19 Yanvar 2023 22:33
554
PARLAMENT
A- A+

Milli Məclisin komitə iclasında daha üç qanun layihəsi plenar iclasa tövsiyə olunub

 

Yanvarın 19-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2023-cü ilin yaz sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Səməd Seyidov yaz sessiyasında deputatlara uğurlar arzulayaraq, iclasın gündəliyinə 5 məsələ daxil edildiyini bildirib.

Komitə sədri əvvəlcə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2022-ci ilin payız sessiyası ərzində gördüyü işlər barədə hesabatı və komitənin 2023-cü ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsini təqdim edib.

Bildirilib ki, 2022-ci ilin payız sessiyasında görülən işlərin hesabatına əsasən, komitənin bu müddətdə 16 iclası keçirilib, 45 məsələ müzakirə edilib. Hesabat dövründə komitənin sədri və üzvləri xarici dövlətlərin və təşkilatların ölkəmizdəki səfirləri, nümayəndələri, ölkəmizdə səfərdə olan müxtəlif nümayəndə heyətləri ilə bir sıra görüşlər keçiriblər.

Qeyd olunub ki, ötən sessiya ərzində komitəyə ümumilikdə 1844 ərizə, məktub və şikayət daxil olub. Müraciətlərlə bağlı müvafiq tədbirlər görülüb, aidiyyəti təşkilat və idarələrə məktublar göndərilib. Komitə üzvləri tərəfindən vətəndaşların onlayn və fərdi qaydada qəbulu keçirilib.

Diqqətə çatdırılıb ki, 2023-cü ilin yaz sessiyası üçün iş planının layihəsinə əsasən komitədə qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinin müzakirəsi, beynəlxalq və dövlətlərarası müqavilələrin təsdiqi, icrası və ləğv edilməsi qaydalarına aid təqdim olunmuş sənədlərə dair rəyin verilməsi, parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi istiqamətində fəaliyyətin genişləndirilməsi və digər tədbirlər nəzərdə tutulub.

Komitə üzvləri Kamran Bayramov, Sahib Alıyev, Nəsib Məhəməliyev hesabat və iş planı barədə öz fikirlərini, qeyd və təkliflərini səsləndiriblər.

Komitənin 2022-ci ilin payız sessiyası ərzində fəaliyyəti qənaətbəxş hesab edilib, 2023-cü ilin yaz sessiyası üçün iş planının layihəsi müsbət qiymətləndirilib.

Sonra iclasda gündəlikdəki qanun layihələri müzakirə olunub.

Komitə sədri əvvəlcə, Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 155 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib. Konvensiyada qeyd olunur ki, sənəd iqtisadi fəaliyyətin bütün sahələrinə tətbiq edilir. Konvensiyaya əsasən, əməyin təhlükəsizliyi, gigiyenası və istehsalat mühiti üzrə qanun və qaydaların tətbiq edilməsi adekvat və müvafiq təftiş sistemi ilə təmin olunur. Hüquqi öhdəliklərin yerinə yetirilməsində kömək göstərilməsi məqsədilə işəgötürənlər və işçilərin təlimatlandırılması üçün müvafiq tədbirlər görülür. Sənəddə digər müddəalar da öz əksini tapıb.

Sonra S.Seyidov “Yerli rəy sorğusu haqqında”, “Avtomobil yolları haqqında”, “Diplomatik xidmət haqqında”, “Dövlət satınalmaları haqqında”, “Gənclər siyasəti haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında”, “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında”, “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında”, “Tənzimlənən qiymətlər haqqında” və “Banklar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair məlumat verib. Sənədə əsasən, “Media haqqında” qanunun icrası ilə əlaqədar olaraq adları çəkilən qanunlara uyğunlaşdırma xarakterli düzəlişlər edilib.

Daha sonra komitə sədri “İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında qanun layihəsini diqqətə çatdırıb.

Təqdim olunan hər üç qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonra iclasda cari məsələlərlə bağlı müzakirələr keçirilib. Komitənin sədri Səməd Seyidov, üzvləri Rasim Musabəyov, Elman Nəsirov, Sahib Alıyev, Asim Mollazadə, Nəsib Məhəməliyev beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafı, Azərbaycanın haqq səsinin geniş ictimaiyyətə çatdırılması, dünya miqyasında ölkəmizin mövqeyinin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətin genişləndirilməsi və digər aktual məsələlər barədə fikir mübadiləsi aparıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video