29 Dekabr 2021 02:20
2127
SİYASƏT
A- A+

Müzəffər Komandan, modern ordu, peşəkar savaşçı

 

İlham Əliyevin ordu quruculuğu prosesi yeni mərhələyə qədəm qoyub

 

Böyük Zəfərlə bitən İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanda Ordu quruculuğu prosesi daha da modernləşməyə başlayıb.

Bu gün Azərbaycan Silahlı Qüvvələri dövlətin qüdrətinin nümunəsi, xalqın iftixar yeridir. Çünki Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində çox mühüm işlər görülür. İşğaldan azad olunan bölgələrdə xüsusi təyinatlı hərbi hissələrin yaradılması, müasir hərbi texnika və silah-sursatla təchizat bunun əyani təsdiqidir. Yeni yaradılan Komando briqadaları isə müasir yeniliklərdən biridir və Azərbaycanda ilkdir. 

Dekabrın 24-də Ali Baş Komandan İlham Əliyevin Hadrutda açılışını etdiyi Komando briqadası ilə tanışlıq zamanı söylədiyi fikirlərə əsasən deyə bilərik ki, ordumuz müasir təkmilləşdirmə prosesindədir.

 

Komando briqadası - silahlı qüvvələrin ən etibarlı və seçmə birləşməsi

 

Komando briqadasının təyinatına nəzər yetirsək görərik ki, burada yalnız xüsusi təyinatlı hərbçilər fəaliyyət göstərəcək. Bütün ölkələrdə belə xüsusi təyinatlılar demək olar silahlı qüvvələrin ən etibarlı və seçmə birləşməsi sayılır. 

Ölkəmizdə xüsusi coğrafi yerlərdə Komando hərbi hissəsinin açılması isə o deməkdir ki, bundan sonra silahlı qüvvələrimiz ərazilərimizin təhlükəsizliyinin təmin olunması üçün daha da təkmilləşəcəklər.

Komando briqadası ən son hərbi avadanlıq və silahla təchiz edilmiş müqaviləli mütəxəssislərdən ibarət daim hazırlıqlı, yüksək mobil hava-desant hücum birləşməsidir. Onlar günün istənilən vaxtında həm dağlıq, həm meşəlik ərazilərdə, həmçinin şəhər şəraitində hər an baş verə biləcək silahlı münaqişələrdə dərhal döyüş istifadəsinə hazırdılar. Bu briqadalar təcrid olunmuş və ya əsas qüvvələrdən ayrı qaldığı halda vahid informasiya kommunikasiya məkanında qalıb, döyüş əməliyyatlarını aparmağa qadirdilər.

Prezident də bildirdi ki, Hadrutda bu hərbi hissədə yeni hərbi birləşmənin nümayəndələri, komando qüvvələri yerləşir. Komando briqadasının yaradılması bizim üçün yenilikdir. Azərbaycanda bir çox Komando briqadaları yaradılır və onlar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar: “Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq. Bir daha demək istəyirəm ki, belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaq”.

 

Hadrutdan düşmənə nəzarət olunacaq

 

Xocavənd rayonunun Hadrut qəsəbəsində belə bir hərbi hissənin yaradılması çox böyük əhəmiyyət daşıyır. Çünki Prezidentin də qeyd etdiyi kimi, Hadrut keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinə daxildir. Yəni Hadrut separatçı-terrorçu rejimin tör-töküntülərinin qaldığı ərazilərə çox yaxındır. Bu ərazidən həm separatçılara nəzarət etmək, hətta gələcəkdə antiterror əməliyyatı üçün istifadə etmək olar.

“Bu gün Hadrutda yeni hərbi hissənin açılması bir daha demək istəyirəm ki, çox əlamətdar hadisədir. Həm ona görə ki, bu bölgə strateji əhəmiyyət daşıyır; Hadrutda bizim güclü silahlı birləşməmiz təhlükəsizliyimizi, ölkəmizin təhlükəsizliyini qoruyacaq, - digər tərəfdən ona görə ki, bu, azad edilmiş keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olmuş yerdə yerləşir. Eyni zamanda bu hərbi hissənin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, biz müharibədən sonra ordu quruculuğu prosesini dayandırmamışıq və orduya ayrılan xərcləri azaltmamışıq, əksinə, artırmışıq”.

Təkcə 2022-ci il üçün dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərclərinin 4 milyard 499 milyon 238,9 min manat olması da bunu təsdiqləyən reallıqdır.

Prezident onu da bildirdi ki, müharibədən sonra imzalanmış yeni müqavilələr də icra edilir və artıq Azərbaycan Ordusunun arsenalına ən müasir silahlar, texnikalar gətirilir. Hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması, onların mənzil-məişət problemlərinin həlli də həmişə diqqət mərkəzindədir. Bu ilin sonuna qədər 130 hərbçi ailəsinə yeni mənzillər veriləcək.

Bütün bunlar onu göstərir ki, müharibə başa çatsa da, ordu quruculuğu prosesi dayanmayacaq. Əksinə, müharibə təcrübəsi Azərbaycana güclü və zəif tərəfləri göstərdi. Ona görə də savaşdan sonra ordumuz daha da modernləşir.

 

Azərbaycan Ordusu daha qüdrətli hərbi gücə çevriləcək

 

Bu gün işğaldan azad olunmuş ərazilərimizdə müasir hərbi hissələr yaradılır. Müdafiə naziri general-polkovnik Zakir Həsənov “Azərbaycan” qəzetinə verdiyi məxsusi müsahibəsində məhz bu məsələlərə toxunaraq qeyd etmişdi ki, müharibədən sonra Ali Baş Komandan Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyub və hərbi islahatların növbəti mərhələsinin başlanması barədə göstəriş verib.

Nazirin sözlərinə görə, Prezident İlham Əliyev modernləşmə, silahlanma və hazırlıq sahələrində ordunun ən yüksək göstəricilərə sahib olması üçün konkret plan və tədbirlər hazırlayıb, onların təxirəsalınmaz icrasını tapşırıb: “Ali Baş Komandanın etimadını ən böyük məsuliyyət kimi qəbul edən Azərbaycan Ordusu islahatların yeni mərhələsi nəticəsində daha da güclənəcək, tam modern və qüdrətli hərbi gücə çevriləcək”.

Ümumiyyətlə, peşəkar ordunun formalaşdırılması çoxşaxəli prosesdir. Bunun üçün uzun illər, bəzən onilliklər tələb olunur. Bu işi yüngülləşdirən və əvvəlcədən də nəticənin uğurlu olacağına təminat verən amil Ali Baş Komandanın ordu quruculuğunu prioritet məsələ elan etməsi, bu proseslə bağlı səmərəli ideyaların, aydın təsəvvürlərin və onun rəhbərliyi altında aparılan hərbi islahatların, atılan addımların konkret istiqamətləri üzrə dəqiq proqramın olmasıdır. Həmçinin yeni hərbi islahatlar və quruculuq tədbirləri birbaşa olaraq Prezidentin şəxsi nəzarəti, diqqəti və himayəsi altındadır. Bu isə, ilk növbədə, məsuliyyət, səmərəlilik və şəffaflıq kimi meyarların təmin edilməsini nəzərdə tutur.

Bu gün Azərbaycan regionda ən güclü orduya malik ölkə statusunu daşıyır. Cənubi Qafqazda ən güclü ordunun Azərbaycana məxsus olması həm region, həm də dünya dövlətləri tərəfindən etiraf olunur. Respublikamız Silahlı Qüvvələrin istər yüksək mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, nizam-intizamı, istərsə də maddi-texniki təminatı baxımından nümunəvi dövlət olaraq qəbul edilir.

Həyata keçirilən uğurlu proseslər, eləcə də müasir texnologiyaların tətbiqi ilə qoşunlarda yaradılan avtomatlaşdırılmış komanda idarəetmə məntəqələri Silahlı Qüvvələrin bütün qoşun növlərinin dayanıqlı, operativ, gizli və fasiləsiz idarə olunmasına imkan yaradıb. Hərbi hissələrin, əsasən də cəbhə xəttindəki bölmələrin yeni növ silah, döyüş texnikası və digər hərbi vasitələrlə təchiz edilməsi, raket və artilleriya qoşunlarının arsenalında olan müasir raket kompleksləri və atəşi idarəetmə sistemləri qoşunların döyüş qabiliyyətini xeyli yüksəldərək düşmənin canlı qüvvəsini, döyüş texnikasını və hərbi infrastrukturunu məhv etmək imkanlarını genişləndirib.

Bütün bunlar bir daha təsdiq edir ki, Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində döyüş qabiliyyəti, mənəvi-psixoloji hazırlığı yüksələn, təminat və təchizatı xeyli təkmilləşən Azərbaycan Ordusu xalqın güvənc ünvanına çevrilib.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video