28 Iyun 2022 22:29
515
SİYASƏT
A- A+

Naxçıvan Beynəlxalq Hava Limanında yeni teleskopik trapın və maşın-mexanizmlərin təqdimatı olub  

 

Naxçıvan Beynəlxalq Hava Limanının maddi-texniki bazası gücləndirilib, yerli və beynəlxalq uçuşların təhlükəsiz təşkili təmin olunub. Aparılan quruculuq işləri, müasir infrastrukturun yaradılması hava limanında xidmətin səviyyəsini xeyli yüksəldib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 28-də Naxçıvan Beynəlxalq Hava Limanında yeni teleskopik trapın və maşın-mexanizmlərin təqdimatı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov hava limanında aparılan tikinti-quraşdırma işləri ilə maraqlanıb, maşın-mexanizmlərə baxıb.

Qeyd olunub ki, sərnişinlərin qarşılanması və yola salınması zamanı hava limanına gələn şəxslərin rahatlığını təmin etmək üçün aerovağzal kompleksinin Şərq və Qərb terminallarının girişində çardaq tikilib. Həmçinin artan tələbata uyğun olaraq “UBS Airport Systems” şirkəti tərəfindən yeni teleskopik trap quraşdırılıb. Teleskopik trap sərnişinlərin təyyarəyə minməsi üçün körpü, təyyarəni elektrik enerjisi ilə qidalandıran və mühərriki hava ilə işəsalma qurğusundan ibarətdir. Yığılmış vəziyyətdə uzunluğu 16,5, tam açılmış vəziyyətdə isə 37,5 metr olan teleskopik trap üçün 48 metrlik keçid yolu inşa edilib. Keçid yolu 6 müxtəlif ölçüdə soyuducu və qızdırıcı sistem, 5 kamera, 8 yanğın detektoru və səsverici avadanlıqla təchiz edilib.

Hava limanına 1 ədəd elektrobus, 2 baqajçəkmə traktoru və 2 baqajyükləyici avtokonveyer alınıb. 22-si oturacaq, 36-sı ayaqüstü olmaqla, 58 sərnişin yerlik elektrobusun sürət həddi saatda 70 kilometr, dolu batareya ilə gedilən məsafəsi 160-210 kilometrdir. Baqajçəkmə traktorlarının hər birinin yükçəkmə qabiliyyəti 4 ton, baqajyükləyici avtokonveyerin yükgötürmə qabiliyyəti isə 2 tondur.

Bildirilib ki, teleskopik trapı gərginliklə təmin etmək üçün yeni transformator binası tikilib, binada transformator, requlyator və generator, 4 video-nəzarət, 4 yanğın detektoru, kondisioner quraşdırılıb. Hava limanında elektriklə işləyən avtomobilləri enerji ilə təmin edən cihaz quraşdırılıb ki, bu da digər avtomobillərə də xidmət göstərəcək.

Görülən işlərlə tanışlıqdan sonra kollektivlə görüş olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Prezident İlham Əliyevin tapşırığı və Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2021-ci il iyunun 23-də Naxçıvan Beynəlxalq Hava Limanı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyinə verilib. Bu müddətdə Naxçıvan Beynəlxalq Hava Limanında müxtəlif işlər həyata keçirilib. İstifadəyə verilən üçüncü teleskopik trap və yeni alınmış texnika da bu tədbirlərin davamıdır. Hava limanında bu işlərin görülməsi vacib idi. 2022-ci ilin ötən dövründə Naxçıvan Beynəlxalq Hava Limanında yerli hava xətti üzrə 175 minə yaxın, beynəlxalq hava xətti üzrə isə 3500-ə yaxın sərnişin daşınıb. Sərnişin və təyyarələrin sayının artması xidmətin də müasir tələblərə uyğun qurulmasını zəruri edir. Muxtar respublikada hava nəqliyyatı sahəsində sərnişin sıxlığı iyun-avqust ayları arasında daha çox olur. Ona görə də Naxçıvan Beynəlxalq Hava Limanının öz vəsaiti hesabına qısa müddətdə maşın-mexanizmlər alındı, tikinti işləri aparılaraq sərnişinlərin rahatlığı təmin olundu.

Ali Məclisin Sədri kollektivi təbrik edərək bu işləri həyata keçirənlərə öz təşəkkürünü bildirib və qurulanların qorunması, sərnişinlərə nümunəvi xidmət göstərilməsi barədə tapşırıqlar verib.

Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli kollektiv adından göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib, bundan sonra da hava nəqliyyatının inkişafı sahəsində səylə çalışacaqlarına söz verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video