26 Sentyabr 2022 19:33
913
PARLAMENT
A- A+

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşüb

 

Sentyabrın 26-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşüb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tərəflər arasında təkbətək görüş keçirilib. Görüşdə ölkələrimiz və iki ölkənin qanunverici orqanları arasında əlaqələrin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparılıb.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Qonağı və onun başçılıq etdiyi nümayəndə heyətini salamlayan Milli Məclisin sədri bildirib ki, ölkələrimiz arasında 1992-ci ildə diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində fəal siyasi dialoq sayəsində ticari-iqtisadi, nəqliyyat, energetika, humanitar və digər sahələrdə əlaqələrimiz yüksək səviyyəyə çatıb. Qarşılıqlı münasibətlərin inkişafında dövlət başçıları İlham Əliyevin və Vladimir Putinin qarşılıqlı etimada əsaslanan münasibətləri və mütəmadi görüşləri mühüm rol oynayıb. Bu günədək iki ölkə arasında geniş spektri əhatə edən 250-dən çox dövlətlərarası və hökumətlərarası sənəd imzalanıb. Bu sahədə Prezident İlham Əliyevin cari ilin fevralında Rusiya Federasiyasına rəsmi səfəri zamanı imzalanmış Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə münasibətlərimizi yeni səviyyəyə qaldırıb. Bu Bəyannamə parlamentlərarası əlaqələr də daxil olmaqla, ölkələrimizin demək olar bütün sahələrdəki əməkdaşlığını özündə ehtiva edir.

Sahibə Qafarova qeyd edib ki, ölkələrimiz arasında mövcud olan iqtisadi münasibətlərin inkişaf dinamikası da qənaətbəxşdir. O cümlədən humanitar sahədə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə bu ilin martında Moskvada keçirilmiş Azərbaycan Mədəniyyəti Günləri Azərbaycan irsinin tanıdılmasına böyük töhfə oldu.

Söhbət zamanı S.Qafarova ikitərəfli münasibətlərin inkişafında Azərbaycan və Rusiya parlamentlərinin rolunu qeyd edərək, ölkələrimizin beynəlxalq parlament təşkilatlarında uğurlu əməkdaşlığının, Milli Məclis və Federal Məclis arasında daimi ikitərəfli parlamentlərarası komissiyanın mövcudluğunun qarşılıqlı münasibətlərimizin yüksək səviyyədə olmasından xəbər verdiyini bildirib.

Milli Məclisin sədri qeyd edib ki, ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafında regionlararası əməkdaşlıq xüsusi rol oynayır. Hazırda Rusiya Federasiyasının 70-dən çox subyektinin müəssisələri Azərbaycanla xarici ticarət sahəsində əməkdaşlıq edir, Rusiyanın 20-yə yaxın regionu ilə ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında müvafiq sazişlər imzalanıb.

Görüşdə Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə torpaqlarını işğaldan azad etməsi, üçtərəfli Bəyanatın həyata keçirilməsi, Ermənistanın uğursuz təxribatları barədə də fikir mübadiləsi aparılıb. Sahibə Qafarova xatırladıb ki, 2020-ci ildə Azərbaycan öz ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoyub. 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmiz tarixi Qələbə qazanıb, ərazi bütövlüyünü bərpa edərək, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasını öz gücü hesabına həyata keçirib.

Milli Məclisin sədri deyib ki, Azərbaycan torpaqlarımız işğaldan azad edildikdən dərhal sonra öz vəsaiti hesabına həmin ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlayıb. Azərbaycan regionda sülhün təmin olunması üçün üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Lakin çox təəssüf ki, Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın tələblərini tam şəkildə yerinə yetirməkdən boyun qaçırır və sülh prosesini pozmağa çalışır. Sahibə Qafarova, xüsusilə Ermənistan tərəfindən sentyabrın 12-də törədilən təxribatları diqqətə çatdıraraq vurğulayıb ki, bu təxribatların məsuliyyəti Ermənistanın siyasi–hərbi rəhbərliyinin üzərinə düşür. Milli Məclisin sədri bildirib ki, regionda daimi sülh və sabitliyin təmin edilməsi üçün Ermənistan öz öhdəliklərini yerinə yetirməlidir.

Səmimi görüşə görə təşəkkürünü bildirən Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodin ölkələrimiz arasında əlaqələrin dinamik inkişafından danışıb. O, ticarət, humanitar, təhsil sahələrində əlaqələrin bugünkü vəziyyətindən məmnunluğunu bildirib.

Parlamentlərarası əlaqələrin inkişaf perspektivləri barədə fikirlərini bölüşən Vyaçeslav Volodin iki ölkənin qanunvericilik orqanları arasında münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. O, Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti Haqqında Bəyannamənin strateji tərəfdaşlıq əsasında əldə edilmiş çox ciddi səviyyə olduğunu qeyd edərək, bu istiqamətdə parlamentlərarası əlaqələrin inkişafının da vacibliyini diqqətə çatdırıb. Vyaçeslav Volodin parlamentlərarası qarşılıqlı fəaliyyətin genişləndirilməsində görüşlər, dialoq, kommunikasiyanın mühüm əhəmiyyətini vurğulayıb.

Söhbət zamanı Dumanın sədri 2020-ci ildə ölkəmizin Qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsinə yekun vuran Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı üçtərəfli Bəyanatın həyata keçirilməsi barədə də fikirlərini bölüşüb.

Görüşdə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, sədr müavinləri Adil Əliyev, Fəzail İbrahimli, parlamentin komitə sədrləri Səməd Seyidov, Ziyafət Əsgərov, Siyavuş Novruzov, Bəxtiyar Əliyev, Tahir Mirkişili, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov, Azərbaycanda rus icmasının sədri, deputat Mixail Zabelin, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, hər iki ölkənin səfirləri Polad Bülbüloğlu, Mixail Boçarnikov və digər rəsmi şəxslər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video