10 Sentyabr 2024 08:00
2107
CƏMİYYƏT
A- A+
İstək və arzu başqadır, həqiqət və reallıq isə bambaşqa!

İstək və arzu başqadır, həqiqət və reallıq isə bambaşqa!

 

Rəsmi dövlət qəzeti "Azərbaycan"a qarşı varislik iddiaları və əsl  gerçəkliklər

 

Qəzetlər də insanlar kimidir!
Doğum və ölüm günləri olur!
Amma insanlardan fərqli olaraq "ölüb-dirilən" qəzetlərə də təsadüf edilir.
"Azərbaycan" qəzeti də belə qəribə taleli qəzetlərdən sayılır.
Sentyabrın 15-də Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı, rəsmi dövlət qəzeti "Azərbaycan"ın 106 yaşı tamam olur.
106 yubiley yaşı deyil!
Heç bu məqalə də yubiley məqaləsi sayılmır!
Zərurətdən, "Azərbaycan" qəzetinin halal haqqına girmək cəhdlərinin qarşısının birdəfəlik alınması istəyindən meydana gəlmişdir!
Əvvəlcə "Azərbaycan" qəzetinin dünyaya gəlişi, işıq üzü görən ilk 443 nömrəsi, taleyi, daha doğrusu, talesizliyi və nəşrinin dayandırılması səbəbinə qısa şəkildə nəzər salaq.
***
Müstəqillik hər bir xalqın arzusudur!
Özünə müstəqil dövlət qurmaq, müstəqil və azad yaşamaq isə hər xalqa nəsib olmur!
Müstəqil dövlət qurmağın, onu təlatümlərdən keçirərək yaşatmağın şərtləri çoxdur.
Ən mühümlərini xatırladırıq:
Müstəqil dövlət qurmaq üçün ən əvvəl vətən saydığın ərazi, torpağın, xalqını rahat yedirdib saxlamağa kifayət edəcək qədər yeraltı-yerüstü sərvətlərin, ən nəhayət, dövləti qurmağı və idarə etməyi bacaran savadlı, bacarıqlı, vətənpərvər, dünya siyasətindən baş çıxaran, iqtisadiyyatı idarə edə bilən övladların, mütəxəssislərin olmalıdır.
Qurduğun dövləti qorumağı, digər dövlətlərlə sivil əməkdaşlıq etməyi də bacarmalısan.
XX əsrin əvvəllərində dünyada baş verən ciddi proseslər Azərbaycan xalqına da özünə müstəqil dövlət yaratmaq imkanı verdi.
Həmin dövrdə ölkədəki yeni ziyalılar nəsli yaranan imkandan bəhrələnərək 28 may 1918-ci ildə "İstiqlal Bəyannaməsi" qəbul edərək Azərbaycan Xalq Cümhuriyyəti adlı müstəqil dövlətin yarandığını elan etdilər.
Qısa müddətdə parlament və hökumət, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi və s.
Görüləsi işlər çox olsa da, onların təbliği, yeni hökumətin və parlamentin fəaliyyətinin işıqlandırılması, qəbul edilən qərarların və qanunların xalqa çatdırılması da vacib idi. Hökumət bu məqsədlə yeni qəzet nəşri barədə bir qərar da qəbul etmişdi. Lakin...
Dövlət müstəqilliyi Tiflisdə elan edilmişdi. Bakı isə bolşevik-daşnak işğalında olduğundan paytaxta köçmək mümkün deyildi.
Belə bir çətin və mürəkkəb vəziyyətdə "Azərbaycan" adlı qəzet Gəncədə dünyaya gəldi.
***
Qəzetin yaranması və mövcud çətinliklərin dəfi ilə bağlı məsələlərə mətbuat tədqiqatçısı, professor Şirməmməd Hüseynov vaxtilə qəzetimizə müsahibəsində aydınlıq gətirmişdir.
Şirməmməd Hüseynovun dediklərindən: 
"1918-ci ilin mart qırğınları ərəfəsində Hacıbəylilər ailəsi İranın Ənzəli şəhərinə gedir. Elə ki türk ordusu İrandan keçib Azərbaycana daxil olur, bir çox cavanlar da onlara qoşulub Gəncəyə gəlir. Həmin gənclərin arasında Ceyhun Hacıbəyli və Şəfi bəy Rüstəmbəyli də olur. Onda Ceyhun Hacıbəylinin 27, Şəfi bəy Rüstəmbəylinin isə 25 yaşı vardı. Bu barədə Zülfüqar Hacıbəyli öz xatirələrində yazır ki, həmin vaxt Gəncədə qəzet nəşr etmək üçün jurnalist lazım idi. Nəsib bəy Yusifbəyli Ceyhun Hacıbəylinin və Şəfi bəy Rüstəmbəylinin yaxşı qələmlərinin olduğunu bilirdi. Çünki Ceyhun Hacıbəyli "Kaspi" qəzetində mütəmadi olaraq məqalələrlə çıxış edirdi. Buna görə Nəsib bəy Yusifbəyli onların hər ikisini dəvət edir və "Azərbaycan" adlı qəzeti çıxarmağı tapşırır".
Lakin mətbəə məsələsində çətinliklər yaranır, xüsusən ərəb hürufatının çatışmazlığında.
Şirməmməd Hüseynovdan daha bir sitat:
"O vaxt Gəncədə bir mətbəə vardı. O da quberniya mətbəəsi idi. Bu mətbəədə də şriftlər rusca idi. Azərbaycan dilində hürufat (şrift) yox idi. Buna görə Nəsib bəy Yusifbəyli iyun ayında səhiyyə və sosial təminat naziri Xudadat bəy Rəfibəylidən xahiş edir ki, hürufat gətirmək üçün Tiflisə adam göndərsin. Bu mümkün olmur və ona görə qəzetin dərci bir qədər gecikir. Odur ki, "Azərbaycan" qəzetinin birinci nömrəsi sentyabrın 15-də quberniya mətbəəsində çap olunur".
Sentyabrın 15-dən 25-dək Gəncədə qəzetin Azərbaycan və rus dillərində 4 nömrəsi çıxır. Bütövlükdə 12 səhifədən ibarət olan bu nömrələrin cəmi 3 səhifəsi Azərbaycan, 9-u isə rus dilindədir. Bu da şrift qıtlığı ilə əlaqədar idi.
Bakı işğaldan azad olunduqdan 2 gün sonra - sentyabrın 17-də Azərbaycan hökuməti Gəncədən Bakıya köçür. Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Nazirlər Şurası "Metropol" mehmanxanasında (indiki AMEA Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində), "Azərbaycan" qəzeti redaksiyası isə həmin bina ilə üzbəüz, Kolyubakinski (indiki Nigar Rəfibəyli) küçəsindəki Adamovlara məxsus yaşayış binasında yerləşir.
Bakıda çıxan 5-ci nömrədən etibarən "Azərbaycan" özünü "gündəlik siyasi, ictimai, ədəbi, iqtisadi türk qəzetəsi" adlandırsa da, əslində "rəsmi dövlət qəzeti" statusunu daşıyırdı.
Qəzet hökumət başçısının təşəbbüsü və dəstəyi ilə yaradılmışdı, dövlət tərəfindən maliyyələşir və "dövlət mətbəəsi"ndə çap olunurdu.
"Azərbaycan" heç bir fərdə, siyasi partiyaya, qrupa məxsus olmayan, müstəqil dövlətə və onun maraqlarına xidmət edən yeni tipli qəzet idi.
*** 
Şimaldan gələn "qırmızı taun" Azərbaycanın dövlət müstəqilliyinə son qoydu.
Azərbaycan parlamenti son iclasını keçirərək hakimiyyətin sülh yolu ilə bolşeviklərə verilməsi barədə qərar qəbul etdi.
"Azərbaycan" qəzetinin (Azərbaycandilli variantı) sonuncu nömrəsi 28 aprel 1920-ci ildə çıxdı.
Bundan sonra qəzetin 70 illik "məhbəs" həyatı başladı.

Onun Cümhuriyyət dövründə çıxan bütün nömrələri arxivlərin ən qaranlıq küncündə gizlədildi, nəinki oxuculara, heç mətbuat tədqiqatçılarına belə göstərilmədi.
Bolşeviklər istəmirdilər ki, yeni nəslin nümayəndələri Azərbaycanın müstəqil dövlət qurduğunu, Azərbaycan xalqının müstəqil yaşamağa qadir olduğunu bilsinlər!
Kommunistlər öz məramlarına uyğun olaraq sahibkarlara, fabrik, zavod, neft mədənləri yiyələrinə, habelə bəyə, xana məxsus bütün əmlakı əvəzi ödənilmədən alaraq ümumxalq mülkiyyəti elan edirdilər.
Kommunistlər habelə təbliğat və təşviqata, ideoloji işə ciddi əhəmiyyət verdiklərindən müstəqillik ideyalarına xidmət edən, AXC-yə məxsus dövlət qəzeti "Azərbaycan"ı da dərhal qapatdılar.
Sovet dövründə yalnız kommunizm ideologiyasına xidmət edən, vahid mərkəzdə cəmləşərək Rusiyanın rəhbərliyi altında fəaliyyət göstərən SSRİ adlı superdövlətdə "xalqlar dostluğu və proletar beynəlmiləlçiliyi" prinsipləri təbliğ oluna bilərdi.
Dövlətə məxsus redaksiya binası, mətbəə, bütün əmlak müsadirə edildi, onların əsasında yeni ideologiyaya xidmət edən "Kommunist" adlı qəzetin buraxılmasına başlandı.
Parlamentin qərarına tabe olan, güllələnmə, sürgün və həbsxanadan qorunmaq üçün redaksiya əməkdaşlarının başqa çarələri qalmadı.
Bir gün əvvəl "Azərbaycan"ı buraxanlar növbəti gündən "Kommunist"in nəşrinə başladılar...
***
Bu bir reallıqdır ki, senzura olan yerdə azad, demokratık mətbuatın mövcudluğu mümkünsüzdür! 
Sovet dövrünün KİV-ini "xalqın tribunası", "milyonların tribunası", "zəhmətkeşlərin tribunası" kimi epitetlərlə tərənnüm edirdilər. 
Demokratiya anlayışını isə mətbuata "xalqın əlçatanlığı", "əməkçilərdən sistemli yazılar verilməsi", "xalqın səsi"nin daim qəzet səhifələrindən gəlməsi ilə əlaqələndirirdilər.
Əslində isə demokratik mətbuat fikir plüralizminin, iqtisadi cəhətdən kimsədən asılı olmayan sözün, dövlətin nəzarət edərək "ütüləmədiyi" sözün, bütövlükdə bütün mövqelərin əks oluna bildiyi sözün meydan aldığı media sayılır.
Sovet dövründə isə mətbuata ikiqat, həm də çox güclü nəzarət vardı!
Hər bir söz, fikir "kommunizm ideologiyası"na xidmət etməli, "Leninin söylədikləri"nə, "Sov.İKP qurultaylarının qərar və qətnamələri"nə söykənməli idi.
İlk nəzarəti Kommunist Partiyası həyata keçirirdi.
Əvvəla, qəzet və jurnallar hansısa partiya təşkilatının orqanı və ya qəzeti idi.
Həmin partiya təşkilatı isə öz orqanında yazılanlara və deyilənlərə görə özündən yuxarıdakılar qarşısında ciddi "partiya məsuliyyəti" daşıyırdı.
Orqan olmayanlara da çıxdığı yerdəki ərazi partiya təşkilatı eyni qaydada nəzarəti həyata keçirirdi.
İkinci nəzarət isə senzura nəzarəti idi.
Bunu dövlət həyata keçirirdi.
Belə ki, Azərbaycan SSR Nazirlər Soveti yanında "Mətbuatda Dövlət Sirlərini Mühafizə edən Baş İdarə" adlı bir qurum vardı.
Bu qurum çar Rusiyası dövrünün senzura funksiyasını yerinə yetirirdi.
Təbii ki, senzura olan yerdə "demokratik mətbuat" ifadəsini işlətmək absurddur. 
Odur ki, "sovet dövrünün demokratik mətbuatı" anlayışı yoxdur!
"Partiya-sovet mətbuatı" termini var!
Əsl demokratik mətbuat demokratik cəmiyyətlərdə olur.
Demokratik cəmiyyətin isə mühüm prinsip və şərtləri məlumdur:
* Sərbəst bazar iqtisadiyyatının olması;
* Çoxpartiyalı sistemin yaranması;
* Fikir plüralizminin mövcudluğu;
* Vətəndaş cəmiyyətinin formalaşması və sərbəst fəaliyyəti;
* İnsan hüquqlarının qorunması;
* Dövlət qurumlarından asılı olmayan, özünü sərbəst şəkildə maliyyələşdirə bilən müstəqil KİV-in meydana gəlməsi.
Sovet hakimiyyəti illərində bu tələblərin heç biri mövcud deyildi!
Sovet dövrü demokratiyası tam başqa anlayışa və prinsiplərə söykənirdi.
Üstəlik, sovet hakimiyyətinin çox təkmil, püxtələşmiş, ciddi şəkildə təşkilatlanmış və öz işini "qüsursuz" şəkildə icra edən nəzarət və cəzavermə (bəlkə də repressiya) aparatları və sistemi var idi!
Ondan yayınmaq mümkünsüz idi!
***
Azərbaycanda əsl demokratik mətbuatın banisi və yaradıcısı Ulu Öndər Heydər Əliyevdir. 
Özlərini "demokrat" adlandıran AXC-Müsavat cütlüyü iqtidarda olduğu müddətdə nəinki mətbuata senzura nəzarətini ləğv etdi, əksinə, "hərbi senzura" yaratmaqla mətbuata nəzarəti ikiqat gücləndirdi.
6 avqust 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı əsasında "Mətbuatda Dövlət Sirlərini Mühafizə edən Baş İdarə"nin ləğvi ilə sözün əsl azadlığı təmin olundu!
Üstəlik, bazar iqtisadiyyatına keçid müstəqil mətbu orqanların yaradılmasına da geniş imkanlar açdı.
***
Onu da qeyd edək ki, müasir "Azərbaycan" qəzetinin haqqına əl uzadılması, onun "xələfi" olması iddiası ilk dəfə deyildir ki, baş verir.
AXC dövründə həyat vəsiqəsi qazanan "Azərbaycan" qəzetinin hüquqi varisi və davamçısı olmaq iddialarına, belə "istəklər"ə səbirlə yanaşmağa, ciddi əhəmiyyət verməməyə çalışmışıq.
Lakin əndazə aşılanda əsl həqiqəti göstərmək və müdafiə etmək də bizim mənəvi borcumuza çevrilir!
***
SSRİ-nin birinci və sonuncu prezidenti M.Qorbaçovun ötən əsrin 80-ci illərinin sonlarında elan etdiyi "yenidənqurma" dövründə "demokratiyanın əlamətləri"nin görünməsinə, mitinq və piketlər keçirilməsinə Moskva göz yumurdu.
Hətta müəyyən mərhələdə "demokratiyanın əlamətlərindən biri" kimi, o vaxtadək "toxunulmazlıq simvolu" sayılan, respublikalardakı kommunist partiyalarının mərkəzi komitələrinin şöbə müdirinədək vəzifə tutanların "yüngülvari" tənqid edilməsinə də icazə verilirdi.
Müttəfiq respublikaların paytaxtlarındakı mərkəzi meydanlarda kütləvi mitinqlərin keçirilməsinə "demokratiyanın mövcudluğunun əlaməti" təki imkan yaradılırdı.
Halbuki Sov.İKP istəsəydi, bir göstərişi ilə həmin mitinqlər milisin və ordunun gücü ilə dağıdılar, KQB (Dövlət Təhlükəsizliyi Komitəsi) isə "zəngin təcrübəsi"ndən və imkanlarından istifadə edərək təşkilatçıları, çıxışçıları və fəalları "37-ci" ildəki yerlərə göndərərdi!
Lakin M.Qorbaçov öz ağlı ilə, həm də xaricdən ona Nobel mükafatı verilməsinə kömək göstərənlərin tövsiyəsi əsasında "yenidənqurma oyunu" oynayır, sovet cəmiyyətini "demokratikləşdirirdi".
Bakıda isə xalq Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına, Dağlıq Qarabağda separatizm hərəkatının başlanmasına etiraz olaraq paytaxtın Lenin meydanına (Azadlıq meydanının əvvəlki adı) toplaşaraq ermənilərin bu həyasızlığına və mərkəzin onların iddialarına verdiyi dəstəyə etiraz və hiddətlərini bildirmək üçün mitinqlər keçirirdi.
Mitinqlər dövründə bolşeviklərin "İskra" ənənəsinə uyğun olaraq əvvəlcə müxtəlif vərəqələr, sonra isə "gizli qəzet"lər çap edərək meydanda yaymağa başladılar.
Partiya və DTK bunlara da göz yumurdu.
Çünki SSRİ miqyasında böyük tamaşa oynanılırdı.
Belə "gizli çıxan" ilk qəzetlər "Azadlıq", "Meydan" qəzetləri oldu. "Molodyoj Azerbaydjana" qəzeti isə sırf müxalif mövqeyə köklənmişdi.
O dövrdə Qarabağın müdafiəsi ilə bağlı "Qarabağa Xalq Yardımı Komitəsi" adlı bir qurum da yaradıldı.
Həmin qurum özünə "Azərbaycan" adlı bir qəzet təsis edərək buraxmağa başladı.

Qeyd edək ki, qəzetin ətrafına bəzi istedadlı jurnalistlər də toplaşmışdı, o dövr üçün cəsarətli sayılan məqalələr verilir, ovaxtkı iqtidar, bəzən hətta dövlətin birinci şəxsi belə tənqid olunurdu.
İllər sonra həmin qəzet özünün Xalq Cümhuriyyəti dövründə yaranmış "Azərbaycan"nın davamçısı, hətta varisi (?!) olduğunu iddia etməyə başladı!
Hətta qəzetin redaktoru həqiqi "Azərbaycan" qəzetinin 2008-ci ildə "Gülüstan" sarayında keçirilən 90 illiyində yubiley "təbriki"ni "umu-küsü" çıxışına çevirdi...
Yubiley məclisində qan-qaralıq olmasın deyə danışmadıq...
İllər sonra - 2014-cü ildə Qarabağa Xalq Yardımı Komitəsinin yaratdığı "Azərbaycan" qəzeti özünün 25 illik yubileyini keçirərkən bu sətirlərin müəllifini də tədbirə dəvət etdi.
Getdim, söz alaraq danışdım, yubilyarları təbrik etdim, cansağlığı və uğurlar arzuladım.
Eyni zamanda "sələflik-xələflik" münasibətlərinə də aydınlıq gətirərək bu iddialara birdəfəlik son qoydum!
* Əvvəla, ad (burada qəzetin adı nəzərdə tutulur) varisliyə hüquqi əsas yaratmır!
Haşiyə çıxaraq bildirim ki, Xalq Cümhuriyyəti dövrü "Azərbaycan"ının yaradıcılarından və redaktorlarından biri Ceyhun bəy Hacıbəyli olmuşdur.
Tale elə gətirmişdi ki, bu vətənpərvər insan məcburən xaricdə yaşamış, ömrünü Vətən həsrətilə başa vurmuşdur.
Həmin illər Müxhendə "Azərbaycan" adında bir dərgi də buraxmışdır.
Lakin heç zaman həmin dərgini "Azərbaycan" qəzetinin davamçısı hesab etməmişdir! Çünki "Azərbaycan" müstəqil Azərbaycan dövləti mövcud olduğu dövrdə fəaliyyət göstərmiş, onun rəsmi mətbu orqanı olmuş və müstəqilliyin atributlarından birinə çevrilmişdir.
* İkincisi, "Azərbaycan" qəzeti hökumətin qəzeti olmuş, iqtidarın gördüyü işləri işıqlandırmış, Məclisi-Məbusanın iclaslarından geniş reportajlar, hesabatlar vermişdir.
* Komitəyə məxsus "Azərbaycan" isə iqtidara qarşı müxalif mövqedə dayanmış, onu daim tənqid etmiş, öz səhifələrində parlament həyatına cüzi yer ayırmışdır.
* Üçüncüsü, adətən hər bir qəzet fəaliyyətə başlayanda, ilk nömrəsində oxucularına müraciət edir, gələcək hədəfləri, məqsəd və vəzifələri, yazacaqları mövzular barədə yığcam da olsa, məlumat verir.
Komitə qəzeti "Azərbaycan" isə oxuculara ünvanlanan müraciətində Xalq Cümhuriyyəti dövrü "Azərbaycan"ının davamçısı olduğunu söyləməmiş, bu barədə heç nə deməmiş, Qarabağda gedən proseslərdən geniş danışacağını bəyan etmişdi.
Sonradan xələflik iddiası haradan çıxmışdı, anlamaq çətindir!
Çıxışımın sonunda isə onların yubiley tədbirinə diqqət çəkdim: 
* "Biz "Azərbaycan"çılar 2008-ci ildə 90 illiyimizi qeyd etdik".
* Siz isə indi 25 illiyinizi keçirməklə, əslində, Cümhuriyyət dövrü "Azərbaycan"ına aidiyyətinizin olmadığını özünüz etiraf edirsiniz!
Bəli, fakt yaman şeydir və ondan yayınmaq çox çətindir!
Bütün bunları niyə xatırladıram!
Yenidən "Azərbaycan" qəzetinin haqqına girmək halları baş verir və biz "Azərbaycan"çılar buna göz yuma bilmərik!
***
Beş ildən çox "Kommunist" qəzetində çalışmış, ömrünün, yaradıcılığının bir qismini həmin qəzetə həsr etmiş jurnalist olaraq bu qəzetə böyük hörmətimi bildirirəm.
"Kommunist" sovet dövrü Azərbaycanının ən hörmətli, avanqard qəzeti idi, respublikada elmin, mədəniyyətin inkişafına, Azərbaycan dilinin qorunmasına və təkmilləşməsinə böyük töhfələr vermiş, respublikada və ölkədə gedən quruculuq və yaradıcılıq proseslərini peşəkarlıqla, operativ qaydada və geniş şəkildə işıqlandırmışdır.
"Kommunist" qəzeti sovet dövrünün obyektiv salnaməsi funksiyasını da yerinə yetirmişdir.
Ancaq bu qəzet kommunizm ideologiyasına xidmət göstərərək onu təbliğ edirdi!
* Bu qəzet ikiqat senzura nəzarəti altında nəşr olunurdu!
* Bu qəzet Sov.İKP-nin proqram və nizamnaməsindən, müəyyən etdiyi yoldan və istiqamətdən bir santimetr belə kənara çıxa bilməzdi!
* Bu qəzetdə demokratiya ola bilməzdi, hər şey partiyanın müəyyən etdiyi çərçivə daxilində baş verirdi!
Belə olan vəziyyətdə bu gün "Kommunist"i hansı əsasla "demokratik mətbuatımızın varisi" kimi təqdim etmək olar?!
"Azərbaycan"ın qanuni varisi "Azərbaycan"ın halal haqqına əl uzadan, qondarma faktlara istinadən yazılmış
"Xalq qəzeti" demokratik mətbuatımızın varisidir" (Bax: "Xalq qəzeti" 24 avqust 2024-cü il, №181 (30585) məqaləsi dərin təəssüf hissi doğurur. 
Maraqlıdır ki, məqalənin müəllifi Namiq Əhmədov bir zamanlar "Azərbaycan" qəzetində işləmişdir. Doğrudur, yaradıcı əməkdaş olmamış, qəzetə reklam gətirmişdir.
"Xalq qəzeti"nin 105 illiyi münasibətilə yazdığı məqalələrində "mətbuat tədqiqatçısı" kimi çıxış edən N.Əhmədov, görünür, həmin dövrdə "Azərbaycan" qəzetinin nəşri tarixini iş yoldaşlarından yetərincə öyrənməmişdir...
Odur ki, məqalələrində ciddi yanlışlıqlara, faktoloji səhvlərə, hətta qərəzli təhriflərə belə yol vermişdir!
Təəssüf ki, materialın dərcinə icazə verərək onu imzalayanlar bilməzlikdən, yaxud həmfikir olduqlarından həmin səhv, təhrif, yanlışlıqlara şərik çıxmışlar.
***
"Xalq qəzeti" demokratik mətbuatımızın varisidir" məqaləsindəki bir neçə məqama nəzər salaq:
"Kommunist" adlı bir nömrəlik bülleten 1919-cu il avqustun 29-da, cümə günü bolşeviklər partiyasının gizli mətbəəsində 4 səhifədə (bəzi mənbələrdə 2 səhifə) çap olunmuşdur".

Bunu tarixi fakt kimi təqdim edən N.Əhmədov sonra öz "həqiqəti"ni söyləyir:
"Həqiqətdə isə rəsmi dövlət qəzeti kimi "Kommunist"in ilk nömrəsi 1920-ci il aprelin 30-da çıxmışdı!"
Oxucu iki "həqiqət"dən hansını qəbul etməlidir?
Həm də nəzərə almaq lazımdır ki, "Kommunist"in və "Xalq qəzeti"nin bütün nömrələrində qəzetlərin loqotiplərində "1919-cu ildən çıxır" sözləri yazılmışdır.
İkinci bir məqam və sitatlar:
"O dövrdə Azərbaycanın birinci müstəqilliyi Rusiya bolşevik-kommunist hakimiyyəti tərəfindən devriləndə "Azərbaycan" qəzetinin də binası tutulmuş, dərhal giriş qapısındakı lövhə və qəzetin loqosu dəyişdirilmişdir. Türkcə "Azərbaycan" və rusca "Azerbaydjan" qəzetlərinin nəşri dayandırılmış, onların davamı olaraq "Kommunist" və "Bakinskiy raboçiy" qəzetləri nəşr edilmişdir".
Diqqəti "nəşri dayandırılmışdır" ifadəsinə yönəldərək növbəti sitatı gətiririk:
"Kommunist rəhbərləri "Kommunist"in "Azərbaycan" qəzetinin davamı olduğunu xalqdan gizlətmək üçün sonralar onun tarixini bu bir nömrəlik bülletenlə bağlamış, 1929-cu ildə isə həmin tarixi rəsmiləşdirərək "Kommunist" adlı qəzetin 10 illik yubileyini təntənə ilə qeyd etməklə öz "xidmətlərini" tarixə yazmışlar".
Eyni sualı təkrar edirik: oxucu iki "həqiqət"dən hansını qəbul etsin:
"Azərbaycan"ın nəşri dayandırılaraq onun ofisində və mətbəəsində "köhnə qəzetləri" (1919-cu ilin avqustunda ilk nömrəsi çıxan) olan "Kommunist"i buraxmış, yoxsa "Azərbaycan" qəzetini "Kommunist" adı ilə davam etdirmişdilər?!
Tutmayan calağa nə ehtiyac?
Müəllifin "təəssüflə" səhv hesab etdiyi isə əslində tarixi gerçəkliyin etirafıdır: 
"Təəssüf ki, ötən dövrlərdə "Xalq qəzeti"nin timsalında milli mətbuatımızın tarixi inkişafda mütərəqqi mövqe və rolu birtərəfli dəyərləndirilmişdir. Sovet dövrünün əvvəllərində "Kommunist" qəzetinin AXC rəsmi nəşri olmuş "Azərbaycan" qəzetinin bazasında onun davamı olması gizlədilmişdir. Müstəqilliyin bərpasından sonra isə "Kommunist"in hüquqi varisi kimi fəaliyyətini davam etdirən "Xalq qəzeti" isə yeni bir qəzet kimi qəbul edilmişdir. Bu keçidlərdə ən acınacaqlısı odur ki, 71 illik "Kommunist" qəzeti sovet rejiminin törəməsi kimi qələmə verilir".
"Bazasında davamı" ona görə gizlədilməyib ki, sələflik-xələflik məsələsinə zərbə vurulsun!
Xeyr, gizlədilən bolşeviklərin quldurcasına hərəkətləri, ayrı-ayrı insanlara məxsus mal-mülkü bir dəqiqənin içində əllərindən almaları, mal-mülk sahiblərini isə ən yaxşı halda sürgünə göndərmələri, həbsxanaya salmaları idi.
"Ofis məsələsi"nə görkəmli mətbuat tədqiqatçısı professor Şirməmməd Hüseynov "Azərbaycan" qəzetinin 100 illiyi münasibətilə qəzetə verdiyi müsahibəsində aydınlıq gətirmişdir: "Bakı işğaldan azad olunandan 2 gün sonra, sentyabrın 17-də Azərbaycan hökuməti Bakıya köçür. "Azərbaycan" qəzeti redaksiyasının Bakıya köçürülməsi işləri ilə yenə də Nəsib bəy Yusifbəyli məşğul olur. O dövrdə Bakıda ən yaxşı, müasir mətbəə isə Orucov qardaşlarının olub. Nəsib bəy Yusifbəyli Orucov qardaşları ilə danışır və bu mətbəəni onlardan pulunu ödəmək şərti ilə alıb, adını hökumət mətbəəsi qoyurlar. Hətta parlament iclaslarının birində Orucov qardaşlarına mətbəə üçün büdcədən nə qədər pulun ödənməsi müzakirə olunur. Görün necə demokratik olublar? Bolşeviklər kimi zəbt etməyiblər, pulunu ödəyib alıblar". 
Maraqlı bir sual yaranır:
Nəyə görə "Xalq qəzeti"nin 105 yaşını qeyd edənlər onu zorla "Azərbaycan" (Cümhuriyyət dövrü) qəzetinin varisi kimi təqdim etməyə çalışırlar?
Halbuki "Xalq qəzeti"nin özünü "Kommunist" qəzetinin davamçısı sayması, beləliklə, özünü "ağsaqqal", "105 yaşlı" mətbu orqan kimi təqdim etməsi də elmi, nəzəri, ideya-siyasi istiqamət baxımından yanlışdır!
Bunu yalnız mətbuatda, ideoloji sahədə, habelə qəzetçilikdə varisliyin prinsip və qaydalarını bilməyənlər iddia edərlər.
Mətbuat tariximizdən bir faktı xatırlatmaq istəyirəm.
"Molla Nəsrəddin" satirik jurnalı təkcə Azərbaycanda deyil, Yaxın Şərqdə məşhur idi.
Jurnal özünəməxsus üslubda elmi, biliyi, maarifi təbliğ etməklə yanaşı, dini fanatizmə, xürafata qarşı mübarizə aparırdı.
Kommunistlər özlərini ateist sayır və Allahı inkar edirdilər.
Repressiya dalğaları başlayanda "Molla Nəsrəddin"i sovet quruluşuna uyğunlaşdırmaq üçün onu "Allahsızlar" adı ilə buraxmaq, sovet ideologiyasına tabe etmək istədilər.
Jurnalın baş yazarı Cəlil Məmmədquluzadə yeni jurnala rəhbərlik etməkdən qəti şəkildə boyun qaçırdı!
Hətta repressiya edilmək təhlükəsi belə onu öz qərarından döndərmədi!
Çünki Mirzə Cəlil Allahsız deyildi, mövhumata, dini fanatizmə qarşı çıxırdı!

Jurnalın adının və ideya istiqamətinin dəyişdirilməsini heç vəchlə qəbul etmədi!
Çünki mətbu orqanı özgür edən onun ideya-siyasi istiqaməti, hansı məsləkə və əqidəyə xidmət etməsi, hansı ideyanı təbliğ etməsi, siyasi prinsipləridir!
Bunlar dəyişəndə isə hətta orqanın adı qalsa belə, özü bambaşqa şey olur!

"Bunlar" deyəndə nəyi nəzərdə tuturuq:
* Birinci, nəşr hansı ideyaya xidmət edir, başqa cür desək, ideya-siyasi istiqaməti nədir: müstəqilliyi təbliğ edir, yoxsa "qırmızı imperiya"nın tərkibində qalmağa xidmət göstərən kommunizm ideologiyasını;
* İkinci, təsisçi qismində kim çıxış edir: müstəqil dövlətin hökuməti, yoxsa Sov.İKP-nin respublika təşkilatı sayılan Azərbaycan Kommunist Partiyası;
* Üçüncü, əgər "Kommunist" "Azərbaycan"ın davamı idisə, onda niyə əqidələrinə görə onun redaktorlarını həbs edərək güllələyirdilər;
Söylənilən məqamlarla bağlı ortaya çıxan digər sualları da cavablandırmaq və məqamlara aydınlıq gətirmək müşkül görünür:
* Eyni vaxtda çıxan iki qəzet bir-birinin necə davamı sayıla bilər?
* Əgər "Kommunist" "Azərbaycan"ın davamıdırsa, onda Kommunist Partiyası da Müsavat Partiyasının davamıdır?
* Onda Azərbaycan SSR də Xalq Cümhuriyyətinin davamıdır?!
* Belə çıxır ki, "Kommunist" "Azərbaycan"ın övladı, "Xalq qəzeti" isə nəvəsidir?

Əgər həmkarlarımızın məntiqi ilə bu yanaşma həqiqətdirsə, onda biz - rəsmi dövlət qəzeti, Milli Məclisin orqanı "Azərbaycan" kimdir?!
"Əsli-nəsli" olmayan, göydən paraşütlə düşən bir qəzetdir?!
Gülməli çıxmırmı?!

***
Təəssüf ki, BDU-nun Jurnalistika fakültəsinin iki hörmətli professoru da (Bax, "Xalq qəzeti"nin əsrdən uzun söz marafonu", "Xalq qəzeti" 22 avqust, 2024-cü il, № 179 (30583) eyni yanlışlığa yol verirlər:
"İllər keçdi və Azərbaycan özünün yeni müstəqillik dövrünə qədəm qoyduqdan sonra sovet ideologiyasından tam imtina çağında "Kommunist" qəzeti "Xalq qəzeti" adı ilə nəşr olunmağa başladı. "Xalq qəzeti" tamamilə yeni tipoloji xarakter aldı, Prezidentin İşlər İdarəsinin və redaksiya heyətinin qəzeti kimi fəaliyyətə başladı".
Diqqəti dəyişikliklərə cəlb edirik:
* Sovet ideologiyasından tam imtina olundu, başqa sözlə, ideya-siyasi istiqamətini dəyişdi;
* Adını dəyişdi, "Kommunist" idi, "Xalq qəzeti" oldu;
* Təsisçisi dəyişdi, orqanlıqdan çıxaraq İşlər İdarəsinin qəzetinə çevrildi, üstəlik, redaksiya heyəti də təsisçiliyə qoşuldu;
* Tamamilə yeni tipoloji xarakter aldı!
Deməli, hər şey təzələndi, yerdə ofis binası və mebellər qaldı.
Bunlar "davamçılığa" əsas yarada bilərlərmi? 
ƏSLA!

Yeni dövrün - ikinci müstəqillik dövrünün yeni nəşrə başlayan, yeni tipoloji qəzet sayılan "Xalq qəzeti"nin 33 yaşını süni surətdə "böyüdərək" 105 yaşa çatdırmaqdan ötrü bu qədər israrlı şəkildə, bilərəkdən səhvlərə, təhriflərə və prinsip pozuntularına əl atmağa dəyərmi?!
Belə səhv yol seçənlər bu sual ətrafında səmimi şəkildə düşünməlidirlər. 
Nədənsə mətbuat alimlərimiz də etiraf etmək istəmirlər ki, sovet dövrünün "Kommunist" qəzeti nəşrini dayandırdı, müstəqillik dövrünə uyğun yeni qəzet - "Xalq qəzeti" fəaliyyətə başladı!

Yeganə itki isə "staj"dır!
***
Əlahəzrət fakt budur ki, müstəqillik dövrünün rəsmi qəzeti olan "Azərbaycan"ın nəşri dayandırılıb və onun maddi-texniki bazası əsasında yeni dövrün, sovet dövrünün yeni ideologiyasına xidmət edın "Kommunist" qəzetinin nəşrinə başlanılıb!
Fakt budur ki, kommunizm ideologiyasına xidmət edən "Kommunist" qəzetinin nəşri dayandırılıb, əvəzində onun maddi-texniki imkanları (yaradıcı kollektiv də daxil) əsasında ikinci müstəqillik dövrünə xidmət edən yeni nəşrin - "Xalq qəzeti"nin çapına start verilib.
"Kommunist" qəzeti "Xalq qəzeti"nə çevriləndən sonra 27 və 28 avqust 1991-ci il nömrələri Azərbaycan KP MK-nın orqanı kimi çıxmışdır.
Sonrakı nömrələrdə isə orqanın yerini "Gündəlik ictimai-siyasi qəzet" sözləri tutmuşdur.
"Xalq qəzeti" bu gün də ictimai-siyasi qəzet kimi nəşr olunur.
"Azərbaycan" qəzetinin davamçısı olsaydı, ona "Rəsmi dövlət qəzeti" statusu verilərdi.

Ənənəyə uyğun olaraq parlament həyatını geniş və sistemli şəkildə işıqlandırardı.
"İddiaçılar" bunları da görmürlər!
***
Həmkarlarımızın "qarışıq saldıqları" bir neçə ifadəyə, terminə də aydınlıq gətirmək istəyirik.
"RƏSMİ DÖVLƏT QƏZETİ. Bu xüsusi statusdur və hər bir dövlətdə yeganə qəzetə verilir.
Müstəqil Azərbaycanda isə bu status orqanı olduğu Milli Məclis tərəfindən Milli Məclis sədrinin imzaladığı "AZƏRBAYCAN" QƏZETİ REDAKSİYASININ "NİZAMNAMƏSİ" əsasında verilmişdir: "Maddə I.I. "Azərbaycan" qəzeti rəsmi dövlət qəzeti, eyni zamanda Milli Məclisin orqanıdır. Onun təsisçisi Azərbaycan Respublikasının Milli Məclisidir. Qəzetin "Azərbaycan" xüsusi adı Azərbaycan Respublikası Milli Məclisinə mənsubdur".
"ÜMUMMİLLİ QƏZET". Rəsmi dövlət qəzeti həm də ümummilli qəzet hesab olunur. İqtidar, müxalifət, sahə və digər qəzetlər özlərinin təbliğatını aparırlar. Rəsmi dövlət qəzeti isə dövləti mənafeyə xidmət etməklə yanaşı, ölkənin bütün vətəndaşlarının maraqlarını da təmin etməyə çalışır.
"Xalq qəzeti" və "Respublika" qəzetləri iqtidar qəzetləridir, loqotiplərində qeyd etdikləri kimi, "Gündəlik ictimai-siyasi qəzet" və "Gündəlik ictimai-siyasi, sosial-iqtisadi" qəzetlərdir.
Onları "rəsmi dövlət qəzetləri" və ya "ümummilli qəzetlər" adlandırmaq yanlışdır!

***
Biz zərrə qədər də narahat deyilik ki, hansısa iddiaçı "Rəsmi dövlət qəzeti" statusunu, yaxud "Milli Məclisin orqanı" olmasını "Azərbaycan" qəzetindən alar!
Yox, bunlar bizə tarixi ənənə əsasında, mühüm hüquqi aktların sayəsində məxsusdur!

Narahatlığımız ondadır ki, Azərbaycan milli mətbuatının tarixini, bolşevik və demokratik mətbuatın keçdiyi yolu, "Azərbaycan" qəzetinin təlatümlü inkişaf mərhələlərini, mətbuat nəzəriyyəsini, sələflik və xələflik münasibətlərinin hüquqi əsaslarını kifayət qədər bilməyənlər "nəzəri" məqalələr yazır, çıxışlar edir, özlərini zorla Cümhuriyyət dövrü "Azərbaycan" qəzetinin varisi və davamçısı kimi təqdim etməyə çalışırlar.
Xoşbəxtlikdən, belə naşı cəhdlər heç zaman baş tutmur!
Müstəqil Azərbaycana məxsus "Azərbaycan"ın daim öz yolu, qanuni varisliyi olub!
"Azərbaycan"a oxşamağın, onun yolunu varis kimi davam etdirməyin əsl yolu isə Vətənə, Xalqa, Dövlətə sədaqətlə, peşəkarcasına xidmətdir!
"Azərbaycan"ın redaktorlarından biri olmuş dahi Üzeyir bəyin dediyi kimi:

Bu Vətən də bizimdir!
Bu millət də bizimdir!
Bu dövlət də bizimdir!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ernesto Ottone: Bakıda keçiriləcək COP29 iqlim böhranının həlli istiqamətində xüsusi əhəmiyyətə malikdir

23:58
08 Oktyabr

Petre Mamradze: Bəzi Qərb ölkələri Cənubi Qafqazda xaos və qarşıdurma yaratmaq istəyirlər

23:52
08 Oktyabr

Peskov Moskvada Zəngəzur dəhlizi məsələsinin müzakirə olunduğunu istisna etməyib

23:50
08 Oktyabr

Azərbaycanın və Belarusun media subyektləri arasında əməkdaşlıq genişləndirilə bilər  

23:41
08 Oktyabr

Prezident İlham Əliyev: Biz istənilən sanksiyalara qarşı qətiyyətlə çıxış edirik 

22:57
08 Oktyabr

Norveç terror təhlükəsi səviyyəsini artırıb

22:53
08 Oktyabr

Prezident İlham Əliyev Moskvada “Rossiya 1” televiziya kanalına müsahibə verib

22:47
08 Oktyabr

BMT Efiopiyanın Amhara bölgəsində humanitar əməliyyatları dayandıra bilər

22:31
08 Oktyabr

Rusiyalı idmançı Barselonada həlak olub

22:16
08 Oktyabr

Prezident İlham Əliyev: Nankorluq ABŞ-ın Azərbaycana qarşı sanksiyaları kontekstində onunla bağlı istifadə olunacaq ən sərt söz deyil

21:57
08 Oktyabr

İtaliya jurnalı COP29-un əhəmiyyətindən yazıb

21:38
08 Oktyabr

Nazir Rəşad Nəbiyev Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

21:36
08 Oktyabr

Baş Prokurorluğun geniş kollegiya iclası keçirilib

21:19
08 Oktyabr

Ekspert: COP29-un Azərbaycana həvalə edilməsi çox böyük uğurdur 

21:06
08 Oktyabr

Azərbaycanda İkinci Dünya müharibəsinin iştirakçıları dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub

20:58
08 Oktyabr

Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-4

20:53
08 Oktyabr

Prezident İlham Əliyev: 9 May – Qələbə Bayramı MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir

20:47
08 Oktyabr

Kamikadze məhv edildi  

20:31
08 Oktyabr

“Nobel”in favorit namizədləri açıqlandı

20:17
08 Oktyabr

Rusiyalı alpinistlərin cəsədləri tapıldı

20:13
08 Oktyabr

Tramp Ukraynaya yardım edənləri sərt tənqid etdi

20:07
08 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!