21 Sentyabr 2022 21:47
603
PARLAMENT
A- A+

Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyası üçün iş planının layihəsi təsdiqlənib  

 

Sentyabrın 21-də Milli Məclisin İnsan hüquqları komitəsinin 2022-ci ilin payız sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı, yaralılarımıza şəfa diləyib.

Zahid Oruc Ermənistan tərəfinin Azərbaycanla sərhəddə törətdiyi son təxribatla bağlı fikirlərini bölüşüb, ölkəmizə böhtan atmağa çalışanlara qarşı fəal mübarizənin vacibliyini diqqətə çatdırıb, bu istiqamətdə Milli Məclisin sədri Sahibə Qafarova başda olmaqla ,deputatların fəaliyyətini xüsusi qeyd edib.

Sonra komitə sədri gündəliyin birinci məsələsi olan 2022-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində İnsan hüquqları komitəsinin gördüyü işlər barədə hesabatı təqdim edib. Bildirilib ki, cari ilin yaz və növbədənkənar sessiyaları ərzində Milli Məclisin İnsan hüquqları komitəsinin 9 iclası keçirilib, həmin iclaslarda 14 məsələ müzakirə olunub. Komitə sədri baxılan məsələlər haqqında fikirlərini söyləyib, qəbul edilən qanun layihələrinin əhəmiyyətindən söz açıb, hesabat dövründə müxtəlif dövlət qurumları, ictimai və beynəlxalq təşkilatlarla birgə keçirilmiş konfranslardan, forumlardan, görüşlərdən və digər tədbirlərdən bəhs edib.

Məlumat verilib ki, hesabat dövründə komitəyə daxil olan 800 müraciət komitədə geniş təhlil olunub, araşdırılıb, müvafiq tədbirlər görülüb və ya onların həlli üçün aidiyyəti qurumlar qarşısında məsələ qaldırılıb. Qeyd olunub ki, həmçinin komitə rəhbərliyi tərəfindən 207 vətəndaşın qəbulu keçirilib.

Gündəliyin ikinci məsələsi - İnsan hüquqları komitəsinin 2022-ci ilin payız sessiyası üçün iş planının layihəsi ilə bağlı Zahid Oruc bildirib ki, komitəyə daxil olacaq qanun layihələrinin və digər sənədlərin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması ilə yanaşı, sənəddə insan hüquqları sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq təşkilatların nümayəndələri, dövlət qurumları ilə insan hüquqları sahəsinin aktual məsələləri ilə bağlı görüşlərin, müzakirələrin, dinləmələrin keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı təxribatlarının hüquqi aspektlərinin müzakirəsi, işğaldan azad edilmiş torpaqlarımıza Böyük Qayıdışla bağlı, xaricdə yaşayan soydaşlar və diaspor təşkilatları haqqında qanunvericilik aktının hazırlanması, həmçinin komitənin profilinə uyğun qanunvericiliyin təkmilləşdirilməsi kimi məsələlər də planda öz əksini tapıb.

Gündəliyin son iki məsələsi barədə məlumat verən komitə üzvü Bəhruz Məhərrəmov bildirib ki, üçüncü məsələ “Ekstradisiya haqqında” Avropa Konvensiyasına Dördüncü Əlavə Protokolun təsdiq edilməsi barədə qanun layihəsidir. Qeyd olunub ki, Əlavə Protokol 1957-ci ildə qəbul edilmiş “Ekstradisiya haqqında” Avropa Konvensiyasının bir sıra müddəalarının müasirləşdirilməsi və onların tamamlanması məqsədinə xidmət edir. Protokolun müddəaları münaqişənin nəticələri tamamilə aradan qaldırılana və Ermənistanla münasibətlər normallaşana qədər Azərbaycan tərəfindən Ermənistana münasibətdə tətbiq edilməyəcək.

Bəhruz Məhərrəmov gündəliyin dördüncü və sonuncu məsələsinin birinci oxunuşda olan qanun layihəsi olduğunu qeyd edib. Bildirib ki, sənəddə “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunun 7.2-ci maddəsinə əlavə təklif edilir. Əlavəyə görə, Milli Fəaliyyət Planı iştirakçılarının fəaliyyətinin əlaqələndirilməsi Milli Koordinator yanında ictimai əsaslarla fəaliyyət göstərən İşçi Qrup vasitəsilə həyata keçirilir. İşçi Qrupun tərkibi, təşkili və fəaliyyəti qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Müzakirələrdə İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, komitə sədrinin müavini Tahir Kərimli, komitə üzvləri Elman Nəsirov, Fazil Mustafa, Jalə Əhmədova, Elşad Mirbəşiroğlu, Razi Nurullayev, Naqif Həmzəyev, Bəhruz Məhərrəmov çıxış edib, gündəlikdəki məsələlərlə bağlı fikirlərini bildirib, rəy və təkliflərini səsləndiriblər.

İclasda 2022-ci ilin yaz və növbədənkənar sessiyalarında İnsan hüquqları komitəsində görülən işlər qənaətbəxş hesab olunub, komitənin 2022-ci il payız sessiyası üçün iş planının layihəsi təsdiq edilib. Deputatlar gündəlikdəki qanun layihələrini Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video