21 Avqust 2022 01:05
886
SİYASƏT
A- A+

İnsan amili dövlət siyasətində hər zaman prioritetdir

 

İlham Əliyevin mütərəqqi islahatları vətəndaş rifahı və məmnunluğuna yönələn uğurlara yol açıb

 

Azərbaycanda əhalinin sosial müdafiəsinin etibarlı təmin edilməsi praktik işdə real təsdiqini tapır. Prezident İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı, imzaladığı fərman və sərəncamlar sosial cəhətdən həssas əhali qruplarının etibarlı müdafiə sistemi ilə əhatə olunmasına şərait yaradıb.

İlham Əliyev bütün dövrlərdə əhalinin sosial müdafiəsinin təşkili və daxili siyasətin sosialyönümlüyünü ön planda saxlayıb. Ən önəmli məqam isə ondan ibarətdir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşının firavan yaşam tərzi dayanır. Xüsusən sosial məsələlərin həlli ilə bağlı ölkədə çoxsaylı dövlət proqramları, böyük layihələr həyata keçirilir.

Çox önəmli faktdır ki, hər il Prezidentin imzaladığı fərman və sərəncamların 65 faizi məhz sosialyönümlü olur.

 

Sosial rifah dövlətinin qurulması

Azərbaycanda sosial rifah dövlətinin qurulması istiqamətində çox ciddi addımlar atılmaqdadır. Son illər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə açılmış ümumtəhsil müəssisələrinin, xəstəxanaların və digər sosial əhəmiyyətli obyektlərin sayı bir daha Azərbaycanın sosial dövlət kimi mahiyyətini ortaya qoyur.

Dünyada çox az ölkə tapılar ki, sosial siyasətin təzahür formalarının müxtəlifliyinə görə Azərbaycanla müqayisə oluna bilsin. Sosial-iqtisadi sahədə ardıcıl şəkildə islahatlar aparan dövlətlər sırasında daim adı çəkilən Azərbaycanın iqtisadi uğurları sosial sahədə inqilabi islahatların gerçəkləşməsinə real zəmin yaradıb.

Bir tərəfdən düşünülmüş və ardıcıl həyata keçirilən islahatların nəticəsi, digər tərəfdən isə İlham Əliyevin cəsarətli, inamlı addımları əhalinin, xüsusən də şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafəsinin gücləndirilməsini təmin edib. Bütün bunlar ümumilikdə ölkə vətəndaşlarının xoş gələcəyinə hesablanmış qətiyyətli siyasətin təzahürüdür desək, yanılmarıq.

Azərbaycan dövlətinin bugünkü sosial siyasəti əhalinin və onun müxtəlif qruplarının həyat səviyyəsinin durmadan yüksəldilməsinə xidmət edir. Bu siyasətin əsas məqsədi isə insan kapitalını formalaşdırmaq və inkişaf etdirməkdir. Çünki insan kapitalının səviyyəsi yüksək olan ölkələrdə sosial-iqtisadi islahatlar daha uğurla həyata keçirilir, siyasi şüur və mədəniyyət yüksəlir, vətəndaş cəmiyyəti formalaşır və insanlar sosialyönümlü dövlətin möhkəmləndirilməsi və inkişafı proseslərində yaxından iştirak edirlər. Ona görə də insan kapitalının formalaşdırılması üçün insanın sağlamlığı ilkin faktor kimi önə çıxır.

Bütün dövrlərdə qəbul edilmiş dövlət büdcəsinə nəzər saldıqda sosialyönümlü xərclərə əsasən deyə bilərik ki, dövlətin iqtisadi konstitusiyası da hər zaman sosialyönümlü olub.

 

Vətəndaşlar üçün ədalətli və əhatəli sosial müdafiə sistemi

Prezidentin təsdiq etdiyi yeni sosial-iqtisadi strategiya isə onu deməyə əsas verir ki, qarşıdakı illərdə bu siyasət daha da güclənəcək.

Strategiyanın dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət üzrə çərçivəsində qeyd edilir ki, ölkədə əməkhaqları artırılacaq və hamı üçün layiqli həyat səviyyəsi təmin ediləcək. İşləyənlərin layiqli həyat səviyyəsinin təmin edilməsi məqsədilə minimum əməkhaqları artırılacaq. Xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına nisbətinin məqbul səviyyəsi qorunacaq.

Özəl sektorda yeni iş yerləri yaradılacaq, məşğulluq səviyyəsi artacaq. Yeni iş yerləri yaradan sahibkarlıq fəaliyyəti stimullaşdırılacaq. Xüsusilə regionlarda kiçik və orta sahibkarlığın, eləcə də özünüməşğulluğun inkişafına zəruri şərait yaradılmaqla əhali qrupları üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olunacaq, qeyri-formal məşğulluğa qarşı zəruri qabaqlayıcı və nəzarət tədbirləri gücləndiriləcək, bunun nəticəsində qeyri-dövlət sektorunda məşğul əhalinin payı 2021-ci ildəki 77,6 faizdən artaraq 80 faizə çatdırılacaq.

Sənəddə vurğulanır ki, bütün vətəndaşlar üçün ədalətli və əhatəli sosial müdafiə sistemi qurulacaq. Pensiyaçılar üçün effektiv yığım, aztəminatlı əhali qrupu üçün zəruri ehtiyacların ödənilməsi, əlilliyi olan şəxslər üçün isə sosial yardımların əlçatanlığı artırılacaq. Pensiya sisteminin dayanıqlığı gücləndiriləcək, sosial sığortanın tətbiqi genişləndiriləcək. Hamı üçün bərabər iştirak imkanı yaradan sosial təminat və sosial xidmətlər sistemi inkişaf etdiriləcək. Minimum pensiya məbləği minimum əməkhaqqı səviyyəsinin 75-80 faizində saxlanılacaq.

Şəhərlə kənd arasında yaşayış standartlarındakı fərqlər azaldılacaq. Regionların iqtisadi və təbii potensialından səmərəli istifadə ediləcək, özəl investisiyaların cəlbi təşviq olunacaq, yeni çağırışlara uyğun regional inkişaf mexanizmləri dövlət tərəfindən dəstəklənəcək. Nəticədə ümumi məhsul buraxılışında regionların xüsusi çəkisi 35 faizdən 42 faizə çatdırılacaq.

Strategiyanın rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı üzrə çərçivəsində isə elmi sahənin inkişafına xüsusi diqqətin ayrılacağı vurğulanır. Qeyd edilir ki, ilk növbədə məktəbəqədər təhsilin əhatə dairəsi artırılacaqdır. Ölkə üzrə məktəbəqədər təhsilin göstəriciləri yaxşılaşdırılacaq, məktəbəqədər təhsilin məzmunu yenilənəcək, pedaqoji heyətin və idarəetmə heyətinin peşəkarlığı artırılacaq, məktəbəqədər təhsilin keyfiyyətinin təminatı sistemi yaradılacaq. Nəticədə məktəbəqədər təhsilə cəlb edilmiş 1-5 yaşlıların payı 50 faizə çatdırılacaq.

Ölkədə ümumi təhsildə səriştəəsaslı məzmun tətbiq olunacaq, təhsil üzrə beynəlxalq qiymətləndirmələrdə mövqe yaxşılaşdırılacaq. Təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsi artırılacaq. Ümumi təhsildə nəticəyönlü idarəetmə və maliyyələşmə sistemi qurulacaq, təmayüllərin və inklüziv təhsilin əhatə dairəsi genişləndiriləcək, infrastruktur isə müasirləşdiriləcək.

Peşə təhsilinin əhatə dairəsi və keyfiyyəti artırılacaq. Əmək bazarının tələblərinə cavab verən peşə təhsili tətbiq olunacaq, işəgötürənlər peşə təhsili sisteminə inteqrasiya ediləcəklər. Peşə təhsili sistemində maliyyələşmə və idarəetmə sistemi təkmilləşdiriləcək, təhsilverənlərin və idarəetmə heyətinin peşəkarlıq səviyyəsi artırılacaq. Nəticədə peşə təhsili müəssisələrinə qəbul olan tələbələrin sayı əlavə olaraq 11 min nəfər çoxalacaq.

Gəlirindən asılı olmayaraq bütün ailələrin övladları üçün ali təhsilə əlçatanlıq təmin olunacaq. Ali təhsilin məzmununda əmək bazarının tələbləri nəzərə alınacaq, ali təhsilin keyfiyyəti artırılacaq və beynəlxalq rəqabətliliyi təmin olunacaq, rəqabətli maliyyələşmə və idarəetmə mexanizmləri yaradılacaq. Nəticədə ali təhsil alan tələbələrin sayı əlavə olaraq 20 min nəfər artacaq.

Elmin müxtəlif sahələri üzrə tədqiqatlar genişləndiriləcək. Müasir təfəkkürlü və kreativ düşüncəli gənclər erkən vaxtlardan elmi araşdırmalara cəlb ediləcək. Elmi tədqiqatların rəqabətli və məqsədli maliyyələşdirilməsi mexanizmi yaradılacaq. Beynəlxalq impakt-faktorlu jurnallarda çap olunan məqalələrin sayı 40 faiz artacaq.

Əhalinin davamlı savadlanması üçün "ömür boyu öyrənmək" mexanizmi yaradılacaq. Bu mexanizm əhalinin əmək bazarının tələblərinə uyğun ixtisasartırma kurslarında iştirak etməsinə və zəruri kvalifikasiyalar əldə etməsinə imkan verəcək. Nəticədə ixtisasartırma üzrə innovativ proqramların və məzunların sayı hər il əhəmiyyətli sayda artacaq.

 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video