26 Iyun 2022 02:45
1148
SİYASƏT

Müzəffər, qüdrətli, modern

 

104 yaşlı Azərbaycan Ordusu dünyanın ən güclüləri sırasındadır

 

26 İyun - Qafqazın ən güclü, ən hazırlıqlı ordusunun şərəf günüdür!

Hərb salnaməmizdə parlaq səhifə açan Silahlı Qüvvələrin qürur tarixidir!

Bu gün 104 yaşını fəxarətlə qeyd etdiyimiz Müzəffər Ordunun yazdığı Zəfər tarixinin təntənəsini yaşamaqdayıq. Cənubi Qafqazda 200 illik münaqişəyə, 30 illik işğala son qoyan qüdrətli Azərbaycan Ordusu ildönümünü qalib qüvvə kimi qeyd edir.

 

Gücümüzün simvolu

   

"Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək".

Müzəffər Ali Baş Komandan İlham Əliyevin vaxtilə torpaqlarımız işğal altında olarkən səsləndirdiyi bu fikirləri bəlkə də o vaxt çoxları xəyal kimi qəbul edirdi. Amma zaman göstərdi ki, o fikirlər söz xatirinə səsləndirilən fikirlər deyildi, Ali Baş Komandan tərəfindən deyilən bu sözlərin arxasında böyük həqiqətlər dayanırdı. Çox keçmədi ki, sözü imzası qədər keçərli olan İlham Əliyev yaratdığı Müzəffər Ordu ilə əsl sərkərdə məharətini dünyaya nümayiş etdirdi. Beynəlxalq birliyin ən böyük təşkilatı olan BMT-nin çıxardığı və icrasını yerinə yetirə bilmədiyi qətnamələri İlham Əliyev cəmi 44 gün ərzində həll etdi və bununla da tarixi ədalət bərpa olundu. Bacarıqlı, təcrübəli komandanlıq altında idarə edilən döyüşlərə atılan cəsur hərbçilərimiz düşmənin illərlə hazırladığı eşelonlaşdırılmış müdafiə xəttini qısa müddətdə yararaq irəliləməyə başladı. Döyüş meydanından vahimə içində qaçan düşmənin yüzlərlə müxtəlif döyüş texnikası, silah-sursatı məhv edildi və ya qənimət kimi ələ keçirildi. Həm canlı qüvvə, həm də döyüş texnikası sarıdan böyük itkilərə məruz qalan Ermənistan ordusu darmadağın edildi. Beləliklə, "Dəmir yumruq" əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı.

Bu gün 104-cü ildönümünü qeyd etdiyimiz Azərbaycan Silahlı Qüvvələri cəmi 44 gün ərzində sübut etdi ki, bu ordu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.

 

Ən mobil, ən yüksək döyüş hazırlığına malik ordu

 

Lakin etiraf etməliyik ki, bu Zəfər heç də asan başa gəlməyib. Azərbaycan Ordusunun Qafqazın ən güclü Silahlı Qüvvəsinə çevrilməsi üçün İham Əliyev ordu quruculuğu sahəsində kompleks şəkildə islahatlar həyata keçirdi. 

Ali Baş Komandanın orduya göstərdiyi diqqət və qayğısı, onun döyüş hazırlığı, maddi-texniki bazasının daim yenilənməsi və ən əsası, hər bir əsgərin döyüş əzminin yüksəkliyi hər zaman prioritet oldu. Əgər belə olmasaydı, ilbəil orduya ayrılan vəsaitin həcmi artırılmazdı, maddi-texniki baza daha da gücləndirilməzdi, yeni-yeni silah-sursat və hərbi texnika alınmazdı. Məhz bu proseslər sayəsində, həmçinin ölkədə hərbi sənayenin inkişafı ilə Azərbaycan Ordusu regionun ən güclü ordusuna çevrildi. Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazası, intellektual potensialı inanılmaz dərəcədə inkişaf etdi. Bütün bunlar istər yerli, istərsə də beynəlxalq hərbi ekspertlərin Azərbaycan Ordusunu Cənubi Qafqazda ən mobil, ən yüksək döyüş hazırlığına malik bir silahlı qurum kimi dəyərləndirməsinə zəmin yaratdı.

Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar ordumuzun potensialını gücləndirdi. Son illər ərzində yaradılan hərbi zavodlarda çoxsaylı hərbi təyinatlı müxtəlif məhsullar istehsal olundu, ordumuz hərtərəfli şəkildə təchiz edildi. Ən müasir texnika və silahlar alındı. Ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən birinə çevrildi.

Ali Baş Komandan tərəfindən Silahlı Qüvvələrdə bütün istiqamətlərdə aparılan islahatlar uğurlu nəticəsini verdi və ordumuz qarşıya qoyulan məqsədə doğru inamla irəlilədi. Bu uğurlu addımlar bizi Qarabağa apardı...

Sentyabrın 27-də başlanıb noyabrın 10-da Ermənistanın hərbi kapitulyasiyası ilə bitən an İkinci Qarabağ savaşında Azərbaycan Ordusunun Zəfər yürüşü dünyaya səs saldı. Yeni taktika ilə Azərbaycan dünyaya  necə bir qüdrətli orduya sahib olduğunu göstərdi. 

Nəzərə alınmalıdır ki, düşmən təqribən 30 il ərzində müdafiə səddini çox güclü şəkildə qurmuşdur. Möhkəm müdafiə xətti, üstəlik uzunmüddətli atəş nöqtələri, sığınacaqlar yaratmışdı. Dərin eşelonlaşdırılmış müdafiə xəttini yarmaq üçün böyük cəsarət, qorxmazlıq, peşəkarlıq tələb olunurdu. Azərbaycan Ordusunun hər bir hərbçisi əsl qəhrəmanlıq göstərərək düşmənin müdafiə xəttini asanlıqla yara bildi.

Bu əməliyyatlarda çox dəqiq hesablama və konkret şərait üçün unikal strategiya tətbiq edildi. Pilotsuz uçuş aparatları (PUA) isə yeni müharibə formatının bünövrəsini qoydu. Bəzi mütəxəssislər bunu "smart müharibə" də adlandırırlar.

 

Yeni döyüş taktikası, peşəkarlıq və qələbə əzmi...

 

XXI əsrdə döyüş əməliyyatlarının aparılmasının yeni modeli ilə Azərbaycan bir daha göstərdi ki, keçmiş hərb taktikası, hücum əməliyyatları artıq arxivləşib. Savaş meydanında yalnız yeni döyüş növləri üstünlüyü təmin edə bilər.

Şanlı qələbəmizlə bitən müharibədə həyata keçirilən döyüş əməliyyatları zamanı müasir silahlardan - PUA-lardan, döyüş sursatından, yüksək dəqiqliklə hədəfi məhvetmə vasitələrindən bu miqyasda istifadə olunması dünyanın aparıcı ölkələrinin baş qərargahları tərəfindən öyrənilməyə başlandı.

Yəni bir ordunun başqa bir silahlı birləşmə ilə döyüşdə bu qədər yüksək dəqiqlikli silahdan istifadə etməsi nümunəsini dünya hələ görməmişdi. Hücum dronlarının istifadəsinin miqyası və intensivliyi baxımından bu, dünya tarixində ilk idi. Hərbi mütəxəssislər deyirlər ki, indiyədək nə ABŞ, nə Rusiya, nə İsrail, nə də dünyanın hansısa başqa bir ölkəsi belə bir miqyasda dronlardan istifadə edib. Bu cür qarşıdurmalarda PUA-lar mübahisəsiz-filansız öz üstünlüyünü sübut edir. Azərbaycan PUA-larının hədəfi düşmənin hava hücumundan müdafiə qüvvələri, ardınca onun zirehli maşınları, yüksək səviyyədə qorunan hədəfləri və canlı qüvvəsi idi.

İkinci Qarabağ müharibəsində Azərbaycan həm də yeni təcrübə topladı. Çünki ordumuz bunadək, demək olar ki, belə miqyasda müharibədə iştirak etməmişdi. Sadəcə olaraq, bu sahəyə nəzəri baxımdan yanaşırdı. Vətən müharibəsində Zəfər qazanmağımızda böyük rolu olan amillərdən biri də Azərbaycan əsgər və zabitlərinin peşəkarlığı, yüksək mənəvi keyfiyyətləri, cəsurluğu, vətənpərvərliyi, inamı, şəxsi rəşadətləri, qələbə əzmi, döyüş əhvali-ruhiyyəsi idi.

Sözün həqiqi mənasında, döyüş meydanında yeni tarix yazan Azərbaycan Ordusunun hərbi qulluqçularının göstərdiyi qəhrəmanlıq, şəxsi rəşadət, igidlik, qanı və canı bahasına bu qələbənin əldə olunmasını təmin etməsi hər bir soydaşımızda qürurverici anlar yaşatdı, qəlbləri fərəhlə doldurdu.

Güclü ordunun yaradılması, Silahlı Qüvvələrimizin ən müasir döyüş vasitələri ilə təchiz edilməsi, şəxsi heyətin peşəkarlıq səviyyəsinin və hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, ordu ilə xalqın vəhdətinin təmin edilməsi möhtəşəm qələbənin kökündə dayanan həqiqətlərdir. Azərbaycan Ordusu Vətən müharibəsində qazandığı qələbəsi ilə dünyanın ən güclü, müasir, yüksək döyüş qabiliyyətinə malik olan orduları sırasında layiqli yer tutduğunu əyani şəkildə sübuta yetirdi.

Ali Baş Komandanın orduya göstərdiyi diqqət və qayğı, onun döyüş hazırlığı, maddi-texniki bazasının daim yenilənməsi və ən əsası, hər bir əsgərin döyüş əzminin yüksəkliyi hər zaman prioritet olaraq qalır.

Bu gün də Ali Baş Komandan İlham Əliyev hərbi quruculuq sahəsində islahatlar aparmaqda davam edir. İşğaldan azad edilmiş torpaqlarımızda yeni hərbi birləşmələr yaradılır və ən müasir hərbi texnikalarla təchiz edilir. Bütün hərbi hissələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ciddi işlər görülür.

Hazırda Cənubi Qafqazın ən qüdrətli hərbi gücünə malik olan Azərbaycan Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasında yer alır. Bu gün qarşıda dayanan əsas vəzifələrdən biri ordunun daha da gücləndirilməsi, döyüş qabiliyyətinin daim artırılması, modernləşməsi, ən son hərbi texnologiyalara yiyələnməsidir. Hazırda Azərbaycan Silahlı Qüvvələri döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Bu gün dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətlərinin malik olduqları strateji silahlar Azərbaycanda da var. Ölkəmizin inkişaf etmiş hərbi sənaye kompleksi də bu gücə güc qatır. Son illərdə formalaşan və dinamik templə inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edir. Xüsusi olaraq vurğulayaq ki, Azərbaycan hazırda piyadaların özünümüdafiə və düşməni məhvetmə vasitələrindən olan kiçik və ortaçaplı atıcı silahlar istehsal edən azsaylı ölkələrdən biridir.

Bir sözlə, Azərbaycan Qafqazda öz ordusunu daxili imkanları hesabına hərbi texnika və silah-sursatla təchiz etmək gücünə malik olan yeganə ölkədir. Bütün bunlar göstərir ki, Azərbaycanda ordu quruculuğu sahəsində aparılan islahatlar kompleks şəkildə həyata keçirilir. Həm ordunun arsenalına ən modern silahlar daxil edilir, həm qoşun növlərinin döyüş qabiliyyəti artırılır, həm də hərbçilərin sosial şəraiti yüksəldilir. Bütün bunlar İlham Əliyevin Ali Baş Komandan kimi əzmkar fəaliyyətinin daha bir əməli nəticəsidir.

 

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video