsulluğu, səfaləti aradan qaldırmaq da asan olmayıb.
Həyat öz axarı ilə, sakit, rəvan keçməsə də, o, kiçik yaşlarından böyük arzulara doğru üz tutub. Təhsil aldığı məktəbdə əla qiymətlərlə oxuyub. Ancaq elə bir dövrdə yaşayıb ki, yaşıdlarının əksəriyyəti kimi, onun da yeganə qayğısı, fikri, düşüncəsi ali məktəbə daxil olmaq, mükəmməl təhsil alaraq savadlı kadr kimi yetişmək olsa da, buna çatmaq çox çətin idi. Rəhim Orucov əmək fəaliyyətinə çox gənc yaşlarından başlayıb. 1945-ci ildən orta məktəbdə riyaziyyat müəllimi kimi çalışıb, Pedaqoji İnstitutda qiyabi təhsil alıb.

 

Arzuları çox, məqsədi böyük idi

 

1950-ci ildə hərbi xidmətə çağrılıb. Almaniyada sovet ordu sıralarında xidmət göstərib. Hərbi xidmət zamanı bir çox fəxri fərmanlarla təltif olunub. 1953-cü ildə hərbi xidmətdən qayıdıb. 1954-cü ildə Azərbaycan Tibb İnstitutunun sanitariya-gigiyena fakültəsinə daxil olub. Sonsuz istək, böyük həvəslə dərslərini oxuyub. 1960-cı ildə institutu fərqlənmə diplomu ilə bitirib. Üç il praktik həkim işlədikdən sonra Azərbaycan Tibb İnstitutunun Əmək gigiyenası və peşə xəstəlikləri kafedrası nəzdində aspiranturaya daxil olub. 1966-cı ildə aspirantura təhsilini müvəffəqiyyətlə başa vurub və dissertasiya müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsini alıb. Elə həmin ildən Azərbaycan Tibb İnstitutunda fəaliyyətə başlayıb. 1966-1968-ci illərdə baş laborant, sonralar assistent, baş müəllim, dosent olub. 1975-ci ildə Əmək gigiyenası və peşə xəstəlikləri kafedrasının müdiri seçilən Rəhim Orucov 1988-ci ilədək bu vəzifədə çalışıb. Müdiri olduğu müddətdə kafedranın əyani vasitələrlə və gigiyenik cihazlarla təmin olunması sahəsində çox böyük işlər həyata keçirib.

 

Görkəmli alim, bacarıqlı pedaqoq

 

Azərbaycan Tibb Universitetinin bacarıqlı, nüfuzlu müəllimlərindən biri olub. Pedaqoji fəaliyyətə erkən yaşlarından başlayan Rəhim Orucov istedadlı, yenilikçi müəllim idi. Ömrünün 77 ilini pedaqoji fəaliyyətə bağlayıb. Dərs dediyi şagirdlərin, tələbələrin yaddaşında dərin iz buraxmağı, onların dünyagörüşünün formalaşmasına təsir göstərməyi bacarıb. Rəhim müəllimin fəaliyyəti yetirmələri üçün nümunədir. Rəhim Orucovun pedaqoji fəaliyyəti bununla bitməyib. O, institutda yaxşı oxuyan imkansız tələbələrin elmi fəaliyyətlə məşğul olmalarına daim kömək göstərib.
Rəhim Orucov qismətinə düşən ömrün uzun illərini gənc nəslin təhsilinə, təlim-tərbiyəsinə, eyni zamanda əmək gigiyenası və peşə patologiyası elminin sirlərinin öyrədilməsinə həsr edib.
Elmi fəaliyyətini böyük həvəslə davam etdirən Rəhim Orucov Əmək gigiyenasına aid 6 dərslik, 1 monoqrafiya, 6 metodik tövsiyə, 150-dən artıq elmi məqalənin müəllifidir. Ümumdünya Səhiyyə Təşkilatının elmi qrupunun məruzəsində peşə gigiyenasının proqresi naminə işçilərin sağlamlığında baş verən pozuntuları erkən aşkar etmək üçün sadə, asan tətbiq oluna bilən testlərin işlənib hazırlanması çox mühüm məsələ kimi qarşıya qoyulub. Bunda da Rəhim müəllimin xidməti çoxdur. 
Arzularını bir-bir həyata keçirmək üçün çox səy göstərməli, çalışmalı olub. 2000-ci ildə ilkin müzakirədən keçən doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib. Bu dissertasiya mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. Alim apardığı tədqiqatların nəticələri barədə bir cox xarici ölkədə, o cümlədən  Moskvada, Daşkənddə, Aşqabadda keçirilən respublika, ümumittifaq və beynəlxalq elmi qurultay və konfranslarda maraqlı məruzələrlə çıxış edib. Bir çox nüfuzlu jurnalda məqalələri dərc olunub.
Onun fəaliyyəti elmi-tədqiqatları və pedaqoji işləri ilə məhdudlaşmayıb. Azərbaycan Tibb İnstitutunun ictimai işlərində yaxından iştirak edib. Həmçinin Tibbi profilaktika və tibbi biologiya fakültəsi Elmi Şurasının, fakültə tədris-metodik komissiyasının üzvü olub. Rəhim müəllimin tibb elmində kəşfləri elm aləmində maraqla qarşılanıb. 
Uzunillik zəhməti, səmərəli fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Rəhim Orucov əmək fəaliyyətində qazandığı nailiyyətlərə görə müxtəlif medal və bir sıra fəxri fərmanla təltif olunub. 1977-ci ildə SSRİ Səhiyyə Nazirliyi tərəfindən "Səhiyyə əlaçısı" döş nişanı ilə təltif edilib, 1978-ci ildən əmək veteranı olub. "1941-1945-ci illərdə Böyük Vətən müharibəsi illərində fədakar əməyinə görə", "Tərəqqi" və başqa medallarla, Səhiyyə Nazirliyinin fəxri fərmanları və "Səhiyyə əlaçısı" döş nişanı ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Rəhim Orucova "Tərəqqi" medalı, "Əməkdar müəllim" fəxri adı verilib. O, ATU-da Yeni Azərbaycan Partiyasının yaradılmasında fəal iştirak edib.
Rəhim müəllim böyük ailə başcısı olub, övladlarının müxtəlif sahələrdə ali təhsil almalarında onlara düzgün yol  göstərib. 
Həmkarları onu vətənpərvər ziyalı, yüksək məsuliyyətli müəllim, səmimi dost, həm də qayğıkeş ailə başçısı kimi bu gün də böyük hörmət və minnətdarlıqla anırlar. 

Şakir MUSAYEV,
AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video