18 Mart 2022 01:57
2510
SİYASƏT
A- A+

İlham Əliyevin sülh missiyası

 

Azərbaycan qlobal böhranların həllində əsas vasitəçilərdən biridir

 

Azərbaycan uzun müddətdir ki, bir sıra aktual qlobal problemlərin həllində aktiv iştirak edən ölkə kimi tanınır.

Məhz respublikamızın təşəbbüsü ilə həyata keçirilən enerji layihələri həm regionun, həm də Avropanın neftə və qaza olan tələbatını əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Azərbaycan həm mühüm forumlara evsahibliyi etməklə, həm də beynəlxalq platformalarda dünyada sülhün təmin olunmasına layiqli töhfələr verir.

 

Barışa xidmət edən təşəbbüslər

 

Respublikamız dünyada sülhyaratma missiyasını daim layiqincə yerinə yetirir, bu istiqamətdə səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktiki fəaliyyəti ilə qlobal təhlükəsizliyin təmin olunmasında fəal rol oynayır. Hələ bir neçə il əvvəl BMT Təhlükəsizlik Şurasına üzvlüyü və sədrliyi dövründə Azərbaycan əsas diqqətini dünyanın müxtəlif yerlərindəki münaqişələrin aradan qaldırılmasına yönəltmişdi. Eyni zamanda zəngin təbii resurslara malik olan Azərbaycanın enerji siyasəti həm də bölgədəki tərəfdaş dövlətlərin də inkişafına və rifahına xidmət edir.

Bütün bunların davamı olaraq Azərbaycan regionda yeni əməkdaşlıq formatlarının təşəbbüskarı kimi çıxış edir. Hazırda region dövlətləri arasında mövcud olan çoxtərəfli əməkdaşlıq formatları buna əyani sübutdur.

Prezident İlham Əliyev sülhün təmin olunmasına xidmət edən təşəbbüslərini bu gün də uğurla davam etdirir. Azərbaycanın Ukraynada müharibənin dayandırılması ilə bağlı səyləri də bunu təsdiqləyir. Xatırladaq ki, hələ bir neçə gün əvvəl Azərbaycan və Türkiyə prezidentlərinin görüşündə Ukraynadakı hadisələrlə bağlı fikir mübadiləsi aparılmış, iki qardaş ölkənin müharibənin tezliklə dayandırılması istiqamətindəki səyləri yüksək qiymətləndirilmişdi.

Əlbəttə ki, bütün bunlar, respublikamızın reallaşdırdığı layihələr, o cümlədən dünyada sülhün təmin olunmasına verdiyi töhfələr, həyata keçirdiyi barışdırıcılıq missiyası Azərbaycanın Cənubi Qafqazın lider dövlətinə və beynəlxalq miqyasda söz sahibinə çevrilməsində rol oynayan mühüm məsələlərdir. Təsadüfi deyil ki, dünyanın aparıcı siyasi və iqtisadi dairələri Azərbaycanın regiondakı liderliyini və qlobal siyasətdəki rolunu daim yüksək qiymətləndirib, Prezident İlham Əliyevlə görüşlərdə, telefon söhbətlərində bunu xüsusi qeyd ediblər.

Martın 14-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin, martın 15-də isə Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevə zəng etmələri də Azərbaycanın qlobal məsələlərdəki fəal mövqeyinin beynəlxalq səviyyədə qəbul olunmasının təsdiqidir.

 

Azərbaycana beynəlxalq etimadın təsdiqi

 

Prezident İlham Əliyevin Şarl Mişellə telefon söhbətində Cənubi Qafqazda postmünaqişə dövrü, Ermənistan ilə Azərbaycan arasında təmaslar və normallaşma prosesi, o cümlədən kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası məsələləri müzakirə edilib. İlham Əliyev Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün göstərdiyi səylərinə görə prezident Şarl Mişelə təşəkkürünü bildirib. Öz növbəsində Şarl Mişel qeyd edib ki, Aİ Cənubi Qafqazda sabitliyi, sülhü və çiçəklənməni dəstəkləməkdə davam edəcək.

Söhbət zamanı Ukraynadakı son hadisələrin inkişafı və bunun Cənubi Qafqazda regional təhlükəsizliyə mümkün təsiri məsələləri də müzakirə olunub.

ABŞ-ın dövlət katibi Entoni Blinkenlə telefon söhbəti zamanı Cənubi Qafqazda postmünaqişə dövrünə aid məsələlər, o cümlədən Ermənistanla Azərbaycan arasında normallaşma prosesi barədə fikir mübadiləsi aparılıb, regional təhlükəsizlik məsələləri müzakirə edilib. ABŞ-ın dövlət katibi Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana təşəkkürünü bildirib.

Telefon söhbətlərində İkinci Qarabağ müharibəsindən sonrakı vəziyyət, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması ilə bağlı məsələlər müzakirə edilib. Azərbaycan tərəfi həmişə bu məsələdə Aİ-nın təşəbbüslərini yüksək qiymətləndirib. Qeyd edək ki, Aİ həllini tapmış Dağlıq Qarabağ məsələsində ədalətli siyasət həyata keçirir. Hələ ötən il Brüsseldə keçirilmiş üçtərəfli görüşün nəticələrinə dair Aİ Şurasının prezidenti Şarl Mişelin bəyanatı obyektivliyinə görə Azərbaycanın maraqlarını ehtiva etdi.

Fevral ayında Aİ-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən Prezident İlham Əliyev ötən ilin dekabrında Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Ermənistanın baş nazirinin də iştirakı ilə keçirilən görüşün əhəmiyyətini vurğuladı. Brüssel gündəliyinin önəmini diqqətə çatdıran Prezident İlham Əliyev bu xüsusda müzakirələrin və praktiki işin aparılmasının vacibliyini qeyd etdi, həmçinin Azərbaycana minaların təmizlənməsi prosesində veriləcək dəstəyin təqdir olunduğunu dedi.

Ermənistanla münasibətlərin normallaşması və sülhə nail olunması artıq bu ölkənin özünü necə aparmasından asılıdır. Azərbaycan tərəfi artıq bununla bağlı öz şərtlərini də təqdim edib. Yalnız həmin şərtlərin yerinə yetiriləcəyi təqdirdə sülhə nail olmaq mümkündür. Əks təqdirdə itirən və uduzan yenə də Ermənistan olacaq.

Qeyd olunduğu kimi, respublikamızın xarici siyasətinin əsas istiqamətlərindən biri qlobal miqyasda sülhün müdafiəsidir. Rəsmi Bakı konfliktlərin, qarşıdurmaların, gərginliklərin aradan qaldırılmasında fəal rol oynayır, barışdırıcı missiya həyata keçirir. Prezident İlham Əliyevə həm ABŞ dövlət katibi Entoni Blinkenin, həm də Aİ Şurasının prezidenti Şarl Mişelin telefon zəngi də Azərbaycana bununla bağlı beynəlxalq etimadın növbəti təsdiqidir. Bütün bunlar bir daha göstərdi ki, dünyanın güc mərkəzləri İlham Əliyevin beynəlxalq əməkdaşlığa töhfələrini, təşəbbüslərini və liderliyini yüksək qiymətləndirirlər. Eyni zamanda bunlar Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin dünyanın güc mərkəzləri tərəfindən hörmətlə qarşılanmasının və qəbul olunmasının sübutudur.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video