22 May 2022 00:32
466
SİYASƏT
A- A+

İrəvanda polis zor tətbiq edir, etirazçılar isə silahlandırılır

 

Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır

 

İrəvanda baş verən qarşıdurma ölkədə gərgin və xaotik vəziyyət yaradıb. Müxalifət Paşinyanın baş nazir kimi ölkə idarəçiliyini davam etdirməsinə qarşı çıxaraq bir neçə gündür etiraz aksiyaları keçirir.

Kürsüsünü itirmək istəməyən Nikol Paşinyan isə kütləvi etirazların qarşısını almaq üçün bütün repressiv tədbirlərə əl atır. Bir neçə gündür ki, müxalifət İrəvanın dörd müxtəlif hissəsində kütləvi yürüşlər keçirir. Onlar hökumət əleyhinə şüarlar səsləndirir və baş nazir Nikol Paşinyanın istefa verməsini tələb edirlər.

Müxalifət fəalları parlamentin vitse-spikeri İşxan Saqatelyanın başçılığı ilə İrəvanda küçələrin birini bağlayıblar. Aksiya iştirakçıları polisin küçəni açmaq tələbinə məhəl qoymayıblar. Bundan sonra polis etirazçıları saxlamağa başlayıb.

İrəvanda Paşinyan iqtidarına etiraz edən insanlar Ermənistanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin qarşısında aksiya keçirməyə başlayıblar. Etirazçılar Almaniya, Fransa və İtaliya səfirliklərinin qarşısına toplaşıblar. Aksiya iştirakçıları bildiriblər ki, əhali artıq Paşinyana və komandasına inanmır, çünki onlar xalqa verdikləri vədə əməl etmədilər.

Aksiyaçılar qeyd edirlər ki, Ermənistan hazırda ən ağır günlərini yaşayır. Ölkədə məmur özbaşınalığı, rüşvətxorluq və işsizlik tüğyan edir. Orduda işgəncə halları artıb. Vətəndaşlar məhkəmə sistemindən və polis zorakılığından cana gəliblər.

Bu arada etiraz akisyaları fonunda ölkədə hüquq-mühafizə sistemi iflic vəziyyətinə düşüb. "4rd.am" saytı yazır ki, Ermənistanda güc strukturları əsas işlərini unudublar və müxalifətin fəaliyyəti nəticəsində başqa gündəmə düşüblər. Məlumata görə, hüquq-mühafizə sisteminin əməkdaşları bir-birləri ilə söhbətlərdə bütün günü təcili məsləhətləşmələr aparmalı olmalarından narazılıq edirlər. Çünki müxalifətin aksiyaları nəticəsində ayrı-ayrı struktur bölmələrində çalışan rəsmilər fəallarla məşğul olurlar, yeni cinayət işləri açırlar, onları araşdırırlar və sair. Nəticədə digər işlər arxa plana keçir. Hüquqşünaslar şikayət ediblər ki, hüquq-mühafizə orqanlarının bu fəaliyyət üslubu nəticəsində bir çox məhbusların və ya başqa statuslu müttəhimlərin məhkəmələri dayanıb.

Etiraz aksiyalarında o da qeyd olunur ki, müharibədəki məğlubiyyət fonunda Ermənistanda iqtisadi göstəricilər yaxşıya doğru dəyişməyib, əksinə, daha da pisləşib. Nəticədə yoxsulluq səviyyəsi bir qədər də artıb. İqtisadi tənəzzülün davam etməsi ilə birlikdə hakimiyyətin reytinqi də sıfra yaxınlaşır. Hazırda ölkədə adambaşına düşən gəlir qabaqcıl ölkələrlə müqayisədə təxminən 16 dəfə, məhsuldarlıq isə 9 dəfə aşağıdır. Ermənistanda ərzaq təhlükəsizliyi ilə bağlı heç bir tədbir görülmür. Uzun illərdir ki, aqrar sektorda böhran hökm sürür. Bu sahədə islahatlara başlamaq barədə heç bir təşəbbüs göstərilmir. Məhz bunun nəticəsidir ki, hazırda Ermənistanda kənd təsərrüfatı sahəsində azalma 25-30 faiz təşkil edir.

Xarici ticarət dövriyyəsində qeydə alınan mənfi saldonun həcminin mütəmadi olaraq artması Ermənistan iqtisadiyyatının ixrac potensialının tənəzzüldə olduğunu göstərən vacib faktordur. İş o yerə çatıb ki, əvvəl Ermənistanda istehsal edilən bəzi məhsullara olan tələbat artıq idxal hesabına ödənilir. Bunun əsas səbəblərindən biri də Ermənistanda fəaliyyət göstərən müəssisələrin bir çoxunun fəaliyyətini dayandırması və ya başqa ölkənin ərazisinə köçürülməsidir. Hazırda Ermənistanda əmək qabiliyyətli əhalinin 60 faizindən çoxu işsizdir. Bu rəqəm son aylar xüsusilə artıb. Buna səbəb həm də hakimiyyətin pandemiya dövrünün tələblərinə uyğun sosial-iqtisadi siyasət yürüdə bilməməsidir.

Ölkənin diqqətinin etirazlara yönəldiyi bir vaxtda hərbi qulluqçuların xidmətdən yayınma halları davam edir. Belə ki, dörd hərbi qulluqçu müalicə olunduqdan sonra xidmətə qayıtmaqdan imtina edib.

Son vaxtlar orduda hərbi xidmətdən yayınma, fərarilik hallarında azalma əvəzinə,  artma müşahidə olunur. Bu da o deməkdir ki, Ermənistan ordusunun əsgərləri psixoloji cəhətdən hərbi xidmətə hazır deyillər. Orduda hərbi xidmətdən yayınma hallarının artması təsadüfi deyil. Təcavüzkarlıq, zorakılıq və homoseksuallıq hallarının yayılması bunun başlıca səbəbidir.

Bütün bunlar onu göstərir ki, hakimiyyətin vətəndaşlar arasında artıq heç bir dayağı qalmayıb. Paşinyanın istefasını tələb edənlərin sırası gündən-günə çoxalır.

 

Elçin CƏFƏROV,

"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video