06 May 2022 01:29
1226
SİYASƏT

İnamın gücü

 

Hər əsrin ümumi tarixi mənzərəsini müəyyən edən xarakterik xüsusiyyətlər var. Artıq üçüncü onilliyinə doğru irəlilədiyimiz əsrimiz də böyük ehtimalla daha çox texnologiyaların inkişafı, kosmosun geniş miqyasda fəthi, kainatın sirlərinin insan üçün daha da aydınlaşması, rəqəmsallaşma prosesləri, innovasiyaların həyatın ən müxtəlif sahələrində geniş tətbiqi ilə yadda qalacaq. Bu baxımdan bizim - bu əsrin insanlarının gələcək nəsillər qarşısında öyünəsi çox nailiyyətlərimiz var.

Amma bütün bunlarla yanaşı, XXI əsr əfsuslar olsun ki, həm də qlobal münaqişələr, böhranlar dövrü olması ilə xatırlanacaq. Həqiqətən, bu gün dünyada baş verənləri nəzərdən keçirəndə, ayrı-ayrı epizodları eyni zaman müstəvisində birləşdirəndə bizə elə gəlir ki, sanki dünya tarixinin heç bir dövründə indiki qədər savaşlar, təlatümlər, problemlər yaşanmayıb.

Bir tarixçı kimi həmişə sabaha məhz dünənin və bugünün kontekstindən yanaşıram. Planetimiz genişmiqyaslı böhranlar məngənəsindədir. İqtisadi problemlər, sosial səfalət, insan sağlamlığına qarşı qlobal təhdidlər Yer üzünü ağuşuna alıb. Bir tərəfdən də ekoloji kataklizmlər insan həyatı üçün böyük təhlükəyə çevrilib. Minilliklərlə yaşı olan dövlətlər süquta uğrayır, sivilizasiyalar tədricən aşınıb sıradan çıxır. Bir çox dəyərlər öz əhəmiyyətini itirməyə başlayır. Dünyanın ən möhtəşəm tarixini yaratmış xalqların təmsilçiləri indi miqrant statusu ilə Avropanın inkişaf etmiş şəhərlərinin küçələrində səfil həyatı keçirirlər. Humanizm, insana sevgi, gələcəyə inam öz yerini ksenofobiyaya, fərqli mədəniyyətlərə aid insanların bir-birinə qarşı qeyri-adekvat davranışlarına, dünyamızın sabahı ilə bağlı bədgüman suallara verib. Dünya sanki öz məhvərindən çıxıb.

Belə bir reallıq içində bizim xalq üçün sevinib qürur duyası əsas məqam isə odur ki, bu parçalanan, iflasa sürüklənən, mənəvi ideallarından uzaq düşən dünyada Azərbaycan Respublikasına baxanda ölkəmizi həqiqətən sabitlik adası, inkişaf məkanı, rifah ünvanı kimi görə bilirik.

 

Coğrafiya taledir

 

Belə bir məşhur ifadə var ki, "coğrafiya taledir". Bəli, hər bir xalqın yaşadığı coğrafiya istər-istəməz onun taleyini də, bir çox arxetiplərini də müəyyənləşdirir. Keçmişində, bugünündə dərin izlər buraxır. Bu fikrin dəqiqliyini öz xalqımızın yaşadıqlarında aydın görə bilirəm.

Biz strateji baxımdan son dərəcə əhəmiyyətli bir coğrafiyada yaşayırıq. Tarixən Şərqin qapısı sayılan Azərbaycanın - Odlar yurdunun təbii sərvətləri bu məkanın dünya üçün önəmini daha da artırır. Bu üstünlüklər, təbii ki, bu Vətənin hər bir övladı üçün böyük qürur mənbəyidir. Bununla belə bu cür strateji coğrafiyada yerləşməsi Azərbaycanı əsrlər boyu yadellilərin istilalarına, hərbi yürüşlərinə də məruz qoyub. Fövqəlimperiyalar daim burada öz maraqlarını təmin etməyə çalışıblar. Eyni istəyi müasir dövrümüzün fövqəldövlətlərinin davranışlarında da görmək çətin deyil. Bütün bunların nəticəsində xalqımız tarix boyu amansız tale yaşayıb, ağır sınaqlardan keçib, məşəqqətlərə qatlaşıb.

Bu bir reallıqdır ki, Azərbaycan kimi həssas coğrafiyalarda yaşayan toplumların həyatında lider amili müstəsna rola malikdir. Xalqı müxtəlif dönəmlərdə üzləşdiyi bəlalardan qurtaran, coğrafiyanın cızdığı keşməkeşli taleyin sınaqlarından üzüağ çıxaran, xilas edən məhz liderlər olur. Belə bir həqiqət işığında - doğum gününü xalqımızın əlamətdar bayramı kimi qeyd etdiyimiz Heydər Əliyev dühası, son üç onillikdə isə Prezident cənab İlham Əliyev şəxsiyyəti ön plana çıxır.

 

Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan

 

Azərbaycan dövləti ərazicə o qədər geniş deyil. Dünyanın fiziki-coğrafi xəritəsində miqyası nə qədər böyüdürsən böyüt, yenə də Vətənimizə aid hissə nöqtədən bir qədər böyük görünəcək.

Amma dünya tarixi əsrlər boyu bunu da sübuta yetirib ki, dövlətlərin dünya düzənindəki rolu, əhəmiyyəti heç də onların coğrafi miqyasca böyük-kiçikliyinə bağlı deyil. Müasir dünya xəritəsində Azərbaycan coğrafi anlamda hər nə qədər kiçik görünsə də, ölkəmizin qlobal mahiyyəti, siyasi-iqtisadi, sosial-mədəni miqyası olduqca böyükdür, genişdir, qitələrə sığmayacaq bir şəkildədir.

Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan bu gün qitələrarası mühüm nəqliyyat-logistika marşrutlarının yaradıcısıdır. Özü də eyni zamanda bir deyil, bir neçə marşrutun yaradıcısıdır. Bu gün beynəlxalq iqtisadiyyat üçün qan damarı rolunu oynayan, ölkələri, mədəniyyətləri bir-birinə qovuşduran yollar, marşrutlar, kommunikasiya kanalları bizim məmləkətdə birləşir, burada uzlaşır, Azərbaycandan dünyanın fərqli məkanlarına doğru şaxələnir. Bu gün ölkələr, beynəlxalq aləm Azərbaycan vasitəsilə etibarlı kommunikasiya qurur.

Eyni mənzərə qlobal enerji kanallarına da aiddir. Tarixən enerji ölkəsi kimi tanınmış Azərbaycan artıq təkcə Avrasiya qitəsinin deyil, ümumən dünyanın enerji xəritəsini korrektə edən əsas aktorlardan birinə çevrilib. Bu da təbii ki, bir tərəfdən ölkəmizin zəngin təbii resursları, burada mövcud olan sabitlik və inkişaf mühiti hesabınadır. Digər tərəfdən isə Ulu Öndər Heydər Əliyevin gələcəyə aydın baxışla irəli sürdüyü və bu gün Prezident İlham Əliyevin yeni təşəbbüslərlə daha da genişləndirdiyi, möhkəmləndirdiyi qlobal infrastruktur layihələri sayəsindədir.

Azərbaycan bu gün dünyamız üçün böyük təhdidə çevrilmiş beynəlxalq terrorizmə qarşı prinsipial və davamlı şəkildə mübarizə aparan, belə bir bəlanın aradan qaldırılmasına çalışan və bu ümumbəşəri mübarizəyə ardıcıl töhfələr verən öncül dövlətlərdəndir.

Azərbaycan dünyada etibarlı partnyorluğun ən mükəmməl nümunələrindəndir. Tərəfdaşlıq etdiyi bütün platformalarda Azərbaycana inanır, güvənir və bu inamın verdiyi əminliklə də işbirliyindən çəkinmirlər. Bütün bu nailiyyətlər, heç şübhəsiz ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin zəmanəmizin ən parlaq liderlərindən biri kimi şəxsi keyfiyyətlərinin, yürütdüyü məqsədyönlü siyasətin möhtəşəm təcəssümüdür.

Tarixin ən qüdrətli Azərbaycanı - Heydər Əliyevin ideyalardan, şərəfli amallarından dünyaya gələn tarixi reallıqdır, dövlətçilik irsidir. Bu ilk növbədə Ulu Öndər Heydər Əliyevin şah əsəridir.

Eyni zamanda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dərin intellektinin, geniş vizyonunun nəticəsidir. Keçilməsi o qədər də asan olmayan, saysız çətinliklər hesabına başa gələn əzab-əziyyətli, amma həm də şərəfli uzun bir yolun gətirib çıxardığı milli-strateji hədəfdir, ali məqsəddir.

Xalqımızı bu yola doğru istiqamətləndirən, öz müdrik zəkası ilə yolumuza işıq salıb aydınladan, bugünün möhtəşəm Azərbaycanının ilk kərpicini qoyan isə doğum gününü qədirbilənliklə, minnətdarlıqla qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevdir.

 

Heydər Əliyevin Azərbaycanı

 

Müstəqil Azərbaycan dövlətini haqlı olaraq "Heydər Əliyevin Azərbaycanı" adlandırırlar. Bu bir danılmaz həqiqətdir. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdıb ölkəni və cəmiyyəti üzləşdiyi ağır çətinliklərdən xilas edən, yenicə qazandığı müstəqilliyini, dövlətçilik əsaslarını itirmək təhlükəsi ilə üzləşmiş Azərbaycanı dövlət kimi qurub inkişaf etdirən məhz Heydər Əliyevdir.

Eyni zamanda "Heydər Əliyevin Azərbaycanı" ifadəsi təkcə 1993-cü ildən sonrakı dövrü əhatə edən reallıq deyil. Tarixçi kimi yada salmağı özümə borc bilirəm ki, 1969-1982-ci illərin Azərbaycanı da keçmiş ittifaq miqyasında məhz "Heydər Əliyevin Azərbaycanı" kimi tanınırdı və bu, Ulu Öndərin o illərdə dövlət və xalq qarşısındakı xidmətlərinə verilən layiqli qiymət idi.

Biz Heydər Əliyevin müstəqillik mərhələsində siyasi hakimiyyətə qayıdışı dövrünü xatırlayarkən o illərin ağır böhranlarını, çətin günlərini, ölkə üçün də, xalq üçün də taleyüklü anlarını yaxşı xatırlayırıq. Qısa müddətdə vəziyyəti nizama salmaq, ölkəni çalxalanmalardan, təlatümlərdən xilas edib rəvan bir inkişaf yoluna çıxarmaqdan ötrü Ulu Öndərin fədakar fəaliyyətinin ayrı-ayrı epizodları kino lenti kimi gözlərimiz önündən keçir.

Bunu isə bəzən unuduruq ki, axı Heydər Əliyevin sovet Azərbaycanına rəhbər seçildiyi vaxtlar da ölkənin tarixi üçün bir o qədər xoş dövr deyildi. Bir çox reallıqları nəzərə alaraq 60-cı illərin sonlarını da Azərbaycan həyatı üçün acınacaqlı mərhələ hesab edə bilərik. Heydər Əliyev o illərdə də ölkə rəhbərliyinə çox çətin və mürəkkəb şəraitdə gəlmişdi. Ulu Öndər faktiki olaraq onda da xilaskar, qurucu missiyasını üzərinə götürməli idi və götürmüşdü.

Ümummilli Lider respublika rəhbəri seçiləndə Azərbaycan keçmiş ittifaq miqyasında ən geridə qalmış ölkələrdən idi. 15 ölkə arasında faktiki 14-cü sayılırdı. Ölkə həyatının bütün əhəmiyyətli sahələrində durğunluq müşahidə olunurdu. Mənəvi böhran, aşınma, rüşvətxorluq, korrupsiya, haqsızlıq getdikcə güclənərək cəmiyyətin dayaqlarını sarsıdırdı. İnsanların rifahında, ölkənin ümumi sosial mənzərəsində ciddi bir dəyişiklik hiss olunmurdu. Böyük elmi-texniki tərəqqinin baş verdiyi dünyada, hətta keçmiş ittifaq ölkələrində də ciddi dəyişikliklərin özünü göstərdiyi zamanda Azərbaycan yenə 50-ci illərin inersiyası ilə öz ətalətli həyatını yaşayırdı.

Xüsusilə kənd yerlərində insanlar tarlalarda çəkdikləri ağır əziyyət müqabilində kasıb komalarda yarıac-yarıtox güzəran keçirirdilər. Yol, su, elektrik enerjisi, rabitə, şəhərlərdə mənzil təminatı, ümumilikdə həyat şəraiti, sosial infrastruktur əsrin əvvəllərində olduğundan az fərqlənirdi. Bu reallıqları dəyişə biləcək, ölkəni yaradıcı şəkildə yenidən qurmağa qabil bir rəhbərə ehtiyac vardı. Azərbaycan insanının gözlədiyi həmin o rəhbər məhz Heydər Əliyev oldu. Ulu Öndər 1969-cu ildə Azərbaycana rəhbər gəlməklə vəziyyəti qısa müddətdə büsbütün dəyişdi.

 

Qurucu rəhbər

 

Heydər Əliyev cəmiyyət həyatının bütün sahələrində köklü islahatlara başladı. Ona qədərki heç bir rəhbərin səsləndirməyə cəsarət etmədiyi "Qoy ədalət zəfər çalsın!" çağırışı ilə cəmiyyətə haqq-ədalət gətirdi. Ölkədə elə bir sahə qalmadı ki, orada mühüm yeniliklər özünü göstərməsin. Ən xırdadan ən aliyə, ən yaxından ən ucqara qədər hər şey dəyişdi. Azərbaycanın şəhərlərinin, qəsəbələrinin, kəndlərinin siması yeniləndi. Ucqarlarımızı mədəni inkişaf axınına qovuşduran yollar abadlaşdı. Azərbaycan sanki o illərdə feodalizmdə qalmışdı və birdən-birə böyük intibah dövrünə keçid edirdi.

İnsan prosesin bilavasitə içində yaşayanda həyata keçirilən tədbirləri daha çox cari işlər kimi görür. Prosesdən kənara çıxıb ona tarix kimi baxmaq imkanları məhdud olur. Amma müəyyən zaman keçdikdən sonra artıq ümumən prosesin özü gözlərin önündə böyük bir tarix kimi canlanır. Onun mahiyyətini daha aydın, daha əhatəli görə bilirsən.

Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlişindən sonra başlanan dövr də sözün əsl mənasında intibah mərhələsi idi. Xalq illərdən bəri gözlədiyi, ideallarında yaşatdığı adil, haqqı-nahaqqı öz yerinə qoymağı bacaran qurucu rəhbərə, nəhayət ki, qovuşmuşdu və o, insanların dəstəyindən güc alaraq, onları səfərbər edərək Azərbaycanın mənəvi mühitini də, sosial-iqtisadi simasını da sürətlə dəyişirdi.

O dövrdə şəhər, eləcə də kənd quruculuğu sahəsində görülən işlər son 22 ildəki idarəçi fəaliyyətimdən irəli gələrək məndə xüsusilə maraq doğurur və daim də ən mükəmməl nümunə, örnəkdir. Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişinə qədər Bakının bir neçə məhəlləsində az-çox abadlıq vardı. Paytaxtın mərkəzdən azacıq kənar məhəllələri isə hələ də Orta əsrlər görkəmində qalırdı. Rayon mərkəzlərinin əsas gözədəyən hissələrində də nümayiş üçün müəyyən qədər abadlıq yaradılmışdı. Amma ümumi mənzərə fonunda bütün bunların əhatəsi çox məhdud idi. Azərbaycanda müasir, modern şəhər quruculuğunun, kənd quruculuğunun əsasını məhz Heydər Əliyev qoydu.

Eyni zamanda Azərbaycan insanının zəhmətinə dövlət səviyyəsində dəyər verilməsinin nümunəsini də məhz Heydər Əliyev yaratdı. O illərdə ilk dəfə olaraq Azərbaycan vətəndaşı əməyinin bəhrəsini görməyə başladı. Dövlət öz vətəndaşını səhərdən axşama qədər inzibati güc hesabına tarlalarda, zavod və fabriklərdə, digər təsərrüfat sahələrində qəpik-quruşa işlədib qarşılığında onun üçün ciddi bir dəyər yaratmayan zor aparatından insanların rifahını təmin edən, onun sosial ehtiyaclarını yerinə yetirən, həyat səviyyəsinin yaxşılaşmasına, arzularının yerinə yetməsinə kömək edən təsisata çevrildi.

Heydər Əliyev Azərbaycan insanlarını halal zəhmətə ruhlandırdı. Zəhmətkeş əməyini böyük bir dəyərə çevirdi. Azərbaycan insanı öz halal zəhməti hesabına ev-eşiyini də qurdu, maşın da aldı, layiqli istirahət hüquqlarını da təmin etdi, övladına yaxşı təhsil vermək imkanı da qazandı. Məhz o illərdə Azərbaycanın kəndlərində ikimərtəbə evlər, evlərin həyətlərində o dövrün həyat şərtlərinə uyğun minik avtomobilləri görünməyə başladı. Ölkənin ucqarlarında elektrik lampaları parladı, qaz, su, rabitə xətləri, abad yollar çəkildi, keçilməz yerlərdə körpülər quruldu. Vətəndaşların həyatı rahatlığa çıxdı.

 

Müdrik islahatçı

Heydər Əliyev müdrik islahatçı, böyük yenilikçi idi. O, Azərbaycanın aqrar sənaye ənənələrini qorudu, lakin bu sahəni də ənənəvi metodlardan uzaqlaşdırdı və müasirlik gətirdi. Aqrar sektoru modernləşdirdi.

Ümumiyyətlə, modernizm daha çox müasir inkişaf tendensiyalarını ifadə etməkdən ötrü istifadə olunan termindir. Amma Heydər Əliyevin ötən əsrin 70-ci illərindəki fəaliyyətinə nəzər salsaq, modernləşmənin xüsusiyyətlərini müşahidə edə bilərik. Quruculuq layihələrində, sənayeləşmədə, aqrar sektorda, insanların gündəlik həyat və məişətində, bir sözlə, həyatın hər bir sahəsində modernləşmə meyilləri nəzərə çarpırdı.

Eyni zamanda onu da qeyd edək ki, yenilikçi xarakterinə rəğmən Heydər Əliyev şəxsiyyətində müsbət mənada bir mühafizəkarlıq da vardı. O, milli-mənəvi dəyərlərə sadiq idi, gənc nəslin bu dəyərlər ruhunda yetişib tərbiyə olunmasına çalışırdı, kosmopolit düşüncə tərzinin milli kimliyimizi aşındırmasına yol vermirdi. Bunu da hər hansı inzibati-amirlik metodlarının köməyi ilə deyil, məhz özü şəxsi nümunə göstərməklə edirdi.

Ulu Öndər Azərbaycan insanını məhz azərbaycanlı ruhu ilə yetişdirirdi. Heydər Əliyev tarixən çoxmillətli, çoxmədəniyyətli ölkə olan Azərbaycandakı bütün xalqların nümayəndələrini vahid amal ətrafında, amma sovet xalqı kimi yox, güclü, qüdrətli Azərbaycan xalqının təmsilçiləri kimi formalaşdırırdı. Azərbaycanda yaşayan müxtəlif xalqların təmsilçiləri arasında multikulturalizm, tolerantlıq, fərqli mədəniyyətlərə hörmət və digər bu kimi dəyərləri Heydər Əliyev məhz o illərdə bərqərar etmişdi. Azərbaycan xalqı öz milli kimliyini anlayır və bu vahid xalqı təşkil edən bütün insanlar özünəməxsusluqlarını qorumaqla sülh içində yaşamağı, ölkənin zəngin mədəniyyətinə, tarixi nailiyyətlərinə töhfə verməyi vətəndaşlıq məsuliyyəti kimi əxz edirdilər. Azərbaycanlı olmaları ilə qürur duyurdular.

Belə bir ifadəni də çoxumuz eşitmişik ki, hər bir xalqın taleyini şəxsiyyətlər müəyyənləşdirir. Ulu Öndərin müəyyənləşdirdiyi tarixi taleyimiz, Azərbaycan insanlarının rifahı, ölkənin bütün meyarlar üzrə müstəqil yaşamağa tam hazır vəziyyətə gətirilməsi ötən əsrin 80-ci illərinin sonlarında bizi istiqlal nemətinə qovuşdurdu.

 

Dövlət qurucusu

 

80-ci illərin sonlarında müstəqillik uğrunda mübarizənin başlandığı dövrdə və müstəqilliyin ilk illərində Heydər Əliyevin, əfsus ki, məqsədli şəkildə siyasi hakimiyyətdən kənarda saxlanması, meydanın siyasətdə, idarəetmədə naşı insanların ümidinə buraxılması xalq olaraq bizi ağır sınaqlarla üzləşdirdi. Böyük itkilər, faciələr yaşadıq. Hər günü Azərbaycanın gələcəyi üçün az qala əsrə bərabər o illərdə xeyli geri düşdük. Bu bir həqiqətdir ki, o illərdə Azərbaycanın rəhbəri təsadüfi insanlar yox, məhz Heydər Əliyev olsaydı, o sınaqların, faciələrin çoxu başımıza gəlməyəcəkdi. Ulu Öndər müdrik zəkasının gücü ilə onda da ən müşkül məsələlərə belə uyğun həll yolları tapacaqdı. Əfsus ki, tarixi geri çevirib, xalqların taleyində redaktələr etmək mümkün deyil.

O dövrdəki prosesləri bütün təfərrüatları ilə sadalamağa da bəlkə indi bir o qədər ehtiyac yoxdur. Çünki hər kəs o dövr haqqında ətraflı məlumatlıdır. Sadəcə məni tarixçi kimi narahat edən bir məqam var ki, gənc nəsil arasında o dövrdə baş verənlər barədə müasir üsullarla, modern kommunikasiya kanallarından istifadə etməklə onları maraqlandıracaq tərzdə maarifləndirmə işləri kifayət qədər aparılmır. Bunu isə mütləq etməliyik.

1988-ci ildən 1993-cü ilə qədər olan dövrün məziyyətlərini gənc nəslə aydın formada çatdırmalıyıq. O dövr daim ibrət götürüləsi, nəticə çıxarılası dərsdir, tarixin ibrət dərsidir.

Belə bir məşhur deyim var ki, "tarixini unudan xalq onu təkrar yaşamalı olur". Azərbaycanın bir daha 90-cı illərin əvvəllərindəki təlatümlərlə üzləşməməsi üçün biz o dövrün tarixi mənzərəsini, gerçəklərini gənc nəsillərə öyrətməliyik, həqiqətləri düzgün çatdırmalıyıq.

Həqiqət isə budur ki, Heydər Əliyev o illərdə torpaqları yağmalanan, soyqırımına məruz qalan, çörəklə imtahana çəkilən, vətəndaş müharibəsi təhlükəsi ilə qarşılaşıb, nəinki müstəqilliyini, hətta dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşən xalqa yalnız qurtuluş bəxş etmədi. O, Azərbaycanda rəhbərin vəziyyət bir qədər çıxılmaz hal alan kimi öz postunu məsuliyyətsizcəsinə qoyub qaçmaq, vətəndaşları taleyin ümidinə buraxmaq, xalq qarşısında içdiyi anda, götürdüyü öhdəliklərə xilaf çıxmaq ənənəsinin də qarşısını aldı. Heydər Əliyevə qədərki rəhbərlər öz postlarını qoyub qaçmışdılar. Dar günlərdə, Vətənin taleyi üçün gərgin mübarizə məqamlarında, həlledici qərar anlarında fərarilik yolu tutub xalqa xəyanət etmişdilər.

Bəzən deyirlər, yazırlar ki, Heydər Əliyev Azərbaycan dövlətçiliyini sıfırdan qurdu. Əsla razı deyiləm. Bu fikir mövcud reallıqları tam əks etdirmir. Heydər Əliyev müstəqil dövlətimizi sıfırdan qurmadı. Ulu Öndər dövlət quruculuğu prosesini hətta mənfidən, geridən başlayaraq sıfır vəziyyətindən keçirdi və ondan sonra qurdu. Heydər Əliyev dövlətçiliyimizə qarşı ardıcıl qiyam cəhdlərinin qarşısını aldı. Bir dövlət xadiminin həyatında hər zaman qürurla, şərəflə xatırlanacaq cəsarəti dəfələrlə nümayiş etdirdi. Həyatını riskə qoydu, heç zaman meydandan qaçmadı, əksinə, Azərbaycanın xoşbəxtliyini istəyən insanları meydanda öz ətrafına çağırdı, əzəmətli duruşu, mətinliyi ilə başqalarına da cəsarət aşıladı.

1994-cü ilin məlum oktyabr günlərində Heydər Əliyev xalqı meydana çağıranda onun çağırışına səs verib bir anda meydana toplaşan, Ulu Öndərə dəstək verən, onun şəxsiyyəti ətrafında birləşdiyini göstərən vətəndaşlarımızdan başqa, ətrafda xeyli qanunsuz silahlı adamlar da vardı. Heydər Əliyev əliyalın xalqın arasında, onlarla çiyin-çiyinə, sadə insanların dəstəyini hiss edərək, öz şəxsiyyətinin, qətiyyətinin qüdrəti ilə Azərbaycanı qorudu. Milli dövlətçiliyimizi məhv olmaqdan xilas etdi. Bu təhlükəli dönəmlərin bir daha təkrarlanmaması üçün təminat yaratdı.

Ulu Öndər "Əsrin müqaviləsi"nin imzalanmasına nail olmaqla Azərbaycanın iqtisadi inkişafı üçün güclü təməl formalaşdırdı, təbii resursların ölkəmizin, xalqımızın rifahına yönəlməsinə nail oldu. Heydər Əliyev ölkənin demokratik inkişaf amalını, strateji hədəflərini təhdid edən qanunsuz silahlı birləşmələrin fəaliyyətinə son qoydu və nizami ordu quruculuğunu böyük uğurla həyata keçirdi. Cəbhə bölgəsində atəşkəsə nail olub sülh danışıqlarına başlamaqla həm Azərbaycanın sülh niyyətini bütün dünyaya nümayiş etdirdi, eyni zamanda müəyyən bir dövr üçün bütün imkanları, resursları ölkəmizin hərtərəfli inkişafına yönəltmək üçün zəruri vaxt qazandı.

Tarix bu vaxtın getdikcə Azərbaycanın xeyrinə işlədiyini göstərdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə bu həqiqətin möhtəşəm sübutu oldu. Azərbaycan bütün cəbhələrdə - həm ordu quruculuğunda, həm diplomatik müstəvidə, həm sosial-iqtisadi sahədə, həm gənc nəslin vətənpərvərlik tərbiyəsində illərlə hazırlaşdığı bu haqq savaşını cəmi bir neçə günün içində qazandı. Dünyanı fakt qarşısında qoydu və qələbəmizi dünyaya qəbul etdirdi.

 

"Mən ona özüm qədər inanıram"

 

Bir məqamı da xüsusi qeyd edək: Ulu Öndər Heydər Əliyev 1993-cü ildən etibarən müstəqil Azərbaycan dövlətini qurarkən bu çətin və şərəfli missiyanın yerinə yetirilməsində Ulu Öndərin ən yaxın, ən sadiq və ən fədakar yardımçısı məhz İlham Əliyev idi.

"Əsrin müqaviləsi"nin imzalanmasında və uğurla icrasında, ölkədə yeni siyasi mədəniyyətin formalaşmasında, vətəndaş cəmiyyətinin möhkəmlənməsində, Azərbaycan diplomatiyasının uğurlarında, hətta idman və gənclər hərəkatının genişlənməsində və bununla gənc nəslin vətənpərvərlik tərbiyəsində - bir sözlə, bütün sahələrdə Heydər Əliyev siyasətinin ən öncül icraçısı məhz İlham Əliyev cənabları idi.

Təsadüfi deyil ki, 2003-cü ilin prezident seçkisi ərəfəsində Ulu Öndər "Mən ona özüm qədər inanıram" deyərək cənab İlham Əliyevi xalqa təqdim edəndə əslində xalq da artıq o şəxsiyyətə Heydər Əliyevin inandığı qədər inanırdı. Birmənalı şəkildə inanırdı və sonrakı dövrlərdə də biz bu inamın gücünü gördük.

Prezident İlham Əliyevin qurduğu tarixin ən qüdrətli Azərbaycanı Heydər Əliyev irsinə, Ulu Öndərin tarixi missiyasına verilən ən möhtəşəm dəyərdir. Prezident İlham Əliyevin qurduğu bu Azərbaycan hər cəhətdən dünyada bir nümunədir. Vaxtilə Ümummilli Liderin söylədiyi məşhur kəlam ki, vardı - "Azərbaycan dünyaya Günəş kimi doğacaq", - bu gün Azərbaycanın həqiqətən dünyanın siyasi, iqtisadi, mədəni üfüqlərində Günəş kimi parladığını görürük. Bu gün Avropanın enerji təhlükəsizliyində müstəsna rol oynayan Azərbaycan Qafqazda sülh, sabitlik və inkişaf mühitinin də əsas təminatçılarından biridir.

Bu gün yaxın-uzaq ölkələrdə hərbi münaqişələr, o cümlədən Rusiya və Ukrayna arasında baş verən hadisələr, ortada olan həqiqətlər İlham Əliyev müdrikliyini bir daha dərk etməyimizə kömək göstərir. Böyük tarixi zəfərimizlə nəticələnmiş 44 günlük Vətən müharibəsinin tam mahiyyətini hər birimiz üçün aydınlaşdırır. Yada salaq: dünyanın aparıcı dövlətlərinin əksəriyyəti, fövqəlgüclər ənənəvi ikili standartlar prinsipinə sadiq qalaraq bu münaqişədə Ermənistanın tərəfini tutmağa cəhd göstərirdilər. Açıq-aşkar işğalçı tərəfi müdafiə edirdilər. Qeyri-obyektiv iddialarla üzərimizə gəlməyə çalışırdılar, Azərbaycanı məğlub görmək istəyirdilər.

Amma Azərbaycan Prezidenti 44 günlük münaqişənin mürəkkəb gərginliyini o qədər həssaslıqla, incəliklə idarə etdi ki, müharibə Azərbaycan xalqının, haqqın-ədalətin zəfəri ilə başa çatdı. Əsrlərdən sonra ilk dəfə torpağımızı geri aldıq. İkiəsrlik münaqişəyə, 30 illik müharibəyə Prezident İlham Əliyev son qoydu. Heydər Əliyevin ən böyük vəsiyyətini, arzusunu, amalını yerinə yetirdi. Bu həm də Heydər Əliyev siyasətinin təntənəsi idi. Bu siyasət yenə də davam edir və Azərbaycana böyük nailiyyətlər qazandırır.

 

Milli birliyimizin təntənəsi

 

İnsanı mütəəssir edən ən mühüm məqamlardan biri də bu idi ki, Vətən müharibəsində Azərbaycandakı bütün xalqların təmsilçiləri vahid orqanizm kimi, mütəşəkkil qüvvə kimi döyüşdülər, şəhid, qazi oldular və Heydər Əliyevin bizlərə aşıladığı dəyərlər işığında hamımızın ümumi vətənimiz olan Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Etnik mənsubiyyət, dil, din, mədəniyyət fərqlərindən asılı olmayaraq bütün dünya azərbaycanlıları "dəmir yumruq" kimi birləşdilər. Hər kəs Azərbaycan xalqının sarsılmazlığını, mətinliyini, milli birlik ruhunu gördü. Bu da Heydər Əliyevin Azərbaycana bəxş etdiyi çox yüksək dəyərdir.

Ötən əsrin 60-cı illərinin sonlarından başlayaraq Azərbaycanın yaşadığı, yaratdığı tarixin hansı səmtinə baxsaq, orada Heydər Əliyevin nəcib izlərini görərik. Bu, əsl dövlət qurucusunun, dövlət adamının tarixin daş yaddaşına həkk olunmuş nişanələridir və milli yaddaş bunları heç zaman unutmayacaq. Daim böyük rəğbət hissi ilə xatırlayacaq.

Tarixi zəfərimizdən sonra bu gün Qarabağda, Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq-bərpa işlərində də yenə Heydər Əliyevin izini, ruhunu görürük. Heydər Əliyev bizlərə Vətən sevgisini onu qorumaqla yanaşı, Vətəni hər imkanda gözəlləşdirməklə, quruculuqla, Vətənin abadlığına töhfələr verməklə ifadə etməyi öyrədib. Bu gün Heydər Əliyev irsi bu torpaqlarda aparılan quruculuq işlərində yaşadılır.

Ölkəmizin Birinci vitse-prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu Qarabağın, Şərqi Zəngəzurun dirçəlişində fəal iştirak edir, müxtəlif layihələri ilə azad torpaqlarımıza abadlıq, həyat, ümid gətirir.

 

Dünya azərbaycanlılarının lideri

 

Vətən müharibəsindəki qələbəsi ilə regionda yeni reallıqlar yaratmış Azərbaycan yeni bir tarixi dönəmin qapılarını açır. Bu mərhələ Azərbaycan hüdudlarından çox geniş miqyası əhatə edir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev yalnız ölkəmizdə yaşayan on milyondan çox insanı arxasınca aparmır. O təkcə on milyonluq Azərbaycan vətəndaşlarının yox, dünyanın dörd bir qütbündə yaşayan və azərbaycanlı ruhunu özündə yaşadan 50 milyonluq azərbaycanlının lideridir.

Bir mühüm məqam da var: İsraildən Amerikaya, Yaponiyadan Braziliyaya, Afrikadan Vladivostokadək geniş bir coğrafiyada yaşayan, vaxtilə ölkəmizdə doğulub-böyümüş, özünü azərbaycanlı sayan yəhudilər də, ruslar da, ukraynalılar da, hətta başı daşa dəyərək ağıllanıb haqq yoluna gəlmək istəyən ermənilər də Prezident İlham Əliyevi liderləri kimi qəbul edirlər.

Prezident İlham Əliyev bu gün ona inanıb güvənən insanları yalnız liderlik qabiliyyəti, dərin istedadı, parlaq intellekti ilə arxasınca aparmır, o həm də ötən əsrin 90-cı illərinin əvvəllərindən insanların gözləri qabağında olan ömrü ilə, şəxsi nümunəsi ilə inam qazanır. Öz şəxsi nümunəsi ilə hər birimizə ən layiqli vətəndaş, ən məsuliyyətli vətənpərvər olmağı öyrədir.

Cənab İlham Əliyevin liderlik keyfiyyətləri politologiya elmində izah olunan ən üst səviyyələri, ən yüksək məqamları hər nə qədər ehtiva edirsə, eyni zamanda Azərbaycan Prezidenti öz şəxsi keyfiyyətləri ilə də insanlığın, vətəndaşlığın ən ali məqamlarında təmsil olunur. Bu da Heydər Əliyev məktəbinin təntənəsidir.

Prezident İlham Əliyevin tarixinin ən möhtəşəm çağlarına gətirdiyi Azərbaycan bir zamanlar Heydər Əliyevin arzularında görünən Azərbaycandır və tarixin ən qüdrətli Azərbaycanı bundan sonra da yeni nailiyyətləri ilə bu adı, bu statusu qoruyacaq.

 

Eldar ƏZİZOV,

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, YAP İdarə Heyətinin üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video