27 Noyabr 2021 01:33
1845
Mədəniyyət
A- A+

Nizami və Həqiri “Leyli”lərini birləşdirən xətt: türk təfəkkürü

 

Qədim ərəb əfsanə və rəvayətlərindən boylanan, türk xalq folklorunda da özünəməxsus versiyaları mövcud olan “Leyli və Məcnun” dastanı dahi Nizaminin əsrləri fəth edən, bir-birini əvəzləyən insan nəsilləri üçün yenidən kəşf olunan təfəkkürünün süzgəcindən keçərək yazılı ədəbiyyata gəlmiş və uğurlu bir ömür yolu keçmişdir.

Nizami poemalarını yüksək qiymətləndirən, onları bütün gözəlliklərin xəzinəsi adlandıran XIII əsr müəllifi Məhəmməd Ovfi tərtib etdiyi və dahi şair haqqında məlumat verən ilk mənbə kimi dəyərli olan “Lübabül-əlbab” təzkirəsində “Leyli və Məcnun” poemasını üzünü göstərməklə ağılları başdan alan türk gözəllərindən bəhs edən bir əsər kimi dəyərləndirir: “Türküstanın mənzum “Məcnun və Leyli”dəki zərif qıyıq gözlü gözəlləri üzlərindən duvaqı çəkməklə dünyanın bütün aqillərinin ağlını başından almağa qadirdirlər”. Professor Xəlil Yusifli yazır ki, “onun (Məhəmməd Ovfinin - T.B.) bu qeydi poemanın özündən gəlir. Nizami özü Leylini təsvir edərkən “onu adamları özünə məftun etməkdə bir əcəm türkü”, bugünkü sözlərlə desək, bir azərbaycanlı kimi təqdim edir”.

 

Mahe-ərəbi be rox nəmudən

Torke-əcəmi be del robudən.

Yəni

 

Üzünü göstərməkdə ərəb ayı idi,

Könül ovlamaqda əcəm türkü idi.

 

Mövzusu tarixdə ərəb əfsanəsi kimi məşhurlaşmış sevgi hekayətindən götürülmüş, farsca yazılmış bir əsərdə ədəbiyyat bilicisini türk ruhunu, türk obrazlarını, Türküstan gözəllərini görməyə vadar edən nə idi? Hətta Nizaminin türk olduğunu etiraf etsə də, bu məsələyə çox ehtiyatla və həssaslıqla yanaşmağı tövsiyə edən, Nizamini fars ədəbiyyatında bir mərhələ adlandıraraq şairi bu baxımdan milliyyətcə ukraynalı olan Qoqolun rus ədəbiyyatındakı mövqeyi ilə qarşılaşdıran akademik Aqafangel Krımski də Ovfinin bu etirafına etiraz etmir: “Səciyyəvidir ki, Nizaminin müasiri olmuş ədəbiyyat tarixçisi Ovfi poemanın bədiiliyini qiymətləndirməyi bacarsa da, onun “Türküstana aid olduğunu” etiraf etmişdir, yəni həm poemanın qəhrəmanlarında, həm də onların həyat tərzində, görünür, məşhur klassik ərəb-bədəvi aşiq cütlüyünü və ədəbi baxımdan tərifi göylərə qaldırılmış, natiqlik istedadı (fəsəha) ilə məşhur klassik ərəb məişətini deyil, Nizaminin uşaqlıq çağlarından doğma Gəncəsinin yaxınlığında yaxşı müşahidə etdiyi köçəri türklərin məişət və düşüncəsinin əksini görmüşdür”.

Təbii ki, yaratdığı əsərə, obrazlara, onların həyat tərzinə, ailədaxili münasibətlərə, məişət məsələlərinə müəllifin dünyagörüşü, elmi-fəlsəfi, ədəbi bilgilərinin səviyyəsi və mənimsədiyi məlumatların əhatə dairəsi ilə yanaşı, yaşadığı mühitin təsiri də yaradıcılıqda özünü göstərən məqamdır və bu baxımdan Nizami Gəncəvi əsərləri də istisna deyildir. Məhz elə buna görə də Nizamini fars dilində yaranmış ədəbiyyatda Azərbaycan üslubunun yaradıcılarından biri hesab edirlər. Bu üslubun ən fərqləndirici əlamətlərindən biri də məhz qadına, xüsusilə ailə daxilində anaya, yar-yoldaşa münasibət idi. Çünki türk ailəsində, türk təfəkküründə qadın yalnız bir sevgili və yaxud məişət güzəranının qayğısına qalan hüquqsuz bir kölə deyil, həm də bir qəhrəman, ağıllı məsləhətləri ilə yol göstərən, ailədə, bəzən hətta dövlət məsələlərində sözü keçən bir şəxsiyyət idi. Bunu hələ Nizami Gəncəvinin ilk məsnəvisi olan “Sirlər xəzinəsi”ndə də (Sultan Səncəri tənbeh edən qarının simasında), daha parlaq şəkildə “Xosrov və Şirin”in Məhin Banu və Şirin obrazlarında da görürük. Bu da təbii ki, Nizami düşüncəsinin türk qaynaqlarından, türk dastanlarından, “Kitabi-Dədə Qorqud”dan gələn bir motiv idi.

Nizaminin yaşayıb-yaratdığı dövrdə türk xalqlarının həyatında, eləcə də şairin doğma Gəncəsində qadınlar ailə daxilində heç də fağır, məzlum mövqe tutmurdular. Bunu o dövrün elmi-bədii, tarixi əsərləri də sübut edir. Məşhur Səlcuq vəziri Nizamülmülk “Siyasətnamə” əsərində türk qadınlarının digər xalqlara, məsələn, vəzirin özünün mənsub olduğu farslara nisbətən daha sərbəst, daha hökmlü olduqlarını, ailə və bəzən hətta dövlət məsələlərində sözünün, mövqeyinin daha çox dəyərləndirildiyini “təəssüflə” (A.Krımski) yazırdı.

Demək ki, Azərbaycan şairinin yaşadığı mühitdən, xalqının adət-ənənələrindən gələn və təbii olaraq onun əsərlərinə də nüfuz edən cəhət - qadına belə bir münasibət nə Nizamidən əvvəl, nə də uzun müddət sonra olmuşdur. Məsələn, Əmir Xosrov Dəhləvinin Şirini ilə müqayisələr aparmaq kifayətdir.

Bir məqamı də qeyd edək ki, Axsitandan “Leyli və Məcnun”u türksayağı, yəni o dövrdə dəbdə olan ibarələrdən fərqli olaraq təmiz, bəzək-düzəksiz türk dilində deyil, fars dilində yazmasına dair göstəriş alan şairin əsərində türk ruhunu daha çox qabartması bəlkə də məhz Axsitanın göstərşinə bir etiraz idi. Hətta əsərdə türk təfəkkürünün, həyat tərzinin, ailə-məişət münasibətlərinin təcəssümü o dərəcədə güclüdür ki, akademik Teymur Kərimli “ərəb əfsanəsi Nizami poemasına yalnız ad vermişdir” deməkdən çəkinməmişdir.

Nizamidən sonra fars və türkdilli ədəbiyyatlarda onlarca “Leyli və Məcnun”lar yazılsa da, bu əsərlərin hər birində gəncəli ustadın “şirin balı”ndan damlalar vardır. Təqdirəlayiq haldır ki, bu mövzuda yazan müəlliflərin özləri də bunu etiraf etmiş və Nizami “Xəmsə”sinə daxil olan bu dastanın mövzusuna müraciət etməyi, öz qələmlərini dahi şairin mövzu meydanında sınamağı özlərinə şərəf və məharət saymışlar. Nüşabə Araslı “Nizami və türk ədəbiyyatı” monoqrafiyasında bu barədə çox böyük fəxrlə qeyd edir ki, “türk ədəbiyyatında Nizami mövzularını işləyən bütün şairlər kimi, “Leyli və Məcnun” mövzusunda yazan bütün sənətkarlar da Nizamini mövzunun ilk yaradıcısı kimi hörmətlə xatırlamış, öz məhəbbətlərini bildirmişlər. Türk dilində qələmə alınan bütün “Leyli və Məcnun”larda Nizami əsəri bir örnək kimi yad edilir”.

Ədəbiyyat tariximizdə bu mövzunun ən önəmli tarixi məqamlarından biri də Azərbaycan dilində ilk “Leyli və Məcnun”un yaranması hadisəsidir. Qeyd edək ki, Azərbaycan ədəbiyyatşünaslığındakı son onilliklərdə aparılan araşdırmalar nəticəsində ana dilimizdə Məhəmməd Füzulidən əvvəl “Leyli və Məcnun” yazan XV-XVI əsr şairləri Zəmiri, Ətai və Həqirinin adları elm aləminə bəlli olmuşdur. Lakin mənbələr Zəmirinin Azərbaycan dilində “Leyli və Məcnun” yazdığını söyləsə də, şairin əsəri günümüzədək gəlib çatmamışdır. XVI əsr şairi Ətainin əsəri haqqında Qəzənfər Əliyev “Nizami mövzu və süjetləri Şərq xalqları ədəbiyyatında” (rus dilində) monoqrafiyasında bəhs etmiş və poema barədə ilk dəfə türk divan ədəbiyyatının görkəmli tədqiqatçısı A.S.Ləvəndin “Ərəb, fars və türk ədəbiyyatlarında “Leyla və Məcnun” hekayəsi” adlı əsərində məlumat verildiyini bildirmişdir. Nüşabə Araslı isə “XV əsr Azərbaycan şairi Ətainin “Leyli və Məcnun” əsəri” adlı məqaləsində bu barədə daha geniş bəhs etmiş və bəzi faktları dəqiqləşdirmişdir: “Ətai və onun məsnəvisi haqqında ilk dəfə görkəmli türk alimi O.Ş.Gökyay 1937-ci ildə Ülkü dərgisində məlumat vermişdir”. Lakin qeyd edək ki, Ətainin poemasının Nizaminin “Leyli və Məcnun” əsərinə çox yaxınlığı, hətta bəzi fəsillərin tərcümə edilməsi qənaəti və əsərin əldə olan nüsxəsinin də naqis olması səbəbindən dolayı Azərbaycan dilində yazılmış ilk “Leyli və Məcnun” kimi daha çox Həqiri Təbrizinin poeması araşdırmaya cəlb edilir. Tədqiqat obyekti olaraq məhz bu iki əsəri götürməyimizin də ən ümdə səbəbi elə budur.

 Anadilli “Leyli və Məcnun” müəllifi kimi söz-sənət aləmində yer alan Həqiri Təbrizi də özündən əvvəl bu mövzuda yazan şairləri - Nizami, Xosrov, Hatifini ehtiramla xatırlayır və əlavə edir:

 

Şimdi mən biçarə halü natəvan,

Acizü sərgəştə, dur əz xaniman.

Himmətini onların əzm edərəm,

Türk dilincə uş bunu nəzm edərəm.

 

Göründüyü kimi, Həqiri burada “Leyli və Məcnun” dastanını məhz türk dilində qələmə alacağını xususi vurğulayır.

Söz sənətkarlarının da ayrı-ayrı məqamlarda qeyd etdikləri kimi, Leylinin eşqi çox vaxt Məcnunun eşqinə bərabər tutulmuşdur. “Demə Məcnuna dəli, bəlkə də Leyla dəlidir” (Ə.Vahid), - misrası təbii ki, təsadüfən deyilməmişdir. Ayrıca, bu obraz xarakter olaraq da diqqətə və öyrənilməyə layiqdir. Biz də məsələyə məhz bu yöndən yanaşmağa, Leylinin xarakterindəki özəl keyfiyyətlərin genetik qaynaqları və xüsusiyyətlərindən, onun açılım məqamları və təzahürlərindən bəhs etməyə çalışacağıq. Bunun üçün hər iki əsəri süjet boyunca izləməyə gərək yoxdur. Çünki bütün “Leyli və Məcnun”larda ayrı-ayrı məqamlarda bu və ya digər dərəcədə fərqlər olsa da, ümumi süjet xətti, ideya demək olar ki, dəyişməz qalır. Həm də bir çox tədqiqatlarda - Xəlil Yusiflinin Həqirinin “Leyli və Məcnun” poemasının ilk nəşrinə yazdığı geniş ön sözdə, Sevinc Mahmudovanın “Həqiri Təbrizi və onun “Leyli və Məcnun” əsəri” dissertasiyasında və s. Nizami və Həqiri “Leyli və Məcnun”larının süjet xəttindəki oxşar və fərqli cəhətlər kifayət qədər geniş izah olunmuşdur.

Bütün bədii əsərlərdə qəhrəmanın xarakteri, onun sözün geniş mənasında “kimliyi” ən ekstremal məqamda, yəni hadisələrin kulminasiya zirvəsində açılır. Bu da təbiidir və real gerçəklikdə də eynilə bu cürdür. Yəni hadisələrin təbii axınında, bu və ya digər kiçik, güclü dəfolma tələb etməyən maneələrdə qəhrəman bir xarakter olaraq böyüyə, ideallaşa bilmir. Məsələn, bir haşiyə çıxaraq deyək ki, Məhcur Şirvaninin “Qisseyi-Şirzad” əsərində Şirzad bir qəhrəman, xarakterik aşiq obrazı kimi Məcnun, Fərhad, Vərqa zirvəsinə yüksələ bilmir. Səbəb aydındır: Şirzadın qarşısında onun “kimliyinin”, necə bir daxili gücə və dəyanətə malik olmasının açılması üçün kifayət qədər yetərli maneələr, çətinliklər dayanmır. Odur ki, bədii qəhrəmanın - aşiq və ya məşuqənin öz məqamında bir rəmzə, sədaqət və fədakarlıq simvoluna çevrilməsi, Yaşar Qarayevin sözlərilə desək, “eşqi və vəfanı da həqiqi bir qəhrəmanlıq, kamal və hünər səviyyəsinə qaldıra” bilməsi üçün müəllif onu mütləq elə bir situasiyaya salmalı, elə bir ekstremal şəraitdə təsvir etməlidir ki, obrazın xislətindəki keyfiyyətlər, yəni daxili “mən”i üzə çıxsın və o, bir xarakter olaraq yüksələ bilsin.

“Leyli və Məcnun” əsərində də belə bir məqam, hadisələrin kulminasiya nöqtəsi Leylinin İbn Səlama ərə verilməsi hadisəsidir. İbn Səlama qədər sevgililərin görüşünə mane olan obyektlər onunla müqayisədə çox cılızdırlar və nə qədər qatı, ehkamlaşmış iddialarla bu sevgiyə qarşı çıxsalar da, dəf olunan, keçilə biləndirlər. Lakin o zamankı cəmiyyətin bütün sferalarda Məcnundan üstün hesab etdiyi İbn Səlam real və konkret rəqibdir, əğyardır. Y.Bertels yazır ki, “İbn Səlamla yüngülcə bir toqquşma şairə yalnız onun üçün lazım idi ki, məşuqənin aşiqinə sədaqətini göstərəydi”. Həm də qeyd edək ki, bu epizodda təkcə Leyli imtahana çəkilmir, burada Məcnun da, İbn Səlamın özü də sınaqdan keçirilir. (Tofiq Hacıyevin İbn Səlama həsr olunmuş məqaləsində bu obraz çox fərqli və orijinal mövqedən təhlil olunur və hətta Məcnundan daha cəfakeş bir surət kimi təqdim edilir.) Sabir Əliyev bu qarşılaşmadakı incə məqama toxunaraq yazır: “...qəribə də olsa, bu görüşdə sanki iki adam yox, üç adam iştirak edir və imtahan verir: Məcnun, Leyli, İbn Səlam. Bu epizodda Məcnunun məhəbbəti, Leylinin sədaqəti, İbn Səlamın isə bunlara münasibəti imtahana çəkilir”.

“Leyli və Məcnun”ların əksəriyyətində bu düyünün həllində Nizami təsiri özünü göstərir. Doğrudur, tədqiqatçılar Nizaminin Leylisinin “özünü müdafiə üsulunu” heç də həmişə təqdir etmirlər: İbn Səlama şillə vurmasını Leyliyə yaraşdırmayan və bu səhnənin oxucunu kifayət qədər inandırmadığını söyləyənlər də var. Bu mülahizələr nə qədər real görünsə də, Nizami yaradıcılığını bütöv halda götürüb məsələyə şairin qadın qəhrəmanlarının ümumi fonunda nəzər salsaq, Leylinin bu cürətinin haradan qaynaqlandığını aydın görmək olar.

Leylidən əvvəl Nizami Şirini, Məhin Banunu yaratmışdı, daha sonra isə Fitnəni, Nüşabəni... Zənnimizcə, Leyliyə məhz bu obrazların fonunda qiymət verilməli, ona məhz Nizami qəhrəmanı kimi, hələ XII əsrdə cəmiyyətdə, həyatın bütün səviyyələrində, istər döyüş meydanında, at çapmaq, qılınc vurmaqda, istər ağıl, zəka savaşında, istərsə də məişətdə, lap elə sevgi münasibətlərində də qadın-kişi hüquqlarının bərabərliyi ideyasını irəli sürən mütəffəkir şairin canlandırdığı obraz olaraq yanaşmaq lazımdır. Nizaminin Leylisinin hünərindən cəsarət alan Həqirinin Leylisi fiziki gücdən istifadə etməsə də, çox cəsarətli bir addım atır: Məcnunu sevdiyini açıq söyləyir.

 

Leyli der: - Məcnundan özgə kimsəni

Etməzəm həmrah, bilür rəbbi-qəni.

 

Hər iki obrazın xarakterindəki bu cəsarət qəhrəman türk ruhundan doğan bir keyfiyyət idi. Bir məqama diqqəti yönəltmək istərdik: Sevinc Mahmudova çox incə mətləbə toxunaraq yazır: “Füzulinin Leylisi... əsl müsəlman aləminin Leylisidir. O, ərinə açıq şəkildə etirazdan çəkinir, qorxur. Lakin ürəyindəki ülvi eşqin gücü onu yalan uydurmağa və quraşdırdığı nağıla İbn Səlamı inandırmağa məcbur edir”. Füzulinin Leylisinin yalan danışıb-danışmaması məsələsini bir kənara qoyaq (buna ən yaxşı cavab Sabir Əliyevin “Füzulinin Leylisi” məqaləsidir). Bizə maraqlı olan tədqiqatçının bunu Füzulinin ərəb mühitində yaşaması və bu mühitin təsiri ilə izah etməsidir. (Təbii ki, Füzulinin bu düyünü məhz belə həll etməsinin başlıca səbəbi şairin poemasının sırf sufi-təsəvvüfi əsər olması idi) Sabir Əliyev də bununla Füzulinin “Leyli-Məcnun hekayətinin islam koloritini” qoruduğunu bildirir. Maraqlıdır ki, Nüşabə Araslı yazır: “Onun (Leylinin - T.B.) öz əri İbn Səlamın qarşısındakı cəsarətli rəftarı türk dilində yazılmış bütün “Leyli və Məcnun”larda (kursiv bizimdir - T.B.) (Füzulini istisna etməklə) eynilə təkrar edilmişdir... Türk poemalarında bu motivin təkrar edilməsi isə böyük şairin qabaqcıl ideyalarının türk bədii ədəbiyyatında rəğbətlə davam etdirilməsi deməkdir. Deməli, sonrakı dövrün türk şairləri bir qədər də irəli gedərək Nizaminin Leylisinin cəsarətinə cəsarət qatmışlar.

Qədim türk dastanlarında da əksini gördüyümüz kimi, ta uzaq keçmişdən, hətta islamdan çox-çox əvvəllər belə türk dünyasında qadının yeri, cəmiyyətdəki mövqeyi, qardaşı, atası, əri, oğlu ilə çiyin-çiyinə dayanması bu şairlərin genetik yaddaşından süzülüb gələrək bədii yaradıcılıq məhsullarında əksini tapmışdır. Nizami Leylisinin milli mənsubiyyəti məsələsini araşdıran Pənah Xəlilov hətta Leylinin ailəsindəki münasibətləri də qabardır, bu münasibətlərdə qadına, qıza qarşı duyulan böyük hörmət və ehtiramdan bəhs edir: “Atanın öz qızı və külfəti ilə rəftarında türk dastanlarında rast gəldiyimiz mehriban ailə münasibətlərinə oxşar bir yaxınlıq, bir qədər açıqlıq özünü göstərir. ...bu rəftarın özündə türk məişət münasibətləri, qadına, övlada, qıza türk ailə başçısının şəfqəti qalmaqdadır”.

Göründüyü kimi, Nizami başda olmaqla türk sənətkarlarının, o cümlədən də Həqirinin müxtəlif dövrlərdə yaşamalarına, bir-birlərindən neçə yüzillik bir zaman məsafəsində dayanmalarına baxmayaraq, təfəkkürlərindəki mənəvi-ruhi yaxınlıq, başqa dillərdə yazmalarına rəğmən bu və ya digər məqamlarda özünü büruzə verən genetik bağlar, daha dəqiq desək, türk ruhu Leyli (qadın) obrazına yanaşmada özünü xüsusilə göstərir. Tədqiqat nəticəsində əldə olunan əsas qənaət budur ki, ölməz Nizami də, onun layiqli xələfi Həqiri də mövzunu ərəb əfsanəsindən götürsələr də, böyük bəşəri dəyərlərə köklənsələr də, məxsus olduqları xalqın təfəkkürü və genetik yaddaşlarındakı səciyyəvi cizgilər hər iki sənətkarın yaradıcılıq məhsuluna yansımışdır.  

           

Təhminə BƏDƏLOVA,

filologiya üzrə fəlsəfə doktoru, dosent

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video