05 Iyul 2022 00:26
456
Səhiyyə
A- A+

Meymunçiçəyinə yoluxanların sayı Avropada üç dəfə artıb

 

Azərbaycan ÜST-dən ehtiyac yarandıqda istifadə edilməsi üçün 3000 test dəstini təhvil alıb

 

Meymunçiçəyi virusu yayılmaqda davam edir. Xəstəliyin əsas yayılma arealı Avropadır. Virusa yoluxmanın 90 faizinin bu regionda qeydə alındığı bildirilir.  Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Kluge deyib ki, son iki həftədə Avropada infeksiyaya yoluxanların sayı üç dəfə artıb və 4500-ü keçib, infeksiyanın yayılmasına qarşı təcili tədbirlər görülməlidir.

Eyni zamanda yoluxma hallarının əksəriyyətinin 21-40 yaşarası kişilərdə aşkarlandığı, xəstələrin 10 faizinin müalicə və təcrid üçün xəstəxanaya yerləşdirildiyi bildirilir.

Meymunçiçəyi qonşu ölkələr - Türkiyə, Gürcüstan da olmaqla indiyədək dünyanın 50-dən çox ölkəsində təsdiq olunub. İyunun 30-da Türkiyədə 37 yaşlı şəxsdə aşkarlanan xəstəliklə bağlı onunla təmasda olanlar araşdırılsa da, başqa yoluxma halı qeydə alınmayıb.

 

Xəstəliyin diaqnostika və müalicəsi üzrə klinik protokol hazırlanıb

 

Azərbaycanda indiyədək meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb. Səhiyyə naziri Teymur Musayevin sözlərinə görə, Azərbaycan epidemioloji nəzarəti daim Ümumdünya Səhiyyə Təşkilatının verdiyi qayda və tövsiyələrə əsasən aparır. Ölkəmizdə həmin qayda və tövsiyələrə tam riayət olunur. Sərhəd keçid məntəqələrimizdə meymunçiçəyi xəstəliyi ilə əlaqədar hansısa tədbirlərin görülməsi nəzərdə tutulmur.

Dünən Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyi isə məlumat yayaraq bildirib ki, ölkəmizin testlərlə bağlı ÜST-ə müraciəti artıq həllini tapıb. Belə ki, ÜST ehtiyac yarandıqda istifadə olunması üçün Azərbaycana 3000 meymunçiçəyi test dəsti təhvil verib.

ÜST-ün Azərbaycandakı nümayəndəsi Dr. Hande Harmancı bildirib ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatından bu test dəstlərini əldə edən ilk ölkələrdən biridir və sözügedən vasitələr yoluxma hallarının aşkarlanmasına, xəstəliyin yayılmasının qarşısının alınmasına yönəlmiş ictimai səhiyyə səylərinin müəyyənləşdirilməsinə kömək edəcək: "Biz ölkələrə nəzarət, təmasların izlənməsi və yoluxmuş xəstələrin izolyasiya edilməsi daxil olmaqla sınaqdan keçirilmiş ictimai səhiyyə vasitələri ilə dəstək verməyi hədəfləyirik. Erkən diaqnostika bu səyin mühüm hissəsidir".

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) meymunçiçəyi xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokol da hazırlayıb. Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının 2022-ci il 14 iyun tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş bu protokol ilkin səhiyyə xidmətində çalışan terapevtlər, pediatrlar, ailə həkimləri, təcili tibbi yardım həkimləri, həmçinin yoluxucu və dəri-zöhrəvi xəstəliklər üzrə mütəxəssislər üçün nəzərdə tutulub. Protokolun tərtibatında İSİM-in, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Strateji İnkişaf Departamentinin, Azərbaycan Tibb Universitetinin İnfeksion xəstəliklər kafedrasının mütəxəssisləri iştirak ediblər. 

Protokolda xəstəliyin ağır gedişatına görə risk faktorları müəyyən edilib. Qeyd olunur ki, virusun ağır halları daha çox uşaqlarda müşahidə edilir. Meymunçiçəyi xəstəliyinin ağırlaşması pasiyentin ümumi sağlamlıq vəziyyəti ilə əlaqədardır. Dərin immunçatışmazlığı daha ciddi nəticələrə səbəb ola bilər. Eyni zamanda hamilə qadınlar, atopik dermatit, ekzema və digər dəri xəstəlikləri olanlar daha yüksək ağırlaşma və ölüm riski altındadır. Tibb işçiləri virusla daha uzun müddət təmas halında olduqlarına görə risk qrupuna daxildirlər.

Məlumatda qeyd olunur ki, təbii çiçək xəstəliyinə qarşı peyvənd edilmiş insanların meymunçiçəyi virusuna yoluxma ehtimalı azdır. Lakin dünya üzrə təbii çiçək xəstəliyinə qarşı peyvəndlənmənin 40 ildən artıqdır ki, dayandırılması bu yaşdan cavan olanların meymunçiçəyi xəstəliyinə həssas olmaları mümkündür. Yoluxmanın risk qruplarına immunçatışmazlığı olanlar və yoluxmuş insanlara qulluq edən şəxslər aiddir.

Protokolda bildirilir ki, xəstədə gözdə ağrı və ya bulanma, təngnəfəslik, sinə ağrısı, nəfəs almaqda çətinlik, huşun pozulması, dezoriyentasiya, yuxululuq, qıcolmalar, qida qəbulunun əhəmiyyətli azalması, eləcə də uzun müddət davam edən qızdırma, arterial hipotenziya kimi hallar olduğu təqdirdə yaxından izlənilməlidir. Qeyd olunan əlamətlərdən hər hansı biri olarsa, gecikmədən mütəxəssisə müraciət olunmalıdır.

 

Virusun mutasiyaları xəstəliyin gedişinin atipikliyini istisna etmir

 

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov qəzetimizə açıqlamasında deyir ki, meymunçiçəyi infeksiyasına yoluxma hallarının sayı dünyanın bir sıra ölkələrində artmaqdadır. Artıq qonşu Gürcüstan və Türkiyədə ilk yoluxma faktı təsdiqlənib. Onun sözlərinə görə, bu hallar Azərbaycanda da meymunçiçəyi virusuna yoluxma hadisələrinə rast gəlinəcəyinə ehtimalları artırır.

Təyyar Eyvazov bildirir ki, deyilənlər nəzərə alınaraq ölkədəki müvafiq qurumlar bütün qabaqlayıcı tədbirləri planlı şəkildə həyata keçirirlər. İnfeksiyanın bəzi ölkələrdə geniş yayılması və virusun aşkar edilmiş mutasiyaları xəstəliyin gedişinin atipikliyini istisna etmir: "Bu hala az təsadüf olunsa da, müəyyən mənada xəstəliyin aşkarlanmasını çətinləşdirə bilər. Ümumən, xəstəlik halları anamnez və tipik simptomlar əsasında ehtimal olunaraq laborator təsdiqlənir".

 

Sadə qaydalarla xəstəlikdən qorunmaq mümkündür

 

Mütəxəssislər xəstəliyin tənəffüs yolu ilə deyil, əsasən yaxın fiziki təmasla keçdiyini bildirirlər. Buna görə də virusun yayılma sürətinin zəif və yoluxuculuq qabiliyyətinin aşağı olduğu bildirilir.

Yoluxma hallarının Avropada sürətlə artması, eyni zamanda digər regionlara da yayılması ehtimalı nəzərə alınaraq Ümumdünya Səhiyyə Təşkilatı iyunun 23-də meymunçiçəyini pandemiya elan etdi. Narahatlıq doğuran məqam isə odur ki, virusa uzun illərdən bəri Afrika ölkələrində rast gəlinsə belə, hazırda endemik olmayan, digər ölkələrə və bölgələrə sürətlə, davamlı yayılmasıdır. İmmuniteti zəif olanlar, hamilə qadınlar və uşaqlar xəstəliyin risk qrupuna daxildirlər. Xəstəlikdən qorunma yollarına gəlincə isə, maskadan istifadə edərək, virusa yoluxan şəxslərlə fiziki təmasdan yayınaraq, ümumilikdə gigiyenik qaydalara əməl edərək müdafiə olunmaq mümkündür.

 

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video