08 Dekabr 2021 01:01
785
SİYASƏT
A- A+

MƏN MÜHARİBƏ VETERANIYAM

 

Amma müqəddəsliyi adiləşdirmək, kiçiltmək kimsəyə başucalığı gətirməz!

 

Gizlətmirəm, I Qarabağ müharibəsindən sonra bu sözü həvəssiz, yavaşdan, sıxıla-sıxıla deyirdik!

Çünki dilimiz qısa idi - torpaq itirmişdik!

20 min şəhid versək də, ölkə ərazisinin 20 faizi işğala məruz qalmışdı!

Həm də bu, nə “könüllü özünümüdafiə batalyonu”nun, nə döyüşən əsgərin təqsiri idi, nə də sonradan məşəqqətli “qaçqın həyatı” yaşamaq zorunda qalan məcburi (artıq keçmiş məcburi) köçkünlərin - yerli sakinlərin günahı üzündən baş vermişdi.

Düşmən güclü və arxalı, sözünü deyəni və müdafiə edəni də çox idi.

Vaxtında silahlandırılmış, ağzına dil verilmiş, özünə də hərtərəfli kömək göstərilirdi.

Bizdən isə hətta quş tüfənglərini belə yığmışdılar ki, birdən erməni tərəfə güllə atarıq!

Ən əsası, nə Ulu Öndər Heydər Əliyev kimi rəhbərimiz, nə də cənab İlham Əliyev kimi sərkərdəmiz var idi!

Yanan da biz olduq, yaman da!

Adımızı “vəhşi”, “qəddar” qoyaraq “məzlum” və “zavallı” ermənilərə “zülm” etdiyimizə görə doğma torpaqlardan qovdular, 30 il yurd həsrətilə qovrulduq.

Əlimiz heç yana, ünümüz heç kimə çatmadı!

Nə kömək edən oldu, nə də BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirən!

27 illik zülm və həsrətdən sonra, nəhayət, 10 noyabr 2020-ci ildə doğma torpaqlara qovuşduq!

Bu möcüzəni bizə 44 günlük Zəfər müharibəsindən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev yaşatdı!

Torpağımızı da aldıq, qisasımızı da!

***

Müharibə qansız, ölümsüz, itkisiz olmur...

Bu qəhrəmanlıq döyüşlərində 3 minədək şəhid verdik, nə qədər yaralımız, əlilimiz oldu!

Dövlət hamısına sahib çıxdı, ziyan çəkənlərə xüsusi qayğı göstərdi və göstərir də!

Lap dəqiqin desək, şəhid ailələrini və övladlarını, müharibə əlillərini və veteranlarını hər cür qayğı və güzəştlə əhatə edib:

* Yaralıları müalicə edir, burada əlacı olmayanları sağaltmaq üçün dövlət vəsaiti hesabına Türkiyəyə göndərir.

* Ən müasir protezlərlə təmin edir.

* Ehtiyacı olanlara təmirli ev və ya mənzil verir.

* Pensiya və digər ödənişlər olunur.

* Əlillərə dövlət hesabına, necə deyərlər, yağın içində minik avtomobilləri bağışlanır.

* Şəhid övladları təhsil haqqından azad edilirlər.

* Hər yerdə, dövlət müəssisələrində, müalicə ocaqlarında hörmətlə qarşılayır, mümkün olan köməyi göstərirlər.

* Bu günlərdə şəhid ailələri və qazilər üçün yeni vergi güzəştləri də müəyyənləşdirildi.

Tam məsuliyyətlə deyirəm: bu gün heç kimin Azərbaycan iqtidarının və ölkə vətəndaşlarının şəhid övladlarına, şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılarına diqqət və qayğısından, isti münasibətindən, köməyindən narazı qalmağa haqqı çatmır!

Hamı əl-ələ verərək nə mümkünsə edir!

Bunu “Yaşat” fondunun yaradılması və elliklə maliyyələşdirilməsi də açıq-aşkar göstərir!

AMMA...

Kaş ki, bu “əmma” olmayaydı!...

***

Yazının əvvəlinə qayıdırıq...

Bu gün bütün müharibə veteranları, əlilləri (son vaxtlar dilimizə türk qardaşlarımızdan keçərək əsl mənasında işlənməsə də, “qazi” sözü də daxil olub), qaziləri qürurla, ürəklə, fəxrlə özlərinə “veteran”, “qazi” deyirlər!

Çünki Müzəffər Ali Baş Komandan İlham Əliyev dilimizi uzun etdi!

44 günlük Zəfər müharibəsində 27 illik işğala son qoydu!

Əsl möcüzə göstərərək bizi qalib millətə, qalib dövlətə və qalib xalqa çevirdi!

Şəhidlərimizin də, əlillərimizin də qisasını aldı!

Qürur və mənliyimizi özümüzə qaytardı!

Əslində, vətənə xidmət etməkdən, vətəni qorumaqdan, torpaqları azad etmək uğrunda döyüşlərdə qan axıtmaqdan, şəhadətə qovuşmaqdan şərəfli nə ola bilər?!

Mən müharibə veteranının da, şəhid ailələrinin də, əlillərin də fəxarətini, bəzən hündürdən, qürurla danışmaqlarını başa düşürəm.

Həm də qəbul edirəm!

Amma bu fəxarətli və şərəfli adlarla (nə qədər çətin olsa da, deməyə məcburam) alver etmək istəklərini, sonsuz tələb və yerinə yetirilməsi mümkün olmayan iddialarla müxtəlif ünvanların bezdirilməsini, özünü qanundan yüksək tutmaq cəhdlərini anlaya bilmirəm!

Heç bu şərəfli adı daşıyanlara da belə davranış və ədalətsizliyi layiq görmürəm!

Hələ nə qədər yalandan bu addan istifadə edənlərin, qoltuq ağacları ilə başqalarına, hətta polis nəfərlərinə hücum çəkənlərin mövcudluğunu, əlil adı ilə torpaq alverinə qoşularaq özlərinə “biznes” quranların varlığını və sonradan ifşa edildiyini demirəm.

Hər dəfə mətbuatda bu tipli xəbərlərə rast gələndə sarsılıram, özümü qoymağa yer tapmıram.

I Qarabağ müharibəsində şəhid gedən igid övladlarımız, dostlarım, doğmalarım, müharibə dövrü yazılarımın qəhrəmanları yadıma düşür.

Çoxu qəhrəmanlıqla döyüşərək şəhid oldular!

Amma həmin dövrdə onlara lazımi qiymət verən tapılmadı, ailələrinə zəruri kömək göstərmək mümkün olmadı.

Heç onların ailələrinin səsi də çıxmadı, çıxanda isə həmin səsi eşidən, yardım üçün əl uzadan tapılmadı.

Sonradan, dövlət özünə gələn dövrdən başlayaraq mövcud imkanlar daxilində zəruri yardımlar göstərildi, ev, pensiya, minik maşınları verildi.

İndi isə Bakıda qara plyonkalı, nömrəsi çıxarılmış, yüksək sürətlə şütüyən əlil maşınlarını görəndə pərişan oluram.

Belələri arasında avtoşluq edənlər, polisə tabe olmayanlar da mövcuddur!

Onlar imtiyazlarını qabardaraq yol hərəkəti qaydalarını pozur, yol polisini isə eşitmək istəmirlər!

Müalicə müəssisələrində ərköyünlük göstərənlərin, səs-küy salanların sayı da az deyil!

Axı qanun hamı üçün eynidir və hamının təhlükəsizliyinə, müdafiəsinə, hüquqlarının qorunmasına, rahatlığına xidmət edir!

Belə ərköyünlərə ayrıca, xüsusi qanunmu yazılmalıdır?

Axı biz hamımız - dövlət də, polis də, həkim də, lap sıravi vətəndaş da sizləri sevirik, hörmət edirik, igidliyinizi qiymətləndiririk!

Bəs sizlərin bir qismi niyə belə addım atır?

Niyə özlərini biz istəyən səviyyədə, yüksəklikdə saxlamırlar?

Hətta biz gözləyirik ki, siz özünüz (bu istiqamətdə fəaliyyət göstərən kifayət qədər təşkilatlar da var) belələrinə qarşı dözümsüz olasınız, hərəkətlərinin yanlışlığını onlara anladasınız!

Şəhid də, əlil də, veteran da əsl qiymətini bu gün alır!

Onlara layiq olduqları kömək indi göstərilir!

Əməllərinin, fədakarlıqlarının əsl dəyəri indi verilir!

Gəlin keçmişdə qalan soyuq münasibətləri, qayğısızlıq illərini də unutmayaq!

Vətən hamımızındır!

Hərə ona bacardığı kimi xidmət göstərir.

Kimin taleyinə, qismətinə nə düşübsə, buna görə Vətənə minnət qoymaq düz deyil!

***

İkinci Qarabağ uğrunda müharibədə hər bir azərbaycanlı kişisi iştirak etməyi özünə şərəf bilirdi.

Bunu müharibə davam edən müddətdə Hərbi Səfərbərlik üzrə Dövlət Xidmətinin yerli şöbələrinə gedərək döyüşlərdə könüllü iştirak etmək istəyənlərin say çoxluğu da sübut edirdi.

Bir qismi öz istəyinə nail oldu, erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etdi.

Lakin cəmi 44 gün davam edən Zəfər müharibəsində kütləvi səfərbərliyə ehtiyac olmadı, ərizə verənlərin çoxu orduya cəlb edilmədi.

Bu gün bəxti gətirərək torpağın işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edənlər müharibəyə getmək üçün növbədə qalanlardan niyə özlərini yüksək tutmalıdırlar?!

Yaxud bunu əllərində bayraq edərək dövlətin onlara verdiyi xüsusi imtiyazlardan əlavə nəsə tələb etməli, yaxud xoşagəlməz addımları özlərinə rəva görməlidirlər?!

Vətənə xidmətə, vətən qarşısında övlad borcunu yerinə yetirməyə görə qanundan və etikadan kənar nəsə etmək, yaxud kiməsə minnət qoymaq da anlaşılan deyil!

MƏN MÜHARİBƏ VETERANIYAM!

Təmkinlə, qürurla söylənən bu söz sahibinə rəğbət və məhəbbət doğurur!

Çünki bunu söyləyən insan başqa təmənna güdmür, Qarabağın azadlığı uğrunda savaşın iştirakçısı olduğundan özünü xoşbəxt saydığını diqqətə çatdırmaq istəyir.

MƏN MÜHARİBƏ VETERANIYAM!

Ucadan, təhdidlə, hikkəli şəkildə söylənən eyni sözlərin arxasında isə başqa bir iddia dayanır!

Yəni “Mən müharibədə can qoymuşam, qan tökmüşəm, torpağı azad etmişəm!”

Deməli:

Hamı məni eşitməli, tələblərimi dərhal yerinə yetirməli, güzəştə getməli, bütün addımlarımı, əməllərimi bəyənərək qəbul etməlidir!

Mənə yox demək, hərəkətlərimi bəyənməmək, hətta qanunu pozduğum halda belə cəza vermək olmaz!

Belə mövqe sahibləri isə bu adı vicdan və məsuliyyətlə daşıyanları hamımızın müqəddəs saydığımız yüksəklikdən aşağı salır, boynumuza minnət qoyaraq özlərini hamıdan və qanundan üstün tutmağa çalışır.

Onlara göstərilən diqqət və müxtəlif imtiyazlardan kifayətlənməyərək yeni tələblər irəli sürürlər...

Əslində, Vətən bizə yox, biz hamımız Vətənə borcluyuq!

Vətəni övlad kimi sevmək, qorumaq, bütün çətinliklərinin, problemlərinin həlli yolunda canla-başla iştirak etmək bir azərbaycanlı kimi müqəddəs vəzifəmiz sayılır!

Vətən bizə minnət qoya bilər, biz isə Vətənə yox!

Vətən ərköyünləri, bir edib beş danışanları sevmir!

Heç kəsin də xidmətini əvəzsiz qoymur!

Gəlin Vətəni də əziz tutaq, müharibə veteranı, müharibə əlili, şəhid ailəsi, qazi adını da daim ucalıqda saxlayaq.

Müqəddəsliyi adiləşdirmək, kiçiltmək kimsəyə başucalığı gətirməz!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video