Lənkəran şəhərində, rayonun qəsəbə və kəndlərində bu mühüm siyasi kampaniyaya hazırlıq işləri yekunlaşmaq üzrədir. Seçkilərə hazırlıq işlərinin görülməsinə kömək etmək üçün şəhər icra hakimiyyəti başçısının sərəncamı ilə qərargah yaradılmış, seçki orqanları ilə birgə hazırlıq işlərinə məsul olan təşkilatların fəaliyyəti əlaqələndirilmişdir.
Rayonda 3 seçki dairəsi üzrə 132 seçki məntəqəsi fəaliyyət göstərir. Seçicilərin ümumi sayı 139,2 min nəfərdir. Məntəqələrdə seçki komissiyalarında normal iş şəraitinin yaradılması üçün zəruri tədbirlər görülmüşdür. Belə ki, məsul şəxslərin iştirakı ilə seçki məntəqələrinin yerləşdiyi binalara baxış keçirilmişdir. Məlum olmuşdur ki, bütün məntəqələrin yerləşdiyi binalar təmir olunmuş, elektrik, təbii qaz, su və telefonla təmin olunmuşdur. Bundan əlavə, məntəqələrdəki elektrik generatorlarına texniki baxış keçirilərək saz vəziyyətə gətirilmişdir. Eyni zamanda təşviqat materiallarının yerləşdirilməsi üçün seçki məntəqələrinin ərazisində 132 təşviqat lövhəsi quraşdırılmışdır.
Məntəqələrin hər birində seçici siyahıları seçicilərin yaxşı görə biləcəyi yerlərdəki məlumat lövhələrində yerləşdirilmişdir. Seçki Məcəlləsində nəzərdə tutulduğu kimi, seçici siyahıları gündəlik dəqiqləşdirilir. Həqiqi hərbi xidmətdən tərxis olunanlar, əraziyə daimi yaşamağa gələnlər, o cümlədən qeydiyyatsız daimi yaşayanlar, hərbi xidmətə çağırılanlar, qeydiyyatda olub digər şəhər və rayonlarda daimi, o cümlədən müvəqqəti və bir ildən artıq xarici ölkələrdə yaşayanlar, vəfat edənlər, əyani təhsil alan tələbələr, ilk dəfə səs verənlər, ən yaşlı seçicilər, seçki məntəqəsinə gəlməkdə çətinliyi olanlar və şəxsiyyət vəsiqəsi olmayanlar barədə əldə edilən məlumatlar əsasında müvafiq düzəlişlər olunur. Yeri gəlmişkən bildirək ki, rayon üzrə ilk dəfə səs verənlərin sayı 649, seçki günü 18 yaşı tamam olanların sayı 45, ən yaşlı seşicilərin sayı 2049, o cümlədən yaşı 100-dən artıq olan seçicilərin sayı 3 nəfərdir.
Həmçinin "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna müvafiq olaraq, bələdiyyə seçkiləri ilə əlaqədar vətəndaşların, siyasi partiyaların və ictimai birliklərin yığıncaqlarının, mitinqlərinin qanunla müəyyən edilmiş qaydalara uyğun keçirilməsi və seçkiqabağı təşviqatın aparılması üçün rayon ərazisində açıq və qapalı yerlər müəyyənləşdirilmişdir. Rayonun yaşayış məntəqələri üzrə açıq yerlərin sayı 93, qapalı yerlərin sayı 56-dır.
Lənkəranda 24 bələdiyyə üzrə ümumilikdə 278 nəfər bələdiyyə üzvü seçilməlidir. 278 bələdiyyə üzvlüyünə Yeni Azərbaycan Partiyası tərəfindən 278, Ədalət, Hüquq və Demokratiya, Ümid partiyalarının hər birindən 1, Böyük Qurtuluş Partiyasından 3 nəfərin namizədlikləri irəli sürülmüşdür. Tərəfsiz olmaqla öz təşəbbüsləri ilə namizədliklərini irəli sürənlərin sayı isə 218 nəfərdir.
Yanvar ayının 6-dan qeydə alınmış namizədlər üçün seçkinin təşviqat və təbliğat mərhələsi başlamışdır. Bununla bağlı bütün namizədlər üçün bərabər şərait yaradılmış və namizədlərin təşviqat materiallarının təşviqat lövhələrində yerləşdirilməsi, eyni zamanda şəhər icra hakimiyyəti tərəfindən ayrılmış qapalı və açıq yerlərdə namizədlərin seçicilərlə görüşləri təmin olunmuşdur.
76 saylı Lənkəran-Masallı seçki dairəsində olduq. Dairə seçki komissiyasının sədri Cəmil Hüseynov bütün məntəqələrdə hazırlıq işlərinin başa çatdığını bildirdi. Xarxatan kəndindəki 29 nömrəli məntəqənin sədri Faiq Babayevin sözlərinə görə, seçkilərə tam hazırdırlar. 1472 seçicinin siyahısı dəqiqləşdirilmiş, səsvermə qutuları və kabinələr qaydalar əsasında hazırlanmışdır.
Öyrəndik ki, məntəqə üzrə 25 nəfər ilk dəfə səsvermə hüququndan istifadə edəcək. 16 nəfər seçicinin isə yaşı 80-dən yuxarıdır. Rayonun ən yaşlı seçicilərindən olan Qızbəs Səmid qızı Mehdiyeva bu məntəqədə səs verəcək. 105 yaşlı Qızbəs nənə böyük həyat yolu keçmiş, sovet dönəmində yerli təsərrüfatda müxtəlif vəzifələrdə çalışmışdır. Onu da qeyd edək ki, Qızbəs Mehdiyevanın 7 övladı, 27 nəvəsi, 45 nəticəsi və 12 kötükcəsi var. Bizimlə söhbət zamanı bildirdi ki, səhhəti imkan versə, məntəqədə səs verəcək: "Əgər bu alınmasa, onda daşınan seçki qutusunun evimə gətirilməsini xahiş edəcəyəm".
Seyran CAVADOV,
"Azərbaycan"