17 Sentyabr 2022 02:17
1359
SİYASƏT
A- A+

Müzəffər Komandan, qüdrətli ordu, yüksək təchizat

 

Dünyanın güclüləri sırasında olan Azərbaycan Silahlı Qüvvələri getdikcə daha da qüdrətlənir

 

Cənubi Qafqazda sülhün təmin olunmasını, kommunikasiyaların, yeni nəqliyyat dəhlizlərinin yaradılmasını istəməyən Ermənistan törətdiyi hərbi təxribatlarla əsl məkrini ortaya qoydu. 
İkinci Qarabağ savaşından sonra həm Azərbaycanın, həm də Ermənistanın sərgilədikləri mövqe bir daha dünyaya kimin hansı məqsədlərə xidmət etdiyini aydın şəkildə göstərdi.    
Sülh danışıqları prosesinin getdiyi bir zamanda Ermənistanın törətdiyi təxribatlar onu deməyə əsas verir ki, bu ölkə ilə yalnız güc yolu ilə danışmaq müsbət sonluq yarada bilər. Əks təqdirdə məğlub ölkə havadarlarına arxalanaraq öz çirkin əməllərindən əl çəkməyəcək. Elə son günlər dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində erməni təxribatının qarşısının Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınması və qarşı tərəfə vurulan sarsıdıcı zərbələr nəticəsində düşmənin geri oturması bunu bir daha təsdiqlədi.  

 

İlk smart müharibə aparan ordu

 

Baş verən toqquşmalar hər iki tərəfin itki verməsi ilə nəticələndi. Amma qalib Komandan kimi, İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra verdiyi bütün müsahibələrdə, açıqlamalarda bundan sonra itkilərin olmaması üçün sülh danışıqlarının başlanması və barış müqaviləsinin imzalanmasının ən vacib məsələ olduğunu vurğulayırdı. 
İlham Əliyev eyni zamanda Ermənistan rəhbərliyinə, revanşist qüvvələrə dəfələrlə xəbərdarlıq ünvanlayaraq onları təxribatlardan əl çəkməyə çağırırdı. Hər zaman deyirdi ki, istənilən təxribata adekvat cavab veriləcək və "dəmir yumruğ"un zərbəsi çox ağır olacaq və bu, Ermənistan üçün baha başa gələcək, çox pis nəticələr verəcək. 
Sonuncu təxribat zamanı həyata keçirilən qətiyyətli cavab əməliyyatı da bir daha göstərdi ki, qalib sərkərdə heç zaman əbəs yerə fikir söyləmir. Bu, sözü imzası qədər keçərli olan İlham Əliyev qətiyyətinin təcəssümüdür. Bu həm də Ali Baş Komandanın  formalaşdırdığı Azərbaycan Ordusunun gücünün göstəricisidir.  
Bu bir həqiqətdir ki, iki il öncə Azərbaycan Ordusunun Vətən müharibəsində həyata keçirdiyi döyüş taktikası, müharibə modeli hələ də dünyanın müxtəlif ölkələrindəki hərb məktəblərində müzakirə mövzusu olaraq qalır. Bəzi mütəxəssislərin "smart müharibə" adlandırdıqları bu savaşda çox ağıllı hesablama və konkret şərait üçün unikal bir strategiya tətbiq edilib, pilotsuz uçuş aparatları (PUA) isə yeni müharibə formatının bünövrəsini qoyub. 
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müasir döyüş taktikası dünya hərb praktikasında yeni nəsil savaşı kimi dəyərləndirilir.
 

Savaş meydanlarında tam yeni döyüş taktikası

 

İkinci Qarabağ müharibəsi həm də Azərbaycanın qüdrətli ordusunun potensialını, nəyə qadir olduğunu bir daha dünyaya nümayiş etdirdi. XXI əsrdə döyüş əməliyyatlarının aparılmasının yeni modeli ilə Azərbaycan bir daha göstərdi ki, 30 ilin keçmiş hərb taktikası, keçmiş hücum əməliyyatları artıq arxivləşib. Savaş meydanında yalnız yeni döyüş növləri üstünlüyün əldə edilməsini şərtləndirir. 
Şanlı qələbəmizlə bitən müharibədə həyata keçirilən döyüş əməliyyatları zamanı müasir silahlardan - PUA-lardan, döyüş sursatından, yüksək dəqiqliklə hədəfi məhvetmə vasitələrindən bu miqyasda istifadə olunması hazırda dünyanın aparıcı ölkələrinin baş qərargahları tərəfindən diqqətlə öyrənilir. 
Yəni bir ordunun başqa bir silahlı birləşmə ilə döyüşdə bu qədər yüksəkdəqiqlikli silahdan istifadə etməsi nümunəsini dünya hələ görməmişdi. Hücum dronlarının istifadəsinin miqyası və intensivliyi baxımından bu, dünya tarixində ilk idi. Hərbi mütəxəssislər deyirlər ki, indiyədək nə ABŞ, nə Rusiya, nə İsrail, nə də dünyanın başqa bir ölkəsi belə bir miqyasda dronlardan istifadə ediblər. Bu cür qarşıdurmalarda PUA-lar mübahisəsiz-filansız öz üstünlüyünü sübut etdi. Azərbaycan PUA-larının hədəfi yalnız düşmənin hava hücumundan müdafiə qüvvələri, ardınca onun zirehli maşınları, yüksək səviyyədə qorunan hədəfləri və canlı qüvvəsi idi. 
30 il müddətində işğal edilmiş torpaqlarımızda müdafiə sistemləri qurub, onlar haqqında miflər yaradan Ermənistan ordusu bu yeni döyüş taktikası qarşısında aciz qaldı. "Keçilməz" müdafiə sistemləri darmadağın edildi. Döyüş texnikası, hərbi obyektləri yerlə-yeksan olan erməni əsgərinin yalnız bir yolu qalırdı - silahını, bayrağını atıb Azərbaycan torpaqlarından şərəfsizcəsinə qaçıb canını qurtarmaq... 
Bu savaşla bir çox məsələlər, faktlar təsdiqini tapdı. İlk növbədə bəlli oldu ki, Azərbaycan Ordusunun dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilməsi əbəs deyildi. Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasında qərarlaşırdı. Həm peşəkarlıq, həm təlim, həm döyüş qabiliyyəti, ən başlıcası, mənəvi döyüş ruhu, əlbəttə ki, ordumuzun texniki təchizatı da çox cəhətdən uğurumuz üçün real zəmin yaratdı. 
Ali Baş Komandan İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, zəfərimizin qazanılmasında müstəsna rol Azərbaycan əsgərinə məxsusdur. Müstəqillik dövründə böyüyən Azərbaycan gəncləri bu savaşda işğal altında olan torpaqlarımızı qanları, canları ilə geri qaytardılar. 
Sentyabrın 12-13-də Ermənistanın son təxribatı nəticəsində də şəhid olmuş əsgər və zabitlərimiz doğma torpağımızın müdafiəsi, düşmənin yeni təcavüz planlarına imkan verməmək üçün canlarını qurban verdilər. Onlar qəhrəmanlıqları, igidlikləri və şücaətləri ilə bir daha düşmənə və bütün dünyaya nümayiş etdirdilər ki, Azərbaycan əsgəri istənilən döyüş tapşırığını reallaşdırmağa qadirdir - havada, suda, quruda, hər yerdə, hər məkanda...                                                                                                                                                                                                                                                                                                      

 

2023-cü ilin dövlət büdcəsində müdafiə xərcləri artırılır

 

Azərbaycan əsgəri bu gün Qafqazın ən hazırlıqlı hərbçisidir. Lakin buna baxmayaraq Ali Baş Komandanın orduya göstərdiyi diqqət və qayğı, onun döyüş hazırlığı, maddi-texniki bazasının daim yenilənməsi və ən əsası, hər bir əsgərin döyüş əzminin yüksəkliyi hər zaman prioritet olaraq qalır.
İlham Əliyev hərbi quruculuq sahəsində islahatlar aparmaqda davam edir. İşğaldan azad edilmiş torpaqlarımızda yeni hərbi birləşmələr yaradılır və ən müasir hərbi texnikalarla təchiz edilir. Bütün hərbi hissələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ciddi işlər görülür.
Hazırda Cənubi Qafqazın ən qüdrətli hərbi gücünə malik olan Azərbaycan Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasında yer alır. Bu gün qarşıda dayanan əsas vəzifələrdən biri ordunun daha da gücləndirilməsi, döyüş qabiliyyətinin daim artırılması, modernləşməsi, ən son hərbi texnologiyalara yiyələnməsidir. 
Bu gün dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətlərinin malik olduqları strateji silahlar Azərbaycanda da var. Ölkəmizin inkişaf etmiş hərbi sənaye kompleksi də bu gücə güc qatır. Son illərdə formalaşan və dinamik templə inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edir. Xüsusi olaraq vurğulayaq ki, Azərbaycan hazırda piyadaların özünümüdafiə və düşməni məhvetmə vasitələrindən olan kiçik və ortaçaplı atıcı silahlar istehsal edən azsaylı ölkələrdən biridir.
Lakin buna baxmayaraq dövlət Silahlı Qüvvələrin daha da modernləşməsi, ən yüksəkdəqiqlikli hərbi silah-sursatların alınması prosesini davam etdirir. Bunu gələn ilin dövlət büdcəsində müdafiə xərclərinin artırılması bir daha təsdiqləyir. Belə ki, "Büdcə sistemi haqqında" qanuna və "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və ortamüddətli proqnoz göstəricilərinin hazırlanması barədə" Nazirlər Kabinetinin sərəncamına uyğun olaraq 2023-cü il büdcə zərfinə aid digər sənədlər Maliyyə Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim olunub. 2023-cü ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərclərinin 5 milyard 320,1 milyon manat proqnozlaşdırıldığı bildirilir. Bu da 2022-ci illə müqayisədə 235,3 milyon manat, yaxud 4,6 faiz çoxdur.
Bütün bunlar göstərir ki, strateji valyuta ehtiyatları 55,9 milyard dollar olan Azərbaycan dövləti ordunun ən yüksək təminatını, müasir hərbi təchizatı və ümumilikdə uğurlu islahatları növbəti illərdə də davam etdirəcək, Bununla da Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındakı mövqeyini daha da yaxşılaşdıracaq.  

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"    

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video