27 Yanvar 2023 18:11
283
CƏMİYYƏT
A- A+

İnsanların təhlükəsizliyinin təmin edilməsi hər zaman Ümummilli Liderin fəaliyyətinin əsas istiqamətlərindən olub

 

Yanvarın 27-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında “Heydər Əliyev İli”nə həsr olunmuş “Ümummilli lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur” mövzusunda tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin bu təhsil ocağının həyətində ucaldılmış abidəsi önünə gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla anılıb.

Sonra FHN-in Akademiyasının şəxsi heyətinin təntənəli keçidi olub.

Akademiyada keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar nazirliyin İctimaiyyətlə əlaqə idarəsinin hazırladığı sənədli film nümayiş olunub.

Sonra tədbirdə çıxış edən fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması barədə Prezident İlham Əliyevin imzaladığı Sərəncamın əhəmiyyətinə toxunaraq, Ulu Öndərin həyat və fəaliyyətinin araşdırılması, öyrənilməsi, təbliği, gələcək nəsillərə çatdırılması baxımından vacibliyini bildirib. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu mütərəqqi siyasi irsin Prezident İlham Əliyevin qətiyyətlə həyata keçirdiyini qürur hissi ilə dilə gətirən nazir deyib ki, milli qurtuluşdan başlanan Zəfər yolu xalqımızı tarixi Qələbə gününə qədər aparıb. Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Artıq üçüncü ildir ki, müstəqil Azərbaycan Zəfər bayramının sevincinə bürünüb. Ulu Öndərin arzusunu, vəsiyyətini şərəflə yerinə yetirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Ordumuzun, xalqımızın sarsılmaz birliyinin və vəhdətinin nəticəsi olaraq doğma Qarabağımız düşmən işğalından azad edilib, ölkəmizin ərazi bütövlüyü bərpa olunub.

Xalqımızın böyük oğlu, müasir Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin həyat yolundan, Vətən qarşısında tarixi xidmətlərindən danışan nazir deyib ki, Ulu Öndərin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarixdir. “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”, - söyləyən Ümummilli Lider Heydər Əliyev ömrünü bütövlükdə doğma Azərbaycanımızın çiçəklənməsinə, mənsub olduğu xalqın inkişafına sərf edib, bütün varlığı ilə sevdiyi Vətənini, xalqını, onun dövlətçiliyini tarixin çox çətin sınaq və imtahanlarından böyük məharətlə çıxarıb, dünya dövlətləri sırasında özünün qurub yaratdığı şah əsəri olan müstəqil Azərbaycan dövlətinə yaşamaq, əbədi var olmaq hüququ verib.

Nazir vurğulayıb ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə müdrik uzaqgörənliyi, böyük idarəçilik qabiliyyəti, təşkilatçılıq bacarığı ilə ölkəmizin iri addımlarla irəliləməsini təmin edib. Ulu Öndər 1990-cı ildə Naxçıvana gələrək son dərəcə ağır vəziyyətdə olan bu qədim diyarı mətanətlə erməni təcavüzündən qoruyub, əsl nicat yoluna çıxararaq onun hərtərəfli inkişafını təmin edib. O, Heydər Əliyevin müstəqilliyimizin ən ağır vaxtında – 1993-cü ilin iyununda xalqın tələb və təkidi ilə hakimiyyətə yenidən gəlişi ilə Azərbaycanı real parçalanma, xalqı qardaş qırğını və vətəndaş müharibəsindən özünün fitri istedadı, dərin zəkası, qətiyyəti, siyasi uzaqgörənliyi ilə qurtardığını, “Ömrümün qalan hissəsini də xalqıma qurban verirəm”, - deyib öz xalqına sahib çıxmasını misilsiz fədakarlıq, qəhrəmanlıq nümunəsi adlandırıb. İnsanların təhlükəsizliyinin təmin edilməsi, o cümlədən təbii və texnogen fəlakətlərlə səmərəli mübarizə məsələləri də hər zaman Ümummilli Liderin fəaliyyətinin əsas istiqamətlərindən olub. Təsadüfi deyildir ki, FHN fəaliyyətini Ulu Öndərin “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır” müdrik kəlamı üzərində qurub.

Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə bu gün müstəqil Azərbaycanın ən qüdrətli dövrünü yaşadığını qeyd edən K.Heydərov həyata keçirilən çoxşaxəli islahatlar, uğurlu daxili və xarici siyasət sayəsində sabitlik diyarı və inkişaf məkanı kimi tanınan, postmüharibə dövründə bütün çağırışlara hazırlıqlı olduğunu qətiyyətlə nümayiş etdirən, regional güc mərkəzi kimi strateji hədəflərə doğru əmin addımlarla irəliləyən ölkəmizin dünya birliyindəki mövqeyinin əhəmiyyətli dərəcədə möhkəmləndiyini bildirib.

Fövqəladə hallar naziri çıxışında dahi şəxsiyyətin zəngin mənəvi irsini yaşadıb təbliğ edərək dünyada tanıdan, Ümummilli Liderin qurub-yaratdığı müstəqil Azərbaycanın daha da çiçəklənməsində yaxından iştirak edən, onun Azərbaycançılıq ideyalarını gənc nəsillərə aşılayan, insanlara daim kömək əli uzadan, xeyirxah işlər görən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük xidmətlərindən də söz açıb.

Sonda nazir K.Heydərov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müasiri olmaq hər bir azərbaycanlı üçün iftixar mənbəyidir: “Çox xoşbəxtik ki, dünyanın gələcəyini, millətinin mənafeyini düşünən Dahi Liderin müasirləri və qurub yaratdığı müstəqil Azərbaycan dövlətinin vətəndaşlarıyıq. FHN-in kollektivi Ümummilli Liderin ideyalarına, dövlətçilik xəttinə sadiq qalaraq bundan sonra da bütün qüvvə və bacarığını ölkə əhalisinin təhlükəsiz həyat və fəaliyyətinin təmin olunması naminə səfərbər edəcək”.

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri Arif Rəhimzadə Ulu Öndər Heydər Əliyevin mənalı həyat yolundan, zəngin dövlətçilik fəaliyyətindən danışıb. A.Rəhimzadə bildirib ki, öz misilsiz fəaliyyəti ilə tariximizin ən şərəfli səhifələrini yazan, müstəqil Azərbaycanımızın memarı və qurucusu olan böyük tarixi şəxsiyyət Heydər Əliyev azərbaycanlı olmasından necə böyük qürur duyurdusa, bizlər, dünyanın dörd bir tərəfində yaşayan azərbaycanlılar da onunla fəxr edirik. Heydər Əliyevin hakimiyyətə birinci gəlişi xalqın həyatında dönüş nöqtəsinə, çiçəklənmə, cəmiyyətdə yeni dünyabaxışının formalaşması, insanların öz qüvvə və imkanlarını dərk etməsi dövrünə çevrilib. 1990-cı illərin əvvəlində - tarixinin bu böhranlı məqamında da xalq ümidini böyük oğlu Heydər Əliyevə bağlamışdı. Xalqın şüurunda Heydər Əliyev yalnız 1970-80-ci illərdəki quruculuq fəaliyyəti ilə deyil, həm də blokada şəraitində yaşayan Naxçıvandakı gördüyü işlərlə Azərbaycanın gələcəyinə ümidlə baxmağa əsas yaradırdı. Hamı başa düşürdü ki, ölkəni bu fəlakətlərdən yalnız Heydər Əliyev xilas edə bilər. 1993-cü ilin iyun hadisələri zamanı xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyev Bakıya gəlməyə razılıq verdi. Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan yeni bir dövrə - inkişaf və tərəqqi dövrünə qədəm qoydu, dağılmaq ərəfəsində olan ölkəmiz dinamik inkişaf edən ölkəyə çevrildi. Məhz Ulu Öndərin siyasi uzaqgörənliklə işləyib hazırladığı, Azərbaycanın hərtərəfli inkişafı və dünyanın ən güclü dövlətlərindən birinə çevrilməsi məqsədi daşıyan mütərəqqi siyasi kurs sayəsində ölkəmiz qısa müddətdə regionun lider dövlətinə, əsl söz sahibinə çevrildi. Heydər Əliyev siyasi kursunu uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin zəngin dövlətçilik təcrübəsi, siyasi uzaqgörənliyi, məqsədyönlü fəaliyyəti sayəsində dünya güclərinin hesablaşdığı müasir, müstəqil Azərbaycan beynəlxalq münasibətlər məkanında layiqli yerini tutub.

Digər çıxış edənlər Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən, titanik fəaliyyətindən ətraflı danışıblar.

Tədbir bədii hissə ilə davam etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video