14 May 2022 01:04
1201
SİYASƏT

İlham Əliyevin şərtləri regionun yeganə inkişaf təminatıdır

 

Azərbaycanın sülh gündəliyi beynəlxalq səviyyədə qəbul olunur

 

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı vəziyyət, ərazi bütövlüyünü bərpa etməsi beynəlxalq hüququn tələblərinin təmini olduğu üçün 44 günlük savaşın nəticələri qlobal miqyasda qəbul olundu. Hətta müharibə günlərində Azərbaycana qarşı əsassız ittihamlar səsləndirən, erməni təəssübünü çəkən siyasi mərkəzlərin də bu reallıqlarla razılaşmaqdan başqa çarələri qalmadı, çünki Bakı onlara başqa yol qoymadı.

 

Münasibətlərin normallaşdırılması prosesində prioritet Bakının şərtləridir

 

Siyasi-hərbi ziddiyyətlərin hakim olduğu gərgin geopolitik şəraitdə Azərbaycanın belə uğura imza atması işğala məruz qalmış dövləti öz milli haqqını bərpa etməsi baxımından beynəlxalq müstəvidə nadir hadisə kimi mühüm nümunəyə çevrildi. Azərbaycan nümayiş etdirdi ki, milli maraqlarını müharibə yolu ilə həll etmək yalnız supergüclərə aid olan çıxış yolu deyil. Minsk qrupunun 28 ildə edə bilmədiyini Azərbaycan 44 günlük savaşla yoluna qoydu. Ermənistan "dəmir yumruq"la BMT qətnamələrinin tələblərini yerinə yetirməyə məcbur edildi. Prezident İlham Əliyevin bildirdiyi kimi, "Qarabağ Ermənistandır və nöqtə" deyən düşmən bu gün "Qarabağ Azərbaycandır" deyir.

Artıq müharibə geridə qalıb, Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Ermənistanın ciddi cəhdlərinə baxmayaraq, dünya ictimaiyyəti postmüharibə şəraitində yalnız  yeni reallıqlara uyğun davranmağı vacib sayır. Yeni reallıqlarda isə Ermənistanın 44 günlük müharibəyə qədər irəli sürdüyü yersiz və əsassız iddialara yer yoxdur və heç vaxt da olmayacaq. Hətta münasibətlərin normallaşdırılması ilə bağlı müzakirələrin əvvəlki formatda aparılması da artıq qeyri-mümkündür. Vaxtilə danışıqlar prosesində  vasitəçi olan tərəflər də qəbul edirlər ki, Minsk qrupu ömrünü başa vurub. Ən əsası onu da bilirlər ki, münasibətlərin normallaşdırılması prosesində prioritet Azərbaycanın şərtləri və tələbləridir.

Ümumilikdə bu gün beynəlxalq miqyasda qəbul olunan reallıq ondan ibarətdir ki, Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşdırılmalı və bu istiqamətdə nəticəyönümlü danışıqlar aparılmalı, dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası həyata keçirilməli, son nəticədə isə sülh əldə olunmalıdır. Əlbəttə, bunun üçün ilk növbədə Ermənistanın indiyədək üçtərəfli bəyanatlarda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi mütləqdir. Azərbaycanın bu məsələdə mövqeyi prinsipial və qətidir.

 

Sülhü təmin edə biləcək ən səmərəli təkliflər

 

Ötən ilin dekabrından başlanan "Brüssel prosesi"ndə də müzakirələr bu müstəvidə həyata keçirilir. Öncə onu qeyd edək ki, Azərbaycanın yaratdığı yeni reallıqlarda,  regionda münasibətlərin normallaşdırılması prosesində vasitəçiliklə bağlı missiya da dəyişib. Artıq bu missiyanı Avropa İttifaqı üzərinə götürüb və ötən ilin dekabrından başlanan "Brüssel prosesi" münasibətlərin normallaşdırılması ilə bağlı konkret nəticənin əldə olunmasına hədəflənib. Artıq bu prosesdə ikili standartlara, beynəlxalq hüququn tapdalanmasına yer yoxdur.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Ermənistana 5 prinsipdən ibarət təklif göndərib. Bu prinsiplərdə qeyd olunan məsələlərin hər biri BMT-nin Nizamnaməsindən başlamış, bütün beynəlxalq təşkilatların sənəd və konvensiyalarında da öz əksini tapıb. Bu baxımdan Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində irəli sürdüyü prinsiplər regionda sülhü təmin edə biləcək ən səmərəli təkliflərdir. Bu prinsiplər beynəlxalq səviyyədə də təqdir olunur. "Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq. Niyyətimiz budur. Hesab edirəm ki, nümayiş etdirdiyimiz və elan etdiyimiz addımlar Qafqazda sülhə töhfə vermək üçün iradəmizin bariz nümunəsidir", - deyə Prezident İlham Əliyev bildirib.

Bir neçə gün əvvəl Prezident İlham Əliyevə zəng edən ABŞ Dövlət katibi Antoni Blinken prosesə dəstəyini ifadə edib. ABŞ Dövlət katibi Azərbaycanla Ermənistan arasında aparılan danışıqları və bu xüsusda sülh sazişinin bağlanmasını dəstəklədiyini vurğulayıb və bunun regionda davamlı sülhün təmin olunmasına töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib.

Azərbaycan münasibətlərin normallaşdırılması üçün özünün xoş niyyətini nümayiş etdirir. İki ölkə arasında münasibətlərin yaranması ilə bağlı Azərbaycanın mövqeyi aydın və ardıcıldır. Rəsmi Bakı münaqişə sonrası iki ölkə arasında münasibətlərin normallaşması və bölgədə sülh quruculuğu məsələlərinin vacibliyini nəzərə alaraq, bu xüsusda təkliflərini irəli sürüb və bu istiqamətdə irəliləməyə hazırdır.

 

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video