16 Yanvar 2022 00:58
749
SİYASƏT

Layiqli xidmət nümunəsi

 

Birinci vitse-prezident Mehriban Əliyevanın ötənilki fəaliyyəti ölkəmizin yüksəlişinə və beynəlxalq nüfuzunun daha da artmasına böyük töhfələr verib

 

2021-ci il Azərbaycanın tarixində olduqca yüksək uğurlarla yadda qaldı. Bu dövrdə Prezident İlham Əliyev Vətən müharibəsindəki qələbəni siyasi sferada da davam etdirdi.

O cümlədən pandemiyanın çətinliklərinə baxmayaraq, sosial-iqtisadi sferada böyük artıma nail olundu. Bu uğurlar hər birimizi sevindirir və qürurlandırır və onun davamlı olmasını arzulayırıq. Ona görə vəzifəsindən, statusundan, siyasi baxışlarından asılı olmayaraq hər kəsin qarşısında dayanan mənəvi öhdəliklərdən biri respublikamızın yüksəlişini təmin edən siyasi kursa dəstək verməkdir. Bu şərəfli vəzifələr naminə çalışmaq, əlindən gələni etmək hər birimizin vətəndaşlıq borcudur. Bu baxımdan öz əməlləri ilə xalqımızın dərin etimadını qazanmış Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ötən il həyata keçirdiyi fəaliyyət, gördüyü işlər ən gözəl nümunələrdir.

 

Erməni barbarlığını dünyaya çatdıran görüntülər

 

2021-ci ildə respublikamızın əsas

 prioritetlərindən biri işğaldan azad olunmuş ərazilərimizin bərpası olmuşdur. Ötən il Prezident İlham Əliyevin dəfələrlə Qarabağa və Şərqi Zəngəzura səfər etməsi də bunu təsdiq edir. Təkcə  Şuşa şəhərinə İlham Əliyev 7 dəfə səfər edib. Bu səfərlərin hər birində  Mehriban Əliyevanın da iştirak etməsi respublikamızın Birinci vitse-prezidentinin torpaqlarımızın bərpası ilə bağlı həssas münasibətini göstərir.

Ermənistanın işğal etdiyi torpaqlarımızda şəhər və kəndlərimizi xarabazarlığa çevirməsi, sərvətlərimizi talan etməsi, meşələrimizi qırması öncədən də məlum idi. Rayonlarımız, şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz düşməndən təmizləndikcə bir daha məlum oldu ki, Ermənistan bütün Qarabağı viran qoyub. Prezident İlham Əliyevin dediyi kimi, sanki bu yerlərdən vəhşi qəbilə keçib. 

Ermənistan öz xislətindən irəli gələrək milli-mədəni, tarixi və dini abidələrimizi də dağıdıb, onları erməniləşdirməyə cəhd edib, məscidlərimizi murdarlayıb. O cümlədən yeraltı və yerüstü sərvətlərimizi 30 il ərzində qanunsuz şəkildə istismar edib, oğurlayıblar. İşğal altında olan ərazilərimizin gözəl təbiəti erməni xislətinin qurbanı olub, meşələr, qiymətli ağac növləri kəsilib, tarixi orta əsrlərə qədər uzanan ağaclar məhv edilib. Qarabağ bölgəsinin hər qarışı qiymətli metallarla zəngindir. 30 ilə yaxın müddətdə Ermənistan onları talayıb, cinayətkarcasına mənimsəyib.

Azərbaycan ictimaiyyəti Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlarımıza səfərləri ilə bağlı ilk və ən müfəssəl məlumatları məhz Mehriban Əliyevanın yolboyu etdiyi çəkilişlər vasitəsilə alırdı. Eyni zamanda bu görüntülər erməni barbarlığını, düşmənin vəhşiliyini bütün dünyaya çatdırdı. İlham Əliyev erməni vandallarının doğma torpaqlarımızda törətdikləri vəhşiliklər  barədə bu görüntülər vasitəsilə məlumat verirdi.

Eyni zamanda Prezident İlham Əliyev həmin görüntülərdə Qarabağın və Şərqi Zəngəzurun dirçəlişi ilə bağlı planları və perspektiv məsələləri diqqətə çatdırırdı. Ötən ilin fevral ayında Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfər zamanı avtomobili özü idarə edən Prezident İlham Əliyev deyirdi: “Bura Zəngilan şəhəridir. Biz burada artıq olmuşuq, yenə də gəlmişik. Zəngilan şəhəri də digər şəhərlər kimi düşmən tərəfindən, demək olar, tamamilə dağıdılmışdır. Bir neçə ev qalmışdır. Burada onların hərbi hissəsi, polis bölməsi yerləşirdi. Bir də ki, xaricdən gələn ermənilər, burada qanunsuz yaşayan ermənilər. Zəngilanı, bax, bu günə qoyub mənfur düşmən. Bütün şəhərlərimizin baş planları hazırlanır. Təqdim olunacaq, müzakirə ediləcək. Ondan sonra bərpa işlərinə start veriləcək. Keçən dəfə Zəngilan şəhərinə gələndə bu bayrağı burada mən ucaltdım”.

Mehriban Əliyevanın apardığı bu çəkilişlərdə Prezident İlham Əliyev həm də Ermənistana xəbərdarlıqlar edirdi, Azərbaycanın prioritetləri ilə bağlı  mühüm mesajlar verirdi.

Onu da qeyd edək ki, ötən il Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri, burada Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Türkiyənin birinci xanımı Əminə Ərdoğanla  görüşü də oldu.

 

Heydər Əliyev Fondu Qarabağın və Şərqi Zəngəzurun bərpasına böyük töhfə verir

 

Bütün bu səfərlərdə Mehriban Əliyevanın da iştirakı həm də onun torpaqlarımızın bərpası istiqamətində nümayiş etdirdiyi fəal vətəndaşlıq mövqeyindən irəli gəlir. Təsadüfi deyil ki, bu gün Heydər Əliyev Fondu işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasında yaxından iştirak edir, tarixi və dini abidələrin, məscidlərin bərpası ilə bağlı layihələr həyata keçirir. Mehriban Əliyevanın təşəbbüsləri ilə fondun reallaşdırdığı layihələrin əhatə dairəsi olduqca genişdir. Ötən il ərzində onların bir qismi tam icra olunub.

Bu çərçivədə Şuşa şəhərində Heydər Əliyev Fondu tərəfindən də bir sıra tarixi, mədəni abidələrin bərpası üzrə layihələr həyata keçirilir. Bu layihələrin bir istiqaməti Şuşa işğal altında olduğu müddətdə ermənilər tərəfindən dağıdılmış məscidlərin bərpasıdır. Hazırda Şuşadakı Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa və Saatlı məscidləri ilkin layihəyə uyğun olaraq bərpa edilir. Hər üç məscid ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır. Ötən il Azərbaycan, Avstriya, İtaliya, Latviya və Türkiyədən olan ekspertlər tərəfindən qeyd olunan məscidlərdə qiymətləndirmə işləri aparılıb, bərpa layihəsi işlənilib. Hər üç məscidin bərpa işləri “Paşa Holdinq”in maliyyə dəstəyi ilə həyata keçirilir. Heydər Əliyev Fondu tarixi Yuxarı Gövhər ağa məscidində bərpa işlərinin birinci mərhələsini artıq başa çatdırıb. Hazırda məsciddə ikinci mərhələ üzrə bərpa işləri aparılır. Bu mərhələdə məsciddə ilkin layihə qorunmaqla möhkəmləndirmə işləri həyata keçiriləcək, məscidin ərazisində olan və ermənilər tərəfindən dağıdılmış mədrəsə də bərpa ediləcək. Ən geniş bərpa işləri dağıntıların miqyasına uyğun olaraq, Aşağı Gövhər ağa məscidində aparılacaq. Məscidlərin minarələri bərpa olunacaq, eləcə də dam və döşəmə örtükləri dəyişdiriləcək.

O cümlədən Zəngilan məscidi də Heydər Əliyev Fondu tərəfindən bərpa olunacaq.

Hələ ötən ilin martında Şuşada dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin məqbərisində olarkən Prezident İlham Əliyev demişdi: “Vaqifin məqbərəsinə yaxınlaşırıq. Artıq işlərə start verilib. Layihəyə baxmışam. Bax, burada, fotoşəkillər də var. Ulu Öndər Heydər Əliyev burada olarkən həm açılışda, həm də Vaqif poeziya günündə iştirak edib. Tarixi bərpa edirik. Bu layihəni Heydər Əliyev Fondu öz vəsaiti hesabına icra edəcək, Heydər Əliyev Fonduna xas olan zövqlə, Mehriban xanımın rəhbərliyi ilə”.

Fond tərəfindən aparılan bərpa işləri cəmi bir neçə aya başa çatdırılıb və 2021-ci il avqustun 29-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Vaqifin muzey-məqbərə kompleksinin yenidənqurma işlərindən sonra açılışı olub.  Məqbərə ilkin mərhələdə konstruktiv müayinədən keçirilərək, tələb olunan hissələr üzrə gücləndirmə tədbirləri araşdırılıb və bu çərçivədə işçi layihələr hazırlanıb. İşçi layihələr əsasında xarici mütəxəssislər tərəfindən təyin edilən xüsusi kimyəvi materiallarla elementlərin konstruktiv bərpa işləri yerinə yetirilib, korroziyaya qarşı əlavə tədbirlər görülüb. Həmçinin abidənin dam örtüyü yenidən qurulub. Topoqrafiya işləri nəticəsində əldə edilən məlumatlar üzrə, o cümlədən ərazidə axtarış işləri keçirməklə qırılmış, dağılmış üzlük hissələrin əldə edilməsi ilə birlikdə abidənin ilkin ölçülərinin bərpası məqsədilə memarlıq işçi layihələri hazırlanıb. Bu layihələr əsasında isə fasadın və daxili hissələrin divar səthləri mərmərlə üzlənib və abidənin tarixi görkəmi bərpa edilib.

Abidənin hər detalında tarixi görkəm qorunub saxlanılıb. Kompleksin bütün infrastrukturu yenidən qurulub, yağış suları üçün drenaj xətləri və elektrik xətləri çəkilib quraşdırılıb. Landşaftda istinad divarları və meydança tarixi görkəmi çərçivəsində qranitlə üzlənib.

Həmin gün Şuşada Vaqifin büstünün də açılışı olub. Xatırladaq ki, Vaqifin 1957-ci ildə tuncdan hazırlanan büstü 1958-ci ildə Cıdır düzünə yaxın ərazidə qəbirüstü abidə kimi yerləşdirilib, daha sonra 1976-cı ildə şairin Şuşadakı evinin yaxınlığına köçürülüb. 1982-ci ildə Vaqifin məqbərəsinin açılışından əvvəl büst və onun ətrafı təmir edilib, abidənin postamenti dəyişdirilib. Büstü 1992-ci ildə Şuşa şəhərinin işğalı zamanı erməni vandallar dağıdıb.

Heydər Əliyev Fondunun dəstəyi ilə abidə ötən il onun müəllifi, Əməkdar incəsənət xadimi Həyat Abdullayevanın ilkin eskiz layihəsi əsasında yenidən qurulub və Vaqifin Şuşadakı evinin yaxınlığında quraşdırılıb.

Heydər Əliyev Fondunun dəstəyi ilə Şuşada həyata keçirilən layihələrdən biri də görkəmli Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin heykəlinin açılışıdır. Üzeyir bəy Hacıbəylinin Şuşadakı heykəli 1985-ci ildə 100 illik yubileyi münasibətilə ucaldılmışdı. Heykəltəraş Əhməd Salikov tərəfindən hazırlanan abidə 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq tamamilə məhv edilib.

Heydər Əliyev Fondunun dəstəyi ilə Üzeyir bəy Hacıbəylinin bürüncdən hazırlanan heykəli Şuşa şəhərində öz əvvəlki yerində ucaldılıb və ötən il avqusun 29-da açılışı olub.  Heykəlin modeli qalmadığından yeni abidə o dövrün mətbuatında dərc olunan və arxivdə saxlanılan fotolar əsasında yaradılıb.

Üzeyir bəy Hacıbəylinin Şuşadakı  ev-muzeyi də Heydər Əliyev Fondu tərəfindən bərpa olunur. Peşəkar musiqi sənətimizin və milli operamızın banisi Üzeyir bəy Hacıbəylinin ev-muzeyi Şuşa şəhərində Ermənistanın işğalınadək fəaliyyət göstərib. Erməni işğalçı qüvvələrinin vəhşiliyi nəticəsində muzeydə dahi bəstəkarın həyat və yaradıcılığı ilə bağlı 1700 eksponatdan yalnız 100-ə yaxını salamat qalıb, qalanı məhv edilib. Ev-muzeyində həyata keçiriləcək işlərdən sonra 1992-ci ildə muzeyin Bakıya aparılmış eksponatlarının burada yerləşdirilməsi nəzərdə tutulur. Bunlar Üzeyir bəy Hacıbəylinin fotoşəkilləri, məktubları, əsərlərinin partituraları və şəxsi əşyalarıdır.

Şuşa şəhərindəki Xalçaçılıq Qalereyası da  Heydər Əliyev Fondu tərəfindən bərpa və təmir olunub.

Azərbaycanın mədəniyyət paytaxtındakı mühüm tarixi memarlıq abidəsi olan Mehmandarovların malikanə kompleksindəki bərpa işlərini də Heydər Əliyev Fondu aparır. Kompleksə məscid, kiçik və böyük yaşayış evləri daxildir. İşğal dövründə ciddi ziyan dəyən, ermənilər tərəfindən dağıntılara məruz qalan malikanə kompleksində mütəxəssislər qiymətləndirmə işləri aparıblar. Qiymətləndirmə işlərinə uyğun olaraq ilkin layihə əsasında bərpa işləri davam edir.

2021-ci il ərzində Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı və dəstəyi ilə bir sıra mədəniyyət tədbirləri də keçirilib. “Xarıbülbül” festivalı, Vaqif Poeziya Günləri respublikamızın həyatında böyük mədəniyyət hadisəsinə çevrilməklə yanaşı, xalqımızın Vətən müharibəsindəki Zəfərini, Şuşanın qədim Azərbaycan şəhəri olduğunu dünyaya bəyan ediblər. Həmçinin Vaqif Poeziya Günləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən Şuşada “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir”, “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” və “Yaddaş. Fotoqrafik tarix”  sərgiləri də təşkil olunub.

Bunlarla yanaşı, “Xarıbülbül” musiqi festivalı çərçivəsində Heydər Əliyev Fondu tərəfindən Ağdamda “Xarıbülbül” beynəlxalq incəsənət festivalı da keçirilib. İlk dəfə keçirilən festivalda 13 ölkəni təmsil edən 32 rəssam Vətən müharibəsində qazanılan tarixi Zəfərə həsr olunan nadir əsərlər ərsəyə gətiriblər. Azərbaycan, Estoniya, İordaniya, İraq, İsrail, Latviya, Mərakeş, Niderland, Pakistan, Rumıniya, Türkiyə, Ukrayna və Yunanıstanı təmsil edən Anar Yolçiyev, Anastasia Tarasenko, Andris Vitolins, Dina Oskilko, Leyla Əliyeva, Nikole Bukrejeva, Rəhiməxanım Hacıyeva, Sare Kural, Yelena Haqverdiyeva, Zöhrab Salamzadə və digər rəssamlar erməni yaraqlılarının işğalından azad edilmiş ərazilərimizdə gördüklərini, yaşadıqları hissləri festival üçün hazırlanan “Xarıbülbül” maketləri üzərinə köçürüb, dünyaya mühüm mesaj verən əsərlər yaradıblar.

Layihənin əsas məqsədi müxtəlif ölkələri təmsil edən sənətkarlar vasitəsilə işğal altında olan ərazilərdəki dağıntının miqyasını, tarixi abidələrimizə, milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə, təbiətimizə qarşı qəsbkarlığı beynəlxalq auditoriyaya çatdırmaq olub.

 

Daim xalqın yanında

 

İl ərzində işğaldan azad edilmiş ərazilərə səfərlər edən Mehriban Əliyeva özünün rəsmi “İnstaqram” səhifəsində paylaşımlar edib.  Eyni zamanda Mehriban Əliyeva “İnstaqram” səhifəsində  20 Yanvar faciəsinin 31-ci ildönümü, Xocalı soyqırımının 29-cu il dönümü, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü, Aprel döyüşləri, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü, 21 may - Dialoq və inkişaf naminə Ümumdünya Mədəni Müxtəliflik Günü, Milli Musiqi Günü, Ulu Öndər Heydər Əliyevin anım günü   ilə bağlı paylaşımlar edib.

Birinci vitse-prezident ötən il 2 Fevral - Azərbaycan Gəncləri Günü, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını, Novruz bayramı,  9 May - faşizm üzərində Qələbə Günü, 28 May - Respublika Günü, 15 İyun - Milli Qurtuluş Günü, Ramazan bayramı, Pasxa bayramı, 26 İyun - Silahlı Qüvvələr Günü, Qurban bayramı, Müstəqilliyin Bərpası Günü, Dövlət Bayrağı Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı   münasibətilə təbriklərini çatdırıb.

Ad günü münasibətilə onu təbrik edənlərə təşəkkür edən Birinci vitse-prezident həmçinin “Yüksəliş” müsabiqəsinin qaliblərinə, “Tokio-2020” Yay Paralimpiya Oyunlarında medal qazanan idmançılarımıza, Bilik Günü münasibətilə məktəblilərə və tələbələrə təbriklər ünvanlayıb.

Ötən il iyun ayında Kəlbəcərdə azərbaycanlı dinc mülki şəxslərin mina partlaması nəticəsində həlak olması, Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandrın vəfatı,  Türkiyədə baş vermiş dəhşətli yanğınlar, Ermənistanın təxribatı nəticəsində hərbçilərimizin həlak olması ilə əlaqədar paylaşımlar  edən Mehriban Əliyeva başsağlığı verib.

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstaqram” səhifəsində ötən il 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib. Paylaşımda deyilir: “Əziz bacılar və qardaşlar! Bu gün biz Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edirik. Şanlı Zəfər naminə həyatlarını qurban vermiş qəhrəmanlarımızı anırıq. Onlar əsl vətənpərvərlik və Vətənə sədaqət nümunəsi nümayiş etdirərək öz qorxmazlığı, cəsarəti, möhkəm iradəsi və ruh yüksəkliyi sayəsində işğalçını darmadağın edib, ölkəmizin ərazi bütövlüyünü bərpa ediblər. Adları əbədi olaraq Azərbaycan dövlətinin tarixinə həkk olunmuş bu cür igid oğullar böyüdüb tərbiyə etmiş valideynlərə təşəkkürümü bildirir, Uca Tanrıdan onlara səbir diləyirəm. Müharibə günlərində həlak olmuş günahsız vətəndaşlarımızın xatirəsini yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Uca Tanrı hər zaman xalqımızı qorusun!”

Zəfər Günü münasibətilə də Mehriban Əliyeva rəsmi “İnstaqram” səhifəsində paylaşım edib. Vətən müharibəsində əldə edilən şanlı Qələbənin birinci ildönümü münasibətilə hər kəsi səmimi-qəlbdən təbrik edən Mehriban Əliyeva yazır: “Sözlə ifadə edə bilmədiyim, daxilimizdə, qəlbimizdə yaşayan hissləri bizə bəxş edən Uca Tanrıya şükürlər olsun. Hər bir azərbaycanlı bu Qələbəni gözləyirdi, hər bir azərbaycanlı haqlı olaraq bu Qələbə ilə fəxr edir! Müzəffər Ordumuza, qəhrəman əsgər və zabitlərimizə, mərd və qorxmaz, hər zaman sözünün sahibi olan Prezidentimizə “çox sağ olun” deyirəm!

Unudulmaz şəhidlərimizə Allah qəni-qəni rəhmət eləsin. Əyilməz iradəli, torpaq və ləyaqət uğrunda ölümə gedən övladlar böyütmüş ana və atalar qarşısında baş əyirəm. Azərbaycan xalqı, Azərbaycan vətəndaşı, gözün aydın, başın daim uca olsun!

Biz əl-ələ verib çətin və şərəfli yolu birlikdə addımlayaraq Qələbə zirvəsinə ucalmışıq! Qalib xalq kimi birliyimizi və müstəqil Azərbaycanımızı qorumaq bizim müqəddəs borcumuzdur! Uca Tanrı Azərbaycan xalqını və Azərbaycanı qorusun!”

 

Mehriban ƏLİYEVA: “Verdiyiniz qərarlarla Azərbaycan xalqının Zəfər qazanmasını təmin etdiniz”

 

Mehriban Əliyeva rəsmi “İnstaqram” səhifəsində Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik edib.  “Bu gün mən milyonlarla Azərbaycan vətəndaşı kimi Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Bizə - Azərbaycan xalqına milli qürur və birlik hissi bəxş etdiyinizə görə Sizə təşəkkür edirik. Uzun illərdir ki, hər bir azərbaycanlının qəlbində yaşayan istəyini və müqəddəs arzusunu çin etdiyinizə görə Sizə minnətdarıq. Azərbaycan xalqı - müzəffər xalqdır!

Böyük işlər bir anda baş tutmur. İstənilən tarixi nailiyyətə aparan yol uzun, mürəkkəb və çətin olur. Sizin tarixi xidmətiniz ondadır ki, bu yola qədəm qoydunuz və onu şərəflə keçdiniz. Misilsiz xidmətiniz ondadır ki, bütün bu illər ərzində ölkəyə başçılıq edərək verdiyiniz qərarlarla Azərbaycan xalqının Zəfər qazanmasını təmin etdiniz.

Sizin gücünüz ondadır ki, bu yolda Siz xalqın etimadını qazanmağı bacardınız və məhz xalqın inam və sevgisinə arxalanaraq bu dəyərli etimadı doğrulda bildiniz. Tarixi xidmətiniz ondadır ki, bu illər ərzində bütün çətinliklərə, təzyiqlərə, bəzən əsassız və ədalətsiz fikirlərlə üzləşdiyinizə baxmayaraq, bir an belə inamınızı, ümidinizi və iradənizi itirmədiniz. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi kimi böyük missiyanın yerinə yetirilməsi də məhz Sizin yenilməz iradəniz sayəsində mümkün oldu”, - deyə təbrikdə bildirilir.

 

Sosial məsələlər daim Birinci vitse-prezidentin diqqət mərkəzindədir

 

Ötən il fevralın 11-də Birinci vitse-prezident Mehriban Əliyeva ICESCO tərəfindən elan olunan “Qadınlar ili” çərçivəsində keçirilən “Qadınlar və qızlar elmdə” videokonfrans formatında tədbirdə çıxış edib. ICESCO-nu 2021-ci ilin “Qadınlar ili” elan etməsi ilə bağlı təşəbbüsünə görə təbrik edən Mehriban Əliyeva bildirib ki, bu, yalnız təşkilat tərəfindən qadınların cəmiyyətimizdəki roluna verilən əhəmiyyətin təzahürü deyil, həmçinin onların daha firavan və təhlükəsiz dünya naminə misilsiz töhfəsinin təsdiqidir.

Hazırda Azərbaycan dövləti qarşısında azad olunmuş ərazilərin canlandırılması və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışının təmin edilməsi kimi nəhəng vəzifənin dayandığını deyən Mehriban Əliyeva qeyd edib ki,  dağıdılmış şəhərlər və kəndlər bərpa ediləcək, orada məktəblər tikiləcək, mədəni irs bərpa olunacaq.

Avqustun 26-da Birinci vitse-prezident Mehriban Əliyeva Xəzər rayonunun Mərdəkan qəsəbəsində Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyanın, Şüvəlan qəsəbəsində 12 saylı xüsusi internat məktəbinin yeni inşa edilən yataqxana korpusunun, Buzovna qəsəbəsində yenidən qurulan 229 saylı uşaq bağçasının açılışlarında iştirak edib.

Sentyabrın 24-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Bakının Xəzər rayonunun Binə qəsəbəsində yeni inşa edilən 88 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub. Bütün bunlar bir daha göstərir ki, Heydər Əliyev Fondunun fəaliyyətində prioritet sahələr sırasında elm və təhsilin inkişafı üzrə proqram və layihələr xüsusi yer tutur. Fondun 2014-cü ildən reallaşdırdığı “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı bu sahədə mövcud problemlərin həllinə yönəlib. Heydər Əliyev Fondu qeyd olunan proqramı həyata keçirməklə bu istiqamətdə əhəmiyyətli töhfəsini verir. Proqram çərçivəsində təmirə ehtiyacı olan bağçaların yenidən qurulması və yeni bağçaların inşası həyata keçirilməkdədir.

Autizm spektr pozuntulu uşaqlar üçün Bərpa Mərkəzi 2013-cü ildən fəaliyyət göstərir. Lakin indiyədək mərkəzin özünün daimi yerləşdiyi binası olmayıb. Ötən ilin sonunda Bakının Nizami rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni inşa edilən Autizm Mərkəzinin istifadəyə verilməsi autizm spektr pozuntulu uşaqlar üçün əsl hədiyyə oldu. Ötən ilin son günündə keçirilən mərkəzin açılışında Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mərkəzin açılışında iştirak ediblər.

Göründüyü kimi, Birinci vitse-prezident Mehriban Əliyevanın ötən il həyata keçirdiyi fəaliyyəti həm çoxşaxəli, həm də məhsuldar olub. Bu fəaliyyətin təhlili göstərir ki, görülən bütün işlər, atılan addımlar yalnız bir məqsədə  - Prezident İlham Əliyevin inkişaf strategiyasının uğurla reallaşmasına, Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsinə xidmət edir.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video