20 Dekabr 2022 02:02
1202
SİYASƏT
A- A+

Neft, qaz, elektrik enerjisi…

 

Azərbaycan Avropanın etibarlı təchizatçılarından birinə çevrilir

 

Dekabrın 17-də Azərbaycanla Avropa İttifaqı arasında enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edən əlamətdar hadisə baş verdi.  
Rumıniyanın paytaxtı Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalandı. Prezident İlham Əliyevin dediyi kimi, bu gün biz Avropaya digər enerji körpüsünü salmağa başlayırıq.

 

Gələn il Azərbaycan Avropaya təxminən 24 milyard kubmetr təbii qaz ixrac edəcək

 

Azərbaycanın neftlə başlanan enerji siyasəti uğurla davam edir. "Əsrin müqaviləsi" ilə yaradılan möhkəm enerji təməli bu gün ölkəmizin inkişafına,  xalqımızın firavanlığına xidmət edir, dövlətimizin qarşısına qoyduğu hədəflərə doğru inamla irəliləməsi üçün böyük imkanlar yaradır.  Bakı-Tbilisi-Ceyhan kəməri ilə dünya bazarlarına ixrac olunan neftimiz bir sıra dövlətlərin enerji təhlükəsizliyini təmin edir. Bir neçə il əvvəl "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının işlənilməsi üzrə xarici neft şirkətləri ilə imzalnan yeni saziş göstərdi ki, Azərbaycan hələ bundan sonra da neftlə bağlı müzakirələrdə söz sahibi olan dövlətlərdən biri kimi çıxış edəcək.
Neftlə yanaşı, Azərbaycan təbii qazla da zəngindir. Ötən illərdə Prezident İlham Əliyevin qətiyyətlə həyata keçirdiyi enerji siyasəti nəticəsində Xəzərin təbii qaz ehtiyatlarının emalı və ixracı istiqamətlərində tarixi layihələr uğurla reallaşıb. İndi "Şahdəniz" yatağından hasil olunan təbii qaz "Cənub qaz dəhlizi" vasitəsilə Avropa İttifaqı bazarlarına ixrac olunur. Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması mərasimi ilə bağlı plenar iclasda çıxışında Prezident İlham Əliyevin Azərbaycanın qaz ixracı ilə bağlı diqqətə çatdırdığı rəqəmlər ölkəmizin Avropa bazarlarındakı mövqeyinin ildən-ilə yüksəldiyini göstərir. Belə ki, ötən il Azərbaycan Avropa İttifaqı bazarına 8,2 milyard kubmetr təbii qaz ixrac edib. 

Bu il isə bu rəqəm 11,3 milyard kubmetr, növbəti il ən azı 11,6 milyard kubmetr təşkil edəcək. Gələn il Azərbaycandan ixrac ediləcək təbii qazın ümumi həcmi təxminən 24 milyard kubmetr olacaq. 2021-ci ildə bu, 19 milyard kubmetr təşkil edirdi.
Hazırda enerjiyə tarixdə görünməmiş dərəcədə ehtiyac duyan Avropa indiyə qədər həyata keçirilmiş əməkdaşlıq çərçivəsində Azərbaycanın bu sahədə etibarlı tərəfdaş olduğunu dəyərləndirir. Bu ilin iyul ayında Bakıda imzalanan "Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" da Azərbaycana inamın və ölkəmizlə edilən tərəfdaşlığa verilən önəmin göstəricisidir. Artıq həmin sənədin icrasına başlanılıb.

 

2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə güc yaradılacaq

 

Dekabrın 17-də isə Azərbaycanla Aİ arasında "yaşıl enerji" sahəsində əməkdaşlığın təməli qoyuldu. Bununla bağlı dialoq bir müddət əvvəl başlayıb. 2022-ci ilin iyulunda imzalanmış Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunda bu məsələ də öz əksini tapıb. 
Qeyd edək ki, müasir  dünyanın üzləşdiyi çağırışlar və qlobal enerji balansındakı dəyişikliklər dayanıqlı, xüsusən yaşıl və hidrogen enerji güclərinin artırılmasını gündəmə gətirib. İnkişaf etmiş dövlətlərin, Avropanın qarşıya qoyduqları iqlim hədəflərindən biri "yaşıl enerji" keçidini sürətləndirməkdədir. 
Azərbaycanda yaşıl və hidrogen üçün əlverişli münbit mənbələr var. İndiyədək neft-qaz sektorunda enerji layihələrini uğurla həyata keçirən ölkəmizdə bu istiqamətdə konkret hədəflər də müəyyən edilib. Bu məsələ "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də öz əksini tapıb. 2030-cu ilədək olan dövrdə "yaşıl artım" ölkəsinə çevrilmək sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması ilə bağlı mühüm vəzifələr müəyyən edib.  
Buxarestdə plenar iclasda çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycanın bərpaolunan enerji sahəsində 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə güc yaratmağı planlaşdırdığını bildirib: "Azərbaycanın bərpaolunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Ölkəmizin strateji investorlarının biri ilə biz 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırırıq. Onların 80 faizi ixrac olunacaq. Biz 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırırıq".
Ölkəmizdə mövcud olan sabitlik, iqtisadi inkişaf, müasir infrastruktur, əlverişli biznes mühiti və böyük enerji potensialı bərpaolunan enerji növlərinin istehsalı və ixracı sahəsində geniş perspektivlər yaradıb. Bu amillər Azərbaycanın enerji sahəsində böyük təcrübəsi olan şirkətlərlə birlikdə bərpaolunan yeni enerji güclərinin yaradılmasına hədəflənən iri layihələr həyata keçirməsinə yol açıb. Belə ki, bu ilin yanvar ayında ölkəmizdə Səudiyyə Ərəbistanını təmsil edən "ACWA Power" şirkəti ilə 240 meqavat gücündə külək-elektrik stansiyasının təməli qoyulub. Mart ayında Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş-Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Bir neçə gün əvvəl isə Energetika Nazirliyi və Avstraliyanın Fortescue Future Industries (FFI) şirkəti arasında Azərbaycanda bərpaolunan enerji layihələri və "yaşıl hidrogen"in potensialının öyrənilməsi və inkişafı üzrə birgə əməkdaşlığa dair çərçivə müqaviləsi imzalanıb. Müqavilə Azərbaycanda bərpaolunan enerji və "yaşıl hidrogen"in istehsalı üzrə ümumi gücü 12 QVt-dək layihələrin araşdırılması və reallaşdırılmasını nəzərdə tutur.
Enerji təhlükəsizliyi hazırda dünyada ən aktual müzakirə mövzularındandır. Ən mühümü odur ki, enerji təhlükəsizliyi dövlətlərin təhlükəsizliyinin əsas elementlərindən birinə çevrilib. Xüsusən Avropa dövlətləri, eləcə də Avropa İttifaqına üzv dövlətlər öz enerji təhlükəsizliklərinə daha həssas yanaşır, bu məqsədlə alternativ enerjiyə ehtiyac duyurlar. Bu sırada bərpaolunan enerji mənbələrinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Bu sahədə nəhəng layihələr reallaşdıran Azərbaycanda nəticə etibarilə "yaşıl enerji"yə keçid uğurla təmin ediləcək. Bununla da neft və təbii qazdan sonra Azərbaycan "yaşıl enerji" sahəsində də qlobal miqyasda söz sahibinə çevriləcək.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video