14 Aprel 2022 00:36
2823
SİYASƏT
A- A+

İlham Əliyevin beş prinsipini Ermənistan qəbul edir

 

Azərbaycan Prezidentinin sülh sazişinin bağlanması üçün irəli sürdüyü təkliflər hər iki xalqın istəklərini əks etdirir

 

"Postmünaqişə dövründə dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər... Eyni zamanda Avropa İttifaqı ilə bizim təmaslarımız müharibədən sonra daha intensiv xarakter almışdır. Avropa İttifaqı da postmünaqişə dövrünün reallıqlarını qəbul etmişdir".

Aprelin 12-də cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədəki çıxışında Prezident İlham Əliyev son aylarda Ermənistanla aparılan danışıqları, sülh sazişinin bağlanması ilə bağlı məsələləri, Avropa İttifaqının təşkilatçılığı ilə keçirilən üçtərəfli görüşləri dəyərləndirərək bir daha reallığı, əsl həqiqəti bəyan etdi.

Prezident birmənalı olaraq ictimaiyyətin diqqətinə çatdırdı ki, məğlub ölkə qalib Azərbaycanın irəli sürdüyü istənilən təkliflə hesablaşmağa məhkumdur. Çünki Ermənistanın düşdüyü acınacaqlı durumdan, daxili xaosdan qurtuluş yolu yalnız Azərbaycanla münasibətləri normallaşdırmaqdan keçir.  

 

Yekun kommunikedə "Dağlıq Qarabağ" və "münaqişə" sözü yoxdur

 

Müşavirədə bir daha sülh danışıqlarına, üçtərəfli görüşlərə toxunaraq həqiqətləri açıqlayan Prezident dedi ki, Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub, indi əsas məsələ Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasıdır və bu sahədə öz töhfəsini verə bilən istənilən təşkilat qəbulediləndir. Bu baxımdan Avropa İttifaqının sərgilədiyi mövqe təqdir edilməlidir. Çünki müharibədən sonra bu təşkilatla münasibətlər, təmaslar daha intensiv xarakter alıb. Prezidentin söylədiyi kimi, Avropa İttifaqı da postmünaqişə dövrünün reallıqlarını qəbul edib.

İndi Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və son aprel görüşündə bu məsələlər müzakirə edilib. Müzakirələr, əsasən, Azərbaycan Prezidentinin sülh sazişinin imzalanması üçün irəli sürdüyü 5 prinsipdən ibarət təklifləri əsasında aparılır. Prezident bu məsələyə konkret toxunaraq bir daha təsdiqlədi ki, Ermənistan qalib ölkə ilə hesablaşır: "Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif vermişdir və Ermənistan tərəfi də bu təklifə müsbət yanaşmışdır və Brüssel görüşünə qədər artıq bu açıqlamalar verilmişdir. Brüssel görüşündə isə mən bunu özüm üçün, sadəcə olaraq, daha da, yəni aydınlaşdırmaq istəyirdim və aydınlaşdırdım ki, Ermənistan 5 prinsipi qəbul edir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir. Yəni əgər bu 5 prinsipi qəbul edirsə, - bu, aprel görüşündə təsdiqləndi, - bu məsələlər bu 5 prinsipin tərkib hissəsidir. Bu, çox müsbət haldır və hesab edirəm ki, ikitərəfli əlaqələrin normallaşdırılması üçün əsas şərtdir".

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə dekabr və aprel aylarında keçirilən üçtərəfli görüşü dəyərləndirən Prezident vurğuladı ki, aparılan danışıqlarla bağlı yekun kommunikedə "Dağlıq Qarabağ" adı yoxdur, bu da təbiidir. Çünki Azərbaycan buna etiraz edib və hazırda münaqişə olmadığı üçün dialoqlarda "münaqişə" sözü də mövcud deyil.

Görüşdə, tərəflər həm sərhədlə, həm də sülh müqaviləsinin hazırlanması ilə bağlı işçi qruplarının yaradılması barədə razılığa gəliblər. Prezident isə bu qruplara ciddi tapşırıq və tövsiyələrini verdi: "Hesab edirəm ki, sərhədin delimitasiyası ilə bağlı aprelin sonuna qədər formalaşdırılacaq işçi qruplar, eyni zamanda sülh müqaviləsinin hazırlanmasına dair işçi qruplar tezliklə öz işinə başlamalıdır. Bu prosesə biz çox böyük ümidlərlə baxırıq və vaxt itirmək lazım deyil. Hər halda, biz bunun tərəfdarıyıq ki, vaxt itirmədən məsələnin həllinə başlayaq".

 

Məğlub tərəf qalibin şərtlərini qəbul etmək məcburiyyətindədir

 

Göründüyü kimi, bir müddət öncə sülh danışıqlarından yayınan Ermənistan artıq doğru yolu seçib və qarşılıqlı anlaşma fonunda yaxın zamanlarda sazişin imzalanması qaçılmazdır. Anlaşma göstərir ki, Ermənistan Azərbaycanın istəklərini qəbul edir. Burada söz sahibi olan ölkə Azərbaycandır. Zəfər qazanan ölkə danışıqlar masasında uduzan tərəfdən üstün olur. Yenilən tərəf qalibin şərtlərini qəbul etmək məcburiyyətindədir.

Sülh sazişi imzalanarsa, İlham Əliyevin Ermənistana təqdim etdiyi 5 prinsipi özündə əks etdirən təkliflər paketi icra olunmalıdır.

İlk növbədə dövlətlər bir-birilərinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanımalı, bir-birilərinə qarşı ərazi iddialarının olmamasını qarşılıqlı təsdiq etməli və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəlik götürməlidirlər.

Bununla yanaşı, dövlətlərarası münasibətlərdə bir-birilərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədədən, gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinməli, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması təmin edilməlidir. Həmçinin nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq qurulmalıdır.

 

Münasibətlər sülh sazişinin müddəaları əsasında tənzimlənəcək

 

Ən mühümü isə tərəflərin sərhəd məsələləri üzrə birgə komissiyanın yaradılmasıdır. Bununla sərhəddə gərginlik aradan qaldırıla, delimitasiya və demarkasiya prosesi hər hansı süni müdaxilə olmadan davam etdirilə bilər. Minalanmış ərazilərin təmizlənməsi, quruculuq işlərinin aparılması, itkin düşmüş şəxslərin tapılması ilə əlaqədar qurum öz imkanlarından istifadə edər.

Aktual məsələlərdən biri də Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində qalan erməni silahlıları ilə bağlıdır. Saziş imzalansa, Ermənistan həmin silahlı birləşmələri ərazilərimizdən tamamilə çıxaracaq. Belə olan halda Azərbaycan Ordusunun antiterror əməliyyatları keçirməsinə ehtiyac qalmayacaq və münasibətlər sülh sazişinin müddəaları əsasında tənzimlənəcək.

Nəqliyyat və kommunikasiyaların açılışına gəldikdə isə, artıq Azərbaycan bu istiqamətdə uğurlu addımlar atır. Müharibədən sonra Prezident İlham Əliyev bu sahədə olduqca əhamiyyəli layihələr reallaşdırıb.

Füzuli Hava Limanı açılıb, Zəngilanda və Laçında isə yeniləri inşa edilir. İki iqtisadi rayonda ümumilikdə 16 avtomobil yolu layihəsi icra edilir, körpülər, tunellər inşa olunur. Tezliklə Zəngilanda modern yaşayış sahəsi olan "ağıllı kənd" layihəsinin ilk mərhələsi hazır olacaq və Böyük qayıdışa start veriləcək. İşğaldan azad edilən bütün ərazilər elektrik enerjisi ilə təmin ediləcək. Artıq bu ərazilərdə onlarca enerji stansiyaları istismara verilib. Həmçinin işğaldan azad edilmiş ərazilərimizə işıq, su xətləri çəkilir. Qarabağ və Şərqi Zəngəzurun zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə edilməsi üçün bir sıra əhəmiyyətli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Beləliklə, Azərbaycan dövləti yalnız öz gücünə Qarabağ və Şərqi Zəngəzuru yenidən quraraq dünyaya iqtisadi qüdrətini göstərir.  

Əgər regionda kommunikasiya xətlərinin bərpası reallaşarsa, bu həm Azərbaycana, həm də Ermənistana iqtisadi dividendlər gətirəcək. Əlbəttə ki, ilk növbədə nəqliyyat və kommunikasiya məsələlərinin həlli aktualdır və diqqət mərkəzində saxlanılır.

Brüsseldə keçirilən üçtərəfli görüşdən sonra bəlli oldu ki, iki ölkə arasında münasibətlərdə müsbət irəliləyiş yaranır. Amma bu hələ başlanğıc mərhələdir. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin görüşdən sonrakı ümidverici bəyanatı göstərdi ki, beynəlxalq təşkilatlar da regionda sülhün tez bir zamanda bərqərar olunmasının tərəfdarıdırlar. Çünki Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısı, ən mühüm qaz ixracatçısıdır. Azərbaycanın təhlükəsizliyi və rifahı bütün regiona fayda gətirir, daha sürətli inteqrasiyaya kömək edir, iqtisadi və mədəni imkanları genişləndirir: "Biz Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla çox səmərəli görüş keçirdik. Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf Avropa İttifaqı üçün olduqca mühümdür. Buna görə də, sülh sazişini hazırlamağa və bu saziş üçün bütün zəruri elementləri həll etməyə qərar vermişik. Biz, həmçinin həssas məsələ olan delimitasiya ilə bağlı işçi qrupu, birgə komissiya ilə bağlı razılığa gəldik. Əminəm ki, növbəti həftələrdə əldə olunacaq tərəqqini nəzərdən keçirmək üçün bizim aramızda güclü kommunikasiya və koordinasiya olacaq".

Şarl Mişelin fikirlərindən tam aydın olur ki, Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf Avropa İttifaqı üçün çox vacibdir. Bu səbəbdən Aİ bütün müsbət səyləri, etimadyaratma tədbirlərini dəstəkləyir. Brüsseldə delimitasiya ilə bağlı işçi qrupu, birgə komissiya ilə bağlı razılıq əldə olunub. Növbəti həftələrdə də müəyyən irəliləyişlərlə bağlı anons verildi. Təbii ki, burada ortaq iradə olduqca vacibdir. Mümkün sülh sazişi üçün Ermənistan ortaq iradə göstərməyə məcburdur. Aİ rəhbərliyi hesab edir ki, tərəflər indiki vəziyyətdə ortaq məxrəcə gəlmək, bütün regionda sülhü, təhlükəsizliyi və sabitliyi təmin etmək üçün mümkün qədər tez bir zamanda dayanıqlı razılaşma əldə etmək məqsədilə vacib elementlərin nədən ibarət olduğunu daha yaxşı başa düşür.

 

Xəstə təxəyyüllü erməni milliyyətçiliyindən imtina edilməlidir

 

Əslində, Azərbaycan ilk gündən sülhə hazır olduğunu bəyan edib və bu istiqamətdə praktik addımlar atıb. Ötən ay rəsmi Bakının təqdim etdiyi baza prinsipləri bunu təsdiqləyir.

Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda abadlıq-quruculuq işləri, minatəmizləmə əməliyyatları apardığı halda, Ermənistan nəinki sülh sazişini imzalamaq barədə danışıq aparırdı, heç bəyanatda nəzərdə tutulan öhdəliyinin yerinə yetirilməsi ilə bağlı addım da atmırdı. Amma Cənubi Qafqazda baş verən reallıqlar Ermənistana bir daha göstərdi ki, Azərbaycan, xüsusən də onun qalib komandanı İlham Əliyevlə hesablaşmaqdan başqa çıxış yolu yoxdur.

Siyasi ekspertlər də hesab edirlər ki, iki ölkə arasında ümumi razılığın əldə edilməsi hər iki xalqın maraqlarına xidmət edən reallıqdır. İndi diqqətlər Birgə Sərhəd Komissiyasının iclasına yönələcək. Çünki aprel ayının sonunadək iclasın keçirilməsi ilə bağlı razılığın əldə edilməsi əhəmiyyətli hadisədir. Bu komissiya Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, eləcə də sərhəd xətti boyu və onun yaxınlığında sabit təhlükəsiz vəziyyətin təmin edilməsi ilə məşğul olacaq.

Dünyada baş verən hadisələri doğru və düzgün dəyərləndirən İlham Əliyev güclər balansından milli maraqlarımız naminə faydalanma qabiliyyəti ilə Azərbaycana daha yaxşı nəticələri bəxş etməkdədir. Qlobal miqyasda cərəyan edən hadisələri təhlil edərkən bütün dünyanın əsas siyasi, iqtisadi və hərbi gücləri ilə münasibətlərin bərabər müstəvidə həyata keçirilməsinin doğru diplomatik gediş olduğunu görməkdəyik. Azərbaycanın istəyi bütün müttəfiqləri ilə qarşılıqlı və faydalı münasibətlər qurmaqdır. Əlbəttə ki, ilk növbədə milli maraqlarımızın təmini, müstəqilliyin daha da güclənməsi əsas hədəfdir. Brüssel görüşü isə bir daha təsdiq etdi ki, İlham Əliyev hər iki xalqın maraqlarını əks etdirən ədalətli sülhün tərəfdarı və təminatçısıdır. Artıq sadə ermənilər də yaxşı anlayırlar ki, xəstə təxəyyüllü erməni milliyyətçiliyi onlara heç nə qazandırmayıb və qazandırmayacaq. Yeganə yol Azərbaycanla hesablaşmaqdır. Son günlər Ermənistanın baş naziri Nikol Paşinyan və bu ölkənin siyasi elitası Azərbaycanla sülh sazişinin imzalanması məsələsini gündəmə gətirərək, iki ölkə arasında razılaşmanın əldə olunmasının vacibliyini bildirmələri, rəsmi Bakının da artıq İrəvandan müsbət mesajların daxil olduğunu bəyan etməsi təsdiq edir ki, məğlub ölkə artıq bütün reallıqları qəbul edir.

Xatırladaq ki, hələ aprelin 9-da Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı qalib komandan Azərbaycanın Ermənistanla dövlətlərarası münasibətlərin qurulması üçün beş prinsipdən ibarət təqdim etdiyi sənədi və məğlub ölkənin bu prinsipləri qəbul etdiyini xatırlatmışdı. Xarici işlər naziri Ceyhun Bayramov isə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə birgə mətbuat konfransında bildirmişdi ki, son günlər rəsmi İrəvandan bu məsələ ilə bağlı müsbət reaksiyalar gəlir: "Son günlər Ermənistan tərəfdən müxtəlif şəxslərdən bu istiqamətdə müsbət mesajlar alırıq. Güman etmək istərdim ki, bu həqiqətən də ciddi bir yanaşmanın təzahürüdür. Hər hansı ictimai məlumatlandırma kampaniyası deyil. Azərbaycan öz mövqeyini açıq şəkildə ifadə edib. Əgər Ermənistan həqiqətən də bu proseslə ciddi məşğul olmağa hazırdırsa, Azərbaycan buna qarşılıq verməyə, konkret addımlar atmağa hazırdır".

Göründüyü kimi, Ermənistan sonunda İlham Əliyevin uzaqgörən siyasətinin hər iki tərəfin mənafelərinə xidmət etdiyini anlayaraq sülh sazişini bağlamağa razılıq verir. Çünki ermənilər yaxşı başa düşürlər ki, bu saziş məğlub ölkənin qurtuluşu olacaq.  

 

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video