01 Dekabr 2022 01:23
763
CƏMİYYƏT
A- A+

Oğuldərədə xoşbəxt günlərimizə qovuşduq

 

Zeynəb, Turac və İmdad...
2022-ci ilin bir yay günündə, sübh tezdən, Günəş yenicə boy göstərərək Laçın dağlarının üzərindəki qalın duman pərdəsini yararaq zümrüd meşələrə süzüləndə Oğuldərəyə çatmışdılar... 
Elə kəndin girəcəyindəcə durub Oğuldərəyə tamaşa etmiş, bir zamanlar hər daşına, qayasına, cığırına bələd olduqları yurdlarına onilliklərin həsrəti ilə baxmışdılar. Güllü yaylaqlarında at çapdıqları, binələrində alaçıq qurduqları, meşələrində sərinlədikləri Oğuldərəni bağırlarına basmaq, səsləri-avazları gəldikcə qışqıraraq yeri-göyü hali etmək, "ay el-obamız, biz qayıtdıq", demək istəmişdilər... Amma o an kədərlə sevinc qoşalaşaraq boğazlarında qəhər düyününə elə çevrilmişdi ki, gücləri sadəcə gözlərində qaynar çeşməyə dönən gözyaşlarına çatmışdı... 
Ana, qız, oğul vaxtilə bütöv ailə xoşbəxtliyi sürdükləri, indi viranəyə çevrilmiş evlərinin uçuq-sökük divarlarının dibində bir-birilərinə sarılaraq hönkürmüşdülər...
Və o gün bu insanları qəm dəryasında boğan nə vaxtilə min bir əziyyətlə tikdikləri evlərinin dağıdılması, nə də mal-mülklərinin talan edilməsi idi... 

 

Oğuldərəni bir daha görmədən ömrünü başa vurdu

 

"Balalarımı da, məni də yandırıb-yaxan illərdən sonra bu yurda Laçını, Oğuldərəni canından çox sevən ailənin başçısı olmadan qayıtmağımız idi. Həyat yoldaşım Əli iki aya yaxın Laçında mühasirədə qalmışdı, dəfələrlə ölümlə üz-üzə gəlmişdi. Məcburi köçkünlük illərində də elə hey deyirdi ki, Laçını ən son tərk edən mən olmuşam, ora ilk qayıdan da mən olacam. Amma zalım fələk Əliyə bu istəyinə çatmağa imkan vermədi, ömrünü Oğuldərəni bir daha görmədən başa vurdu..."
"Biz qayıtdıq, Vətən!" rubrikasının qonaqları Laçının Oğuldərə sakinləri, 1993-cü ildə 54 gün erməni mühasirəsində qalmış mərhum Əli Əliyevin həyat yoldaşı Zeynəb, qızı Turac, oğlu İmdad Əliyevlərdir.     
Zeynəb Hacı qızı Əliyeva 1947-ci ildə Kəlbəcərin Alaqaya kəndində anadan olmuşdu. Anası Laçının Oğuldərə kəndindən, atası isə Cənubi Azərbaycanın Culfa şəhərindən idi. Ailəsi Zeynəb 8 yaşında olanda Tərtər rayonunun Hüsənli kəndinə köçmüş, 1977-ci ildə isə o, xalası oğlu Əli ilə ailə quraraq Oğuldərəyə gəlin köçmüşdü. Gənclər əl-ələ verərək kənddə özlərinə isti yuva qurmuş, zəhmətlə ikimərtəbəli ev, böyük tövlə tikmişdilər. Altı övladları dünyaya gələn bu evdə xoşbəxt ömür sürmüşdülər. Laçının qoçaq qadınları kimi yaxşı at çapar, mal-heyvan arxasınca gedər, biçinçilərə kömək edər, bostan becərər, meşələrə moruq, armud, zoğal, çəmənlərə kəklikotu, əvəlik, göbələk dərməyə gedər, bir sözlə, səhər gün çıxmamışdan, gecə ay batana qədər bir hovur dincəlmədən ailəsinin güzəranı, övladlarının xoşbəxt yaşamı üçün çabalayardı Zeynəb...
Ta ki, 1993-cü ilin 31 martına qədər... 

 

Qara yaz

 

Əliyevlər ailəsinin bütün üzvləri birlikdə sonuncu dəfə 1993-cü il martın 31-də Oğuldərədə olmuşdular və o gündən sonra pərən-pərən düşmüşdülər. O son günün acı xatirəsi isə silinməz izlərlə hər birinin yaddaşına ömürlük həkk olunmuşdu...
O gün havadan yaz ətri gəlirdi. İlıq meh güneylərdə, quzeylərdə qarı ərimiş talalardan boylanan küskün bənövşələrin üzünə sığal çəkir, yaz əhvallı quşların sevinci Oğuldərənin dağlarını, düzlərini, meşələrini bürüyürdü. Sanki təbiət də duyuq düşmüşdü ki, bir daha nə o bu cür bahar nazı ilə cilvələnəcək, nə də bir daha oğuldərəlilərdə yaz əhvalı olacaq, bundan sonra əbədi zimistan hakim kəsiləcək qəlblərinə... 
Adi günlərdə olduğu kimi, həmin gün də Əli kişigilin külfəti obaşdan duraraq mal-qaranı alaflamış, həyətdə digər təsərrüfat işlərini görərək evin ikinci mərtəbəsinə, 14 yaşlı Turacın hazırladığı çay süfrəsi arxasına yığışmışdılar. Kənarda buğlanan samovarın başında dəmlənən kəklikotulu çay stəkanlara süzülmüş, elə yenicə ailə üzvləri "bismillah", deyərək əllərini bir qismət çörəyə uzatmışdılar ki, Əli müəllim pəncərələrindən aydın görünən kəndin girəcəyindən iki nəfər hərbi formalı şəxsin gəldiyini görmüşdü. Bu gəlişin xeyrə əlamət olmadığı ürəyinə daman ailə başçısı dərhal özünü həyətə atmışdı... 
Onsuz da neçə vaxt idi ki, Oğuldərədə səksəkədə yaşayırdılar. Hələ 1992-ci il mayın 18-də Laçından didərgin düşən bu ailə, Azərbaycan Ordusunun rayonun bir neçə, o cümlədən də Oğuldərə kəndini alması sayəsində həmin ilin oktyabrında kəndə qayıdan 10-15 ailədən biri olmuşdu. İlk dəfə evindən didərgin salınanda kəndlərindəki bir neçə ailə ilə birgə doqquz nəfərlik Əliyevlər ailəsi də Laçından çox da uzaqlaşmamaq üçün Murov dağının ətəyində, Kürəkçayın sahilində alaçıq quraraq yaşamağa başlamışdılar. May ayından düz oktyabrın 1-nə qədər yayı da qış kimi şıltaq keçən Murovun leysanına, qarına, şaxtasına birtəhər dözməli olmuşdular, amma payızda, qışda burada qalmaq ölümü gözə almaq demək idi. Buna görə də həmin ailələr təhlükəli də olsa, yenidən Oğuldərəyə öz evlərinə qayıtmış, vəhşi düşmənin dağıtdığı kəndlərində yeni həyata başlamışdılar. Hətta oğuldərəlili uşaqların təhsillərini yarımçıq dayandırmalarına könlü razı olmayan Əli müəllim məktəbləri yandırıldığı üçün kənddəki tikililərin birində yeni məktəb yaratmış, qonşu kəndlərin məktəblərindən ora dərs ləvazimatları gətirmişdi. Yüksək səviyyədə olmasa da, uşaqların tədrisi bərpa edilmişdi. Çatışmayan müəllimlərin fənlərini isə başqa müəllimlər əvəzləmişdi. 
Amma hər an təhlükə altında yaşayırdılar, son vaxtlar isə Laçın və Kəlbəcər cəbhəsində vəziyyət daha da ağırlaşmışdı. 1993-cü il martın 31-də Oğuldərəyə gələn hərbçilər Əli müəllimə xəbər gətirmişdilər ki, ermənilər hücumlarını intensivləşdiriblər və postlarda hücumun qarşısını almaq  mümkün deyil. Artıq düşmən Laçının şimal kəndlərini ala-ala gəlir, təcili Oğuldərədən çıxmaq lazımdır. Amma kənddəki mülki əhalinin çıxarılması üçün heç bir nəqliyyat vasitəsi yox idi, bircə kənd sakini Kamalın sınıq-salxaq "QAZ-53" markalı maşınından savayı. 
Dar macalda qərara gəlinir ki, kənddən bu maşınla yalnız qocalar, əli-ayağı yer tutmayanlar, bir də azyaşlılar çıxarılsın. Əli müəllimin ailəsindəki üç uşaq  - 5 yaşlı Xıdır, 8 yaşlı Rəhimə və 10 yaşlı Mirzə, o cümlədən Turac bacı-qardaşlarına həyan olmaq üçün maşına mindirilmiş və köhnə maşın kəndin palçıqlı yollarında çox çətinliklə Kəlbəcərin Bəylik kəndinə doğru yol almışdı... 
Oğuldərədən içərilərində Əli müəllimin həyat yoldaşı Zeynəb, oğlanları İmdad və Babəkin də olduğu ikinci dəstə də piyada eyni istiqamətdə yola düşmüşdü. Zeynəbgil  Bəylikdə qohumları Baxış bəyin evinə sığınacaq, ara sakitləşəndə öz evlərinə, Oğuldərəyə qayıdacaqdılar... 
Kəndin kişiləri isə həm kəndə göz-qulaq olmaq, həm də mal-heyvana baxmaq üçün  orada qalmışdılar. Piyada yola saldıqları insanlara qoşduqları bələdçilər Kəlbəcərdən dəqiq məlumat gətirənə qədər oranı tərk etməməyi planlaşdırmışdılar. 

 

Ermənilərin tunel qırğınının 14 yaşlı şahidi

 

Martın 31-də Oğuldərədən birinci dəstə ilə çıxan Turac Əlizadə o faciəvi günü belə xatırlayır: 
- Biz Bəyliyə çatanda artıq kənddə heç kim qalmamışdı. Bütün evlərin qapı-pəncərəsi açıq idi, bacalardan hələ də tüstü çıxırdı, mal-qara da həyətlərə səpələnmişdi. Görünür, insanlar təzəcə öz evlərini tərk etmişdilər. Daha orada dayanmayıb Kəlbəcərin tunel deyilən istiqamətinə doğru yol aldıq, amma gələndə gördük ki, burada şiddətli döyüşlər gedir. Sarıyoxuş deyilən ərazidə sürücümüz atışmaya görə fikrini dəyişərək tunelin özünə tərəf yox, onun üstü ilə getməyə qərar verdi. Biz yuxarıdan tunelə tərəf gedən adamların ermənilər tərəfindən necə mühasirəyə alındığını, insanları atəşə məruz qoyduqlarını gözlərimizlə gördük. Tez maşından düşüb meşəyə tökülüşdük, körpə bacı-qardaşlarımla sərildik torpağın üstünə. Qorxudan hamımız gözlərimizi bərk-bərk yumaraq titrəyirdik. Ermənilər meşəni də bombaladılar, amma xoşbəxtlikdən maşına dəymədi. Ara səngiyəndə yenidən maşına minərək Kəlbəcərin Nadirxanlı kəndinə, oradan da Murovun ətəyindəki körpünün kənarına gəldik. Daha buradan o yana, Ömər aşırımınadək kimin ayağı yer tuturdusa, piyada qalxmalı idi. 

 

"Uşaqlardan birini belimə alıb bir az qabağa aparıb yerə qoyur, digərinin arxasınca qayıdırdım"

 

Körpüdə Turacgillə bir yerdə gələn adamların hamısı yola düzəlmiş, o isə orada qalaraq dədəsigili (atalarını belə çağırırdılar) gözləyir ki, gəlib onları da aparsın. Həmin vaxt onlarla gələn yaşlı bir kişi Turaca deyir ki, "nə gözləyirsən, get qoşul camaata. Dünən tuneldə dəhşətli atışma olub, erməni öldürdüyünü öldürüb, qalanını da əsir götürüb. Əgər bacı-qardaşını apara bilirsənsə, götür, bilmirsənsə, bax bu dağı görürsən, onu aşsan, ermənidən canını qurtaracaqsan..." 
Lakin bu 14 yaşlı qız ölsə də bacı-qardaşını burada qoyub getmək fikrində deyildi və o qərar verir ki, zülm olsa da, uşaqları özü ilə birgə düşmənin əlindən qurtarsın:
-  Mirzənin, Xıdırın ayaqqabısı var idi, amma Rəhimənin ayağı yalın idi, ayaqqabısını haradasa salıb itirmişdi. Qar ərimişdi, uşaqlar palçıqda yeriyə bilmirdilər, insanların yuxarıdakı dolanbaclarda ayaqları altından qopan iri daş parçaları üstümüzə tərəf diyirlənirdi. Uşaqlardan birini belimə alırdım, bir az qabağa aparıb qoyur, sonra yerini yadımda saxlayaraq digərinin arxasınca qayıdırdım. Yolda atamın bir qohumuna rast gəldim, o dedi ki, "uşaq canınla bu körpələri apara bilməyəcəksən, Qorçu kəndindən adamlar gəlir, heç olmasa uşağın birini o maşına qoyaq". Rəhiməni aparıb qoydum həmin maşına. Qayıdıb eyni qayda ilə Mirzə ilə Xıdırı bir-bir belimdə üzüyuxarı daşımağa başladım. Belə-belə saatlarla yol getdik və Murovun başına yaxınlaşdıq. Mirzə ilə Xıdırı orada qoyub Rəhimənin arxasınca qayıtdım. Maşınlar hamısı palçığa batıb qalmışdı. Rəhiməni belimə alıb qardaşlarımı qoyduğum yerə gəldim. Sonra Ömər aşırımından Murovun Göygöl rayonu üzündə olan ətəyinə qədər piyada gəldik. Aclıq, soyuq bizi tamam taqətdən salmışdı. Orada bizi maşınla Toğanalı kəndinə, sonra isə Hacıkəndə gətirdilər. Sadəcə Nadirxanlıda içdiyimiz suyun, bir də yolda köç maşınlarında olan insanların uşaqlara verdikləri bir tikə çörəyin üstündə idik... Səhər gəlib çatdıq Tərtərin Hüsənli kəndindəki dayımın evinə. Amma ailəmizin digər üzvlərindən heç bir xəbər-ətər yox idi... 

 

11 yaşlı Babək qaranlıqda azaraq düşmən tərəfə gedir 

 

Həmin gün axşamüstü Zeynəb, İmdad və Babəkin olduğu ikinci dəstə Bəyliyə çatmış, gecəni Baxış kişinin evində qalmışdılar. Səhəri isə məlum olmuşdu ki, ermənilər artıq tuneli işğal edib, onlar mühasirəyə düşüblər. Buna görə də mühasirədən çıxmaq üçün yol-iz bilməyən insanlar məcburən üz tutmuşdular Kəlbəcərin qarlı dağlarına. Bu vaxt yolda Zeynəbgil Babəki itirmişdilər. Atın üstündə olan 11 yaşlı uşaq qaranlıqda azaraq düşmən tərəfə getmiş, təsadüfən rastlaşdıqları azərbaycanlıların onu yoldan döndərməsi sayəsində əsir düşməkdən qurtulmuşdu. 
İmdad Əlizadə danışır ki, birtəhər Sarıdaş kəndinə çatıblar və orada digər kəndliləri ilə birgə bir tövlənin qapısının ağzındakı qışdanqalma otun arasında səhəri dirigözlü açıblar: 
- İşıqlaşanda kənddə olan bələdçi bizi Qamışlı körpüsünə apardı. Gördük ki, Babək də buradadır. Burada qalıb bir az dincəlmək, çörək yemək istəyirdik, amma hay düşdü ki, ermənilər gəlir. Az sonra ermənilər Qamışlını bombalamağa başladılar. Piyada Yanşağa yola düşdük. Anam güclə yeriyirdi, ayaq damarları partlamışdı, qaloşunun içi qanla dolmuşdu. Zülmlə gəlib axşamçağı Yanşağa çatdıq. Burada evlərdən birində gecələmək, səhər tezdən yola düşüb Ömər aşırımını keçmək istəyirdik. Piyada yol getmək, yuxusuzluq, aclıq, susuzluq, soyuq bizi gücdən salmışdı. Eyni zamanda Murova qar yağırdı, güclü şaxta var idi. Belə bir vəziyyətdə Ömər aşırımını aşmaq mümkün deyildi. Lakin biz Yanşağa çatandan bir az sonra düşmən bu kəndi də möhkəm bombaladı, orada dayana bilmədik. Qaranlıq düşmüşdü, çarəsiz vəziyyətdə, ac-susuz, piyada Ömər aşrımına doğru yola düşdük. Dağın bir-iki dolanbacını qalxmışdıq, bir KamAZ gəldi. Məlum oldu ki, hərbçilərimiz uşaq və qadınları yuxarı daşıyırlar. Əvvəl elə bildik ki, bu maşın bizi Ömər aşırımına qədər aparacaq, amma bir dolanbac gedəndən sonra dedilər ki, "tökülün, arxada qalanları da təxliyə etməliyik". Aşırıma doğru yenə piyada qalxmağa başladıq, bir xeyli gedəndən sonra maşın gəldi, bir az onunla yuxarı çıxandan sonra düşüb yolumuza piyada davam etdik. 

 

Qar-boranda Ömər aşırımına ayaqyalın qalxır 

 

Murova güclü qar yağırdı, şaxta idi. Yolu buz tutduğu üçün Zeynəbin qaloşları sürüşür, ayaq üstdə dayana bilmirdi. Bunu görən 13 yaşlı İmdad ayağındakı çəkmələri soyunaraq anasına vermiş, özü isə onun yanı ilə ayaqyalın aşırıma qalxmışdı. 
İmdad deyir ki, dəhşətli əzabla səhərə yaxın Ömər aşırımındakı "Yol evi" deyilən yerə çatırlar:
- Burada hərbçilər dayanmışdı, piyada gələn adamları içərisində soba yanan tikiliyə göndərirdilər. Otaqlardan birində ayağını don vuran, ağır vəziyyətdə olanlara ilkin tibbi yardım göstərilirdi. Adamları hissə-hissə otaq dolana qədər içəri yığır, yarım saatdan sonra onları digərləri ilə əvəzləyirdilər. Yenə çox çətinliklə Murovun ətəyinə endik, dəhşətli bir səhnə ilə üzləşdik: atasını, anasını, balasını gəzən insanların ah-naləsi ərşə dirənmişdi. Dayım Hüseyni də burada gördük. Onunla Hüsənli kəndinə getdik. Burada bacı-qardaşlarımın səsini eşidəndə dörd gün ac-susuz yollarda yaşadığımız dəhşətləri sanki unutduq. Amma bu sevincimiz də uzun sürmədi... Atamdan heç bir xəbər-ətər yox idi, biz onu Oğuldərədə qoyub gəlmişdik... 

 

Ağ bayrağı 54 gün mühasirədə özləri ilə gəzdirdikləri üçrəngli bayrağımızla əvəzləyirlər

 

Daha ailə üzvlərinin xəbəri yox idi ki, Əli Əliyev və onunla bərabər olan xeyli laçınlı həmin il aprelin 3-də Kəlbəcər ərazisində düşməndən canlarını qurtarmağa çalışıblar, amma erməni yaraqlılarının Çaykənddə Tərtər çayının üzərindəki körpüdə pusqu qurması buna mane olub. Çayı keçə bilməyən, içərilərində Əli Əliyevin də olduğu 19 nəfər geri - Oğuldərə kəndinə qayıdaraq dağlarda gizlənməyə məcbur qalıblar. 
Mühasirədəkilər oğuldərəlili seyid Əliheydər İbrahimovun kəndin yaylağında tikdirdiyi yay evinə sığınırlar. Aprel ayının 9-dan bu evdə düşmənin gözündən yayınaraq yaşamağa başlayırlar. Dəfələrlə ermənilər talan üçün Oğuldərəyə gəlsələr də, onların yerini aşkarlaya bilmirlər, lakin bir gün saxladıqları atlardan birinin hörükdən açılıb uzaqlaşması onların yerini düşmənə nişan verir. Həmin vaxt ərazidə olan ermənilər atı görüb onu tutmağa çalışır, at onlardan qaçaraq qaldıqları yerə gəlir, bir erməni də onun arxasınca. Beləliklə, bu insanların sığındıqları yer aşkarlanır. Daha burada qalmağın mümkünsüz olduğunu görən mühasirədəkilər may ayının 23-də gecə ilə oranı tərk edirlər. 
 "54 gün erməni mühasirəsində" adlı kitabında mühasirə həyatları, eləcə də qurtuluşları barədə ətraflı yazan Əli Əliyev məlumat verib ki, yenidən məcburən Oğuldərədən çıxan 19 nəfər min bir təhlükəni adladaraq 9 gecə Güləbird kəndinə doğru yol gediblər. Hətta bir dəfəsində düşmən yaxın məsafədən düz üzərlərinə güllə yağdırsa da, möcüzə sayəsində salamat qalıblar. 9-cu gün dəstədəkilər Güləbirddə ağ bayraqla Həkəri çayının sol sahilindəki posta tərəf yollanmağı qərarlaşdırıblar. Lakin onların buradakı postun Milli Orduya, yoxsa Ermənistan silahlı qüvvələrinə məxsus olması barədə dəqiq məlumatları olmayıb. Qərar belə olub ki, əgər post ermənilərə məxsus olarsa, ora 30-40 metr qalmış döyüşə başlasınlar. "Ey postdakılar, kimsiz?" deyə bir neçə dəfə səsləniblər. Bir qədər sonra "biz də azərbaycanlıyıq, qorxmayın, gəlin", deyə postdakılardan cavab gəlib. Qaldırdıqları ağ bayrağı dəstədəki Şakir İsgəndərovun 54 gün mühasirədə özü ilə gəzdirdiyi üçrəngli Azərbaycan bayrağı ilə əvəzləyən mühasirədəkilər posta yaxınlaşaraq xilas olublar.
Əli Əliyev sözügedən kitabında həmin təsirli səhnəni belə təsvir edib: "Əsgərlər bizi görəndə ağladılar. Biz isə başqa bir vəziyyətdə idik. Ağlamaq balaca sözdür. Üzümüz aşağı bəlkə on yerdən yaş axırdı. Sağ qaldığımıza, erməni mühasirəsindən çıxıb özümüzünkülərə qovuşduğumuza inana bilmirdik, gördüklərimiz bizə yuxu kimi gəlirdi. Bir-birimizə gözaydınlığı verirdik".

 

"Heç bəndə insan itiyini axtarmasın"

 

Yaşadıqları o faciəvi günlərə göz yaşları ilə dönür Zeynəb ana... 
- 54 gün biz  çəkəni heç kəs çəkməsin, heç bəndə insan itiyini axtarmasın. Bu,  ən dəhşətli vəziyyətdir. Əlidən bir xəbər tuta bilmirdik, əlimiz  heç yana çatmırdı. Körpələrin gözü yolda qalmışdı. Qayınanam Rəhimə "Əli hey, Əli hey" çağıra-çağıra başını götürüb evdən gedirdi. O hamıya deyirdi ki, "bilirəm, oğlum ölməyib, sağdır..." 
Düz 54 gündən sonra kəndçimiz İmamverdi muştuluq gətirdi ki, "Əli müəllimgil Güləbirddə mühasirədən çıxaraq gəliblər, onu öz gözlərimlə gördüm..." 
Amma dar günlərimiz bununla bitmədi, Hüsənlidə də erməni zülmündən uzaq ola bilmədik. Düşmən bu kəndi də atəşə tuturdu, növbəti dəfə yaşadığımız evin qarşısına bomba düşdü, divarları çatladı. Məcburən Bakıya üz tutduq və Günəşlidə qapısı, pəncərəsi olmayan uçuq-sökük bir uşaq bağçasına yığıldıq. 
Şəraitsizlikdən, soyuqdan körpələrim hamısı xəstə düşdü. Dərdimiz sözlə deyiləsi deyildi, ala yaylağın başından gəlib aran yerinə tökülən, körpələri bir qaşıq qatığa möhtac olan, var-yoxu əlindən çıxan bir ailə düşünün.... Böyük ailə idik, dolanışığımız çox çətin idi. Nə su tapırdıq, nə yanacaq. Uşaqları başıma yığıb 8-ci kilometr bazarından meyvə-tərəvəz alıb köhnə Günəşlidə yolun qırağında satırdıq... 
Eh nə isə... Çətinliklərin öhdəsindən birtəhər gəldik. Amma yenə də uşaqları təhsildən yayınmağa qoymadıq. Düzdür, onlara geyim, məktəb ləvazimatı almaqda çətinlik çəkirdik, lakin buna baxmayaraq, dərslərini yaxşı oxudular. Altı övladımdan beşi bir-birinə arxa-dayaq dura-dura ali təhsil aldılar... 

 

"47 yaşımda tərk etdiyim yurduma 75 yaşımda  qayıtdım" 

 

- Vətən müharibəsinin o 44 gününü gecə-gündüz televiziya qarşısında keçirirdim, çox həyəcanlanırdım, həm də sevinirdim. Hər zaman inanırdım ki, torpaqlarımız alınacaq, amma özümün o yerləri bir daha görəcəyimə heç ümidim yox idi. Laçının azadlığını eşidəndə bir anlıq əlim, ayağım keyidi, uşaqları harayladım, sevincdən gözyaşları tökdük. Allah Prezidentimizə, igid oğullarımıza cansağlığı versin, şəhidlərimizin ruhu şad olsun. Bizi vətən həsrətindən qurtardılar. Mənə də 47 yaşımda tərk etdiyim yurduma 75 yaşımda  qayıtmaq nəsib oldu. Həmişə arzuladığım kimi, Oğuldərədə Həsənağa meşəsinə, Çalbayıra, Qızıl qayaya, Yelliyə, Göy yarğana, Yalyurda dünya gözü ilə bir daha baxdım. 
Allah düşmənə lənət etsin, Oğuldərəni xaraba qoyub, zəhmətlə tikdiyimiz evləri viranəyə çevirib. Bizim evin də sadəcə uçuq-sökük divarları qalıb. Əllərimizin izi qalan bu uçuq divarlara söykənib xeyli ağladım, 75 illik həyatımın hər anı kino lenti kimi gözlərimin önündən keçib getdi. Əlinin "bəy balası" kimi kəndin yuxarı başından, məktəbdən evə gəlməyi, onun köçkünlük illərində, uşaqları xəstə olanda çəkdiyi əziyyətləri yadıma düşdü. Bilirsiniz, dünyada hər şeyi tapmaq olar, bir dənə canı yox. Biz də demək olar ki, itirdiyimiz hər şeyi qaytardıq, bir Əli müəllimi tapa bilmədik... 
Həyat yoldaşım şair, pedaqoq Ağa Laçınlının qardaşıdır, Moskvada, Bakıda ali təhsil almışdı, müəllim idi, vaxtilə həmin yerlərdə qalıb işləmək imkanı olmuşdu, amma o Laçına, Oğuldərəyə qayıdıb orada yaşamağı üstün tutmuşdu. 2016-cı ildə Əli İsmayıllı rayonunda rəhmətə gedən qohumunun yas yerinə gedəndə avtomobil vurması nəticəsində komaya düşdü. 1 il 4 ay 18 gün komada qalandan sonra dünyasını dəyişdi. 
O, son nəfəsinə qədər Oğuldərəyə qayıtmaq ümidini itirmədi. Hər zaman deyirdi ki, "burada müvəqqəti məskunlaşmışıq, kəndimizə qayıdacağıq". Bu da taleyin acı yazısıdır ki, bu xoşbəxtliyi görmək ona qismət olmadı...

 

Bir keçmiş məcburi köçkün ailəsinin yaşam hekayəsi

 

Bu,  məcburi köçkünlüyün ağrı-acısını iliklərinə qədər yaşamış laçınlı, oğuldərəlili bir ailənin həyat dramı idi. Öz xoşbəxt yaşamına əlvida deyərək pərən-pərən düşən, erməniyə əsir olmaqdan zor-bəla qurtulan, illərlə maddi-mənəvi əzablarla çarpışan, lakin bir gün belə Laçına, Oğuldərəyə qayıtmaq ümidini ürəklərindən əskik etməyən, hər an ora can atan bir keçmiş məcburi köçkün ailəsinin yaşam hekayəsi... 
Və elə onlar qəlblərində, ruhlarında yaşatdıqları bu vətən eşqi ilə də Laçına, Oğuldərəyə orada qoyub gəldikləri xoşbəxtliklərinin arxasınca dönmüşdülər. Yurdlarının hər daşına, qayasına, dağına, aşırımına, gədiyinə, çölünə, çəməninə, düzünə bu yerləri canı qədər çox sevən ailənin başçısının, Əli müəllimin gözü ilə baxmışdılar...
Zeynəb, Turac və İmdad...

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video