09 Dekabr 2022 01:41
340
Mədəniyyət
A- A+

Mədəniyyətimizin, birliyimizin şəhəri

 

"... Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar".

Heydər ƏLİYEV

 

2023-cü il Şuşanın daha yaddaqalan gözəl günlərinin, tarixinin bir şanlı səhifəsinin də yazılacağı il olacaq. Dekabrın 6-da dövlət başçısı Şuşa şəhərinin 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 
Şuşa xoş arzularımızın ünvanı, mədəniyyətimizin paytaxtı, musiqimizin beşiyidir. Şuşa gözəllik diyarıdır. Qışda ağ buludların arasında gizlənən başı qarlı dağları, yazda, yayda yaşıl örtüyə bürünmüş meşələri, ormanları gerçəklikdən çox  məşhur  rəssamın ustalıqla yaratdığı təbiət  rəsminə  bənzəyir. 
Müdriklər doğru deyiblər ki, insanlar doğulub, boya-başa çatdıqları yerin təbiətinə bənzəyirlər. Bu yerin insanları da Şuşanın təbiəti kimi safdır. Əbəs yerə Şuşanı "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırmayıblar.
Şuşa dünyanın musiqi xəzinəsinə Üzeyir bəy Hacıbəyli, Mirzə Sadıqcan, Cabbar Qaryağdıoğlu, Bülbül, Xan Şuşinski, Rəşid Behbudov, Niyazi kimi böyük sənətkarlar bəxş edib. Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün  Nəvvab, Firudin bəy Köçərli, Əbdürrəhim bəy Haqverdiyev, Həmidə xanm Cavanşir, Əhməd bəy Ağaoğlu,Yusif Vəzir Çəmənzəminli kimi nəhəng söz, fikir adamları Şuşada dünyaya gəlib, burada yetişiblər. İftixarla qeyd edə bilərik ki, Azərbaycan elminə öz layiqli töhfəsini vermiş 35 akademik, 150-dən çox elmlər doktoru, 200 nəfərdən çox müxtəlif sahələr üzrə elmlər namizədi, tanınmış elm, sənət adamları bu qədim şəhərdə dünyaya göz açıblar.
Şuşa birmənalı olaraq sülh, mədəniyyət şəhəridir. Təməli XVIII əsrin ortalarında qoyulan Şuşanın çox maraqlı tarixi var. Qarabağ xanı Pənahəli xan aramsız hücumlardan qorunmaq üçün 1750-ci illərdə Bayat və Şahbulaq adlı qalalar tikdirsə də, bu qalalar  xanlığı fasiləsiz müharibələrdən qoruya bilmirdi. Bir gün xan düşmən hücumundan yaxşı mühafizə oluna biləcək dəniz səviyyəsindən 1300-1600 metr yüksəklikdə  yerləşən və üç tərəfdən sıldırım qayalarla əhatə olunan dağ yaylasını görür. Şuşanın ərazisi xanın arzusunda olduğu tələblərə tam cavab verdiyindən o, şəhəri burada salmağı qərara alır. Şəhər əvvəlcə onun şərəfinə Pənahabad adlandırılsa da, sonralar Şuşa kimi çağırılıb.  Şuşa müdafiə xarakterli qala kimi salınıb. Amma 270 illik yaşı olan bu şəhərdə bir silah istehsal edən sex və ya müəssisə olmayıb. Bu şəhərdə musiqi olub. Şuşanın tarixi meydanlarından biri Cıdır düzüdür. Bu meydanda qarabağlı igidlər at çapıb, qurşaq tutub güləşib, çövkən oynayıblar...
Şuşa Azərbaycanın tacıdır, Qarabağın mirvarisidir. Bu şəhərdə həmişə düşmən gözü olub, farslar da,... mənfur ermənilər də həmişə Şuşaya baxıb  köks ötürüblər. Qarabağ xanlığı Rus-Fars müharibəsi nəticəsində Araz çayının şimalındakı digər xanlıqlarla birlikdə XIX əsrin əvvəllərində Rusiya imperiyasına birləşdirilib. Sovet dönəminin ilk illərində 1921-ci ildə Şuşa yeni yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi olub. Amma şəhər əhalisi azərbaycanlılardan ibarət olduğu üçün vilayət mərkəzinin Şuşada olması ermənilərə sərf etmədiyinə görə, havadarlarının köməyi ilə  1923-cü ildə mərkəz  dəyişdirilərək  Xankəndiyə köçürülüb.
Dağlıq Qarabağda demoqrafik dəyişiklik etmək məqsədilə 1828-1830-cu illərdə İrandan 40 min, Türkiyədən 84 min erməni əhalisini köçürərək Qarabağda yerləşdiriblər.
Şuşa şəhəri təbiəti və saf havasına görə fərqləndiyi üçün müalicə əhəmiyyəti baxımından sovet illərində kurort şəhəri olub. Bu şəhər öz qədim tarixi abidələri, gözəlliyi ilə seçilib. Şuşada olan qədim məscidlər, karvansaralar, muzeylər, Şuşa teatrı şəhərə gələn turistlərin, qonaqların ən çox üz tutduqları məkanlar olub. Həm də maraqlısı budur ki, sovet dövründə tar, kamança, ud, nağara və digər musiqi alətləri istehsal edən yeganə Şərq Milli Musiqi Alətləri Fabriki də Şuşada yerləşib. 
Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. 1977-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə "Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında" qərar qəbul edilmişdir. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır.
1992-ci il mayın 8-dək - şəhər işğal olunana kimi burada onlarca muzey, bir neçə orta və ali təhsil müəssisəsi, məktəblər və kitabxanalar fəaliyyət göstərib. Mənfur erməni vandalları Şuşanı işğal etdikdən sonra şəhərin infrastrukturuna ciddi ziyan vurub, tarixi memarlıq abidələrini dağıdıb, şəhəri talan ediblər. Bununla kifayətlənməyən düşmən Üzeyir bəy Hacıbəylinin, Bülbülün, Natəvanın heykəllərini də gülləbarana məruz qoyub.
Qəhrəman Azərbaycan Ordusu 2020-ci ildə Şuşanı düşmən işğalından azad etdikdən sonra şəhərdə geniş abadlıq-quruculuq işlərinə başlanmış, düşmənin şəhərə vurduğu ziyanlar aradan qaldırılmışdır. Eyni zamanda  Şuşanın tarixi  ənənələri də bərpa edilmişdir.
Bu gün Şuşa elmi konfransların, beynəlxalq əhəmiyyətli tədbirlərin, musiqi festivallarının keçirildiyi bir ünvana çevrilib.Tariximizin yadigarı Şuşa 2021-ci il mayın 7-də Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın  mədəniyyət paytaxtı elan edilib. Şəhərdə gedən abadlıq-quruculuq, bərpa işlərinə şəxsən nəzarət edən Müzəffər Ali Baş Komandan mütəmadi olaraq Şuşaya səfərlər edir, görülən işlərlə tanış olub, tövsiyə və tapşırıqlarını verir.
Şuşa təkcə azərbaycanlılar üçün doğma, müqəddəs şəhər deyil. Azərbaycanın dostları, bütün türk dünyası Şuşanı özlərinə qardaşlıq şəhəri hesab edirlər.
2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Şuşa şəhəri 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilmişdir.
Memarlıq və şəhərsalma sənətinin 270 illik tarixə malik parlaq incisi olan və Azərbaycan xalqı üçün yüksək mədəni-mənəvi dəyər kəsb edən Şuşaya xüsusi ehtiramın təzahürü kimi bu qərar türk dünyasının birlik və həmrəyliyinin yeni rəmzinə çevrilməklə türk xalqları arasında əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcək. Yeri gəlmişkən, qeyd edək ki, türk dövətlərinin qəbul etdikləri bu möhtəşəm qərar dostluğumuzun, birliyimizin, qardaşlığımızın əyani nümayişidir.

Elşən QƏNİYEV,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video