14 Yanvar 2022 00:36
890
Səhiyyə
A- A+

“Omikron” ştamı Avropa ölkələrində sürətlə yayılır

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada COVID-19-a təsdiqlənmiş yoluxma hallarının sayı 305 milyonu ötüb. Ən çox yoluxma halı ABŞ-da olub.

Sonrakı sıraları Hindistan, Braziliya, Böyük Britaniya və Fransa tutub. Ən çox ölüm halı da ABŞ-da qeydə alınıb. İkinci yerdə Braziliya, üçüncü yerdə isə Hindistan qərarlaşıb. Ondan sonra Rusiya və Meksika yer alıb.

Əksər ölkələrdə ümidlə iki ilə yaxındır ki, qlobal bəlaya çevrilmiş koronavirusun zəifləyəcəyi və tədricən də geri çəkiləcəyi xəbərlərinin gözləndiyi bir vaxtda dünyanın başının üstünü yeni ştam - “Omikron” alıb. Artıq ölkəmizdə də aşkar olunmuş koronavirusun bu ştamı əksər Avropa ölkələrində sürətlə yayılmaqdadır.

Ümumdünya Səhiyyə Təşkilatı Avropa regional bürosunun rəhbəri Hans Klüge yaxın 6-8 həftə ərzində Avropa əhalisinin 50 faizinin koronavirusun “Omikron” ştamına yoluxacağını söyləyib. O, regionun 53 ölkəsindən 50-sində “Omikron” ştamı qeydə alındığını diqqətə çatdırıb: “Bu ilin birinci həftəsində regionda 7 milyon yeni yoluxma qeydə alınıb. Bu, əvvəlki həftə ilə müqayisədə iki dəfə çoxdur. Qərbi Avropada və Balkanlarda bu ştam dominant olmağa başlayıb. Bu tempdə davam edəcəyi təqdirdə 6-8 həftə ərzində Avropa əhalisinin 50 faizi bu ştama yoluxacaq”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev KİV-ə açıqlamasında bildirib: “Bu virusla bağlı əvvəlcədən proqnoz vermək doğru deyil. Baxmayaraq ki, bu xəstəliyin daha çox yayılma ehtimalı var”.

TƏBİB-in rəsmisi koronavirusun “Delta” ştamı ilə müqayisədə “Omikron”dan xəstəxanada yatma müddətinin az olduğunu bildirib: “Amma sürətli yayılma ehtimalı olduğuna görə, bu baxımdan xəstəxanaya yerləşmək ehtiyacı dolayı yolla arta bilər. Bu da epidemioloji vəziyyəti ağırlaşdırır. Hazırda vəziyyət stabildir, həkimlərin də çox ciddi təcrübəsi var. Peyvənd prosesi də sürətli şəkildə davam edir. Peyvənd statusundan asılı olaraq, xəstəliyin yayılmasının qarşısı alına bilər. Nə qədər çox insanda immunitet formalaşarsa, biz bu dalğanı da rahatlıqla keçə bilərik”.

Koronavirusun başqa ştamlarına nisbətən daha tez yayılan “Omikron”dan uşaqların qorunması barədə danışan həkim-infeksionist Ramin Nəriman deyib: “Omikron”un əlamətləri arasında boğaz ağrısı, yüngül qızdırma və yorğunluq var. “Omikron” COVID-19-un digər ştamları kimi uşaqlarda hər hansı bir təhlükə yaratmır. Onun uşaqlarda hər hansı bir ağırlaşma yaratdığı demək olar ki, müşahidə olunmur və ya çox nadir hallarda olur. “Omikron” ştamında müəyyən fərqləndirici əlamətlər var. Məsələn, xəstələr daha çox başağrılarından, burun tutulması, zökəm əlamətləri, dərman müalicəsinə tabe olmayan öskürək tutmalarından şikayət edirlər. Ağciyər zədələnməsi nisbətən az olur və ləng zədələnmə baş verir”.

Həkimlər diqqətə çatdırıblar ki, uşaqların tənəffüs yolları böyüklərdən daha kiçik olduğuna görə azyaşlılar arasında virus daha tez yayıla bilər.

“Omikron” ştamına yoluxan uşaqların müalicəsinin əvvəlki ştamların müalicəsində istifadə olunan üsullarla aparılması nəzərdə tutulub. İndiyədək yayıldığı ölkələrdə aparılan statistika göstərir ki, yeni ştamın öldürücülük təsiri “Delta” ilə müqayisədə zəifdir. Həkimlər xüsusilə uşaqların sosial məsafə gözləməsini, tibbi maska taxmasını və kütləvi yerlərdən uzaq olmasını məsləhət görürlər.

Mütəxəssislər “Omikron” ştamının yeni növ koronavirus (COVID-19) infeksiyasının digər ştamları ilə müqayisədə daha yoluxucu olduğunu, sürətlə yayıldığını nəzərə almağı tövsiyə edirlər. Məsləhət görürlər ki, vətəndaşlar koronavirusun başqa ştamları ilə mübarizədə olduğu kimi, “Omikron”dan da qorunmaq üçün kütləvi toplaşmalardan bacardıqları qədər uzaq durmalı, qapalı məkanlada tibbi maskadan istifadə etməli, sosial məsafə saxlamalıdırlar. Eyni zamanda fərdi gigiyenik qaydalara əməl etməyi unutmamalıdırlar. Bu tədbilər koronavirusun yeni ştamlarından müəyyən qədər qorunmağa kömək edir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü, həkim-infeksionist Natiq Əliyev həmçinin Azərbaycanda yeni aşkarlanmış “Omikron” ştamından müdafiə üçün peyvəndləmənin əhəmiyyətini diqqətə çatdırıb. O, vaksinasiyanın ən effektiv qoruyucu vasitə olduğunu qeyd edib.

Həkim-infeksionist deyib ki, koronavirusun “Omikron” ştamı digərlərindən fərqli olaraq daha az təhlükəlidir və əsasən gənclər arasında yayılır: “Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, həmin ştamla xəstələnənlər arasında ölüm faizi aşağıdır. İstənilən halda xəstəliyə eyni həssaslıqla yanaşmaq lazımdır. Unutmaq olmaz ki, COVID-19 əleyhinə kütləvi immunitetin yaranması pandemiyanın sonlanması və normal həyatın geri qayıtması üçün vacib şərtdir. Kütləvi immunitet isə yalnız kütləvi vaksinasiya nəticəsində yarana bilər. Ona görə də vətəndaşlar məsuliyyətli davranaraq vaksinasiyada aktiv iştirak etməlidirlər. İki doza peyvənd almış vətəndaşlar 5 aydan sonra “buster” doza ilə peyvəndlənərək orqanizmlərində koronavirus əleyhinə yaranmış anticisimlərin miqdarını artıra bilərlər. Belə olan halda koronavirusla mübarizədə qalib gələcəyik.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video