24 Sentyabr 2022 11:02
649
PARLAMENT
A- A+

Milli Məclisin sədri TÜRKPA Katibliyinin fəaliyyəti ilə tanış olub

 

Milli Məclisin sədri Sahibə Qafarova Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Katibliyində olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Sahibə Qafarovanı TÜRKPA-nın Baş katibi Süreyya Er qarşılayıb.

Sonra Milli Məclisin sədri Katibliyin inzibati binasının həyətində ağac əkib. Sahibə Qafarova Katibliyin inzibati binası ilə tanış olub, burada yaradılan iş şəraiti ilə maraqlanıb.

Daha sonra sədr Katibliyin kollektivi ilə görüşüb. Sahibə Qafarova kollektivi səmimiyyətlə salamlayaraq, qeyd edib ki, Azərbaycan Milli Məclisi TÜRKPA yarandığı dövrdən bu təşkilatla əməkdaşlığa önəm verib və təşkilatın fəaliyyətinə diqqət və qayğı göstərib. Onun sözlərinə görə, TÜRKPA-nın fəaliyyəti dövlətlərimiz və xalqlarımız arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin dərinləşməsinə xidmət edir.

Milli Məclislə TÜRKPA arasında münasibətlərin yüksək səviyyədə inkişaf etməsindən məmnunluğunu bildirən sədr deyib ki, parlamentimiz təşkilata üzv olan ölkələrin qanunverici orqanları ilə geniş əməkdaşlıq əlaqələrinə malikdir. Ötən dövr ərzində təşkilata üzv parlamentlər arasında əməkdaşlıq daha da inkişaf edib. TÜRKPA-nın ayrı-ayrı komissiyalarının iclaslarının və ölkələrimizi maraqlandıran müxtəlif mövzulara həsr edilmiş seminarların keçirilməsi, model qanunların işlənib hazırlanması, seçki və referendum müşahidə missiyalarının təşkili, beynəlxalq parlament təşkilatları çərçivəsində birgə fəaliyyətimiz səmərəli əməkdaşlığımızın mühüm göstəriciləridir.

Azərbaycan parlamentinin sədri xatırladıb ki, Milli Məclisin təşkilatçılığı ilə Bakı şəhərində TÜRKPA-nın komissiya iclası, seminarı, konfrans və görüşləri keçirilib. Digər tərəfdən, üzv parlamentlərin nümayəndələri ölkəmizin 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərinə, o cümlədən Azərbaycanın mədəniyyət paytaxtı, 2023-cü ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” Şuşa şəhərinə səfər ediblər. Qardaş ölkələrimizin parlament üzvləri Ermənistanın işğalı dövründə törədilmiş vəhşiliklərin və dağıntıların şahidi olmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərdə ölkəmiz tərəfindən həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri ilə də tanış olublar.

Qeyd olunub ki, TÜRKPA çərçivəsində model qanunların təqdim edilməsi ilə bağlı Milli Məclis Aparatında müsbət əməkdaşlıq təcrübəsi formalaşıb. TÜRKPA-da qəbul edilən 7 model qanundan 5-nin ilkin layihəsi Milli Məclis tərəfindən təqdim edilib. Milli Məclis təşkilata üzv olan ölkələrin parlamentləri ilə qanunvericilik təcrübəsinin bölüşməsində maraqlıdır.

Milli Məclisin sədri Katiblikdə çalışan heyətin fəaliyyətini müsbət qiymətləndirib. O, təşkilatda əlverişli işgüzar mühitin yaradıldığını qeyd edərək, inamını ifadə edib ki, burada çalışan əməkdaşlar öz təcrübə, bilik və bacarıqlarını bundan sonra da təşkilatın səmərəli fəaliyyətinə yönəldəcəklər.

Göstərilən yüksək diqqətə və təşkilata verilən dəstəyə görə Milli Məclisin sədrinə minnətdarlığını bildirən TÜRKPA-nın Baş katibi Süreyya Er Katibliyin fəaliyyəti haqqında geniş məlumat verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video