06 Avqust 2022 01:46
1322
SİYASƏT
A- A+

Müstəqil siyasətin leytmotivi

 

Bir vaxtlar iqtisadi müstəqilliyini təmin edə bilməyən, zəngin təbii ehtiyatları ola-ola əhalisinin enerjiyə olan tələbatını idxal hesabına ödəyən Azərbaycan bu gün tarixinin ən qüdrətli dövrünü yaşayır.  Dünya indi Azərbaycanı regionun lideri, qlobal layihələr həyata keçirən, islahatlar aparan, əməkdaşlığa və Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfələr verən etibarlı tərəfdaş kimi qəbul edir. Bütün bu uğurlar isə cəmi 30 ildə əldə edilib.

Son 19 ildə isə İlham Əliyevin yürütdüyü siyasətlə Azərbaycan iqtisadi və siyasi müstəqilliyə sahib qüdrətli dövlət kimi beynəlxalq nüfuzunu daha da artırıb. Bu bir həqiqətdir ki, İlham Əliyev hər zaman yürütdüyü siyasətdə Azərbaycanın dövlət maraqlarını üstün tutub və milli mənafelərimizin müdafiəsini başlıca vəzifələrdən biri hesab edib. Bu gün də bu qətiyyətli siyasət uğurla davam etməkdədir.

İki il əvvələ qədər Azərbaycan dünyada Cənubi Qafqazın iqtisadi və hərbi gücü, nəhəng enerji və nəqliyyat infrastrukturlarının müəllifi, regionda söz sahibi olan aparıcı dövlət kimi tanınırdı. 2020-ci ilin Vətən müharibəsində isə bunların sırasına biri də əlavə olundu: Cənubi Qafqazın qalib dövləti.  44 günlük müharibədə qazanılan qələbə Azərbaycana dünyada olan ehtiramı daha da gücləndirdi, dövlətimizin nüfuzunu bir qədər də artırdı.

İlham Əliyevin yürütdüyü müstəqil siyasətlə Azərbaycan xarici əlaqələrini, siyasi-iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır.

Digər tərəfdən, Azərbaycan bölgədə və beynəlxalq səviyyədə əməkdaşlığa, təhlükəsizliyə mühüm töhfələr verir. Məhz bütün bunlara görə dünya siyasətinin aparıcı qurumları, həmçinin mötəbər beynəlxalq təşkilatlar Azərbaycanın mütərəqqi xarici siyasətini regional təhlükəsizlik və qlobal inkişafa mühüm töhfə kimi qiymətləndirirlər və ölkəmizlə əməkdaşlığa böyük önəm verirlər.

Hər bir mötəbər beynəlxalq təşkilatla əməkdaşlıq Azərbaycanın xarici siyasət kursunda əsas yerlərdən birini tutur. Təcrübə göstərir ki, rəsmi Bakının bu məsələdə ortaya qoyduğu mövqe həm də respublikamızın yürütdüyü xarici siyasətin məzmununu nümayiş etdirir. Bu məzmun isə Azərbaycanın siyasi kursunun tamamilə müstəqil olduğunu, milli maraqlarımızı, dövlətin qlobal miqyasda mövqelərini layiqincə qoruduğunu göstərir.

Son onillikdə qlobal tərəfdaşlığın, sivilizasiyalararası əməkdaşlığın ən səmərəli platformasına çevrilən Azərbaycan çox mühüm forumlara, konfranslara evsahibliyi edir, irəli sürdüyü qlobal miqyaslı təşəbbüslər beynəlxalq birlik tərəfindən daim dəstəklənir.

Azərbaycan həm də nüfuzlu beynəlxalq təşkilatlara sədrlik edir və üzərinə düşən öhdəliyi uğurla reallaşdırır. Təkcə BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatına ölkəmizin sədrliyini nümunə kimi göstərmək olar. 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı dünyadakı mövcud təşkilatlar arasında istər tarixi, istər üzvlərinin sayı baxımından kifayət qədər sanballı qurumdur.  İlham Əliyevin təşkilata sədrliyi dövründə irəli sürdüyü qlobal miqyaslı təkliflərin beynəlxalq birlik tərəfindən təqdir edilməsi, müxtəlif qərarların qəbul olunması Qoşulmama Hərəkatının nüfuzunu daha da yüksəldib. 

Azərbaycanın çoxtərəfli və balanslaşdırılmış xarici siyasət kursunda dünyanın ən aparıcı ölkələri ilə strateji tərəfdaşlıq münasibətlərinin qurulması da əsas prioritetlərdəndir. Hazırda Azərbaycanın dünyanın fövqəlgücləri hesab olunan ölkələrlə siyasi və iqtisadi əlaqələri yüksək səviyyədədir. Təkcə Amerika Birləşmiş Ştatları ilə olan əlaqələrə nəzər yetirsək görərik ki, Azərbaycan etibarlı tərəfdaş missiyasını uğurla gerçəkləşdirir. Rəsmi Bakı xarici siyasət kursunda ABŞ-la münasibətlərə hər zaman xüsusi önəm verir və həmçinin Birləşmiş Ştatlar da Azərbaycanla münasibətləri daha da genişləndirmək üçün müəyyən addımlar atır. Son 20 ildə demokratları və ya respublikaçıları təmsil etməsindən asılı olmayaraq, dünyanın fövqəldövlətinə rəhbərlik etmiş prezidentlər və onların administrasiyaları Azərbaycanla münasibətlərə yüksək ehtiramla yanaşıblar. Rəsmi Vaşinqton Azərbaycanı Cənubi Qafqazın lider dövləti kimi qəbul edərək həm regional, həm də qlobal problemlərin həllində yaxın tərəfdaşı kimi yüksək qiymətləndirir.

Mövcud əlaqələrin getdikcə daha da dərinləşməsinə,  şaxələnməsinə mühüm töhfə verən ən əsas amil isə iki ölkə prezidentlərinin qarşılıqlı səmimi münasibətləridir. ABŞ Prezidenti Co Baydenin son 4 ayda İlham Əliyevə ünvanladığı 3 məktub, Azərbaycan Prezidentinin 4 iyul ABŞ-ın Müstəqillik Günü münasibətilə Co Baydenə məktubu  bunu bir daha təsdiqləyir. Bütün məktublarda prezidentlər əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirərək vurğulayırlar ki, davamlı tərəfdaşlıq və əməkdaşlığa hər zaman sadiqdirlər.

ABŞ Prezidentinin hər 3 məktubunda qeyd edilən fikirlərə əsaslanaraq deyə bilərik ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyinə və suverenliyinə öz dəstəyini bir daha təsdiqləyir, Ağ Ev İlham Əliyevin qətiyyətli siyasi kursunu təqdir edir. Ən mühüm məqam isə odur ki, ABŞ İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni reallıq, sülhün və təhlükəsizliyin təminatı və Ermənistanla sülh sazişinin bağlanması prosesində İlham Əliyevin atdığı addımları, irəli sürdüyü təşəbbüsləri dəstəkləyir. Bunu Co Baydenin İlham Əliyevə Müstəqillik Günü münasibətilə ünvanladığı məktubdakı fikirləri də təsdiqləyir. ABŞ Prezidenti bildirir ki, indi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır. ABŞ bütün Qafqaz və trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və ölkəmizin iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır. Göründüyü kimi, dünyanın super dövləti olan ABŞ İlham Əliyevin postmüharibə dövründə yürütdüyü siyasətə öz dəstəyini nümayiş etdirir.

Qalib Komandan kimi bölgədə sülhün bərqərar edilməsini, yeni nəqliyyat-tranzit qovşağının və həmçinin yeni əməkdaşlıq platformalarının yaradılmasının təşəbbüskarı olan İlham Əliyevin təklifləri həm də Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirilir.

Son vaxtlar Avropa İttifaqının Azərbaycanla strateji tərəfdaşlığında yeni mərhələnin başlanması da bu prosesin tərkib hissəsidir. İyulun 18-də Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri, aparılan danışıqlar, imzalanmış yeni memorandum ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi. Avropa İttifaqı ilə münasibətlərin sağlam təməl əsasında qurulmasının nəticəsidir ki, ölkəmiz hazırda bu mötəbər beynəlxalq təşkilatın bir çox proqramlarında fəal iştirak edir.

İlham Əliyev tərəfindən yürüdülən müstəqil xarici siyasət Avropa İttifaqı ölkələri ilə bərabərhüquqlu, yaxın təmaslara söykənən harmonik münasibətlərin qurulmasına əsaslanır. Azərbaycanın geostrateji mövqeyi Avropa İttifaqına üzv dövlətlərin də ölkəmizlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməyə marağını artırır. Aİ rəhbərliyi Azərbaycan Prezidentinin irəli sürdüyü qlobal miqyaslı təşəbbüsləri təqdir edir və ölkəmizlə münasibətlərin davamlı yüksəlişi üçün əlaqələri daha da şaxələndirir.

Bu bir həqiqətdir ki, enerji təhlükəsizliyi məsələləri hazırda heç vaxt olmadığı qədər mühüm önəm daşıyır. Azərbaycanın reallaşdırdığı qlobal layihələr isə Avropanın enerji xəritəsini tamamilə dəyişib. Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına, transmilli layihələrin reallaşdırıcısı kimi qlobal təhlükəsizlik məsələlərinə, Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verən fəal aktor və regional güc kimi qəbul edilməkdədir.

Bütün bunlar İlham Əliyevin xarici siyasət strategiyasının uğurlu davamının və Azərbaycanın geosiyasi mövqeyinin getdikcə möhkəmləndiyinin bariz təcəssümüdür.

 

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video