09 Dekabr 2021 00:17
809
İQTİSADİYYAT
A- A+

Kəndlinin təknəsi boş qalmır

 

Şabran ölkənin şimal bölgəsinin aqrar imkanları ilə seçilən rayonlarındandır. Rayon geniş düzənlikləri, heyvandarlıq üçün otlaq sahələri, taxılın becərilməsi üçün xam və keyfiyyətli əraziləri ilə zəngindir.

Cari il rayonda 14526 hektar ərazidə taxıl əkilmişdi. Onun 8705-i buğda, 5921 hektarı arpa idi. Məhsuldarlıq gözlənildiyindən artıq oldu. Hər hektardan 24,5 sentner buğda, 24 sentner arpa biçildi və əvvəlki illərə nisbətən bu, yüksək göstəricilər idi. Ümumilikdə rayon üzrə cari mövsüm 31 min tondan çox taxıl istehsal edilib.

İndi isə sahələrdə şumlama işləri aparılır. Artıq 14325 hektar şumlanıb və 13500 hektarda səpin aparılıb və səpin yaxın günlərdə başa çatacaq. Ağalıq, Ağbaş, Dağbilici, Çölquşçu və digər kəndlərdə səpin daha sürətlə gedir.

Şabranda heyvandarlıq iqtisadi baxımdan daha gəlirli sahə hesab edilir. Odur ki, əhalinin ət, süd və yumurta məhsullarına olan tələbatının ödənilməsində mühüm rol oynayan bu sahəyə maraq həmişə çoxdur. Bu gün  rayon üzrə davarın ümumi sayı 50,5 min başdan çoxdur. Yeri gəlmişkən qeyd edək ki, qoyunçuluq şabranlıların dədə-babadan gələn məşğuliyyətləridir. Rayonun elə bir kəndi yoxdur ki, orada qoyunçuluq təsərrüfatları olmasın. Bunun əsas səbəbi ilin bütün fəsillərində qoyunçuluğun inkişafı üçün rayonda münbit şəraitin olmasıdır.

Şabranlılar həmçinin 24,8 min başdan çox  qaramala baxırlar. 2420 baş camış bir neçə ailə-fermer təsərrüfatının əsas fəaliyyət istiqamətidir. Camışçılıq üçün şərait olduğundan onların bəslənilməsində çətinlik yoxdur. Üstəlik, uzun illərdir ki, həmin ailə təsərrüfatlarında bu sahə üzrə zəngin təcrübə formalaşıb.  Hətta ətraf rayonlardan bu təsərrüfatların təcrübəsini öyrənmək üçün onlara müraciət edənlər olur.

Bununla bərabər, Şabranda bir neçə iri heyvandarlıq kompleksləri fəaliyyət göstərir. Onlardan biri Aygünlü kəndində yerləşən “KFT MK”  kompleksidir. Təsərrüfatda 112 baş cins mal saxlanılır. 44 baş mal Belarusdan gətirilib. 7 aydan artıqdır ki, həmin cins mallara qulluq olunur. Onların hər biri gün ərzində 25-30 litrə yaxın süd verir.

Kompleksin rəhbəri, rayonda təcrübəli maldar kimi tanınan Məmmədtağı Kazımov bildirdi ki, təsərrüfat daxilində mal-qaranın yetişdirilməsi üçün hər şərait var: “Yetişdirilən qarğıdalı silos şəklində heyvanlara verilir. Şirəli yemlər südün tərkibini yaxsılaşdırır, yağlılığını artırır”.

Digər komplekslərə Mehman Qəhrəmanov və Elşən Səfərəliyev rəhbərlik edirlər. Bu təsərrüfatlarda müvafiq olaraq 90 və 43 baş simmental cins mal-qara bəslənilir. Ümumilikdə hər üç kompleksdə işlər yüksək standartlara uyğun qurulub. Onların istehsal etdikləri süd hər gün xüsusi maşınlarla ölkənin iri süd kombinatlarına daşınır.  Onu da əlavə edək ki, bu komplekslər həm də onlarca yerli sakin üçün daimi iş yeridir.

Əvvəlki illərdən fərqli olaraq səxsi təsərrüfatlarda olan mal-qaranın da sayı artıb. Kəndli  bəslədiyi mal-qaranı bazarda istədiyi vaxt sərbəst şəkildə sata bilir. Şabranda bir neçə yerdə kəsim yerləri var ki, bu da sanitar  cəhətdən təmiz ət satışı deməkdir. Bu səbəbdən əhali yerli ətə üstünlük verir. Yaxın zamanda rayonun müxtəlif ərazilərində xüsusi satış yerlərinin açılması da nəzərdə tutulur. 

Yeri gəlmişkən, Şabranda bir neçə yerdə baytarlıq apteki fəaliyyət göstərir. Bu gün sahibkar öz mal-qarasının sağlamlığının qorunması üçün dərman dalınca paytaxta üz tutmur. Çünki yanında dərmanı da var, baytarı da. Hətta iri təsərrüfatlar baytar həkimləri daimi işə götürüblər.

Ümumiyyətlə, Şabranda heyvandarlıqla məşğul olan sahibkarlara geniş dəstək verilir. Heyvanların sayının artımı da bu dəstəyin nəticəsidir. Yerli fermerlər respublikanın müxtəlif şəhərlərində açılan yarmarkalara öz məhsullarını həvəslə göndərirlər. İndiyədək həmin yarmarkalarda satışla bağlı problem yaşanmayıb.

Rayonda ən iri quşçuluq təsərrüfatı “Səba broyler”dir. Təsərrüfatda 52 sex var ki, onların da hər birində təxminən 25-27 min quş bəslənir. Bu kompleksin məhsulları ölkənin bütün bölgələrindəki satış məntəqələrinə göndərilir.

Üzümçülük də Şabranın aqrar sektorunda mühüm yer tutur. 3123 hektar üzüm sahəsində əsasən süfrə və texniki üzüm sortları becərilir. Həmçinin rayonda bölgənin iri logistik mərkəzi (soyuducu anbarı) fəaliyyət göstərir. Alma, nektar və armud bağlarında yetişdirilən meyvələr həmin soyuducu anbarlarda qışa saxlanılır.

 

Akif ƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video