26 Iyun 2022 02:33
308
CƏMİYYƏT

Mənim anam qəhrəmandır...

 

Zəhra və Mərdan deyir bu sözləri... Onlar İkinci Qarabağ müharibəsinin yeganə qadın şəhidi, 44 günlük qanlı döyüşdə əsgər qardaşlarının yarasını sarıyan, şəfqəti, qeyrəti ilə döyüşən tibb bacısı Arəstə Baxışovanın övladlarıdır.  Digər şəhid övladları "Mənim atam qəhrəmandır" deyəndə onlar "Mənim anam qəhrəmandır" deyirlər...

Vətən müharibəsində şəhid olan, yaralanan qeyrətli, mərd oğullarımız, xalqımızın bu şərəfli tarixini canı ilə, qanı ilə dünyaya bəyan edənlər həmişə anılacaq, sevgi və ehtiramla yad ediləcəklər. Onlar Azərbaycanımızın siması, Vətənin əzəli və əbədi pasportudurlar. Və bu parlaq kəhkəşanda bir ulduz da parlayır - yaxın və uzaq bir ömrün hekayəsinin ulduzu, Qəhrəmanı...

Arəstə Baxışova 2020-ci il oktyabrın 23-də Qubadlı uğrunda gedən döyüşlər zamanı şəhid olub. O, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılıb və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub. Şəhidimizin qəhrəmanlığının sorağı sərhədlərimizi aşıb və o, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətinin təsis etdiyi dünyanın ən nüfuzlu "Florence Nightingale" medalına layiq görülüb.

Övladları hazırda dövlətimizin və bir də anası Məktubə xanımın himayəsi altında və qəyyumluğundadır. Şəhidimizin də vəsiyyəti belə idi.

Uşaqların onsuz da qaysaq bağlamayan yaralarını təzələməmək üçün Məktubə xanımla onlar məktəbdə ikən görüşdük. Onu gördükdə şəhid xanımımızın mərdliyini, məğrurluğunu, qorxmazlığını kimdən aldığını anladım. Övlad itkisinin necə böyük bir faciə, fəlakət olduğunu onun gözlərindən duydum. Bu ağrının ifadəsinin heç bir dildə, heç bir lüğətdə qarşılığı olan söz yoxdur. Gözündə yaş, əlləri övladının rəsmini oxşayaraq başladı sözlərinə. Demə, çox çətin taleyi olubmuş qəhrəmanımızın...

"Uşaqlıqdan heç özünü qız kimi aparmırdı. Məhəlləmizdə demək olar ki, yeganə qız uşağı idi. İki qardaşına baxıb onlar kimi geyinər, onlar kimi futbol oynayardı. Uşaqlıqdan arzusu hərbçi olmaq idi. Həmişə atasının papağını başına qoyub deyirdi ki, mən də atam kimi zabit olacağam. Atasından da doya bilmədi bu həyatda. Arəstə 4 yaşında ikən o, Çernobıl qəzasının aradan qaldırılması  zamanı məruz qaldığı şüalanma nəticəsində 33 yaşında vəfat etdi",- deyir Məktubə xanım.

Yeddinci sinfə qədər Xaçmazda təhsil alan Arəstə daha sonra ailəsiylə birgə Bakıya köçür. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Kollecinin İngilis dili fakültəsinə daxil olur. Amma ürəyi onu başqa səmtə çəkirdi. Həmkarı, rəfiqəsi, tibb xidməti baş çavuşu Pərvanə İsgəndərova deyir ki, Arəstənin arzusu hərbçi olmaq idi. Ona görə də ixtisasına uyğun olaraq mülki sahədə işləmədi, ordu sıralarında xidmət etməyi üstün tutdu.

Rəfiqəsi deyir ki, müharibə başlayandan həftədə bir, bəzən iki dəfə yaralıları xəstəxanaya gətirir, tez də geri qayıdırdı. Bu zaman övladlarını belə görməyə vaxtı olmurdu. Darıxsa da, yorulsa da, mətin idi, atəş səslərinə öyrəşdiyini deyirdi.

Azərbaycan Ordusunun çavuşu, hərbi feldşer Arəstə Baxışovanın cəsurluğu, mərdliyi dillər əzbəri idi. O, heç bir qorxu hissi keçirmədən döyüşlərin qızğın getdiyi təhlükəli bölgələrə gedib yaralı əsgərlərə ilk tibbi yardım göstərir, onları atəş altından uzaqlaşdırırdı. Onlarca yaralı əsgər Arəstənin göstərdiyi tibbi yardım sayəsində həyata qayıdıb, yaşam şansı qazanıb. Hətta onlardan çoxu döyüş bölgəsinə qayıdaraq silahdaşları ilə birgə yenidən düşmənə qarşı vuruşub. Elə şəhadətə də döyüş meydanında ucalıb. Kürəyinə alıb daşıdığı yaralı əsgərlə bir yerdə...

Arəstənin döyüş bölgəsində olduğunu anasından gizlədiblər. Son zamanlar anasına ancaq axşamlar zəng edirmiş. Məktubə xanımın sözlərinə görə, demə,  döyüşlər səngiyəndə, top-tüfəng səsləri ara verəndə evə zəng edirmiş ki, anası və körpələri duyuq düşüb narahat olmasınlar. Şəhadətindən iki gün öncə zəng edərkən kövrək səslə dediklərini şəhid anası gözüyaşlı xatırlayır, qızının səsinin hələ qulağından getmədiyini deyir. "Ana, nəsə olsa, uşaqlar sənə əmanət, onları səndən başqa heç kimə etibar edib tapşıra bilmərəm",- titrək səslə deyib Arəstə. İndi qızının yalnız anasına etibar etdiyi övladlarında tapır təsəllini Məktubə xanım.

Sonuncu dəfə ölümündən yarım saat əvvəl oğlu Mərdanla danışıb. "Yaxşı oxuyun, nənənizin sözündən çıxmayın", - deyib.

Məktubə xanım "Yaşat" Fondunun maddi-mənəvi dəstəyindən danışaraq onun rəhbərliyinə dəfələrlə təşəkkürünü bildirir. Şəhidimizin övladları özəl məktəbdə təhsil alır, təqaüdlə, yeni evlə təmin olunublar. Yaxşı oxuyurlar. Nənə məhəbbəti, şəfqəti, dövlətimizin qayğısı və diqqətilə uşaqlıq həyatı yaşayırlar... Uşaqlar "Yaşat" Fondunun və "Asan Könüllüləri"nin birgə təşkilatçılığı ilə digər şəhid övladlarıyla birlikdə Lənkəranda yay tətilində olublar. Gənclər və İdman Nazirliyi və "Yaşat" Fondunun dəstəyilə idmanın taekvondo növü ilə məşğul olurlar. Onların ən böyük arzusu Vətəninə, xalqına, anasına layiq övlad olmaq, bayrağımızı ucaltmaqdır.

Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Zəfər muzeyi yaradılıb. Burada igidliyi ilə hər birimizə örnək olacaq Arəstə Baxışovanın da əşyaları yer alıb. Onları oğlu öz əlləriylə seçib təqdim edib. Mərdan deyir ki, muzeyin sayəsində anasının necə mərd qadın olduğu, Vətəni üçün canından keçdiyi unudulmayacaq.

Söhbət əsnasında Məktubə xanım bizə qızının fotolarını, təltiflərini də göstərdi. Onların arasında əzilmiş bir vərəq diqqətimizi çəkdi. Mərdanla Zəhranın dərs cədvəli idi. Arəstə şəhid olandan sonra kitelinin cibindən çıxıb. Onun ən böyük arzusu övladlarının yaxşı təhsil alması, özünün həyatda yaşadığı çətinliklərlə onların üzləşməməsi idi.

Gözün arxada qalmasın, Arəstə! Xalqımız, dövlətimiz həmişə onların yanındadır. Əmanətin əmanətimizdir.

 

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video