13 Avqust 2022 02:03
728
Mədəniyyət
A- A+

Müalicəvi bulaqlar şairlərin poetik misralarında da yer alıb

 

Qədim Şuşanın təbii gözəlliyinə, gəzməli, görməli, süfrə açıb istirahət etməli yerlərinə çalar qatan bulaqları sırasında məşhur Turşsu və Qotur bulağının da öz yeri var.  Həmin bulaqlar şairlərin poetik misralarına, bəstəkarların qanadlı nəğmələrinə çevrilib, xatirə ünvanı və müalicəvi əhəmiyyəti ilə həmişə insanların yaddaşında yaşayır.
Xatırladaq ki, mineral su mənbəyi olan Turşsu Şuşa şəhərindən 17 kilometr cənub-qərbdə, Zarıslı çayının dərəsində 1700 metr hündürlükdə çıxır. Suyu faydalı mikroelementlərlə, əsasən, karbon qazı, hidrogen-karbonat, maqnezium, natruim, kalsiumla zəngindir. Minerallaşma dərəcəsi 2,4 qr/l, temperaturu 5-10 dərəcə C-dir. Suyu içilir, vanna edilir, mədə-bağırsaq, öd kisəsi yuyulur və s. Burada ürək-damar, qanazlığı, qaraciyər, öd yolları, öd kisəsi və böyrək xəstəliklərindən əziyyət çəkənlər müalicə olunurlar.
Təbii dərman, əvəzsiz mineral su olan şəfalı Turşsu, eyni zamanda bir çox başqa xəstəlikləri də müalicə edir. Orqanizmdə maddələr mübadiləsi pozulmalarını nizama salır, daxili orqanların xəstəliklərinə qarşı profilaktik təsir göstərir. Müalicəvi əhəmiyyətinə görə Şırlan mineral suyu da çox dəyərlidir. Şırlan mineral suyu Şuşa şəhərindən 18 kilometr qərbdə Sarıbaba dağının ətəyində çıxan üç bulağın ümumi adıdır. Mənbələrin məlumatına görə, karbonatlıdır. Temperaturunun aşağı olması və tərkibində maqneziumlu komponentlərin çoxluğu ilə seçilir. Şırlan suyundan əsasən, mədə-bağırsaq, qanazlığı, maddələr mübadiləsinin pozulması və s. xəstəliklərin müalicəsində istifadə olunur.
Hələ sovetlər dönəmindən dünyada ən uzun mineral su kəməri kimi tanınan Narzan tipli Şırlan suyunun 32 kilometrlik məsafədən şəhərə çəkilməsi Şuşanın kurort şəhəri kimi şöhrətini daha uzaqlara yaymışdı. Gündə 342 min litr su verən Turşsu pavilyon qalereyası bu diyarın kurortoloji əhəmiyyətini artırmış, onu dağ-iqlim kurortu səviyyəsindən çıxararaq balneoloji kurorta çevirmişdi.
Turşu yaxınlığındakı narzan tipli böyük mineral su mənbəyi olan Dəmir bulağın suyu isə qazlıdır. Qazlılıq etibarı ilə Narzandan daha yüksəkdir, bəzən onu "Azərbaycan Narzanı" da adlandırırlar. Bu suda dəmir qarışığı olduğundan "Dəmir su" adlandırılıb. Qanazlığına və dəri xəstəliyinə tutulanlara bu su ilə edilən müalicə gözəl nəticələr verir.
Şuşanın adı dillər əzbəri olan Qotur bulağı da həyat üçün çox gərəklidir. İlin bütün fəsillərində soyuq və duru olan bulağın suyunun müalicəvi əhəmiyyəti hamını, xüsusilə müalicə-sağlamlıq baxımından bir çox insanları təkrar bu yerlərə çəkir. Tərkibi minerallarla zəngin olan Qotur bulağın suyu bədəndəki qoturu, dəmrovu, ləkələri müxtəlif yaraları sağaldır, duzlaşmanı aradan qaldırır. Qotur xəstəliyinin dərmanı olduğuna görə ona bu ad verilib. Şuşa həbsxanasından aşağıda Daşaltı çayının kənarında çıxan Qotur bulağı sal bir qayanı yararaq dörd metr hündürlükdən əlvan çınqıllığın içinə tökülür, gümüş cığır yaradaraq qıvrıla-qıvrıla axıb gedir. Yay aylarında bulağın suyundan içməyə gələnlər yaxınlığındakı bağda günəşə çətir tutan nəng ağacların kölgəsində dincəlməkdən zövq alırlar.
İnsanları sevindirən odur ki, Müzəffər Ali Baş Komandanın uzaqgörən siyasəti və Milli Ordumuzun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində əldə olunan tarixi zəfər ilə bu yerlər erməni işğalından azad edilib, xalqımızın 30 ilə yaxın ayrılığına, həsrətinə son qoyulub. Dövlət başçısının diqqət və qayğısı ilə əhatə olunan Qarabağda, o cümlədən Şuşada həyat əvvəlkindən də yaxşı öz axarına düşür. Bu qayıdışda həm də görünən odur ki, Şuşanın təbii gözəlliyinə çalar qatan müalicə əhəmiyyətli bu bulaqlar qısa vaxtda möhtəşəm turizm marşrutlarına çevriləcək.

Rəhman SALMANLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video