22 Iyul 2022 01:32
2657
SİYASƏT

Milli mətbuatda ənənə və innovasiya

 

"Əkinçi" qəzeti Azərbaycan mədəniyyətinin və ictimai fikrinin kəhkəşanında bir günəş kimi doğdu!

22 iyul 1875-ci ildən onun açdığı çətin və şərəfli yol bu gün də davam edir!

Həsən bəy Zərdabinin sadiq olduğu cəhalətə və savadsızlığa qarşı mübarizə, insanları maarifləndirmək, elmi bilikləri təbliğ etmək, müxtəlif yenilikləri insanlara çatdırmaq istəyi xalqa xidmətin parlaq nümunəsi idi.

Bəli, bu fədakar insan paranın, mətbəə və hürufatın, yazanın və yayanın, hətta kifayət qədər oxuyanın olmadığı bir zamanda ilk Azərbaycan qəzetini, mətbuatımızın qaranquşunu yaratdı!

Həm də təkcə qəzet yaratmadı, qəzetçiliyin təməlini qoydu, milli mətbuatımızın ənənə və prinsiplərinin yaranmasına dəyərli töhfələrini verdi!

Jurnalist fədakarlığının, peşəkarlığının, obyektivliyin, düzlüyün, doğruçuluğun nümunəsini ortaya qoydu!

Sonralar Həsən bəy Zərdabinin açdığı bu cığırı Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Nəcəf bəy Vəzirov, Nəriman Nərimanov, Üzeyir bəy Hacıbəyli və onlarca digər qüdrətli qələm sahibləri öz fəaliyyətləri ilə geniş yola çevirdilər.

Bu yol senzuranın sərt nəzarətindən, jurnalist peşəsinin çətinliklərindən və sınaqlarından, sovet dövrünün sərt tələb və məhdudiyyətlərindən uğurla keçərək uzun məsafə qət etdi.

Büdrəmələrə, itki və əngəllərə baxmayaraq, yenidən dövlət müstəqilliyinə qovuşdu, Ulu Öndər Heydər Əliyevin qətiyyət və hünəri sayəsində 6 avqust 1998-ci il Fərmanı ilə yarandığı gündən davam edən senzura nəzarətinin buxovlarından xilas oldu.

Azad nəfəs almaq, düz danışmaq, gördüyünü, bildiyini olduğu kimi yazmaq imkanı qazandı!

***

Jurnalistika ictimai-siyasi fəaliyyət sahəsidir.

Onun məhsulları insanlara ünvanlanır, cəmiyyətə təqdim olunur.

Jurnalistika ilk növbədə məsuliyyət və vətənpərvərlik deməkdir.

Xüsusən onun yayımı üçün sərhədlərin mövcud olmadığı indiki dövrdə!

Milli mətbuatımızın və Azərbaycan jurnalistikasının ənənə və prinsipləri də vardır. Bütün bunlar beynəlxalq norma və tələblərlə ziddiyyət təşkil etmir.

İstər mətbuatla bağlı qanunların hazırlanmasında və qəbulunda, istərsə də dövlət və mətbuat münasibətlərinin tənzimlənməsində beynəlxalq tələb və qaydalar, norma və prinsiplər gözlənilir və nəzərə alınır.

Artıq çoxdandır ki, Azərbaycanda mətbuat və söz azadlığına heç bir maneə və məhdudiyyət yoxdur!

İstənilən insan istədiyi zaman maneəsiz və bürokratik əngəlsiz qəzet yarada, sayt aça, telekanal və internet televiziyası təsis edə, jurnalistika sahəsində fəaliyyət göstərə bilir.

İnternetin yaranması isə söz və fikir azadlığını hüdudsuz etmişdir.

Hər bir insan düşündüyünü, dediyini, gördüyünü, bildiyini dərhal başqalarına çatdıra, hamı ilə bölüşə bilir.

İstər jurnalist olsun, istərsə də qeyrisi.

Əlbəttə, söz azadlığının hüdudsuzluğu və yayımının asanlığı, əlçatanlığı müsbət cəhətlərlə yanaşı, müəyyən fəsadlara da yol açmışdır.

Bu, ilk növbədə informasiya təhlükəsizliyi, doğru ilə yalanın, həqiqətlə qərəzin, səmimiyyətlə məkrin, ən nəhayət, peşəkarlıqla səriştəsizliyin fərqləndirilməsi, ayırd edilməsi, bəzən də onların yetirə biləcəyi zərərdən qorunmanın çətinlikləri ilə bağlıdır.

 Jurnalistikanı özü üçün peşə, fəaliyyət sahəsi seçənlər üçün isə heç bir çətinlik və mürəkkəblik yoxdur.

Bu gün Azərbaycanda yüzlərlə, bəlkə də minlərlə halal qələm sahibi bu sahədə çalışır, öz yaşayışını təmin edir, həm də xalqına, dövlətinə müəyyən xidmət də göstərir.

Qəbul edilmiş qanunlar, dövlətimizin bu sahəyə xüsusi diqqət və qayğısı onların rahat və maneəsiz çalışmalarına şərait yaradır.

***

Mətbuat, jurnalistika canlı orqanizmdir!

Canlı orqanizm isə həmişə inkişaf edir, dəyişir.

Dövrlə, zamanla ayaqlaşmaq, hər gün dünyada baş verən ziddiyyətli, maraqlı və gərəkli hadisələri, informasiyaları operativ şəkildə insanlara çatdırmaq üçün mətbuat özü də mütəmadi şəkildə dəyişməli, yeni texnologiyaların tətbiqindən, mövcud imkanlardan bəhrələnməklə öz işini müasir çağırışlara uyğun qura bilməlidir.

Mətbuat informasiya daşıyıcısı, informasiya yayıcısı və informasiya çatdıranı olmaqla yanaşı, daim ayaqda qalmaq üçün innovativ yeniliklərdən də istifadə etməli, öz "məhsulu"nun adi məhsul olmamasının fərqinə varmalıdır!

Adətən, hər hansı bir informasiyanı dövriyyəyə buraxanlar heç zaman öz maraqlarının təminini də unutmurlar.

Bəzən isə hətta fərdi maraqları naminə informasiyanı təhrif etməyə, öz istəklərinin təmininə uyğunlaşdırmağa belə can atırlar.

İnformasiyadan qərəzli və məqsədli şəkildə, çaşdırıcı formada istifadə də günün reallıqlarındandır.

"Soyuq müharibə"nin "informasiya müharibəsi" adı altında davam etməsi heç də onun mahiyyətini və arxasında gizlənən qərəzli, məkrli niyyətləri dəyişmir.

Belədə niyyət eynidir: düşmənçiliyi informasiya cəbhəsində də davam etdirmək, növbəti hücumlara ictimai rəyin dəstəyini təmin etmək!

Günümüzün bu reallığını unutmağa, informasiyanın toplanılması və yayılması zamanı bu vacib məqamı yaddan çıxarmağa heç bir vətənpərvər qələm sahibinin haqqı yoxdur!

Müstəqil Azərbaycan zəngin təbii sərvətlərə, əlverişli geosiyasi mövqeyə malikdir!

O, müstəqil, milli və dövləti maraqlarına əsaslanan daxili və xarici siyasət yürüdür!

Azərbaycanın bu qətiyyəti və cəsarəti çoxlarının xoşuna gəlməyə bilər və gəlmir!

İkili standartların mövcudluğunun mühüm səbəblərindən biri də elə budur.

Odur ki, hər bir azərbaycanlı jurnalist informasiya cəbhəsinin əsgəri olduğunu da heç zaman unutmamalıdır!

***

İlk dəfə Aprel müharibəsində belə paradoksal vəziyyətlə kütləvi şəkildə üzləşdik!

Sosial şəbəkə və saytlar "cəbhə xəbərləri" ilə aşıb-daşdı!

Kim harda nə gördüsə, şəklini çəkdi, nə eşitdisə, hansısa tanımadığı saytda nəyəsə rast gəldisə, dərhal "isti-isti" oxucusuna, başqalarına çatdırmağa çalışdı!

Nə informasiyanın doğruluğuna, nə də çəkdiklərinin və yazdıqlarının düşmən üçün gərəkli faktlar ola biləcəyinə əhəmiyyət verdi.

Ümumi işimizə vurduğu ziyan nəzərə alınmadı!

Nə yaxşı ki Vətən müharibəsində ağıllandıq və keçmiş səhvlərimizi təkrarlamadıq!

Təkcə informasiyanı birinci verməyə tələsmək azdır!

Hansı informasiyanı yaydığımızın da fərqində olmalıyıq!

Məsələn, bəzən jurnalistikanın təkcə "həqiqətə sadiqlik" prinsipini gözləmək də məqsədəmüvafiq olmur!

Elə informasiyalar var ki, milli maraqlar naminə onların Azərbaycan saytlarında görünməsi səhv və zərərli nəticələrə gətirir!

Yaxud içimizdə "5-ci kolon"un mövcudluğu kimsəyə sirr deyil!

Bu kolonun üzvləri qrant xatirinə, yaxud xaricdə sığınacaq almaq üçün hər cür xəyanətə hazırdırlar və edirlər də!

Onların dövriyyəyə buraxdıqları "xəbərləri" maraq xatirinə təkrarlamaq və yaymaq mahiyyətcə həmin xəyanətə şərik çıxmaq anlamına gətirir!

***

İnformasiya müharibəsində yanlışlığa və səhvlərə gətirən səbəblərdən biri də "sensasiya xəstəliyi"dir.

Bu xəstəlik sosial şəbəkədə daha geniş yayılmışdır və "tələ"yə düşənlər onu öz saytlarına transfer etməklə, əslində, şərə qulluq göstərmiş olurlar.

Təcrübəli jurnalistlər və insanlar hansı informasiyanın həqiqət və ya "şübhəli" olduğunu dərhal ayırd edə bilirlər!

Lakin xəbərin "qışqırması", "qeyri-adiliyi" çoxlarının saqqızını oğurlayır.

Dərininə getmədən, mahiyyətə varmadan həmin "çığıran" xəbərin təkrarlayıcısına və yayıcısına çevrilirlər.

Bəzən isə həmin "sensasiya" hesabına saytlara girişin artırılması niyyəti, "məşhurlaşma" istəyi yalana göz yummağın səbəbinə çevrilir.

Nəticədə insanlar aldadılır, cəmiyyətə yalan informasiyalar sırınır.

Belə sensasiyalar düşmənlərimiz tərəfindən dövriyyəyə buraxılanda isə milli maraqlarımız, xalqımızın mənafeyi ziyan çəkmiş olur.

Hələ ayrı-ayrı insanlara dəyən mənəvi zərbəni, onlara münasibətdə ədalətsizliyə yol verilməsini demirik!

Bütün bunlar nəticə etibarilə jurnalistikamızın prinsiplərinin pozulması, milli mətbuatımızın əsrlərboyu formalaşmış ənənələrinə sayğısızlıq, peşə davranışı qaydalarına hörmətsizlik kimi də dəyərləndirilir.

***

Belə yanaşma sərgiləyənlər buna mətbuat və söz azadlığına "sədaqət" bəhanəsi ilə haqq qazandırmağa çalışırlar.

"Qərbin dəyərləri"ni, "beynəlxalq jurnalistika"nı misal çəkirlər!

Biz 44 günlük Vətən müharibəsi və ondan sonrakı günlərdə "söz azadlığına sədaqəti" də, beynəlxalq jurnalistikanın prinsiplərini də "öyrənmək istədiklərimiz"in özlərinin nə sayaq əməl etdiklərini yaxşıca gördük!

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev qırxadək dünya KİV-inə, informasiya agentliyinə və telekanala müsahibə verdi.

Az bir qisim istisna olmaqla, müsahibə götürən həmin jurnalistlərin mövqelərindən və verdikləri suallardan açıq-aydın erməni maraqlarının şiddətli qoxusu gəlirdi!

Sanki onlar müsahibə almağa deyil, prokuror kimi ittiham etməyə gəlmişdilər!

Məqsədləri həqiqəti yazmaq və demək yox, erməniləri müdafiə etmək, suya çəkmək idi!

Ermənilərin etdikləri bütün alçaqlıqları bizim ayağımıza yazmaq üçün dəridən-qabıqdan çıxırdılar!

Söz azadlığı bu idimi?

Həqiqətə sədaqət bu idimi?

Tərəfsiz, qərəzsiz mövqe bu idimi?

Beynəlxalq jurnalistikanın təməl prinsiplərinə beləmi əməl olunur?

Ən nəhayət, biz belələrindən öyrənib onlara oxşamalıyıqmı?!

Prezidentimizin fədakarlığı, yüksək hazırlığı və faktlardan məharətlə istifadəetmə bacarığı olmasaydı, onlar bəlkə də ağı qara kimi dünyaya təqdim edəcəkdilər!

Əksinə, Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin mətbu qurumların tribunasından bacarıqla istifadə edərək məkrli niyyətləri və yanaşmaları ifşa etdi, əsl həqiqətləri dünya ictimaiyyətinə məharətlə çatdırdı!

***

Milli mətbuatımızın ənənə və prinsiplərinə, jurnalistlərin peşə davranışı qaydalarına əməl etmək üçün ən əvvəl onları bilmək lazımdır!

Bu gün KİV-də çalışanların böyük əksəriyyətinin ixtisas təhsili, jurnalistikaya dair zəruri bilgiləri, Azərbaycan milli mətbuatının ənənələri ilə tanışlığı yoxdur!

Hətta belələri arasında qəribə təsəvvür də mövcuddur: yazı yaza bilirsənsə, nəzəriyyəyə, milli mətbuatın ənənələrini yaşatmağa və keçmiş təcrübəyə ehtiyac yoxdur!

Sovet dövründə belə düşüncə sahiblərinə "kosmopolit"lər deyirdilər.

Əlbəttə, çalışdığın sahə ilə bağlı dərin biliyə malik olmaq tələbi kimlərəsə xoş gəlməyə bilər.

Lakin özünə peşə, necə deyərlər, çörək qazanmaq üçün seçdiyin fəaliyyət sahəsində elementar biliyə malik olmamaq, ən pisi isə buna cəhd göstərməmək təkcə işinə laqeyd və biganə münasibət deyil, həm də hörmətsizlik əlamətidir.

ADA Universitetinin rektoru professor Hafiz Paşayevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə işıq üzü görmüş "Azərbaycan" qəzetinin nömrələri transliterasiya edilib.

"Azərbaycan" qəzeti isə bu xeyirxah təşəbbüsə dəstək olaraq, həm də əlçatanlıq mənasında həmin qəzet nömrələrini yenidən öz səhifələrində çap edir.

"Azərbaycan" qəzetinin həmin nüsxələrinin hər biri milli mətbuatımızın ənənələri barədə dolğun təsəvvür yaratmaqla bərabər, milli maraqları necə qorumağın, hansı mövqedən yazılar yazmağın klassik nümunələrini ortaya qoyur.

***

Dünya dəyişir, dünya inkişaf edir.

Bu inkişaf və dəyişikliklər müəyyən informasiyalarla müşahidə olunur.

Amma hər şeyin tam dəyişdiyini də güman etmək sadəlövhlük olardı...

Dünya dəyişməz və bəzən də yazılmamış qanunlarla, prinsiplərlə idarə olunur.

Bu qanun və prinsiplərdə ədalətsizlik də var, güclünün daim özünü haqlı sayması da, zəifin hüquqlarının tapdalanması da, üstəlik, ikili standartlar da!

Terminlər də dəyişə bilər: "ideoloji mübarizə" "demokratiyanın və insan haqlarının qorunması", "soyuq müharibə" "informasiya müharibəsi", "tələblər çağırışlar"la əvəz olunursa, bu hələ məsələnin zahiri tərəfidir.

Niyyət isə əbədi və dəyişməz qalır!

Belə bir vəziyyətdə ən doğru yol başını salamat saxlamaq üçün ağıllı, tədbirli və güclü olmaqdır.

Mətbuatda da belədir: söz azadlığı, informasiyanı dərhal çatdırmaq imkanları, kreativlik, sensasiya yaratmaq istəyi heç zaman milli maraqlardan üstün tutulmamalıdır!

İnformasiyanın operativ yayılması, mətbuat və söz azadlığı nə qədər vacib olsa da, bizi milli mətbuatımızın əsrlərin sınağından keçib gələn ənənə və prinsiplərindən uzaqlaşdırmamalıdır!

Xüsusən də vətəni sevmək, vətənpərvərlik ənənəsindən!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video