13 Aprel 2022 01:52
1748
SİYASƏT
A- A+

NƏYİ GÖZLƏYİRSİNİZ...

 

Qələbə var, tərənnümü isə zəifdir

 

Həyatda möcüzəyə bənzər, möcüzə təsiri bağışlayan hadisələr çox olur!

Adətən belə hadisələr insanlarda heyrət, xoş mənada təəccüb və heyranlıq duyğuları yaradır!

Baş verən möcüzə həyatımızla, ümumi, milli maraqlarımızla bağlı olduqda hədsiz dərəcədə sevinir, qürur və fəxarət hissi duyur, həmin möcüzəni yaradanlara sonsuz təşəkkür və minnətdarlığımızı bildiririk.

Təşəkkür və minnətdarlığın forması isə çoxsaylıdır, müxtəlifdir.

MƏSƏLƏN:

* Adi insanlar öz duyğularını xoş sözlərlə;

* Yazıçılar və şairlər yeni yaratdıqları roman, povest, şeir və poemalarla;

* Jurnalistlər müxtəlif janrlı yazılarla;

* Rəssamlar tablolarla;

* Bəstəkarlar yeni bəstələri ilə;

* Dramaturqlar dram əsərləri ilə;

* Kino işçiləri isə müxtəlif sənədli, bədii və televiziya filmləri ilə, başqa sözlə, hər sənətin öz ifadə vasitəsilə münasibət və minnətdarlıqlarını bildirirlər, həm də bu möcüzənin təsirini uzadaraq əbədiləşdirirlər.

Azərbaycan xalqı uşaqdan böyüyədək belə bir möcüzənin 2020-ci ilin 44 günü ərzində şahidi oldu!

Həm də yaşadı!

* Xoşbəxtcəsinə yaşadı!

* Sevinərək yaşadı!

* Qürur duyaraq yaşadı!

* Qəhrəman şəhidlərini ağlayaraq yaşadı!

Bütövlükdə bu möcüzəni bizə, həm də dünya azərbaycanlılarına, bütün Azərbaycansevərlərə Müzəffər Ali Baş Komandan İlham Əliyev yaşatdı!

İlham Əliyev XXI əsrin ən yeni müharibəsini apardı!

İlham Əliyev 44 gün ərzində düşmən ordusunu məhv etdi!

İlham Əliyev Ermənistanı öz qarşısında diz çökdürdü, "dəmir yumruğ"u ilə belini sındırdı!

İlham Əliyev aman diləyən, ona-buna yalvaran, daban yalayan düşmənə kapitulyasiya aktını imzalatdırdı!

İlham Əliyev təkcə döyüş meydanında deyil, diplomatiya və informasiya müharibəsində də düşmənə qalib gəldi!

İlham Əliyev bu müharibədə təkcə Ermənistanı, dünya erməniliyini deyil, Ermənistanın müdafiəçilərini və havadarlarını da məğlubiyyətə uğratdı!

İlham Əliyev 30 il ərzində BMT-nin, ATƏT-in, digər beynəlxalq qurum və təşkilatların görməli olduğu, lakin görə bilmədiyi işi 44 gün ərzində həyata keçirdi!

İlham Əliyev 44 gün ərzində əsl möcüzə yaradaraq Azərbaycan xalqının ən ülvi, ən müqəddəs arzusunu gerçəkləşdirdi!

İlham Əliyev xalqımızı qalib xalqa, dövlətimizi qalib dövlətə, vətəndaşlarımızı məğrur və qürurlu insanlara çevirdi!

Beş əsrdə ilk dəfə olaraq Azərbaycan itirilmiş torpaqlarını geri qaytardı!

İkiəsrlik Qarabağ münaqişəsinə müvəffəqiyyətlə yekun vuruldu!

Status da, ATƏT-in Minsk qrupu da tarixin arxivinə göndərildi!

Otuz il yurd həsrəti çəkən, bir çoxları ağır və çətin vəziyyətdə yaşayan, ikili standartların ağrı-acısını daşıyan insanlarımızı xoşbəxt günlərə çıxardı!

Müharibənin gedişində çoxsaylı müraciətlər etdi, bəyanatlar verdi, dünya KİV-inin, qəzetlərin və telekanalların suallarını cavablandırdı!

Biz hamımız evimizdə, rahat kreslomuzda oturaraq müharibənin gedişini əks etdirən epizodlara baxdıq, düşmənin canlı qüvvəsinin, zirehli texnikasının, silah-sursatının necə məhv edilməsini izlədik!

Bütün bunlar möcüzə deyilmi?!

Bütün bunlar tarix deyilmi?!

Bəs bu möcüzələri bədii ədəbiyyatda, kino sənətində, televiziya filmlərində, rəssamlıq və musiqidə necə əks etdiririk, şərəf tariximizə çeviririkmi?!

İndiki və gələcək nəsillərə nə sayaq çatdırırıq?!

Qısaca desək, çox zəif və yarıtmaz!

Əslində, epizodik şəkildə, bəzən isə bəsit formada!

Axı bu, 5 əsrdə bir dəfə baş verən hadisədir!

Axı bu, 2 əsrlik münaqişəyə cəmi 44 gündə son qoyulmasıdır!

Axı bu, Azərbaycan əsgər və zabitlərinin kütləvi qəhrəmanlığı və rəşadətidir!

Axı bu, şəhidlərimizin müqəddəs qanı ilə qazanılan möhtəşəm zəfərdir!

Bu, bir reallıqdır ki, Azərbaycan yazıçıları Qarabağ münaqişəsi ilə bağlı xalqımıza olan qələm borclarını indiyədək tam ödəməyiblər!

Barmaqla sayılacaq qədər az miqdarda povest, hekayə, dram əsərləri yazılsa da, ortada fundamental əsərlər hələ də yoxdur!

NİYƏ, NƏ SƏBƏBƏ?!

Ötən əsrin doxsanıncı illərində yazıçılar söylədilər ki, hələ müharibə təzə başlayıb. Gərək bir qədər keçə, müəyyən hadisələr baş verə, biz isə onları yaradıcılıq süzgəcindən keçirərək yeni əsərlər yazaq!

I Qarabağ müharibəsi qurtardı!

Xocalı, Qaradağlı, Ağdaban, Bağanis-Ayrım... soyqırımları baş verdi!

Bu dəhşətləri bədii ədəbiyyatda əks etdirən, ürəyimizcə yazılan kifayət qədər əsər görmədik!

Belə getsə, heç görməyəcəyik də!

Yaşlı yazıçılarımız söz verdikləri əsərləri yazmadan dünyadan köçüb getdilər!

Cavan yazarların özlərindən müştəbehlikdən başqa əllərindən bir şey gəlmir!

Qələmi, istedadı olanlar sanki kimdənsə sifariş, tapşırıq gözləyirlər!

Heç kim heç kəsi bəyənmir, ortada isə sanballı, necə deyərlər, ürəkdən tikan çıxaran əsərlər hələ də yoxdur!

Lap gülməlidir, erməni yüz ildən çoxdur yalandan "soyqırımı" "həqiqətlərini" uydurur, çoxsaylı əsərlər yazır, yaradır, dünyanı öz yalanlarına inandırır, biz isə "cavanlarla" "qocaların" çəkişməsinə, bir-birini bəyənməməsinə baxmaqla kifayətlənməli oluruq!

Halbuki sənətin, sənətkarın borcu özünü əsərlərində təsdiq, istedadını sübut etməkdir!

Reallıqda isə bunlar görünmür!

Azərbaycan yazıçısı, üzümü sənə tuturam:

Vətənə, Azərbaycan xalqına olan yazıçı, vətəndaş borcunu nə zaman qaytaracaqsan?!

***

Televiziya öz auditoriyasına görə bütün sahələri üstələyir, imkanları genişdir!

Müzəffər Ali Baş Komandan İlham Əliyevin müraciət və açıqlamaları sayəsində Azərbaycan televiziyası hərbi əməliyyatların davam etdiyi dövrdə xalqa müharibə ab-havasını duydura bildi!

Geniş informasiyalar verdi, müharibəni, necə deyərlər, evimizə gətirdi!

Bu gün də müharibə qəhrəmanları, şəhidlərimiz barədə az-çox maraqlı verilişlər yaradılır!

Lakin şairlərin tək-tük poemalarından, uğurlu yazılardan hazırlanan parlaq kliplər görmədik!

Halbuki sözlə təsvirin vəhdətindən yaranan belə kliplər daha təsirli, daha uğurlu alınır!

Standart, basmaqəlib verilişlər sizi bezdirmədimi?!

Özəl telekanalların hər birində gün ərzində bir neçə saat çəkən, baş qəhrəmanları isə milli-mənəvi dəyərlərimizi pozan, adət-ənənələrimizə utanc gətirən insanlar olan verilişlər nə vaxtadək "reytinqli" hesab olunaraq kimlərinsə cibinə xidmət edəcək?!

Bəs deyilmi?!

Əgər olub-qalan dəyərlərimizi də gəlirə qurban veririksə, maddi marağı mənəviyyatdan üstün tuturuqsa, onda kimə və nəyə xidmət etmiş oluruq?!

Sovet dövründə yaranmış elə televiziya filmləri var ki, bu gün də maraqla baxılır!

Niyə belə filmlər çəkmirsiniz?

Nəyiniz çatmır?

Bütün dünya 44 günlük Zəfər müharibəsinə heyranlığını söyləyir, bütün dünya müharibə dövrü taktika və strategiyamızı öyrənib tətbiq edir, biz isə hələ də ekranlarımızı toy müğənnilərindən xilas edə bilməmişik!

Ağsaqqalımız da, ağbirçəyimiz də, ağıllımız da, ziyalımız da, hamıya göstərilən nümunəmiz də yalnız onlardır!

Niyə hələ də qəhrəman əsgər və zabitlərimiz filmlərimizin baş qəhrəmanına çevrilməyib?

Niyə ordu həyatı, Azərbaycan əsgərinin hünəri, rəşadəti, cəsarəti maraqlı filmlərə çevrilməyib?

Azərbaycanın xüsusi təyinatlısı keçilməz cığırlardan keçərək, sıldırım qayalardan dırmaşaraq, əsgər xəncəri, beli ilə döyüşərək əlbəyaxa davada Şuşanı düşməndən azad etdi!

Bütün dünya Şuşa əməliyyatına heyranlığını bildirir!

Biz isə hələ də bu barədə çəkilən fərli-başlı televiziya filminə baxa bilməmişik!

Ssenaristlər, studiyalar hara baxır, nə işlə məşğuldurlar?!

***

Sovet dövrünün "davalı" kinoları bizim ən yaxşı uşaqlıq xatirələrimizdir!

Hər filmə bir neçə dəfə baxsaq da, doymazdıq!

Filmlərdə reallıq da vardı, gop da!

Amma Vətən sevgisinin, qorxmazlığın, döyüşkənliyin, əsl mənəviyyatın tərənnümü daha qabarıq görünürdü.

Əvvəlcə "Fəryad", sonra "Dolu" filmini görəndə bir az ürəyimizə su səpildi!

Dedik, yəqin ki, bunlardan da yaxşıları çəkiləcək!

Bəs hanı, haçan çəkiləcəkdir!

Hələ də həmin filmlər ən yaxşısı sayılır, bəlli günlərdə bütün telekanallarda nümayiş olunur!

Onlar çəkilməsəydi, deməli, ekranlar boş qalacaqdı?

Kinonu bilən, bu mürəkkəb sahədən baş çıxaran rejissor, operator, ssenarist, aktyorlardan az-çox qalıb!

Onlar da işsizdir!

Hərdən eşidirik ki, hansısa Azərbaycan filmi hansısa müsabiqədə yaxşı yer tutub!

Sonradan həmin filmləri görürük!

Belə də ...

Bu 30 ildə niyə hərbi mövzuda fərli-başlı bir bədii film çəkilmədi?

Yaxşı, tutaq ki, məğlub olmuşduq.

Axı indi qalib xalqıq, ordumuz, döyüşçülərimiz bütün dünyaya nümunədirlər!

Niyə bütün baş verənlər kino lentlərində yoxdur?

Onu kim çəkməlidir?

Kim bu işlə məşğul olmalıdır?

Kim məsələ qaldırmalıdır?

Kim, kim, kim?!

Pulumuz yoxdur?!

Nə vaxt ortaya ssenari qoyub pul istədiniz verən olmadı?

Niyə bütün ölkələr Hollivudla birgə dünya miqyasına çıxan filmlər çəkir, biz isə bunu bacarmırıq?

Nəyimiz çatmır?

Müzəffər Ali Baş Komandanın qüdrətini, ordumuzun qəhrəmanlığını, xalqımızın rəşadətini biz yazmasaq, biz çəkməsək, biz əbədiləşdirməsək, bunu kim edəcəkdir?!

Niyə sənət adamlarının canındakı yanğı tükənib?!

Niyə deyinməklə, gileylənməklə işimizi bitmiş sayırıq?!

Əgər bu işə mane olanlar, vəzifəsinin məsuliyyətini lazımınca dərk etməyənlər varsa, niyə bunun ağrısını qəhrəman ordumuz, müzəffər xalqımız çəkməlidir?!

Deyəsən, çatmayan başlıca məsələ vətəndaş mövqeyidir!

***

Rus bəstəkarı Dmitri Şostakoviçin möhtəşəm IV simfoniyası var.

Deyirlər, müharibə dövründə Leninqrad şəhərinin mühasirəsinə həsr olunub.

Qəhrəmanlıq simfoniyasıdır və dünyanın bütün məşhur musiqi salonlarında səsləndirilib!

Vaxtilə Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin, Arif Məlikovun simfonik əsərləri də dünyanı gəzib, ürəkləri fəth edib.

Sovet dövrünün bir dəbi də əmək qəhrəmanlarına - çobana, mexanizatora, pambıqçıya mahnılar həsr olunması idi!

Bəzən hətta belə mahnılar populyarlaşırdılar da!

İndi simfoniya yazanımız yoxdur!

Neynək...

Sadə əmək adamlarına da mahnılar qoşulmur.

Dolanışıq üçün, toylarda oxunmaq üçün kifayət qədər "nay-nay"larımız isə boldur!

Yaxşı, niyə ürəkləri fəth edən əsgər mahnıları, marşlar yoxdur!

Pul az ayrılırsa, onda artırın!

Müsabiqələr keçirin!

Əgər biz qəhrəman şəhidlərimizə, qalib əsgərlərimizə, igid döyüşçülərimizə mahnılar həsr etməyəcəyiksə, onda bunu kim edəcək?

Axı biz QA-LİB-LƏ-RİK!

Qalibi tərənnüm edərlər, qalibi vəsf edərlər, şəninə şeir yazıb, mahnı bəstələyərlər!

Bunların da "beyin süzgəcindən" keçirilməsi üçün 20-30 il vaxt gərək olacaq?!

Rəssamlardan, heykəltəraşlardan da bu mövzuda əsərlər gözləyirik!

***

Qarabağın viran qoyulmuş torpaqlarında, xarabalıqlar fonunda çalıb oxumaq hələ sənət deyil!

Belə kliplər heç sənət nümunəsi də sayılmır.

"Quş" qoymaq üçün müəyyən verilişlər də hazırlamaq mümkündür.

Xalqımıza isə bütün janrlarda əsl sənət nümunələri, dünyaya çıxarıla biləcək əsərlər lazımdır.

Dünən məcburi köçkünlərə borclu qalaraq onların məşəqqətli həyatlarından ortaya fərli-başlı bir şey çıxara bilmədik.

Bu gün isə bu müharibəni aparanlara, döyüşənlərə, şəhid olanlara, qəhrəman xalqımıza borclu qalmağın yalnız bir adı olacaqdır:

ÜZ QARALIĞI!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video