17 Avqust 2022 01:39
719
İQTİSADİYYAT
A- A+

Ölkə üzrə orta aylıq pensiya 12 faiz artmışdır

 

Dövlət Statistika Komitəsi ölkə üzrə sosial təminat haqqında son rəqəmləri açıqlayıb. 
Açıqlamada bildirilib ki, cari il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 159,3 min nəfər pensiyaçı qeydiyyatda olmuşdur ki, bu da ölkə əhalisinin 11,5 faizini təşkil edir. Onların 60,5 faizi yaşa, 26,6 faizi əlilliyə, 12,9 faizi ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,9, cari ilin əvvəli ilə müqayisədə isə 10,9 faiz artaraq 368,0 manat təşkil etmiş və orta aylıq əməkhaqqının 44,5 faizinə bərabər olmuşdur.
Xatırladaq ki, "Əmək pensiyaları haqqında" qanunda edilmiş müvafiq dəyişikliyə əsasən, 2022-ci ilin 1 yanvar tarixindən əmək pensiyasının minimum məbləği 20 faiz artırılaraq 
240 manat müəyyən olunmuşdur.
Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 2022-ci il  yanvarın 1-dən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılmış, qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla digər əmək pensiyaçılarına 2022-ci il üzrə 200 manat məbləğində maddi yardım, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına isə 2022-ci ildə aylıq əmək pensiyasının 10 faizi məbləğində aylıq maddi yardım təyin olunmuşdur.  
Bununla yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir. Belə ki, 2022-ci il iyulun 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 124,1 min (ötən ilin iyulun 1-i vəziyyətinə 109,2 min), əlilliyə görə - 52,2 min nəfəri 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər olmaqla cəmi 210,4 min (müvafiq olaraq 54,4 min və 212,9 min), ailə başçısını itirməyə görə - 53,2 min (48,8 min), digər müavinət növlərini alanların sayı isə 22,5 min (23,7 min) nəfər olmuşdur.  
Eyni zamanda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 207 nəfər qəyyumuna aylıq müavinət verilmişdir. Bununla yanaşı, şəhid ailələrinin, müharibə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli hərbi xidmət qulluqçularının 5,8 min ailəsinə 9,1 min uşaq üçün aylıq müavinət verilmişdir. Eləcə də 2082 nəfər bir yaşınadək uşağı olan 2011 aztəminatlı ailəyə, övladlığa götürülən, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş 10 uşağa görə 9 ailəyə və beşdən çox uşağı olan 2,5 min qadına 10,1 min uşaq üçün sosial müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 327 şəxsə isə kompensasiya verilmişdir.
Cari ilin ilk altı ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 27,7 min ailəyə 29,1 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,6 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 3,7 min nəfərə birdəfəlik müavinət verilmişdir.
2022-ci il iyulun 1-i vəziyyətinə 39,6 min aztəminatlı ailənin 174,6 min üzvü ünvanlı dövlət sosial yardımı almış və onun bir nəfərə düşən orta aylıq məbləği 78,42 manat olmuşdur.
Bunlarla yanaşı, cari ilin iyulun 1-i vəziyyətinə müxtəlif kateqoriyadan olan 376,8 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video