02 Dekabr 2022 01:22
1075
SİYASƏT
A- A+

İlham Əliyevin ədalət dərsi

 

Ermənistan, Fransa və antiazərbaycançı şəbəkənin digər üzvləri bundan nəticə çıxarmalıdırlar

 

Azərbaycana qarşı isterik siyasi kursunu davam etdirən Fransa hər zamankı ampluasında qalaraq boş-boş iddialarından əl çəkmir. Bu ölkənin parlamentinin Senatı da, aşağı palatası da yalnız vaxtını ədalətsiz, qərəzli qətnamələr qəbul etməklə keçirir. Qəbul etdikləri kağız parçalarını isə hansısa ölkəyə qarşı təzyiq metodu kimi "qiymətləndirib" əvəzində hansısa prosesi öz xeyirlərinə yönəlik dəyişdirməyə cəhd edirlər. 

 

Azərbaycanla təhdid dili ilə danışmaq mümkünsüzdür

 

Amma nə qədər "çalışsalar" da, bütün məkrləri, qərəzləri, iftiraları tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycana zərrə qədər də təsir göstərmir. Bunu təkcə 44 günlük Vətən müharibəsi başlayan gündən sonadək Fransanın ortaya qoyduğu ermənipərəst mövqeyə Müzəffər Ali Baş Komandan İlham Əliyevin ən layiqli formada verdiyi cavablar bir daha təsdiqləyir. 
Keçmiş Minsk qrupunun həmsədri kimi 30 il Ermənistana havadarlıq edən ölkənin prezidenti bir həftədə 3 dəfə İlham Əliyevə zəng edib təmas xəttində gedən döyüşlərdən narahat olduğunu deyərək atəşkəsin bərpa edilməsinə və Azərbaycanı tezliklə danışıqlar aparmağa çağırırdı. "Dəmir yumruğ"unu havaya qaldıran İlham Əliyev isə Fransa prezidentinə təmkinli şəkildə başa salırdı ki, artıq gecdir, Azərbaycan bu sözləri 30 il özü deyib, özü də eşidib. Çünki turist kimi bölgəyə səfər edən həmsədrlər bu prosesdə yalnız Ermənistana cəzasıqlıq mühitindən yararlanmaq imkanı yaratmışdılar. İllərlə sülh istəyən Azərbaycan isə sonda BMT TŞ-nin məlum 4 qətnaməsini özü həll etmək məcburiyyətində qaldı. 
Bu, İlham Əliyevin hər zaman Ermənistanı himayə edən Fransaya, onun prezidentinə verdiyi birinci ədalət dərsi oldu. Azərbaycan Prezidenti İkinci Qarabağ müharibəsinin qalib komandanı kimi bir daha Ermənistanın havadarlarına, xüsusən də Fransaya çatdırdı ki, onun sözü imzası qədər keçərlidir. E.Makrona da bəlli oldu ki, əsl sərkərdə qətiyyətli İlham Əliyevə hər hansısa təzyiq, göstəriş və ultimatum keçmir, onunla tələb və təhdid dili ilə danışmaq mümkünsüzdür.   

 

İki qərəzli kağız parçası, pərdələnən ermənipərəst siyasətin açıq nümayişi 

 

Son günlərdə isə Fransa parlamentinin ənənəsinə sadiq qalaraq Azərbaycana qarşı qərəzli qətnamələr qəbul etməsi, təbii ki, əvvəlki kampaniyanın tərkib hissəsi hesab edilməlidir. Çünki Fransanın gücü ancaq buna yetir.  
Əvvəlcə senatın, sonra isə aşağı palatanın - Milli Assambleyanın qəbul etdiyi qətnamələr bir daha göstərdi ki, Fransa bu günə kimi pərdələdiyi ermənipərəst siyasətini tam açıq nümayiş etdirməyə başlayıb. Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu qətnamə bir daha Fransanın qərəzli siyasi mövqeyini beləliklə, bitərəf və ədalətli vasitəçi rolunda çıxış etmək iqtidarında olmadığını bariz şəkildə nümayiş etdirir. 
Xatırladaq ki, İlham Əliyev bir müddət öncə, noyabrın 25-də Bakıda, ADA Universitetində "Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda keçirilən beynəlxalq konfransda bu barədə ətraflı məlumat verərək bildirmişdi ki, ikinci qətnamənin qəbulu da gözləniləndi. Çox keçmədi ki, İlham Əliyevin konfransda dediyi fikirlər gerçəkləşdi. Prezident demişdi ki Fransa Senatının tamamilə qəbuledilməz və təhqiredici məlum qətnaməsinin qəbulundan sonra Fransa Milli Assambleyasının daha bir anti-Azərbaycan qətnaməni qəbul etməsi də gözlənilir. Bu, Fransanın Azərbaycana qarşı açıq-aşkar hücuma keçdiyini təsdiqləyən reallıqdır. 
Maraqlı və gülüş doğuran məqam odur ki, qətnamədə Fransa hökuməti Azərbaycan qoşunlarının Ermənistan ərazisindən çıxarılmasına və Qarabağ ermənilərinin müstəqilliyini tanımağa çağırılır, cəzasızlığa qarşı mübarizə üçün Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etməsi təklif olunur.
Görün, kimlər cəzasızlığa qarşı mübarizədən danışırlar…
Tarixin ironiyasıdır ki, Fransa dövləti və Prezident Makron haqq-ədalətdən, beynəlxalq hüquqdan dəm vurur, eyni zamanda oxşar cinayətləri törətmiş Ermənistanın yanında olduqlarını təsdiqləyirlər. Bəs onda Afrikanın müxtəlif ölkələrində, Parisin özündə, Xocalıda qətliamlar törədənlər kimlərdir?! Fransanın həyata keçirtdiyi soyqırımı siyasəti və onun müdafiə etdiyi Ermənistanın soyqırımı siyasəti eyni ssenaridir. Burada sinxronluq diqqətdən yayınmır. Soyqırımı törətmiş Fransa dövləti bu gün açıq mətnlə Ermənistanı, eyni cinayəti törədən dövləti müdafiə edir. 

 

Fransa sülh danışıqlarında iştirak edə bilməz

 

Bununla da elə Fransa Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqlarında bitərəf olmadığını, ermənipərəstliyini özü öz əli və dili ilə təsdiq etdi. 
Məhz bütün bunları görən, baş verənləri dərindən bilən İlham Əliyev də haqlı olaraq deyir ki, Fransa sülh danışıqlarında iştirak edə bilməz! 
Məlum konfransda İlham Əliyev bu məsələyə bir daha aydınlıq gətirərək bəyan etdi ki, Brüsseldə baş tutmalı olan növbəti görüş alınmayacaq. Bunu pozan isə Ermənistandır: "Növbəti görüş dekabrın 7-də Brüsseldə keçirilməli idi. Çünki son görüşdə biz noyabr ayında görüşməyə qərar verdik. Lakin sonra - oktyabrın sonunda Prezident Putin Soçidə görüş təyin etdi. Ancaq dünən Hikmət Hacıyev mənə məlumat verdi ki, Prezident Şarl Mişelin ofisindən onunla əlaqə saxlayıblar. Bildiriblər ki, Paşinyan görüşə bir şərtlə razılıq verib ki, Prezident Makron da orada iştirak etsin. Təbii, bu da o deməkdir ki, Praqadan sonra baş verənlər səbəbindən o görüş keçirilməyəcək". 
Daha sonra bunun ardınca Fransanın Frankofoniya Sammitində Azərbaycana qarşı hücum cəhdi oldu. Bunu qətiyyən qəbuledilməz adlandıran İlham Əliyev deyir ki, Frankofoniya humanitar təsisatdır və heç vaxt belə məsələlərlə məşğul olmayıb. Azərbaycanın bu qurumun üzvü olan dost ölkələrinin etirazından sonra daha bir antiazərbaycançı qətnamə faktiki olaraq ləğv edilib. Yəni onlar çox formal bir sənəd qəbul ediblər. 
Prezident də məhz bu səbəbdən bildirdi ki, belə bir şəraitdə Fransa Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında iştirak edə bilməz. Onları bu formatdan kənarlaşdıran Azərbaycan yox, özləri oldu. Çünki nə Rusiya, nə də Amerika, keçmiş Minsk qrupunun hansısa həmsədri heç vaxt rəsmən, yəni müharibədən sonrakı dövrdə tərəf tutmayıb, yalnız Fransa buna əl atıb. Deməli, bu o deməkdir ki, dekabrın 7-də Brüssel görüşü baş tutmayacaq. 

 

İlham Əliyevin Avropada ən arzu olunan şəxs kimi qəbul edilməsi Fransanı qıcıqlandırır

 

Son qərəzli qətnamədə daha bir maraqlı məqam enerji məsələsi ilə bağlıdır. Fransız parlamentarilər Azərbaycan qazı və neftinin idxalına qadağa tətbiq edilməsini təklif edirlər.
Bu, nəinki digər Avropa ölkələrində, elə Fransa ictimaiyyətində də gülüş doğurası məsələdir. Çünki dünya şahiddir ki, hazırda Avropanın əsas qaz təchizatçısı Azərbaycandır. Rusiya-Ukrayna müharibəsi səbəbindən rəsmi Moskvaya tətbiq edilən sanksiyalar ucbatından Avropanın əsas ümid yeri Azərbaycandır.  Belə bir vəziyyətdə haqlı olaraq Avropa İttifaqı və onun üzvləri Azərbaycanın timsalında ən etibarlı tərəfdaşla əməkdaşlığa böyük önəm verirlər. Başqa cür desək, enerjiyə tarixdə görünməmiş dərəcədə ehtiyac duyan Avropa bu məsələdə Azərbaycanın etibarlı tərəfdaş olduğunu bilir və görür. Bu da təsadüfi deyil. Çünki indiyədək Azərbaycanla enerji sahəsində əməkdaşlıq edən bütün tərəflər ölkəmizin etibarlı tərəfdaşlığının şahidi olublar. Azərbaycanla əməkdaşlıq edən bütün təşkilatların və dövlətlərin rəhbərləri İlham Əliyevin vədinə sadiq prezident olduğunu yaxşı bilirlər. Azərbaycan əsl tərəfdaş kimi enerji təhlükəsizliyi ilə bağlı məsələlərdə həm yeni təşəbbüslər ortaya qoyur, həm də onların həyata keçirilməsini təmin edir.  Bu mənada Avropa İttifaqı ilə Azərbaycan arasında enerji məsələləri ilə bağlı daha da güclənən əməkdaşlıq məhz bu kimi mənəvi  və sağlam təməllərə əsaslanır. Ona görə də İlham Əliyev beynəlxalq miqyasda siyasi lider olaraq ehtiramla qarşılanır. 
Oktyabrın 6-da Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev bildirmişdir ki, növbəti illərdə Avropaya qaz ixracatının ən azı iki dəfə artırılması planlaşdırılıb: "Biz ötən il qaz ixracatımızı əvvəlki ilə nisbətən 40 faiz artırmışıq. Bu il təxminən 30-40 faiz artıracağıq. Əlbəttə ki, bu, böyük sərmayə tələb edir və biz buna getməyə hazırıq və buna gedirik. Ona görə Avropa İttifaqı ilə imzalanmış memoranduma əsasən növbəti illərdə biz Avropaya qaz ixracatını ən azı iki dəfə artırmağı planlaşdırırıq. Yəni əgər keçən il bu, 9 milyard kubmetr idisə, deməli, 2027-ci ildə bu ən azı 18 milyard kubmetr olacaq, bəlkə də, çox".
Görəsən Fransa Parlamentinin deputatları bu bəyanatı qəbul edərkən hansı "havada" olublar?! Avropanın Azərbaycana möhtac olduğu bir zamanda belə bir tələbin irəli sürülməsi biabırçılıq deyilmi?!   
Ən əsası odur ki, bütün bu çikrinliklərə görə Fransanın Qafqazı itirdiyi dəqiqdir. Yəqin ki, bundan sonra rəsmi Paris Azərbaycanın Qafqazın taleyini müəyyənləşdirən heç bir layihəsində iştirak edə bilməyəcək.
Baş verən bütün proseslər, Azərbaycan Prezidentinin ortaya qoyduğu qətiyyətli mövqe onu deməyə əsas verir ki, İlham Əliyev antiazərbaycançı dairələrə ədalət dərsi keçir və Ermənistan da, Fransa da, bu şəbəkənin digər üzvləri də bundan nəticə çıxarmalıdırlar.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video