05 Avqust 2022 01:02
562
SİYASƏT

Müstəqilliyə gedən yolun başlanğıcı

 

1969-cu il 5 avqust plenumu Heydər Əliyevin siyasi konsepsiyasının təqdimatı kimi qiymətləndirilir

 

Bəzən bir xalqın, bir dövlətin taleyi bir insanın həyatından keçir. Bir insan böyük və qədim bir xalqın xilaskarı, bir dövlətin qurucusu olur...  Adı və əməli ilə xalqını və təmsil olunduğu dövləti dünyaya tanıda bilir. Dünyanın harasında olmasından asılı olmayaraq, adı çəkiləndə hörmətlə anılır, ehtiram göstərilir... Ağlının, zəkasının nuru ilə qaranlıqları aydınladır, millətinin yoluna nur çiləyir. İşıqlı fəaliyyəti ilə xalqının dünəni, bu günü və uğurlu gələcəyi olur. Adı Azərbaycan tarixinə əbədi yazılmış, xalqımızın xilaskar oğlu, müasir dövlətimizin qurucusu Ulu Öndər Heydər Əliyev kimi.

Müdriklər belə hesab edirlər ki, böyük şəxsiyyətlər tarixin sütunlarıdır. Onlar nə qədər möhkəm olsa, cəmiyyətin inkişafı da bir o qədər dayanıqlı olar. Tanrı ona dəmir iradə, qətiyyət, fenomenal yaddaş vermişdi. Tükənməz enerji ilə xalqımızın yeni və şərəfli  tarixini yaradırdı. Missiyası xilaskarlıq idi. Qəribə də olsa, hər dəfə xalqımız və dövlətimiz sınaq qarşısında qalanda Tanrı onu bir xilaskar olaraq göndərirdi...

Birinci hakimiyyəti dönəmində də belə olub, xalqın israrlı tələbi ilə müstəqillik dövründə ikinci dəfə hakimiyyətə gələndə də belə idi. Dövlətimiz çətin sınaq qarşısında, qardaş qırğını, vətəndaş müharibəsi ilə üz-üzə idi. Gəldi və xilas etdi...

Ötən əsrin 60-cı illərinin sonu respublikamızda hakimiyyət böhranı yaranmışdı. İqtisadiyyat ağır durumda idi, ölkədə işsizlik, tənəzzül hökm sürurdü. İnsanlar ümidsizlik girdabında boğulurdu. Kənd təssərrüfatı sahəsi ağır vəziyyətə düşüb ziyanla işləyirdi. Sənayedən heç danışmağa dəyməzdi. Belə bir vəziyyətdə 1969-cu il iyulun 14-də Heydər Əliyev növbədənkənar plenumda Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçildi. Elə bu zaman Azərbaycan KP Mərkəzi Komitəsində  növbəti plenuma hazırlıq gedirdi.

Nizamnaməyə görə, plenum partiyanın ali orqanı olmaqla, üç ayda bir dəfə çağırılaraq lazım gəldikdə partiyanın ali orqanına nümayəndələr seçilir, gələcək vəzifələr müəyyənləşərək müzakirə olunurdu. Növbəti plenumun gündəliyində nə qədər də qəribə olsa, cəmi bir məsələ var idi: "V.İ.Leninin anadan olmasının 100 illiyinə hazırlığın gedişi barədə". O dövrdə respublikanın təkcə təsərrüfat sistemində yox, partiya sistemində də ətalət hökm sürürdü. Növbəti plenumun əvvəlcədən "yola vermək" xatirinə keçiriləcəyi faktı ortada idi. Amma gözlənilmədən rəhbərlik dəyişmişdi... O dövrün öz qanunları var idi. Bir qayda olaraq, gündəlikdən kənara çıxmaq olmazdı. Sov.İKP-dən gəlmiş yüksək çinli nümayəndə plenumun işinə nəzarət edirdi. Birinci katib isə kollegial orqan tərəfindən hazırlanmış məruzə ilə çıxış edərdi! Amma 5 avqust plenumu tamam fərqləndi.

Partiyanın yeni rəhbəri, əslində, elə ilk gündən partiyaya yeni nəfəs gətirdi. Bütün baryerləri, qadağaları bir kənara qoyub plenumda öz gələcək platformasını açıqladı. 5 avqust plenumunu Heydər Əliyevin siyası konsepsiyasının təqdimatı da adlandırmaq olar. Ulu Öndər plenumda ortaya qətiyyətli, sərt, prinsipal mövqe qoyaraq iki əsas prinsip irəli sürdü: milliləşmə konsepsiyasına uyğunluq və yüksək professionallıq! Plenumda geniş nitq söyləyən Heydər Əliyev çox açıq və sərt şəkildə respublikada olan mövcud problemlər haqqında danışdı, kadrların seçilməsində ciddi qüsurlara yol verildiyini qeyd etdi, iqtisadiyyatda hərc-mərcliyin, özbaşınalığın hökm sürdüyünü bildirdi. Korrupsiyanın ictimai şüura nüfuz etdiyini və cəmiyyətin həyatında adi bir norma kimi özünü göstərən amilə çevrildiyini vurğuladı. Bu, SSRİ-də  ilk dəfə yüksək partiya tribunasından səslənən, ölkədə rüşvətxorluğun olduğunun birbaşa etirafı idi. Bu faktı dilə gətirmək özü böyük cəsarət tələb edirdi. Heydər Əliyev bununla da hakimiyyətinin elə ilk günlərində özünün milli ruhunu, milli düşüncəsini ortalığa qoymaqla əsl lider obrazını təqdim etdi.

5 avqust plenumu Azərbaycan tarixinin yeni dönəminin başlanğıc tarixinə çevrildi. Qısa zamanda ölkədə milli kadrlar yüksək postlara təyin edildi. Moskvanın, mərkəzin burada "gözü, qulağı" olan ermənilərin yüksək vəzifələrdən təmizlənməsinə start verildi. Ana dilimiz Azərbaycanın yeni qəbul olunmuş konstitusiyasına salınaraq dövlət dili kimi təsdiq olundu. Respublika iqtisadiyyatı özünün təkamül prosesinə qədəm qoydu. Yeni ali məktəblər və nüfuzlu ittifaq institutlarının filialları yaradıldı. Azərbaycanın təhsil sistemində ciddi dəyişikliklər baş verdi. Heydər Əliyevin birbaşa təşəbbüsü ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu, Azərbaycan Texnologiya İnstitutu fəaliyyətə başladı. Eyni zamanada respublikamızda hərbçi kadrların hazırlanmasında müstəsna xidməti olan Cəmşid Naxçıvanski adına hərbi məktəb yaradıldı.

Milli kadrların yetişməsi üçün proqram halında ardıcıl olaraq mühüm işlər həyata keçirildi. Mədəniyyət, ədəbiyyat, incəsənət adamlarına yüksək fəxri adların verilməsinə, dövlət tərəfindən mükafalandırılmasına xüsusi önəm verildi. Respublikanın tikinti sektorunda canlanma başladı. Əhalinin mənzil-kommunal şəraitinin yaxşılaşması istiqamətində inqilabi dəyişikliklər baş verdi. Geridə qalmış, ziyanla işləyən kənd təsərrüfatı sahəsi rentabellə işləyən sahəyə çevrildi. Pambıqçılıq, üzümçülük sahəsində ittifaq miqyasında böyük uğurlar əldə edildi. Azərbaycanda iri müasir maşınqayırma, kimya, neft kimyası və elektron sənayesi, əlvan və qara metallurgiya, yüngül, yeyinti və emal sənayesi müəssisələri tikildi.

1980-ci ilin göstəricisinə görə, sənayenin əsas istehsal fondlarının dəyəri 1969-cu ildəki illə müqayisədə 2 dəfə artaraq 8,4 milyard rubla çatmışdı. Bu illər ərzində 15 yeni iri maşınqayırma müəssisəsi istifadəyə verildi, 12 müəssisədə istehsal gücü nəzərəçarpacaq dərəcədə artdı, neft maşınqayırması zavodu modernləşdirildi. Azərbaycanda sənaye istehsalı 3 dəfə yüksəldi. 1976-cı ildən etibarən respublikamız sənaye istehsalının artım sürətinə görə ittifaq üzrə ön sıralara çıxdı.

Ulu Öndərin gördüyü işlər uzaq, konkret hədəfə, ölkənin gələcək müstəqilliyinə hesablanmışdı. Ölkədə gizli dərnəklər, antisovet təbliğatı aparan qrupların olduğu, şair və yazıçıların fəallığını xüsusi xidmət orqanları görməzdən gəlirdi. Ən maraqlısı isə respublikada bir nəfər də olsun dissidentin adı çəkilmirdi. Antisovet çıxışlarına görə təqibə, təzyiqə məruz qalmırdı. Bütün bunların güclü qurulmuş müdafiə səddinin arxasında Ulu Öndərin şəxsiyyəti dururdu. Respublika asta-asta həm iqtisadi, həm də siyasi cəhətdən müstəqilliyə doğru irəliləyirdi. Heydər Əliyevin şəxsiyyətinin böyüklüyü bir də onda idi ki, o, bütün bunları sakit və təmkinlə etməyi bacarırdı.

 

Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video