30 Noyabr 2021 21:59
408
PARLAMENT

Milli Məclisdə narkomaniya ilə mübarizəyə dair dinləmə keçirilib 

Noyabrın 30-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi və Səhiyyə komitəsinin “Narkomaniya ilə mübarizə ailə sağlamlığının təminatıdır” mövzusunda birgə dinləməsi keçirilib.

AZƏRTAC xəbər verir ki, dinləməni giriş sözü ilə açan Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın gənclər və idman siyasətinə, ailə institutuna göstərdikləri xüsusi diqqət və qayğıdan danışıb. A.Əliyev Azərbaycan gənclərinin, ailələrinin mənəvi-psixoloji və fiziki sağlamlıqlarının yüksək səviyyədə olduğunu qeyd edərək cəmiyyətdə mövcud olan narkomaniya problemindən söz açıb. Bu qlobal bəla ilə mübarizədə bütün cəmiyyətin səfərbər olmasının vacibliyindən danışan Milli Məclis sədrinin müavini narkomaniya ilə mübarizədə maarifləndirmə işlərinin bütün istiqamətlərdə intensivləşdirilməsi ilə bağlı təkliflərini səsləndirib.

Sonra Azərbaycan dövlətinin narkomaniyaya qarşı mübarizə ilə bağlı həyata keçirdiyi siyasətdən və yaradılmış qanunvericilik bazasından danışan Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova narkomaniya bəlasının fəsadları ilə bağlı məlumatlandırma və maarifləndirmə tədbirlərinin daha da gücləndirilməsinə, bu işlərin müasir və ideoloji formada aparılmasına ehtiyac olduğunu vurğulayıb.

Ailədə bir nəfərin narkomaniyaya düçar olmasının bütövlükdə ailənin məhvinə gətirib çıxardığına diqqət çəkən komitə sədri bu bəlanın qarşısının alınmasında mənəvi dəyərlərin təbliğinin rolunu xüsusi qeyd edib.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov müzakirə olunan problemin təkcə bir ölkənin, bir sahənin deyil, qlobal problem olduğunu qeyd edib. Narkotik aludəçilərinin, narkomaniya qurbanlarının statistikasının ilbəil artmasına diqqət çəkən Əhliman Əmiraslanov problemə kompleks yanaşmanın zəruriliyindən danışıb. Məsələnin tibbi aspekti üzərində xüsusi dayanan komitə sədri narkomaniya ilə mübarizə çərçivəsində səhiyyə sahəsində aparılan işlərdən bəhs edib, bu sahədə görülməli olan tədbirlərlə bağlı təkliflər verib.

Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı narkomaniyanı dini-mənəvi dəyərlər aspektində təhlil edib. O, rəhbərlik etdiyi qurumun bu sahədə apardığı işlər barədə məlumat verib, mübarizə metodları ilə əlaqədar fikirlərini açıqlayıb.

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru İslam Hümbətov narkomaniya ilə bağlı ölkəmizdəki mövcud durum, daxili işlər orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində aparılan tədbirlər barədə danışıb. Bildirib ki, cari ilin 10 ayı ərzində əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr müsadirə edilərək dövriyyədən çıxarılıb. Çıxışında idarə rəisi DİN-nin ictimai maarifləndirmənin ənənəvi üsulları ilə bərabər, yeni forma və metodları, o cümlədən sosial media menecment (SMM) mexanizminin tətbiqi barədə danışıb.

Dinləmədə BMT-nın Əhali Fondunun nümayəndəsi Səbinə Manafova müzakirə olunan problemlə bağlı təmsil etdiyi təşkilatın dövlət qurumları ilə sıx əməkdaşlığından söz açıb, məsələ ilə bağlı həyata keçirdikləri layihələrdən danışıb.

Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov, Əmək və sosial siyasət komitəsi sədrinin müavini Məlahət İbrahimqızı, Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini Jalə Əliyeva, deputatlar Sədaqət Vəliyeva, Tamam Cəfərova, Soltan Məmmədov, Nigar Arpadarai, Kamilə Əliyeva, Ramin Məmmədov, Sevil Mikayılova, Kəmaləddin Qafarov, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış edərək narkomaniyaya qarşı mübarizədə dövlət qurumları ilə bərabər, cəmiyyətin də fəal iştirakının, narkomaniyanın profilaktikası ilə bağlı işlərin geniş şəkildə təşkilinin, maarifləndirmə və təbliğat işlərinin artırılmasının vacibliyindən danışıblar, yeni metodların və yanaşmaların, xüsusən sosial şəbəkələrin imkanlarından istifadənin səmərəliliyinə diqqət çəkiblər. Onlar narkomaniya ilə bağlı statistikanın dəqiq aparılmasının, narkomanların müalicəsinin klinik protokollarının tərtibinin, yeni dərman və preparatların tətbiqinin zəruriliyini vurğulayıblar. Deputatlar qanunvericiliyin, qanunların icrası mexanizmlərinin yenidən nəzərdən keçirilməsi və digər məsələlərlə bağlı fikirlərini açıqlayıb, rəy və təkliflərini səsləndiriblər.

Dinləmədə Səhiyyə, Təhsil, Gənclər və idman, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Ombudsman Aparatının, QHT-lərin nümayəndələri çıxışlarında təmsil etdikləri sahələrdə apardıqları narkomaniya ilə mübarizə işlərindən danışıblar, qaldırılan məsələlərlə bağlı mövqelərini ifadə ediblər.

Tədbirin yekununda komitə sədrləri Əhliman Əmiraslanov və Hicran Hüseynova narkomaniya ilə mübarizənin ailə sağlamlığının təmin edilməsində önəmli yer tutduğunu vurğulayıblar, aparılmış təhlillərin, səslənən fikirlərin, irəli sürülən təkliflərin problemi birgə səylərlə aradan qaldırmaq, qarşısını almaq baxımından faydalı olacağına əminliklərini bildiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video